Milli maraqlara əsaslanan xarici siyasət xətti

 

2009-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatiya sahəsində mühüm nailiyyətlər qazanan Azərbaycan beynəlxalq mövqelərini daha da gücləndirmişdir

 

Yola saldığımız 2009-cu il müstəqil Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin olmuş, dünya maliyyə böhranı şəraitində iqtisadi inkişaf tempini qoruyub saxlayan, qlobal enerji-kommunikasiya layihələrinin icrasını inamla davam etdirən respublikamız xarici siyasət sahəsində də mühüm uğurlara imza atmışdır. Avropa və Avratlantik məkana inteqrasiya kursuna yüksək sadiqlik göstərən, iqtisadi-siyasi mühitin liberallaşdırılması və demokratik proseslərin dərinləşdirilməsi istiqamətindəki proqressiv islahatları səylə davam etdirən ölkə rəhbərliyi diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri dəqiqliklə müəyyənləşdirmiş, beynəlxalq miqyasda respublikamızın maraq və mənafeyini qətiyyətlə qorumuşdur. Yeni dünya nizamının reallıqlarına uyğun çevik, praqmatik, rasional xarici siyasət yeridən, ikitərəfli və çoxqütblü əməkdaşlıq münasibətlərini genişləndirməyə nail olan Azərbaycan Respublikasının Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında rolu da əhəmiyyətli dərəcədə yüksəlmişdir.

 

Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslaşdırılmış xarici siyasət xətti yürüdən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyə çalışmışdır. Əlverişli nəqliyyat-kommunikasiya və tranzit imkanlarına, iqtisadi inkişaf dinamikasına, etnik-dini tolerantlığına görə Avrasiya qitəsinin ən cəlbedici məkanlarından birinə çevrilən Azərbaycan ayrı-ayrı dövlətlərin bölgədə toqquşan maraqlarının optimal balansına da uğurla nail olmuşdur. Ərazisinə, iqtisadi və hərbi qüdrətinə rəğmən, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmuş respublikamız Şərqlə Qərbin iqtisadi tərəfdaşlığını, mədəni dialoqunu möhkəmləndirən səmərəli təşəbbüslərlə çıxış etmiş, regionda sabitliyə, sülhə və təhlükəsizliyə layiqli töhfəsini vermişdir.

Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın hücum diplomatiyasını, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən Prezident İlham Əliyev ötən il respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Milli mənafeləri önə çəkən bu qətiyyətli diplomatiya nəticəsində Azərbaycanın bölgədə, ümumən dünyada əhəmiyyəti və nüfuzu artmış, siyasi və iqtisadi mövqeyi möhkəmlənmişdir. Azərbaycanın müttəfiqlərinin və dostlarının sayı artmışdır. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən cənab İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində ölkəmizin sivil dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və mötəbər beynəlxalq təşkilatlarla münasibətləri yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyanı narahat edən bir sıra məsələlərdə böyük dövlətlərin başçıları Azərbaycanın – onun rəhbərinin mövqeyi ilə hesablaşırlar. Görkəmli filosof, akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: “Qlobal transformasiyaların mürəkkəb şəraitində Azərbaycan beynəlxalq münasibətlərin ardıcıl aktoru, daxili və xarici siyasətin gündəliyini sabit şəkildə formalaşdıran dövlət kimi çıxış edir. Bu gündəlikdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müstəqil dövlətçiliyin qurulması idealı öz əksini tapır. Mahiyyət etibarilə bu, modernləşdirilmiş iqtisadiyyatı, vətəndaş cəmiyyəti və liberal ənənələri olan suveren ölkə qurmaq istəyini ifadə edən yeni siyasətdir”.

