Turizm sənayesinin inkişafı
ölkəmizin daha sürətli tərəqqisinə zəmin
yaradır
Prezident İlham Əliyevin bu sahədəki
addımları böyük uğurla nəticələnməkdədir
Azərbaycanın
zəngin turizm potensialı vardır. Təbii
imkanlarımız, tarixi abidələrimiz, adət və ənənələrimiz
təkcə daxili turizmin inkişafına deyil, eləcə də
xaricdən böyük turist axınının təşkil
edilməsinə zəmin yaradır. Biz regionların
sosial-iqtisadi inkişafına nail olduqca, eyni zamanda bu sahə
üçün lazım olan kadrların
hazırlanmasını təmin etdikcə ölkəmizdə
turizm yüksək səviyyədə inkişaf edəcəkdir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Milli tariximizin ən şərəfli
səhifələrindən olan müstəqil dövlətimizin
keçdiyi yol — 1991-ci ilin payızından sonrakı dövr
Azərbaycan tarixinin yaddaşlara əbədi yazılacaq hadisələri
ilə zəngin oldu. Ən
başlıcası bu müddət ərzində qanlar
bahasına əldə etdiyimiz dövlət müstəqilliyimiz
əbədilik qazana bildi. Bunu ulu öndər Heydər Əliyevin
müdrikliyi, böyük uzaqgörənliklə
yaratdığı siyasi kurs təmin etdi. Ulu öndər
dövlət müstəqilliyimizi qorumaqla yanaşı, həm
də onu möhtəşəm bir inkişaf yoluna
çıxardı. Azərbaycanın dövlətçilik
tarixində mövcud olan idarəçilik ənənələri,
xalqın dövlətə olan inamı, liderə göstərdiyi
etimad və təbii sərvətlərimizin zənginliyi
dövlət müstəqilliyimizin qorunub saxlanılmasında
ulu öndərimizin ən böyük
yardımçısı kimi mühüm rol oynadı. Ölkəmiz
inkişaf etdi, beynəlxalq aləmə inteqrasiyamızın
yeni mərhələləri başlandı və
dünyanın inkişaf etmiş ölkələrinin
sırasına qatılmaq üçün yeni imkanlar əldə
etdik. Bütün bunlar mövcud iqtisadi
imkanlarımızın daha da genişləndirilməsi
üçün yeni üfüqlər açırdı.
2003-cü ilin
oktyabrından – ümummilli liderimiz Heydər Əliyevin
özü qədər inandığı Prezident İlham Əliyevin
dövlət başçısı seçilməsindən
sonra ölkəmiz inkişafın yeni mərhələsinə
qədəm qoydu. Cəmiyyət həyatının
bütün sahələrində köklü surətdə
müasirləşmə, yeniləşmə tendensiyasına
start verildi. İlk növbədə beynəlxalq
aləmə inteqrasiyanı genişləndirmək
üçün diplomatiyamız yeni müstəvidə fəaliyyətə
başladı. Paytaxtla yanaşı,
bütün bölgələrin bərabər
inkişafına nail olmaq üçün “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” təsdiq edildi. Nəticədə
işsizlik və yoxsulluq kimi problemlərin
qaldırılmasına zəmin yarandı. Məktəb tikintisi və mövcud məktəblərin
əsaslı şəkildə təmir və bərpa edilməsi
yeni vüsət aldı. Azərbaycan məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsinə
görə bütün postsovet məkanında ən yüksək
nəticələrə imza atdı. Ölkədə
aparılan hərtərəfli islahatlar beynəlxalq ekspertlər
tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan dünyada bir nömrəli
islahatçı ölkə, ən yaxşı biznes
mühiti olan ölkə, adambaşına düşən
ümumi daxili məhsul istehsalına görə ən yüksək
göstərici qazanmış ölkə,
tolerantlığın yüksək səviyyədə təmin
edildiyi ölkə və bir çox başqa sahələrdə
özünəməxsus nümunələr yaratmış
ölkə kimi hamı tərəfindən təqdir edildi.
Ancaq dünya
ekspertləri Azərbaycanda həyata keçirilən başqa
bir addımı daha yüksək qiymətləndirməyə
başladılar. Bu, qeyri-neft sektorunun inkişaf etdirilməsi
üçün ayrılan vəsaitin ildən-ilə
artırılması məsələsi idi. Xüsusən,
Prezident İlham Əliyevin “biz neft sektorundan əldə edilən
vəsaitin qeyri-neft sektorunun da inkişafına sərf edəcəyik”,
“neft sektorundan əldə edilən kapitalın insan
kapitalına — intellektual kapitala çevrilməsi bizim əsas
vəzifələrimizdən biridir” — ifadələri beynəlxalq
təşkilatlar və dünya siyasətçiləri tərəfindən
böyük maraqla qarşılanmağa başladı.
