Dağlıq Qarabağ münaqişəsi ölkələrin
ərazi bütövlüyü
çərçivəsində həll olunmalıdır
Ermənistan tərəfi ilk dəfə olaraq problemin
bu yolla həllinin mümkünlüyünü etiraf etdi
Yanvarın 25-də Soçidə Ermənistan
— Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
nizama salınması ilə bağlı danışıqların hazırkı
vəziyyəti və
perspektivləri barədə
ATƏT-in Minsk qrupunun həmsədrlərinin
də iştirak etdikləri Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü
olmuşdur.
Rusiya Prezidenti Dmitri Medvedevin
vasitəçiliyi ilə təşkil olunmuş
görüşdə konkret təkliflərə dair
danışıqlar aparılıb. Ekspertlərin fikrincə,
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ilə əlaqədar
aparılan Soçi danışıqları faydalı olub. Azərbaycan
və Ermənistan prezidentləri Minsk qrupu tərəfindən
təqdim edilmiş konkret təkliflərə dair
danışıqlar aparıblar. Əvvəlki
danışıqlarla müqayisədə bu dəfə müəyyən
irəliləyiş diqqəti cəlb edib. Belə ki,
münaqişənin nizamlanmasının baza prinsiplərinin əks
olunduğu sənədin preambulasına dair tərəflər
arasında ümumi anlaşma var. Ümidverici faktlardan biri də
odur ki, həm Azərbaycan, həm də Ermənistan prezidentləri
danışıqları davam etdirmək barədə
razılığa gəliblər.
Hazırda iki ölkə prezidentləri arasında müzakirə olunan Madrid prinsiplərinin giriş hissəsində qeyd olunur ki, tərəflər münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, o cümlədən xalqların öz müqəddəratını təyin etməsinə dair Helsinki Yekun Aktında əks olunmuş prinsiplər əsasında həllinə sadiqdir. Azərbaycan Prezidenti İlham Əliyev bu görüşə getməzdən əvvəl yanvarın 18-də Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan tərəfinin mövqeyini açıq şəkildə bəyan etmişdir. Azərbaycan Prezidenti 2009-cu ildə ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açarkən demişdir: “Xarici siyasətimizin əsas məsələsi — Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində 2009-cu ildə praktiki nəticələr əldə edilməsə də, hesab edirəm ki, müəyyən irəliləyiş olmuşdur. Artıq məsələnin hansı yolla həll olunması daha da dəqiqləşdi. Keçən ilin sonunda Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən iclasda məsələ ilə bağlı qəbul edilmiş sənəd münaqişənin hansı yollarla həll olunmasını açıq-aydın göstərir. Orada göstərilir ki, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, önəmli məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Ermənistan bu sənədə qoşuldu, buna qol çəkdi və beləliklə, məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını etiraf etdi”.
Xalqların öz müqəddəratını təyinetmə məsələsinə də dövlət başçımız birmənalı olaraq münasibət bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “O ki, qaldı xalqların öz müqəddəratını təyinetmə məsələlərinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bütün beynəlxalq sənədlər məhz bu yanaşmanı müdafiə edir, o cümlədən 1975-ci ildə Helsinkidə qəbul edilmiş, bu gün üçün də əsas olan sənəd məsələnin məhz bu yolla həll olunmasını göstərir”.
Beynəlxalq hüququn norma və prinsiplərində də qeyd edilir ki, xalqların öz müqəddəratını təyinetmə məsələləri ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Bu məsələ yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həlledici olmalıdır. Əsasən də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. İlk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıtmalıdırlar. Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları muxtariyyət şəraitində, Azərbaycan dövlətinin tərkibində yaşamalıdırlar.
Onu da qeyd edək ki, ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən görüşdə də qəbul edilmiş sənəd məhz bu yanaşmaya üstünlük verib. 2008-ci ildə Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən görüşdə də bu prinsipə önəm verilib. Üç ölkə prezidentlərinin iştirakı ilə keçirilən görüşdə imzalanmış bəyanatda münaqişənin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunması əsas götürülüb. Bu məsələ təkcə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşdə deyil, beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qətnamələr və qərarlar əsasında həll olunmalıdır.