 

Çevik, ardıcıl və çoxşaxəli diplomatiya

 

2009-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş, milli maraqların təmininə, beynəlxalq aləmlə bərabərhüquqlu və qarşılıqlı səmərəli əməkdaşlığa, tarazlığa və praqmatizmə əsaslanan xarici siyasət və diplomatik fəaliyyət intensiv, son dərəcə zəngin və məhsuldar olmuşdur. Respublikamızın konkret zaman, məkan və şəraitə uyğun olaraq müəyyənləşdirdiyi xarici siyasət strategiyasında müstəqilliyin möhkəmləndirilməsi, milli maraqların qorunması, ərazi bütövlüyü və suverenliyin bərpası, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, diaspor və lobbi quruculuğu kimi prioritetlər 2009-cu ildə də xüsusi aktuallıq kəsb etmişdir. Regionda maraqları toqquşan bütün dövlətlərlə əlaqələrini bərabərhüquqlu iqtisadi-siyasi tərəfdaşlıq səviyyəsində qurmağa nail olan respublikamız müstəqil dövlət imicini daha da möhkəmləndirmiş, qlobal proseslərə çevik və adekvat reaksiya vermək əzmi nümayiş etdirmişdir.

Xarici siyasətdə öhdəliklərə sadiqlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlər önə çəkilmiş, region dövlətləri ilə hərtərəfli əlaqələrin genişləndirilməsində mehriban qonşuluq prinsipləri təşviq edilmişdir. Beynəlxalq münasibətlər sisteminin yeni nizamı, dövlətlərarası əlaqələrin prinsipləri, beynəlxalq hüququn təsir gücü və dairəsi, mötəbər qlobal və regional təşkilatların respublikamızla bağlı yürütdüyü siyasətin mahiyyəti xarici siyasətdə ciddiliklə nəzərə alınmışdır.

2009-cu ildə Azərbaycanın qlobal böhranın mənfi təsirlərindən maksimum dərəcədə qorunması, bir sıra yaxın və uzaq ölkələrdəki ciddi tənəzzül, devalvasiya prosesləri fonunda ümumi daxili məhsulda 9,3 faizlik artıma nail olması, manatın sabitliyini, bank sektorunun likvidliyini təmin etməsi respublikamızın investisiya cəlbediciliyini, habelə beynəlxalq iqtisadi münasibətlərdə etibarlı tərəfdaş imicini daha da yüksəltmişdir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya İqtisadi Forumu (Davos Forumu), “Qoldman Saks” investisiya bankı, Beynəlxalq Maliyyə Korporasiyası, MDB-nin Statistika Komitəsi, “Avrostat” təşkilatı, “Standard & Poor’s” reytinq şirkəti və digər qurumların hesabatlarında Azərbaycan iqtisadiyyatının qlobal böhrana və ümumən rəqabətə davamlılığı birmənalı qeyd olunmuşdur. Region dövlətləri, həmçinin bəzi beynəlxalq təşkilatlar üçün mühüm əhəmiyyət daşıyan iqtisadi və siyasi yönümlü beynəlxalq tədbirlərin keçirilməsi məkanı kimi məhz Bakı şəhərinin seçilməsi də elə bu amillərlə şərtlənmişdir.

Başa vurduğumuz il ümumilikdə, xarici siyasətdə fəallığın, intensivliyin və səmərəliliyin artması ilə yadda qalmış, ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin etmiş, bölgədə müşahidə olunan geosiyasi dəyişiklik meyillərinə kifayət qədər rasional və təmkinli münasibət göstərmişdir. İkitərəfli diplomatiyanın inkişafı istiqamətində mühüm addımlar atılmış, ölkəmizin yaxın və uzaq xarici ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığı genişlənmiş, dost və qardaş ölkələrlə əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Azərbaycanın xarici ölkələrdə diplomatik təmsilçiliyi geniş miqyas almışdır. 2009-cu ildə Meksikada səfirliyimiz, Rusiya Federasiyasının Yekaterinburq şəhərində baş konsulluğumuz fəaliyyətə başlamış, Estoniyada, Omanda, Livanda, Liviyada və Serbiyada səfirliklərimizin, Gürcüstanın Batumi şəhərində isə baş konsulluğumuzun təsis edilməsi barədə qərarlar qəbul olunmuşdur. Habelə bir sıra ölkələrin, o cümlədən Braziliyanın, Niderland Krallığının, Çexiyanın, Mərakeşin və Avstriyanın respublikamızda diplomatik nümayəndəlikləri açılmışdır.