Dövlət
başçımızın daha mükəmməl, ölkəmizdə
və xaricdə böyük maraqla qarşılanan
addımlarından biri də respublikamızda turizmin inkişaf
etdirilməsi üçün atılan uğurlu
addımlardır. Məhz İlham Əliyevin həyata
keçirdiyi tədbirlər nəticəsində bu gün Azərbaycanda
turizm həyat tərzimizin bir hissəsi kimi inkişaf edir.
Bu sahə artıq büdcənin əsas gəlir
mənbələrindən birinə çevrilməkdədir.
Dövlətin bu sahəyə qayğısı
ölkəmizə gələn xarici turistlərin
sayını ildən-ilə artırır. Dövlət
başçımızın 2006-cı il yanvarın 30-da
imzaladığı fərmanla ölkədə Mədəniyyət
və Gənclər, İdman və Turizm nazirlikləri ləğv
olunaraq Mədəniyyət və Turizm Nazirliyi adlı yeni
qurum formalaşdırılmışdır ki, bu da turizmin ən
çox əlaqəli olduğu mədəniyyət sahəsi
ilə birlikdə idarə edilməsinə zəmin
yaratmışdır. Elə həmin il
respublikamızda ali təhsil verən Turizm İnstitutu fəaliyyətə
başlamışdır. Bu institut kadr
hazırlığı sahəsində bir çox beynəlxalq
təşkilatların təcrübəsindən və dəstəyindən
bəhrələnir.
Daha maraqlı məqamlardan
biri də odur ki, müstəqil Azərbaycan Respublikası
turizm sahəsində zəngin təcrübəsi olan
Türkiyə, Polşa, İtaliya, Rumıniya, Ukrayna,
Gürcüstan, Moldova, Belarus, Qətər və başqa
ölkələrlə əməkdaşlıq
üçün hökumətlərarası sazişlər
imzalamışdır. Eyni zamanda bu sahədəki əməkdaşlığımız
Ümumdünya Turizm Təşkilatı, İslam Konfransı
Təşkilatı, GUAM, MDB, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı kimi beynəlxalq qurumlarla da geniş miqyasda
davam etdirilir. Ölkəmizdə turizm sərgilərinin
keçirilməsi ənənəsi də bu sahədəki
uğurlarımıza təkan verir. Bu
gün Azərbaycana xaricdən gələnlərin 80 faizdən
çoxunu turistlər təşkil edir. Bu
qədər turistlər ən müasir tələblərə
cavab verən 350-dən çox mehmanxana və otellərdə
istirahət edirlər. Biz məmnunuq ki,
ölkənin bütün regionlarında fəaliyyət
göstərən turizm obyektlərində Mingəçevir
Turizm Kollecinin məzunları da fəaliyyət göstərirlər.
Yeri gəlmişkən
onu da qeyd edim ki, Mingəçevir Turizm Kolleci Azərbaycan
dövləti bu sahəni peşəkar kadrlarla təmin etmək
üçün həyata keçirdiyi tədbirlər çərçivəsində
yaradılmışdır. Belə ki, cənab dövlət
başçımızın göstərişinə əsasən
Nazirlər Kabineti 2006-cı il fevral
ayının 13-də Mingəçevir Turizm Kolleci
yaradılması barədə qərar qəbul etmişdir. Kollecin təsisçisi Mədəniyyət və
Turizm Nazirliyidir. Əsas vəzifəmiz
turizm sahəsi üçün orta ixtisas təhsilinə malik
olan bacarıqlı, səriştəli mütəxəssislər
hazırlamaqdır. Kollecdə səkkiz
ixtisas üzrə 1800 tələbə təhsil alır.
Müəllimlərimizin hamısı (onlar 160 nəfərə
yaxındır) yüksək hazırlıqlı mütəxəssislərdir.
Bir məsələni də qeyd edim ki, nazirlik rəhbərliyi
bizim kollecin beynəlxalq əlaqələr yaratmasına daim
qayğı göstərir. Artıq xeyli
müddətdir ki, Britaniya Şurasının “iş
üçün bacarıqlar” layihəsi əsasında
Şotlandiyanın Stevenson Kolleci ilə əməkdaşlıq
edirik. Dövlətlərarası
razılaşmaya əsasən ötən ildən
Rumıniyanın Braşev şəhərindəki “Andrei
Barseanu” iqtisadi kolleci ilə əməkdaşlığa
başlamışıq. Bu əlaqələr
Azərbaycan turizim sektoru üçün səriştəli
kadrlar hazırlamaqda bizə yaxından kömək edir.
Kollecdə “turizm və onun təşkili”,
“mehmanxana işi və onun təşkili”, “ingilis dili”, “ibtidai
təhsil”, “turizm sektorunda tibbi xidmətin təşkili”,
“mühasibat uçotu və audit”, “bədən tərbiyəsi
və idman” ixtisasları vardır. Xüsusi təchiz
edilmiş kompyuter otaqları, kitabxana, elektron kitablar tələbələrin
xidmətindədir. Tələbə gənclər
təşkilatının həyata keçirdiyi tədbirlər,
əlaçılarımız və
olimpiyaçılarımız təkcə şəhərimiz
və nazirliyimiz üçün deyil, eləcə də
bütün Azərbaycan gəncliyi üçün üz
ağlığı gətirən faktlarımızdır.
