Ötən il neft və qaz hasilatı üzrə
göstəricilər uğurlu olmuşdur
Ölkəmiz əsaslı iqtisadi yüksəliş
yolu ilə inamla irəliləyir. Ötən hər bir ilin
sosial-iqtisadi mənzərəsini təhlil edərkən belə
bir qənaətə gəlmək olur ki, həyatın
bütün sahələrində uğurlarımız getdikcə
artır. Bu baxımdan yola saldığımız 2009-cu ili də
yüksək nailiyyətlər dövrü kimi xarakterizə
etmək olar. Məhz ötən il dünyada hökm sürən
maliyyə böhranına baxmayaraq, Azərbaycan
Respublikasının beynəlxalq aləmə inteqrasiyası
istiqamətində tədbirlər davam etdirilmiş, ölkəmiz
iqtisadi artım sürətinə görə liderlik
mövqeyini qoruyub saxlamışdır.
Belə ki, 2009-cu ildə
ölkənin sosial-iqtisadi həyatının indikatoru
sayılan ümumi daxili məhsul istehsalı əvvəlki
ilin səviyyəsini 9,3 faiz üstələmişdir. Bundan əlavə,
hesabat dövründə ölkə iqtisadiyyatının əsasını
təşkil edən sənaye istehsalında 8,6 faizlik artım
baş vermişdir ki, bu da dünya üzrə yüksək
göstərici hesab olunur.
Sənaye istehsalında,
bütövkdə isə ölkə iqtisadiyyatında qeydə
alınan artım, əsasən neft-qaz sektorunun hesabına
baş vermişdir. Belə ki, il ərzində Azərbaycanda
50,4 milyon ton neft və 16,3 milyard kubmetr əmtəəlik qaz
hasil olunmuşdur. Ötən il hasil olunmuş neftin təqribən
8,5 milyon tonu, qazın isə 7,3 milyard kubmetri dövlət sektorunun
— ARDNŞ-in payına düşmüşdür.
Göründüyü kimi, ötən il ölkəmizin
neft-qaz sənayesi üçün son dərəcə
uğurlu olmuşdur. Təkcə onu demək kifayətdir ki,
ulu öndər Heydər Əliyevin müəllifi olduğu
yeni neft strategiyasının uğurla
reallaşdırılması nəticəsində 2009-cu ildə
Azərbaycanda neft və qaz hasilatı rekord səviyyəyə
çatdırılmışdır. Bundan əlavə, ötən
il alternativ neft-qaz nəql marşrutlarının uğurlu fəaliyyəti
ölkəmizin ixrac imkanlarını da xeyli
artırmışdır.
Son illər Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti tərəfindən
neft hasilatında əldə olunmuş sabitliyin qorunub
saxlanması, eləcə də qaz istehsalının
artırılması istiqamətində də mühüm tədbirlər
həyata keçirilir. Neft sənayesinin maddi-texniki
bazasının gücləndirilməsi, təchizatla
bağlı əvvəlki illərdə müşahidə
olunan çətinliklərin tam aradan qaldırılması və
s. tədbirlərin müsbət nəticələri getdikcə
daha çox hiss olunur. Artıq neft və qaz hasilatına dair
proqnoz tapşırıqları, bir qayda olaraq, vaxtından əvvəl
və artıqlaması ilə yerinə yetirilir. 2009-cu ili
yüksək göstəricilərlə başa vurmuş
ölkə neftçiləri daha bir uğura imza
atmışlar. Dövlət Neft Şirkətinin socar.az
saytının məlumatına görə, ötən il
ARDNŞ üzrə qaz kondensatı da daxil olmaqla 9 milyon 63,19
min ton neft hasil olunmuşdur. İl ərzində
çıxarılmış ümumi neftin 7 milyon 301,41 min
tonu “Azneft” İstehsalat Birliyinn tabeliyində olan neft və
qazçıxarma idarələrinin payına
düşmüşdür.
