Azərbaycan mötəbər beynəlxalq tədbirləri yüksək səviyyədə keçirməyə qadir ölkədir

 

Bunu Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu da təsdiqlədi

 

Son illər Azərbaycanda çoxlu sayda mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Bu da ölkəmizin Avropaya və dünya birliyinə uğurlu inteqrasiyasına öz müsbət təsirini göstərir. Möhtərəm Prezidentimizin düşünülmüş xarici siyasəti və Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində xarici ölkələrdə “Azərbaycan günləri”nin keçirilməsi inkişaf etmiş dövlətlərin, həmçinin nüfuzlu beynəlxalq qurumların müstəqil dövlətimizə olan marağını xeyli artırıb.

 

Milli-mənəvi sərvətlərimizin, adət-ənənələrimizin, mədəniyyətimizin, incəsənətimizin geniş şəkildə təbliğ olunması xarici siyasətimizin əsasını təşkil edir. Məhz bunun nəticəsidir ki, mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi intensiv xarakter alıb.

Bu günlərdə Bakıda daha bir nüfuzlu tədbirin – Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuz sahibi olmasından xəbər verir. Bu tədbir Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrini əhatə etmiş, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratmışdır. Böyük əhəmiyyətə malik olan bu tədbirin 20 Yanvar faciəsinin ildönümündən iki gün sonra keçirilməsi də diqqəti cəlb edir. Tədbirdə iştirak etmək üçün Bakıya gəlmiş Rusiyanın görkəmli ziyalıları, tanınmış mədəniyyət və incəsənət xadimləri bir daha şahidi oldular ki, 20 il əvvəl sovet ordusu istiqlaliyyət, azadlıq, Vətənimizin ərazi bütövlüyü uğrunda haqq səsini qaldıran əliyalın əhaliyə necə qanlı divan tutub. Forumun iştirakçıları xalqımızın bu faciəsinə acıdıqlarını diqqətə çatdırmışlar. Söz yox ki, Azərbaycan xalqının başına gətirilən faciələr barəsində artıq bütün dünya məlumatlıdır. Ancaq belə əhəmiyyətli tədbirin Qanlı Yanvar faciəsinin ildönümündə keçirilməsi iştirakçılara sabiq SSRİ-nin rəhbəri Mixail Qorbaçovun rəhbərliyi və təşkilatçılığı ilə sovet ordusunun törətdiyi vəhşiliklərin necə sağalmaz yara vurduğunu daha aydın şəkildə göstərdi.

Forumun iştirakçılarını qəbul edən möhtərəm Prezidentimiz vətəndaş cəmiyyətləri, həmçinin kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqələrin əhəmiyyətli olduğunu qeyd edərək, bu sahədə əməkdaşlığın dövlətlərin siyasi xəttinin müəyyənləşdirilməsində mühüm olduğunu bildirmişdir. Belə əlaqələr iqtisadi münasibətlərin inkişafında da böyük rol oynayır. Dövlətimizin başçısı tədbir iştirakçılarını qəbul edərkən demişdir: “Ölkələrimiz arasında çox sıx münasibətlər vardır, biz qonşuyuq, dostuq. İqtisadi münasibətlərin statistikasına nəzər salsaq, görərik ki, keçənilki böhran ili istisna olmaqla həm əmtəə dövriyyəsinin həcminə, həm də onun keyfiyyətinə və strukturuna görə daim artım müşahidə olunmuşdur. Əvvəlki illərdə müzakirə prosesində olan əsas məsələlər praktiki olaraq həll edilmişdir. Biz qarşılıqlı anlaşmanı genişləndiririk. Zənnimcə, humanitar sahədə qazandığımız nailiyyətlərlə tanış olmağa imkanımız olacaqdır. Biz MDB məkanında bütün humanitar proseslərdə də fəal iştirak edirik”.

Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu bir də ona görə əhəmiyyətli hesab olunurdu ki, bu tədbir iki ölkə arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyırdı.