İkitərəfli əsasda çoxsaylı səfər və görüşlər Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi, nüfuzunun artması, siyasi və iqtisadi maraqlarının, xüsusilə ölkəmizdə istehsal olunan məhsulların və xidmətlərin xaricdə təşviqi, qeyri-neft sektorunun inkişafı və ixracın şaxələndirilməsi, xarici sərmayələrin cəlb edilməsi və işgüzar dairələr arasında təmasların təmin olunmasında vacib əhəmiyyət kəsb etmişdir.

Ötən il ikitərəfli münasibətlər çərçivəsində müvafiq hüquq-müqavilə bazası da xeyli zənginləşmişdir. Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri, habelə xarici dövlətlərin başçılarının Azərbaycana səfərləri zamanı siyasi, iqtisadi, rabitə, nəqliyyat, humanitar, turizm, elm və mədəniyyət sahələrinə dair 90-a yaxın ikitərəfli beynəlxalq sənəd imzalanmışdır. 15-ə yaxın birgə hökumətlərarası komissiyanın və işçi qrupunun iclası keçirilmişdir.

İl ərzində Prezident İlham Əliyev Yunanıstanda dövlət səfərində, Küveytdə, İranda, Böyük Britaniyada, Rumıniyada, İordaniyada, İsveçrədə, Belarusda, Fransada rəsmi səfərlərdə, eyni zamanda, 4 dəfə Rusiya Federasiyasında, habelə Macarıstanda, İsveçrədə, Belçikada, Çexiyada, Qazaxıstanda, Moldovada, Bolqarıstanda işgüzar səfərlərdə olmuşdur. Bu səfərlər respublikamızın Qərbi, habelə Mərkəzi-Şərqi Avropa, Mərkəzi Asiya, Yaxın və Orta Şərq ölkələri ilə, eləcə də tarixi baxımdan yaxın qonşu dövlətlərlə əlaqələrində keyfiyyətcə yeni mərhələ açmış, qarşılıqlı faydalı əməkdaşlığını gücləndirmişdir.

2009-cu ildə Azərbaycanın bölgədə, ümumən Avropa geosiyasi arealında nüfuzunun əhəmiyyətli dərəcədə artmasına, habelə beynəlxalq əməkdaşlıqda lokomotiv ölkələrdən birinə çevrilməsinə sirayət edən mühüm amillərdən biri də Rusiya, Türkiyə, İsrail, Ukrayna, Polşa, Latviya, Suriya, Sloveniya, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Bolqarıstan prezidentlərinin Azərbaycana rəsmi və işgüzar səfərlər etməsidir. Bu səfərlər Azərbaycan ilə həmin ölkələr arasında siyasi dialoqun gücləndirilməsinə, iqtisadi-ticarət əlaqələrinin təşviqinə, humanitar sahələrdə əməkdaşlığın intensivləşməsinə, xalqlararası təmasların dərinləşməsinə və ümumilikdə, ölkəmizin beynəlxalq aləmdə təbliğinə böyük töhfə vermişdir.

Çoxtərəfli müstəvidə əməkdaşlığın gücləndirilməsi üzrə işlər diqqət mərkəzində olmuşdur. Azərbaycan bəşəri sülh və təhlükəsizliyin təminatında universal beynəlxalq təşkilat kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən səyləri dəstəkləmiş, təşkilatın müxtəlif qurumları və ixtisaslaşdırılmış təsisatlarında təmsilçiliyini artırmışdır. Azərbaycan nümayəndələri BMT-nin Miqrant İşçilərin və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi üzrə Komitəsi, İnsan Hüquqları Şurasının Məşvərətçi Komitəsi və Dünya Səhiyyə Təşkilatının Avropa Bürosu Regional Komissiyası Daimi Komitəsinin üzvlüyünə seçilmiş, həmçinin ölkəmizin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına irəli sürülmüşdür. Regionlararası inteqrasiyanın təşviqinə yönələn kommunikasiya infrastrukturunun inkişafına töhfə qismində Azərbaycanın irəli sürdüyü Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) təşəbbüsünə dair qətnamə layihəsi BMT Baş Məclisində yekdilliklə qəbul edilmişdir.