Hörmətli
nazirimiz Əbülfəs Qarayev bu nazirlik çərçivəsində
fəaliyyət göstərən hər bir qurumdan və hər
bir sıravi əməkdaşdan məhz Azərbaycanın
adına layiq xidmət göstərməyi tələb edir. Bunun
üçün isə hərənin yaşadığı və
işlədiyi ərazinin turizm imkanlarını dərindən
bilərək təbliğ etməsi vacibdir. Bu baxımdan biz Mingəçevirin turizm şəhəri
kimi əhəmiyyətini daim təbliğ edirik. Həm müəllimlərimiz, həm də tələbələrimiz
şəhərimizin tarixini, mədəniyyət abidələrini,
görməli yerlərini incəliklərinə qədər
öyrəniblər. Həmin məqamlardan
bəzilərini hörmətli oxuculara da təqdim edirik.
Dünyanın
iqtisadi xəritəsində mühüm energetika mərkəzlərindən
biri kimi göstərilən gənc sənaye şəhəri
Mingəçevirin əsası XX əsrin 40-cı illərinin
axırlarında — 50-ci illərin əvvəllərində
qoyulmuşdur.
Mingəçevir adı türk mənşəli
Minciçöhr adlı sərkərdənin adı ilə əlaqələndirilir.
Ərəb tarixçisi Təbarinin
yazdığına görə IX əsrdə, cilafət
dövründə Azərbaycanın müvəqqəti hakimi
olmuş sərkərdə Mingiçöhr məhz bu yerdə
özünə iqamətgah yaratmışdır. Lakin xilafət rəhbərləri onu həbs edərək
zindana salmışlar. Başqa fərziyyəyə
görə isə şəhərin adının mənası
“geri qayıt, daha yol yoxdur” deməkdir. XVII əsr
türk səyyahı Övliya Çələbi
özünün “Səyahətlər” kitabında
yazırdı: “Qədimdə Kür çayının
sağ sahilində Mingəçevir adlı yer olmuşdur”.
Mingəçevir
ərazisindən qazıntı zamanı tapılmış
(burada qədim məbəd aşkar edilmişdir) daş kitabə
arxeoloqların böyük marağına səbəb
olmuşdur. Həyat
mənbəyi olan çiçəyə can atan iki tovuz
quşunun təsviri çəkilmiş daş fiqurun
yuxarı hissəsində alban əlifbası ilə yazı həkk
edilmişdir. Burada tapılmış yunan, Roma və
Sasani sikkələri həmin tikililərin V-VI əsrlərdə
tikildiyinin sübut edir.
Kür
çayının sahilində, mənzərəli bir yerdə
salınmış Mingəçevir şəhəri yerli və
əcnəbi turistlərin diqqətini cəlb edir. Şəhərdə
maraqlı arxitekturaya malik müasir binalar, geniş xiyabanlar,
yaraşıqlı küçələr çoxsaylı mədəniyyət
və iaşə obyektləri, məscid vardır. Kürün sahilindəki restoranlar və qonaq qəbul
edən milli üslublu obyektlər turistləri daha çox
maraqlandırır. Göl və çimərlik,
Kürün sahilindəki Olimpiya avarçəkmə
bazası, “Kainat” mehmanxanası, “Günəşli” turist
bazası, “Atəşgah” restoranı, “Ana kür” və
“Kosmos” kafeləri isə turistlərin böyük məmnunluqla
üz tutduqları zəngin təəssüratla
qayıtdıqları məkanlardır. Biz
kollecimizin qonaqlarına və ünsiyyətdə olduğumuz
insanların hamısına şəhərimizin turizm
imkanları barədə danışarkən məhz bu məqamları
yada salırıq.
Bütün bu
faktları sadaladıqdan sonra yenidən yazının əvvəlinə
qayıtmaq istəyirəm. Prezident İlham Əliyevin
qeyri-neft sektorunun inkişafını təmin edən dövlət
siyasəti ölkəmizin daha sürətli inkişafına zəmin
yaradır. Məmnunuq ki, həmin
inkişafda bizim kollecin də özünəməxsus xidmətləri
vardır. Məhz bu xidmətin təşkilinə
görə dövlətimizə və nazirliyimizə minnətdarlıq
edirik.
Əyyub ƏYYUBOV,
Mingəçevir Turizm Kollecinin direktoru,
iqtisad elmləri doktoru,
professor,
Avropa Təbiyyat Elmləri Akademiyasının
üzvü
Xalq qəzeti.- 2010.- 5 fevral.- S. 6.