Dövlət Neft
Şirkətinin ölkəmizdə fəaliyyət göstərən
xarici tərəfdaşları ilə birgə həyata
keçirdiyi layihələrin də iqtisadi səmərəsi
aybaay, ilbəil artır. Ötən il qurudakı yataqların
istismarını həyata keçirən müştərək
müəssisələr və əməliyyat şirkətləri
tərəfindən, eləcə də ARDNŞ-in “Azəri-Çıraq-Günəşli”
və “Şahdəniz” layihələri üzrə payı
çərçivəsində 1 milyon 761,78 min ton neft (qaz
kondensatı ilə birlikdə) hasil olunmuşdur. Bundan əlavə,
il ərzində müştərək müəssisələr
və əməliyyat şirkətlərindən alınan
yerli bazar nefti 299,83 min ton təşkil etmişdir.
2009-cu ildə Dövlət
Neft Şirkəti üzrə emala 6 milyon 35,97 min ton neft təhvil
verilmişdir. İl ərzində şirkətin Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən
Azərbaycandan xaricə 3 milyon 240,36 min ton neft ixrac
olunmuşdur. Bu da 2008-ci illə müqayisədə 959,42 min
ton çoxdur.
Azərbaycanda qaz
istehsalının artırılması istiqamətində həyata
keçirilən tədbirlərin də səmərəsi
getdikcə artır. Son illər Dövlət Neft Şirkəti
tərəfindən yeni qaz proqramının uğurla
reallaşdırılması, yığım-nəql sisteminin
təkmilləşdirilməsi, yeni quyuların qazılıb
istismara verilməsi nəticəsində ölkədə əvvəlki
illərdə müşahidə olunan qaz böhranının
qarşısı tamamilə alınmışdır. Artıq
Dövlət Neft Şirkəti üzrə qaz hasilatı iki dəfəyə
yaxın artmışdır ki, bu da əhalinin və
iqtisadiyyatın “mavi yanacaq”la təminatını xeyli
yaxşılaşdırmışdır. Ötən il
Dövlət Neft Şirkəti üzrə qaz hasilatı 7
milyard 327,89 milyon kubmetr təşkil etmişdir. Hasil
olunmuş ümumi qazın 7 milyard 801,62 milyon kubmetri “Azneft”
İB-nin tabeliyində olan neft və qazçıxarma idarələrinin
payına düşmüşdür. Bundan əlavə, 2009-cu
ildə “Şahdəniz” layihəsi çərçivəsində
Dövlət Neft Şirkətinin qaz payı 526,27 milyon kubmetr
təşkil etmişdir. “Azəri–Çıraq–Günəşli”
layihəsi çərçivəsində neft hasilatı ilə
yanaşı, səmt qazı istehsalı da ilbəil artır.
Təkcə onu demək kifayətdir ki, 2009-cu ildə adı
çəkilən layihə üzrə Dövlət Neft
Şirkətinə əvəzsiz olaraq 3 milyard 901,75 milyon
kubmetr qaz təhvil verilmişdir. Bununla yanaşı, il ərzində
“Şahdəniz” layihəsi üzrə Dövlət Neft
Şirkətinə 747,38 milyon kubmetr “mavi yanacaq”
satılmışdır.
Ötən il ölkə
üzrə qazın təhvili planına da artıqlaması ilə
əməl olunmuşdur. İl ərzində 9 milyard 925,19
milyon kubmetr qaz təhvil verilmişdir ki, bunun da 8 milyard 890,68
milyon kubmetri daxili bazarda satılmışdır. Onu da deyək
ki, daxili bazarda satılmış qazın 3 milyard 110,67 milyon
kubmetri yerli istehlakçıların “mavi yanacağa” olan tələbatının
ödənilməsi üçün “Azəriqaz” Qapalı Səhmdar
Cəmiyyətinə təhvil verilmişdir. Qazın 4 milyard
318,08 milyon kubmetri isə ölkənin istilik elektrik
stansiyalarının normal fəaliyyətinin təminatı
üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə
satılmışdır. 2009-cu ildə Dövlət Neft
Şirkəti tərəfindən xaricə satılmış
“mavi yanacağın” həcmi isə 1 milyard 31,36 milyon kubmetr təşkil
etmişdir.