Qlobal və regional məsələlərin həllində Azərbaycan İslam Konfransı Təşkilatı (İKT) ilə sıx əməkdaşlığını inkişaf etdirərək, onun siyasi rolunun artırılması, beynəlxalq problemlərin həllində təsiri və iştirakının gücləndirilməsi istiqamətində apardığı fəal siyasətini davam etdirmişdir. Beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, insan alveri və digər qanunazidd fəaliyyətə qarşı beynəlxalq mübarizəyə töhfə çərçivəsində Azərbaycan göstərilən məsələlər üzrə İslam ölkələri arasında müvafiq əməkdaşlığın gücləndirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu kontekstdə İKT çərçivəsində ilk dəfə keçirilmiş və qeyd olunan sahələr üzrə birgə fəaliyyətin gücləndirilməsinə dair Bakı Bəyannaməsinin qəbul edildiyi İKT-nin üzvü olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransına Azərbaycan tərəfinin ev sahibliyi etməsini qeyd etmək olar.

2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi çox əlamətdar və mühüm hadisə olaraq, Azərbaycanın İKT ilə apardığı səmərəli və faydalı əməkdaşlığın, bütövlükdə ölkəmizin İslam ümməti arasında qazandığı nüfuzun mühüm göstəricisi olmuşdur. Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün, qarşılıqlı anlaşmanın və tolerantlığın inkişafına xidmət edən səmərəli meyarların hazırlanması, beynəlxalq ictimaiyyətdə, ilk növbədə Avropada İslamın, onun mədəniyyət, dəyər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədi ilə fəal səylər göstərmiş, geniştərkibli bir sıra iri beynəlxalq təşəbbüslər həyata keçirmişdir.

Ötən illərdə olduğu kimi, 2009-cu ildə də Avropa və Avratlantik strukturlara inteqrasiya Azərbaycan xarici siyasətinin mühüm istiqamətini təşkil etmişdir.

İl ərzində Avropa İttifaqı (Aİ) ilə münasibətlər keyfiyyətcə yeni müstəviyə çıxmış, habelə NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının ikinci mərhələsi uğurla başa çatmışdır.

“Şərq tərəfdaşlığı” proqramı üzrə Praqa zirvə görüşünün birgə bəyannaməsinin imzalanması Azərbaycan ilə Aİ arasında gələcək yaxınlaşma və əməkdaşlığın inkişafına yeni təkan vermişdir. Zirvə görüşü çərçivəsində Transxəzər enerji daşıyıcıları layihələrini dəstəkləyən və dövlətimizin enerji təhlükəsizliyinin təminatına yönələn maraqları əks etdirən “Cənub Dəhlizi-Yeni İpək Yolu” Bəyannaməsinin qəbul edilməsi, eyni zamanda, ötən ilin dekabrında Aİ-nin bir sıra ölkələrlə, o cümlədən Azərbaycan ilə assosiasiya sazişi ilə bağlı danışıqlara başlaması niyyətində olduğunu bəyan etməsi xüsusi diqqətə layiqdir.

Azərbaycan Avropa və beynəlxalq təhlükəsizliyə öz töhfəsini verməkdə davam etmiş, tərəfdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və əsaslarının möhkəmləndirilməsi təşəbbüslərini fəal həyata keçirmişdir. Azərbaycanın NATO-nun Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibindəki hərbçilərinin sayını iki dəfə artıraraq 90 nəfərə çatdırması onun Avratlantik məkanda təhlükəsizlik və sabitliyin əldə edilməsi sahəsində daha böyük məsuliyyəti öz üzərinə götürmək əzmindən irəli gəlir. NATO ilə fəal siyasi dialoq qarşılaşdığımız birgə çağırışlar üzrə ortaq anlayışın yaradılması və möhkəmləndirilməsinə imkan yaradır.

