2009-cu ildə peşə təhsili
sahəsində islahatlar uğurla davam etdirilmişdir
Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan müasir Azərbaycan qısa zaman ərzində
yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən
stabil ölkələrindən birinə çevrilmiş, beynəlxalq
aləmdə nüfuzu artmış, iqtisadi inkişaf tempinə
görə lider ölkələr sırasına daxil
olmuşdur.
Ulu öndərin siyasi
kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz
İlham Əliyevin hakimiyyəti illərində müstəqilliyimiz
möhkəmləndi, Azərbaycanın davamlı
inkişafı təmin edildi. Ötən illər ərzində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil
islahatının həyata keçirilməsinə də
xüsusi önəm vermişdir. Möhtərəm
Prezidentimizin “Biz maddi dəyərlərimizi, iqtisadi
potensialımızı insan kapitalına çevirməliyik”
sözləri təhsilə də xüsusi diqqət
yetirildiyinin göstəricisidir. “Təhsil əsri” elan edilən
XXI əsrdə yüksək intellektə malik insan
kapitalının formalaşması və güclü
iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki
qədər aktuallıq kəsb etməmişdir.
Son illərdə təhsilə
ayrılan vəsaitin artması bu sahəyə dövlət
qayğısının əsas göstəricisidir. Təhsilə
ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə
5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard
manata çatmış, 2009-cu ildə isə 1,3 milyard manat təşkil
etmişdir. Hazırda dövlət büdcəsində təhsil
xərcləri çəkisinə görə ilk yerlərdən
birini tutur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr 2009-cu il tarixdə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə sərəncam imzalaması ilkin peşə təhsili sahəsində də normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün yeni perspektivlər açdı. Təhsil Nazirliyi “Təhsil haqqında” Qanunun tələblərinə uyğun olaraq ilkin peşə təhsili üzrə bir sıra hüquqi sənədlər, o cümlədən “İlk peşə ixtisas təhsili müəssisələrinin nümunəvi Nizamnaməsi”, “İlk peşə ixtisas təhsili haqqında dövlət sənədlərinin nümunəsi və onların verilməsi qaydaları”, “Azərbaycan Respublikasının ilk peşə ixtisas təhsilinin dövlət standartı və proqramı” və bu kimi digər sənədlər yenidən işlənilmişdir.
İlk peşə-ixtisas təhsili ölkənin sosial-iqtisadi infrastrukturun qurulmasında müstəsna əhəmiyyət kəsb edir. Almaniya, Fransa, Yaponiya, Cənubi Koreya kimi inkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, müxtəlif fəaliyyət sahələri üçün yeni texnologiyalara yiyələnən kadrların hazırlanması ölkənin dinamik inkişafında həlledici amillərdən biridir. Həmin ölkələrdə orta məktəb məzunlarının 40-60 faizi texniki peşə təhsili ilə əhatə olunursa, bizdə bu rəqəm cəmi 10-11 faiz təşkil edir.
İnkişaf etmiş ölkələrdə ilk peşə-ixtisas təhsili müəssisələri ilə müxtəlif dövlət və qeyri-dövlət təşkilatları arasında səmərəli əlaqələrin yaradılması, ilk növbədə, peşə təhsili müəssisələrinə cəmiyyətin inkişafında fəal iştirak etməyə, baş verən dəyişikliklərə uyğun inkişaf istiqamətlərini müəyyənləşdirməyə imkan yaradır. Peşə təhsilinin inkişafında dövlətin iştirakı ilə yanaşı, işəgötürənlər, həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti təmin olunur. Məhz belə əlaqələr nəticəsində texniki peşə təhsili sahəsində vahid siyasətin həyata keçirilməsi mümkün olur.
İlk peşə-ixtisas təhsili cəmiyyətin sosial-mədəni və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətə real köməklik göstərir. Müasir dövrdə inkişaf etmiş ölkələrdə texniki peşə məktəbləri yalnız ənənəvi “sənətkarlar və ustalar” hazırlamır, daha yüksək bilik və bacarığa malik ixtisaslı mütəxəssis hazırlığını həyata keçirir. Ölkəmizdə orta təhsillə ali təhsil arasında mövcud olan boşluğu məhz ilk peşə-ixtisas təhsili doldurmalıdır.
Ölkə iqtisadiyyatı gücləndikcə bu vacib sahəyə yönəldilən dövlət vəsaitlərinin həcmi də xeyli artmış oldu. Əgər 2004-cü ildə ilk peşə-ixtisas təhsilinə ayrılan büdcə vəsaiti 5,4 milyon manat təşkil edirdisə, hazırda bu rəqəm 26 milyon manata çatmışdır. İlk peşə-ixtisas təhsili müəssisələrində bir təhsilalana düşən xərclərin təhlili göstərir ki, 2004-cü ildə bu rəqəm 254 manat, 2005-ci ildə 328 manat olmuşdusa, 2009-cu ildə təxminən 4 dəfə artaraq 1108 manat təşkil etmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2007-ci ildə təsdiq edilən “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” ilk peşə-ixtisas təhsilin inkişafına böyük zəmin yaratdı. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında mühüm rolu olan ilk peşə-ixtisas təhsilinin prioritetliyi irəli sürüldü.
