Ordu xalqın güvənc yeridir

 

Daşkəsən rayonunda yerləşən hərbi hissədə sarsıdıcı hadisə baş verib, insan həyatına qəsd edilib. Vuran da, vurulan da azərbaycanlıdır. Bir adamın deyil, bir neçə adamın ölümü insan olaraq hamını düşündürür. Təbii ki, hadisə necə baş verib sualını müvafiq qurumlar araşdırır. MTN-in və prokurorluğun, Müdafiə Nazirliyinin yüksək rütbəli şəxslərinin bu hərbi hissəyə göndərilməsi ondan xəbər verir ki, baş vermiş hadisə ilə əlaqədar dəqiq araşdırma aparılacaq.

Nəzərə çatdırmaq istəyirəm ki, bu gün Azərbaycan Ordusunun gücü və qüdrəti sübuta ehtiyacı olmayan fakt kimi diqqəti cəlb edir. İndi dövlətimiz çox güclü ordu formalaşdırıb. Maddi-texniki baza, əsgər və zabitlərin hərtərəfli hazırlığı əsas verir deyək ki, hərbi quruculuq sahəsində uğurlarımız böyükdür. Elə də uzaq keçmiş deyil. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidi və tələbi ilə yenidən hakimiyyətə gəldi. Bu elə bir zaman idi ki, Azərbaycan parçalanmaq təhlükəsi kimi ağrılı və acılı bir problem yaşayırdı. Bir yandan erməni hərbi birləşmələrinin torpaqlarımıza təcavüzü davam edirdi, digər tərəfdən isə daxildə ayrı-ayrı şəxslərə məxsus silahlı qruplar mövcud idi. İnsanlar öldürülür, rayonlar bir-birinin ardınca işğal edilirdi. Azərbaycanın tarixi və mənəvi dəyərləri dünya içtimaiyyətinin gözü qarşısında zorakılığa məruz qalırdı. İşğal edilmiş ərazilərdə müqəddəs qəbirlər, ziyarətgahlar, tarixi dəyərlər düşmən tapdağına çevrilirdi. Bu cür təlatümlü və təhlükəli dövrdə Heydər Əliyev nizami ordu quruculuğu işinə başladı. Bu addım asan başa gəlmədi. Böyük təhlükələr və təxribatlar yaratmağa cəhd edənlər ağlın və zəkanın qarşısında təslim oldular. Azərbaycan dövləti çox sürətlə ordusunun formalaşdırılması üçün qətiyyətli addımlar atdı. Lənkəranda Əlikram Hümbətov, Gəncədə Sürət Hüseynov, Şimalda separatçı “sadval”çılar zərərsizləşdirildi.

Ulu öndər Heydər Əliyev təsadüfi deməyib ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Yəni güclü iqtisadiyyat güclü ordu deməkdər. Hərbi vətənpərvərlik tərbiyəsinin yaxşılaşdırılması gənclər arasında orduya axını gücləndirdi. Bununla yanaşı zabit heyətinin yetişdirilməsi kimi mühüm məsələ də gündəmə gəldi. Sözü gedən sahədə də qısa zaman kəsiyində uğurlar qazandıq. Ordunun maddi-texniki bazası ciddi gücləndirildi, hərbi birləşmələr ən müasir silahlarla təchiz olundu.

Hazırda ölkəmizin hərtərəfli inkişafı sübuta ehtiyacı olmayan faktdır. Azərbaycan ordusunun, əsgər və zabitlərinin sülhməramlı qüvvələrin tərkibində iştrakı gücümüzün, qüdrətimizin təntənəsi kimi bizi sevindirir.

Bunlar müasir tariximizin dəyərli detallarıdır. Ordu quruculuğu şəxsi heyətin döyüş və fiziki hazırlığı, əsgər və zabitlərin mənəvi keyfiyyətləri bu gün də xüsusi diqqət mərkəzindədir. Qeyd etməliyəm ki, Daşkəsəndə baş verən hadisədən dərhal sonra Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişi ilə operativ istintaq qrupu yaradılmış və araşdırma işlərinə başlanmışdır. Artıq divizion rəhbərliyi səviyyəsində iki nəfərin barəsində həbs qətiimkan tədbiri gerçəkləşib. Deməli, dövlət yaratdığı və formalaşdırdığı, eyni zamanda gücü ilə qürur duyduğu ordusunda baş verən hadisələrə çox çevik münasibət bildirib.

Bəs bu gün Azərbaycanda söz azadlığından öz məkrli məqsədləri naminə istifadə edənlərə nə ad vermək olar? Onlar hələ başvermə səbəbləri məlum olmayan hadisəni öz arşınları ilə ölçərək cəmiyyətdə niyə çaşqınlıq yaratmağa çalışırlar? Axı bu ğün elə bir hadisə baş verib ki, burada iqtidar müxalifət münasibəti yox, ümumdövlət mənafeyi önə çəkilməlidir. Ölən də, öldürən də Azərbaycan ordusunun itkisi deməkdir. Ən azından diqqət yetirilməlidir ki, bu əsgər və zabitlərin yetişdirilməsinə dövlət kifayət qədər əziyyət çəkib.

Təəssüf doğuran haldır ki, hətta Milli Məclisdə də bəzi deputatlar məsələnin mahiyyətinə varmadan haray-həşir qoparır, reallıqla heç bir əlaqəsi olmayan fikir və mülahizələrini içtimai rəyə sırımağa çalışırlar. Bu, yolverilməz haldır.

Baş verən hadisənin mahiyyətinə varmadan onu şişirtmək ordu quruculuğunda qazandığımız uğurların, ön cəbhədə düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizin gərgin zəhmətinin, şöhrətinin üzərinə kölgə salmaq cəhdindən başqa bir şey deyil.

Bir daha qeyd edirəm ki, hadisələri çılğınlıqla yox, ağlın və məntiqin gücü ilə qiymətləndirmək lazımdır.

Bu, bir həqiqətdir ki, Azərbaycan ordusu hazırlıqlı, sözün həqiqi mənasında peşəkar kadrlarla zəngindir. Azərbaycan ordusunun günbəgün güclənməsinin başlıca səbəblərindən biri də budur. Ordu xalqın ümid və güvənc yeridir. Bu hissləri sarsıtmaq cəhdləri bağışlanmazdır.

Bəzi kütləvi informasiya vasitələrinin əhalini çaşdırmağa yönəlmiş məlumatları düşmən dəyirmanına su tökmək deməkdir. Ən zəif orduya və iqtisadiyyata malik düşmənimizi isə bu cür məlumatlarla sevindirmək yolverilməzdir. Xalq ordusuna inanır və nicatını onda görür. O ki, qaldı Daşkəsəndə baş verən faciəli hadisəyə, təbii ki, istintaq işini bitirdikdən sonra həqiqət ortaya çıxacaq və günahkarlar qanunun bütün gücü ilə sərt cəzalandırılacaq.

 

 

Vidadi MƏMMƏDOV,

millət vəkili

 

Xalq qəzeti.- 2010.- 5 fevral.- S. 4.