Azərbaycan Prezidenti İlham Əliyevin ilin əvvəllərindən başlayaraq İsveçrədə Dünya İqtisadi Forumunda (Davos Forumu), Macarıstanda enerji sammitində, İranda İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə, Belçikada Avropa İttifaqı və NATO-nun toplantısında, Kişinyovda MDB Dövlət Başçıları Şurasının iclasında və s. iştirakı da ümumən respublikamızın avrostrukturlara səmərəli inteqrasiyası, beynəlxalq qurumlarda milli maraqlara uyğun təmsilçiliyi, ən əsası, regionda dayanıqlı sülhü, sabitliyi, təhlükəsizliyi təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli baxımından əhəmiyyətli sayıla bilər. ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli ilə bağlı fəallığı da il ərzində xeyli dərəcədə yüksəlmiş, bunun nəticəsi kimi Ermənistan və Azərbaycan prezidentlərinin görüşləri keçirilmiş, eləcə də xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlarda yüksək dinamizm müşahidə olunmuşdur.

Beynəlxalq əməkdaşlığımız digər beynəlxalq və regional təşkilatlar çərçivəsində də davamlı olaraq inkişaf etmişdir. Xüsusilə də ATƏT, Avropa Şurası, MDB, GUAM, QİƏT, İƏT və sair təşkilatlarla əməkdaşlığın gücləndirilməsi bu qurumlar çərçivəsində ölkəmizin maraqlarının təşviqi ilə yanaşı, onlara üzv ölkələrlə münasibətlərin fərqli prizmadan inkişafı üçün faydalı olmuşdur.

Azərbaycan Respublikası silahlara nəzarət, tərksilah və silahların yayılmaması sahəsində həm beynəlxalq və çoxtərəfli, həm də regional və ikitərəfli əsasda əməkdaşlığı intensiv surətdə davam etdirmişdir. Azərbaycanın Beynəlxalq Atom Enerjisi Agentliyinin Müdirlər Şurasına üzv seçilməsi bu istiqamətdə aparılan uğurlu fəaliyyətin təzahürü olmuşdur.

 

Avropa İttifaqı ilə strateji tərəfdaşlığın yeni istiqamətləri

 

2009-cu ildə rəsmi Bakının xarici siyasətində ənənəvi prioritet istiqamətlərdən biri də Avratlantik məkana inteqrasiyanın sürətləndirilməsi və dərinləşdirilməsi zəminində Avropa İttifaqı, habelə sosializm düşərgəsinin süqutundan sonra demokratik inkişaf yolu seçmiş Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqələrin genişləndirilməsidir. Azərbaycan Prezidenti İlham Əliyevin il ərzində Macarıstan, İsveçrə, Yunanıstan, Belçika, Çexiya, Böyük Britaniya, Rumıniya, Moldova, Belarus, Bolqarıstan, Almaniya və Fransada dövlət, rəsmi və işgüzar səfərlərdə olması, habelə Ukrayna, Polşa, Latviya, Sloveniya, Estoniya, Gürcüstan və Bolqarıstan prezidentlərinin Azərbaycana həyata keçirdikləri səfərlər bu dövlətlərlə münasibətlərdəki yüksək dinamizmin əyani təcəssümüdür. Azərbaycan əlverişli coğrafi mövqeyi, zəngin karbohidrogen ehtiyatları ilə Avrasiya ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Mərkəzi və Şərqi Avropa dövlətləri Azərbaycana təkcə Qərblə Şərq arasında körpü kimi deyil, həm də qitənin enerji təhlükəsizliyində vacib rol oynayan ölkələrdən biri kimi yanaşırlar. Respublikamızın MDB-də tam müstəqil siyasət yeridən ölkə olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və bazar iqtisadiyyatı yolunu tutması, fövqəlgüc dövlətlərin maraq dairəsində olması da bu əməkdaşlığı stimullaşdırır.