Rusiya-Azərbaycan əlaqələri sıx tellərlə bir-birinə bağlanmış, bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edir. Bu tədbir iki ölkə arasında gələcəkdə humanitar sahədə çoxşaxəli münasibətlərin inkişafına güclü təkan verəcəkdir. Forumun Bakıda keçirilməsi də təsadüfi xarakter daşımır. Çünki Azərbaycan həm tarixən, həm də müstəqil inkişaf etdiyi iyirmi ilə yaxın müddətdə ölkəmizdə yaşayan bütün xalqlar arasında tolerantlığı, dözümlülüyü və dialoqu əvvəlki səviyyədə qoruyub saxlamışdır. Bununla yanaşı, Azərbaycan mədəniyyəti və incəsənətinin son illər daha sürətlə inkişafı, dünyaya inteqrasiyası diqqəti cəlb etmişdir. Azərbaycan mədəniyyəti bir sıra dövlətlərin mədəniyyətlərinin inkişafında da müsbət rol oynayıb. Biz bunu forumda iştirak edənlərin çıxışında da eşitdik. Rusiyanın mədəniyyət naziri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək demişdir: “... Düşünürəm ki, Sizin xatırlatdığınız kimi, şəxsi təəssüratlarımız təsdiqləyir ki, artıq bir-birimizsiz tam inkişaf edə və mədəniyyətlərimizi inkişaf etdirə bilmirik. Mən bu gün bunu hətta mədəniyyət bölməsinin görüşündə də qeyd etdim ki, Rusiya mədəniyyətinin inkişafı bizim üçün çox vacib Azərbaycan mədəniyəti, Azərbaycan cəmiyyəti ilə yaradıcı əlaqələr, vətəndaşlıq əlaqələri olmadan tam dolğun ola bilməz. Odur ki, artıq belə anlam yaranıb ki, biz görüşməliyik. Bu çox vacibdir”.

Forum iştirakçıları çiçəklənən Azərbaycan, onun heyranlıq doğuran iqtisadi uğurlarından ağızdolusu danışdılar. O da qeyd olundu ki, SSRİ dağılandan sonra postsovet ölkələri arasında ağır iztirablara, əzab-əziyyətlərə məruz qalan dövlətlərdən biri də məhz Azərbaycan olub. Lakin illər keçdikcə Azərbaycanda həyat öz axarına düşüb, inkişaf edib, strategiya düzgün müəyyənləşdirilib və dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub. Forumdakı əhatəli çıxışında bu məsələni xüsusi olaraq diqqətə çatdıran Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev müstəqil dövlətimizin inkişafında ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, ideyalarını həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş, məntiqli daxili və xarici siyasət yeritdiyini dedi: “Totalitarizmdən demokratiyaya, komanda iqtisadiyyatından sərbəst bazar münasibətlərinə, nəhəng imperiyanın bir hissəsindən milli dövlətə tranzit bütün postsovet ölkələri üçün çox çətin olmuşdur. Azərbaycanda da bu proseslər asanlıqla cərəyan etməmişdir. Biz keçid dövrünün mürəkkəb şəraitində həm siyasi, həm iqtisadi, həm də sosial böhranları dəf etməli olmuşuq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərtərəfli düşünülmüş siyasəti sayəsində Azərbaycan XXI əsrə siyasi və iqtisadi cəhətdən sabit dövlət kimi qədəm qoymuşdur”.

Forum iştirakçılarının diqqətinə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin səyi nəticəsində Azərbaycan 2003-2009-cu illərdə sürətli inkişaf yolu keçərək beynəlxalq aləmdə nüfuz sahibi olmuş, əlaqələrini daha da möhkəmləndirmişdir. Bu müddət ərzində ölkəmiz bütün sahələr üzrə inkişaf edərək qabaqcıl dövlətlər sırasına qoşulmuşdur. Bu əlaqələr getdikcə daha da möhkəmlənmişdir. İnkişaf etmiş ölkələrdə, həmçinin nüfuzlu beynəlxalq qurumlarda Azərbaycana qarşı böyük inam və etibar yaranıb. Ona görə də son illər Bakıda çox nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Bu, eyni zamanda, Azərbaycanın dövlət başçısına olan inamın bariz nümunəsidir. Belə tədbirlər böyük əhəmiyyət kəsb edir. Məhz bu baxımdan Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu iki ölkə arasında körpüyə – ikitərəfli hərəkət olan körpüyə bənzədildi. Qeyd edildi ki, bu, xalqlarımızı birləşdirən və daha da yaxınlaşdıran körpüdür. Bu körpü üzərində səmərəli hərəkəti təmin etmək isə Azərbaycan-Rusiya ziyalılarının, görkəmli ictimai-siyasi xadimlərin, mədəniyyət və incəsənət xadimlərinin üzərinə düşür. Forum bir daha təsdiqlədi ki, Azərbaycan-Rusiya əməkdaşlığı möhkəm özüllər üzərində qurulub. Bu əməkdaşlıq humanitar sahədə daha mühüm yer tutur. 2007-ci ildə Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlığa dair üçillik proqram təsdiq edildikdən sonra əlaqələr daha da güclənib. Çünki proqramda mədəniyyət, səhiyyə, gənclər siyasəti və idman sahələrində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu forum da proqramın qarşıya qoyduğu vəzifələrdən biridir.