Xatırladaq ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları dəfələrlə rəsmi olaraq bəyan ediblər ki, Ermənistan qeyd-şərtsiz olaraq işğal etdikləri Azərbaycan ərazilərini azad etməlidir. Diqqətə çatdırmaq istərdik ki, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması barədə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Təəssüf ki, həmin qətnamələr bu günə qədər hələ də icra olunmamış qalır. Bundan başqa digər nüfuzlu beynəlxalq qurumlar olan ATƏT və Avropa Şurasının qəbul etdikləri sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü tanınır, Ermənistanın isə işğalçı dövlət olması qeyd edilir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da bu məsələyə münasibət bildirərkən demişdir: “Ermənistanla protokolların ratifikasiyası, sərhədlərin açılması və s. məsələlərdə bizim ATƏT-in Minsk qrupundan həllini istədiyimiz bir məsələ vardır. Mən bunu Amerikaya son səfərimdə Barak Obamaya və Rusiyaya səfərimdə Dmitri Medvedevə və Vladimir Putinə də çatdırmışam. Minsk qrupunun ciddi etinasızlığı vardır. Yəni, 20 ilə yaxın bir müddətdə bu işi başa çatdıra bilmədilər. Əgər Rusiya, ABŞ və Fransa bu vaxt ərzində məsələni həll etsəydi, bu gün problemlər də olmazdı. Əgər onlar istəsəydilər, Ermənistan bu işğala son qoyardı. Məlumdur ki, Ermənistan Azərbaycan ərazisini işğal etmişdir. Bunu BMT təsdiq və təsbit etmişdir”.
Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi düşünülmüş xarici siyasət nəticəsində hazırda dünyanın demək olar ki, bütün dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır. Həmçinin Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvləri də Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını dəfələrlə bəyan ediblər. Ona görə də dünya birliyi tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Son müddət ərzində Ermənistan — Azərbaycan prezidentləri arasında aparılan danışıqlarda diqqəti cəlb edən irəliləyiş, müsbətə doğru dinamika ölkəmizin yeritdiyi uğurlu xarici siyasətin, eyni zamanda, hərbi potensialının gücləndirilməsinin nəticəsidir.
Soçidə bu günlərdə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin keçirdikləri görüş də dünyanın tanınmış siyasi xadimləri və nüfuzlu beynəlxalq qurumlarının diqqət mərkəzində olmuşdur. Siyasi ekspertlərin məqbul hesab etdikləri məsələnin əsasını bu görüşün baş tutması hesab edilir. Qeyd olunur ki, danışıqların vacibliyi ondan ibarətdir ki, həmin danışıqların dayanmayacağı, onların davam etdiriləcəyi təsdiq olunub. Soçi görüşü bir daha təsdiqləyib ki, problemlərə və çətinliklərə baxmayaraq Rusiya vasitəçi olaraq qalacaq və Azərbaycan — Ermənistan prezidentlərinin görüşləri də davam etdiriləcək.
Qeyd edək ki, artıq dünya birliyi Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində əsl həqiqəti tam olaraq dərk edir. Bu məsələdə Azərbaycanın sülhsevər, Ermənistanın isə işğalçı dövlət olması dünya ictimaiyyətinə bəllidir. Baxmayaraq ki, bəzi beynəlxalq qurumlar bu məsələdə hələ də ikili mövqe nümayiş etdirir, ancaq artıq hər şey göz qabağındadır. Ona görə də əksər beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin həllində açıq şəkildə Azərbaycanın və dövlətimizin başçısı möhtərəm Prezidentimizin mövqeyini dəstəkləyir.
Azərbaycan tərəfinin xarici siyasətdə üstünlük qazanması Ermənistanda da özünü büruzə verib. Son vaxtlar bu ölkədə ictimai-siyasi vəziyyət daha da gərginləşib. Bu da əsasən Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Ermənistan hakimiyyətinin yeritdiyi xarici siyasətin tam iflasa uğramasıdır.
Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi və düşünülmüş xarici siyasəti bu sahədəki uğurlarımızın daha da yaxınlaşmasından xəbər verir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 5 fevral.- S. 2.