Ötən əsrin 90-cı illərinə doğru sosializm dəyərlərindən imtina edərək bazar iqtisadiyyatı və demokratiya yolunu seçmiş dövlətlər arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulması həm də yeni dövrün reallıqları ilə şərtlənir. Məsələ bundadır ki, vaxtilə keçmiş SSRİ də daxil olmaqla, sosializm düşərgəsinin üzvü olan bu ölkələrin ümumi iqtisadi-siyasi sistem çərçivəsində yerləşməsi onların hər birində oxşar iqtisadiyyatın təşəkkül tapmasına səbəb olmuşdur. Rəsmi Bakının son illərdə Mərkəzi və Şərqi Avropa ilə qarşılıqlı faydalı əməkdaşlığı bütün səviyyələrdə genişləndirməyə çalışması bu məkanda yerləşən dövlətlərin Avropanın siyasi atmosferinin müəyyənləşməsində mövqeyinin və fəal xarici siyasətinin mühüm təsirə malik olması ilə şərtlənir. Azərbaycan iqtisadi və siyasi islahatları uğurla başa çatdırmış həmin ölkələrin Avropanın siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya sahəsindəki mütərəqqi təcrübəsindən səmərəli şəkildə yararlanmaq niyyətindədir. Hazırda Qərbi Avropa ilə yanaşı, Avropa İttifaqı və NATO ilə münasibətlərdə yüksək nəticələr əldə etmiş Polşa, Rumıniya, Bolqarıstan, Macarıstan, Çexiya, Sloveniya, Xorvatiya kimi ölkələr də Azərbaycanın avrostrukturlara inteqrasiyası prosesinə fəal şəkildə dəstək verir, təcrübələrini bölüşürlər. Eyni zamanda, Mərkəzi və Şərqi Avropa respublikamızın Transqafqaz nəqliyyat-kommunikasiya sistemi vasitəsilə Qərbi Avropaya çıxışının təmini baxımından əlverişli geosiyasi məkandır.

Xaricdən enerji asılılığının minimal həddə endirilməsi dünyanın əsas karbohidrogen ehtiyatlarına nəzarəti əldə etmək uğrunda rəqabətin gücləndiyi hazırkı şəraitdə ayrı-ayrı dövlətlərin təkcə milli təhlükəsizliyinin deyil, həm də müstəqil siyasət yeritməsinin vacib şərtinə çevrilmişdir. Azərbaycan isə bütövlükdə Avropanın enerji təhlükəsizliyində geniş imkanlara malik ölkə kimi Mərkəzi və Şərqi Avropa dövlətlərinin maraq dairəsindədir. Məsələn, 2007-ci ildə ilk enerji sammitinin keçirilməsi təşəbbüsünü üzərinə götürən Polşa Xəzər neftinin Odessa-Brodı-Plotsk-Qdansk kəməri ilə nəqlini təklif edir. Bu marşrut Qara dənizə çıxarılan neftin Baltik dənizi sahilinə çatdırılmasını, oradan Avropa və dünya bazarlarına daşınmasını nəzərdə tutur. Rumıniya isə Xəzər neftinin Rumıniyadan tankerlər vasitəsilə – Supsa limanından Konstansa limanına, daha sonra isə boru kəməri ilə Avropaya nəqli layihəsini dəstəkləyir. Ümumiyyətlə, əksər Avropa ölkələri enerji asılılığından çıxmaq üçün neftin nəqlində tranzit və istehlakçı qismində çıxış etmək niyyətlərini bəyan edirlər.

Son illərdə Polşa, Bolqarıstan, Rumıniya, Azərbaycan, Gürcüstan, Litva və Ukrayna prezidentlərinin, eləcə də Qazaxıstanın yüksək səviyyəli dövlət rəsmilərinin iştirak ilə keçirilən Krakov, Vilnüs, Kiyev və Bakı enerji sammitləri də regionda yeni enerji təhlükəsizliyi və subregional inteqrasiya modelinin formalaşdığını göstərir.