Forumun həm Azərbaycan, həm də Rusiya üçün zəruri tərəflərindən biri də Dağlıq Qarabağ probleminin yaranma səbəbləri, kökləri barədə ətraflı məlumat verilməsi oldu. Nəzərə alsaq ki, Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, rusiyalı ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin problemin yaranma səbəblərini bilmələri vacib idi. Elə akademik Ramiz Mehdiyev də çıxışında bu münaqişənin yaranması barəsində ətraflı məlumat verərkən dedi ki, Rusiyanın ziyalı elitasının forumda iştirakından istifadə edib bəzi vacib məqamları diqqətə çatdırmaq istərdim. Akademik qeyd etdi ki, bu gün Rusiya mətbuatı Dağlıq Qarabağ münaqişəsinin tarixindən müxtəlif məzmunlu məqalələr dərc edir. Bu məqalələrin bir hissəsi çıxış yollarını axtarmağa kömək edir. Digər hissəsi isə yalnız bir tərəfin mövqeyini bilərəkdən qərəzli şəkildə ifadə edir. Bəzi məqalə müəllifləri sanki XIX əsrin əvvələrində Qafqazın real xəritəsi barədə heç bir məlumata malik deyillər. Əgər məlumatlı olsaydılar, o zaman bilərdilər ki, Gülüstan və Türkmənçay sülh müqaviləsindən sonra təkcə İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülən ermənilərin ümumi sayı təxminən 200 min nəfər təşkil etmişdir. Bu faktı Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedov da XIX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi barədə yazdığı məşhur məktubunda açıq şəkildə göstərirdi. Forum iştirakçılarının diqqətinə çatdırılan digər tutarlı faktlar da Dağlıq Qarabağın Azərbaycanın əzəli və tarixi ərazisi olduğunu təsdiqləyir. Belə faktlardan biri də rusiyalı ziyalılarda böyük maraq yaradan ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150-ci ildönümünə həsr olunmuş abidənin 1978-ci ildə təntənəli açılışı olmasıdır. Forum iştirakçılarında Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə tam təəssürat yarandı.

Diqqət çəkən məqamlardan biri də o oldu ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etsə də, 2009-cu ildə dünyanı maliyyə və iqtisadi böhran bürüsə də, bunlar ölkənin iqtisadi inkişafının qarşısını ala bilməmişdir. Ötən ilin yekunlarına görə inflyasiya səviyyəsi 1,5 faiz olmuş, ümumi daxili məhsulun həcmi 9,3 faiz artmışdır. Nəzərdə tutulmuş bütün infrastruktur layihələr və proqramlar reallaşdırılmışdır. Bu uğurlar humanitar sahədə də qeydə alınmışdır. Bütün bunların forumda səsləndirilməsi, Azərbaycan həqiqətlərinin olduğu kimi diqqətə çatdırılması böyük əhəmiyyət kəsb edir.

Çıxış edənlər forumu yüksək qiymətləndirmiş və vurğulamışlar ki, belə tədbirlərin tez-tez keçirilməsi xalqların bir-birini daha yaxşı başa düşməsi baxımından çox vacibdir. Mədəni əlaqələr sərhədləri genişləndirir, müxtəlif xalqları bir-birinə daha da yaxınlaşdırır. Ölkələrin ziyalılarının tez-tez görüşməsi problemlərin aradan qaldırılmasına, gələcək layihələri reallaşdırmağa müsbət təsir edir. Ən əsası isə forum iştirakçılarına bir daha bəyan olundu ki, bu gün Azərbaycan sabit və çiçəklənən dövlətdir. Burada müxtəlif xalqların nümayəndələri həmrəylik şəraitində yaşayırlar.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 5 fevral.- S. 5.