Yeri gəlmişkən,
bir neçə il bundan əvvəl Azərbaycan xaricdən
qaz alırdısa, aparılmış məqsədyönlü
və təxirəsalınmaz işlər nəticəsində
artıq ölkəmiz kənara “mavi yanacaq” ixrac edir. Prezident
İlham Əliyev Azərbaycanın beş il bundan əvvəl
istehlak olunan qazın yarısını xaricdən
aldığını xatırladaraq əməli, praktik
işlərə vaxtında başlamağın uğurlu nəticələr
verdiyini bildirmişdir. Ölkə Prezidenti Dövlət Neft
Şirkətinin bu sahədəki fəaliyyətini yüksək
qiymətləndirmişdir. Məhz həyata keçirilən
kompleks tədbirlərin nəticəsidir ki, bu gün ölkədə
qazlaşdırmanın prosesi sürətlə gedir,
bütün rayon mərkəzlərinə, eləcə də
iri kənd və qəsəbələrə “mavi yanacaq”
verilir. Bütövlükdə isə artıq Azərbaycanda
qazlaşdırmanın səviyyəsi 85 faiz təşkil edir
ki, bu da neft və qaz hasil edən ölkələr arasında
yüksək göstərici hesab olunur. Bununla belə, dövlət
başçımız yaxın illərdə ölkə
üzrə qazlaşdırma səviyyəsinin 90 faizə
çatdırılmasını tövsiyə etmişdir.
Dövlət Neft
Şirkəti üzrə neft hasilatında sabitliyi qorumaq, həmçinin
qaz istehsalını artırmaq məqsədilə bir sıra
texniki və geoloji tədbirlər, eləcə də cari və
əsaslı təmir işləri ilə yanaşı, qazma
işlərinə də diqqət xeyli artırılıb. Bu
baxımdan təqribən üç il əvvəl şirkətin
tərkibində ayrıca bir qurumun – Kompleks Qazma İşləri
Trestinin yaradılmasını xüsusi qeyd etmək lazımdır.
Məhz adı çəkilən qurumun fəaliyyətə
başlaması dənizdə, eləcə də 160 ildir
istismarda olan qurudakı yataqlarda qazma işlərinin xeyli
intensivləşməsinə səbəb olmuşdur. Bu
baxımdan yola saldığımız 2009-cu il də ölkə
qazmaçıları üçün uğurlu olmuşdur.
Belə ki, il ərzində Dövlət Neft Şirkəti
üzrə 168182 metr qazma işi həyata
keçirilmişdir. Göründüyü kimi, kəşfiyyat
və istismar qazmasının aparılmasına xüsusi diqqət
göstərilməsi yeni neft və qaz ehtiyatlarının
aşkara çıxarılmasına, eləcə də
onların hasilatına geniş imkanlar yaradır.
2009-cu ildə şirkətin
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi xaricə
1 milyon 968 min 370 ton neft məhsulları ixrac etmişdir.
İlin əvvəlindən bəri ixrac olunmuş neft məhsullarının
strukturunda dizel yanacağı üstünlük təşkil
etmişdir – 1 milyon 434 min 962 ton. Hesabat dövründə Azərbaycandan
xaricə həmçinin 34 min 497 ton soba mazutu, 227 min 184 ton
avtomobil benzini və 271 min 727 ton təyyarə yanacağı
satılmışdır.
2010-cu ildə ölkə
neftçilərini daha mühüm, məsul vəzifələr
gözləyir. Neft və qaz hasilatı üzrə nəzərdə
tutulmuş illik proqnoz tapşırıqlarını
vaxtından əvvəl və artıqlaması ilə yerinə
yetirmək üçün neftçilər ilin ilk günlərindən
bütün imkanları səfərbər etmişlər.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 10 fevral.- S. 1.