Artıq qeyd etdiyimiz kimi, milli müstəqilliyin bərpasından sonra Avropaya inteqrasiya xətti götürmüş Azərbaycan qitə iqtisadiyyatının enerji daşıyıcılarına olan tələbatının ödənilməsinə öz töhfəsini verir. “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış strateji tərəfdaşlıq artıq dönməz xarakter almışdır. Bir tərəfdən, neft və qaz ixracı milli iqtisadiyyatın inkişafında misilsiz rol oynayır, digər tərəfdən isə ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində vacib amil kimi çıxış edir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, energetika sahəsində Azərbaycan-Avropa əməkdaşlığının bütün potensialı hələ tam işə düşməmişdir. Enerji təchizatında asılılığı azaltmaq üçün yollar axtaran Avropa Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. 2008-ci ilin noyabrında Bakıda keçirilmiş enerji sammiti bunun əyani nümayişi olmuşdur. 21 ölkənin, o cümlədən Avropa İttifaqının üzvü olan 9 ölkənin dövlət və hökumət başçılarının, yüksək vəzifəli nümayəndələrinin qatıldığı sammitdə Xəzər dənizi hövzəsində hasil edilən neft və qazın dünya və Avropa bazarlarına çatdırılması yollarının şaxələndirilməsi məsələsi əsas müzakirə mövzusu idi. Qeyd etmək lazımdır ki, IV Bakı enerji sammiti Azərbaycanın aparıcı tərəf kimi iştirak etdiyi Krakov, Vilnüs və Kiyev enerji sammitlərindən sonra Bakının təşkilatçılığı ilə həyata keçirilirdi. Sammit enerji ehtiyatlarının həm hasilatı, həm də nəqli baxımından Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz rolunu xüsusi önə çəkmişdir. Prezident İlham Əliyev sammitin açılışında söylədiyi nitqində Azərbaycanın iqtisadi və siyasi sabitliyinin, yürütdüyü müstəqil xarici və iqtisadi siyasətin ölkəyə uzun müddət ərzində bu rolu yerinə yetirməyə imkan verdiyini bildirmişdir.

Avratlantik məkana inteqrasiya sahəsində Azərbaycanın apardığı siyasət həm ölkəmiz, həm də bütövlükdə regional əməkdaşlıq üçün müsbət nəticələrini verməkdədir. Avropa İttifaqının “Yeni qonşuluq siyasəti” proqramı ötən illərdə ölkəmizdə siyasi və iqtisadi inkişaf meyarlarının Avropa İttifaqı ölkələrindəki göstəricilərə uyğunlaşdırılmasında əhəmiyyətli rol oynamışdır. Bunun nəticədir ki, indi Azərbaycan artıq Avropa üçün etibarlı tərəfdaş və dosta çevrilmiş, bütün Avropa ölkələri üçün get-gedə daha mühüm məsələyə çevrilən enerji təhlükəsizliyində vacib rola və sözə sahibdir. “Yeni qonşuluq siyasəti” çərçivəsində 2006-cı ildə qəbul olunmuş Avropa İttifaqı-Azərbaycan Fəaliyyət Planı Azərbaycan və Avropa İttifaqı arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahələrində əməkdaşlığı inkişaf etdirir, əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qaldırılması üçün əsaslar yaradır. Hazırda Avropa İttifaqı ilə inteqrasiya və əməkdaşlıq “Yeni qonşuluq siyasəti” proqramı kontekstində Fəaliyyət Planının həyata keçirilməsi, “Twinning” və “Taiex” kimi proqramlarda iştirak çərçivəsində inkişaf etdirilir. Avropa İttifaqı ilə tərəfdaşlıq və yaxınlaşmanın möhkəmlənməsi prosesi “Şərq tərəfdaşlığı” təşəbbüsünün irəli sürülməsi ilə əlavə təkan almışdır.

Bu baxımdan Fransa Prezidentinin rəsmi saytında yerləşdirilmiş Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il dekabrın 8-9-da bu ölkəyə rəsmi səfəri zamanı dövlət başçısı Nikola Sarkozi ilə görüşünə dair məlumatda Azərbaycanın Avropa İttifaqı, bu qurumun aparıcı dövləti olan Fransa üçün əhəmiyyətli mövqeyini müəyyənləşdirən müddəaların öz əksini tapması tamamilə məntiqidir. Bu məlumatdan görünür ki, Avropa İttifaqı və Fransanın üç mühüm məsələdə – enerji təhlükəsizliyinin təmin edilməsində, Əfqanıstanda antiterror əməliyyatlarına, İranın nüvə proqramı ilə bağlı beynəlxalq miqyaslı siyasi proseslərə dəstək verilməsində Azərbaycana ehtiyacı vardır. Məlumatda deyilir: “Fransa Respublikasının Prezidenti İranın beynəlxalq öhdəliklərə tam və təxirəsalınmadan riayət etməsinin vacibliyini bir daha vurğuladı və Prezident Əliyevi öz nüfuzundan İran rəsmilərinə münasibətdə istifadə etməyə çağırdı”.

Yazıda enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın bu prosesin iki mühüm məsələsində - ehtiyatların mənbəyi rolunu oynaması və marşrutların şaxələndirilməsi baxımından da əhəmiyyəti xüsusi olaraq qeyd edilir. Məlumatda deyilir: “Prezident Sarkozi Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsindəki rolunu qiymətləndirmiş və Avropanın karbohidrogen ehtiyatları ilə təminatında mənbələrin və marşrutların şaxələndirilməsi baxımından Nabukko boru kəmərinə Fransanın dəstəyini yenidən ifadə etmişdir”.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropa İttifaqının ən mühüm istiqamətlər üzrə tərəfdaşı kimi tanınır. Elə buna görədir ki, Fransa Prezidentinin saytında Azərbaycan ilə Fransa arasında strateji tərəfdaşlıq əlaqələrinin sürətlə formalaşdırılmasının zəruriliyi xüsusi vurğulanmışdır.

Akademik Ramiz Mehdiyevin “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” əsərində qeyd edildiyi kimi, “...geoiqtisadi baxımdan, Avropa İttifaqının enerji təhlükəsizliyi çox cəhətdən Xəzərin enerji ehtiyatlarının Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya vasitəsilə Avropa İttifaqı ölkələrinə tranzitini nəzərdə tutan Nabukko layihəsinin həyata keçirilməsi yolu ilə təmin edilə bilər. Bu isə yalnız həmin layihədə Azərbaycanın fəal iştirakı ilə mümkündür. Azərbaycan bu istiqamətdə Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. İrimiqyaslı regional infrastruktur layihələrinin uğurla həyata keçirilməsi ilə nəticələnən bu əməkdaşlıq Cənubi Qafqaz regionunun əhəmiyyətini artırmış, Avropa və qlobal enerji təhlükəsizliyinə töhfə vermiş və Avropa üçün yeni, həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Azərbaycanın karbohidrogen ehtiyatları strateji-coğrafi yerləşmə ilə birlikdə ölkəni əhəmiyyətli enerji mənbəyinə və beynəlxalq enerji təchizatı sisteminin vacib tərkib hissəsinə çevirir.

Ümumiyyətlə, modernləşmə xəttini seçmiş, Avropa İttifaqı, ATƏT, Avropa Şurası və NATO ilə siyasi, iqtisadi və humanitar əlaqələrini intensiv inkişaf etdirən, ABŞ və Qərbi Avropanın aparıcı ölkələri ilə münasibətləri fəallaşdıran Azərbaycan özünün geosiyasi gələcəyini Avropa ölkələri ailəsində görür”.

 

 

(ardı var)

 

Kamal ADIGÖZƏLOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti

 

Xalq qəzeti.- 2010.- 5 fevral.- S. 3.