Dövlət proqramının təsdiq edilməsindən ötən müddət ərzində Təhsil Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Əlbəttə, ilk addım bu sahədə ən ciddi problem olan sektorlararası əlaqələrin yaradılması istiqamətində atıldı. Peşə təhsilinin ictimai statusunun yüksəldilməsi işəgötürən təşkilatlarla təhsil müəssisələri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və peşə təhsili qarşısında duran problemlərin həlli məqsədilə müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Şurası yaradıldı və müzakirələr aparılmağa başlandı.
2008-ci ildə Proqram çərçivəsində 7 peşə təhsili müəssisəsi (Bakı şəhəri 4, 5, 7, 12, 13 nömrəli, Gəncə 3 nömrəli və Ağdam 50 nömrəli peşə məktəbləri) əsaslı təmir edilmişdir. Bununla yanaşı, peşə təhsili müəssisələri üçün 32 adda 1222 dəst əyani vəsait hazırlanaraq həmin müəssisələrə paylanmışdır. 4 peşə təhsili müəssisəsində kompyuter laboratoriyası yaradılmışdır. Eyni zamanda Dövlət Proqramına uyğun olaraq, 8 peşə təhsili müəssisəsi əsaslı təmir edilmiş, turizm və otelçilik üzrə ixtisaslı kadrların hazırlanmasını həyata keçirəcək İsmayıllı peşə məktəbinin inşasına başlanılmış, peşə təhsili müəssisələri əyani vəsaitlərlə təchiz edilmiş, yeni dərsliklər çap olunmuşdur.
Dünya təcrübəsindən məlumdur ki, peşə hazırlığı üzrə tədris proqramları çevik olmalıdır. Belə ki, adətən, iş axtaran qısa müddət ərzində iş tapmaq istəyir və buna müvafiq olaraq peşə təliminə çox vaxt və vəsait sərf etməyi düşünmür. Ona görə də, peşə təhsili müəssisələri ənənəvi uzunmüddətli kadr hazırlığı prosesi ilə yanaşı, qısamüddətli təlimlər vasitəsilə çevik peşə hazırlığını da həyata keçirməlidir. Çevik peşə təhsili sisteminin formalaşması isə insanların əmək bazarındakı dəyişikliklərə tez adaptasiya olunmasına imkan verir və nəticədə bu onların həyat şəraitinin yaxşılaşmasına səbəb olur.
Məhz bu təcrübə əsasında Qəbələ rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi yaradılmışdır. Məqsəd Dağlıq Şirvan iqtisadi zonasının turizm potensialı nəzərə alınaraq, regionda turizm və otelçilik üzrə kadrların hazırlanmasıdır. Mərkəz ölkəmizdə son 20 ildə yeni yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsidir. Mərkəz tədris binası, yeməkxana, müvafiq laboratoriyalar, emalatxana, yataqxana və tibb otaqlarından ibarət olmaqla ən müasir avadanlıqlarla təchiz edilmişdir.
“Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın səmərəli həyata keçirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyinin təşəbbüsü ilə ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərindən ibarət Direktorlar Şurasının yaradılması qərara alınmışdır.
Ölkənin iqtisadi potensialı artır. Buna uyğun olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin genişləndirilməsi məqsədilə təkliflər hazırlanır ki, bu da son nəticədə onların maliyyə imkanlarını genişləndirəcək, müstəqil təsərrüfat vahidi kimi fəaliyyət göstərmələrinə imkan yaradacaqdır. Eyni zamanda, ilk peşə-ixtisas təhsili sisteminə xarici investisiyaların cəlb edilməsi məqsədilə qeyri-hökumət və beynəlxalq təşkilatlarla əlaqələr yaradılır, ilk peşə-ixtisas təhsili sisteminin maliyyələşdirilməsi sahəsində beynəlxalq təcrübə öyrənilir, ilk peşə-ixtisas təhsili müəssisələrində şagirdbaşına maliyyələşdirmə sisteminin tətbiqi üzrə işlər davam etdirilir və müvafiq təkliflər hazırlanır.
Peşə məktəblərinin böyük əksəriyyətinin maddi-texniki bazası, təəssüf ki, hələ də günün tələblərinə cavab vermir. Binaları köhnədir, tədris avadanlıqları günün tələblərinə cavab vermir, dərsliklər köhnədir. Yeni maliyyə mənbələri axtarmalıyıq. Odur ki, ilk peşə-ixtisas təhsili müəssisəsinin maddi-texniki bazasının yeniləşdirilməsi və daha da möhkəmləndirilməsi məqsədi ilə işəgötürənlərin və peşə təhsili müəssisələrinin büdcədənkənar vəsaitlərindən istifadənin təkmilləşdirilməsi üçün təkliflər hazırlamışıq.
İlk peşə və ixtisasların standartlarının hazırlanması üçün Avropa Təhsil Fondunun mütəxəssisləri ilə birlikdə turizm və otelçilik ixtisasları üzrə əmək bazası öyrənilmiş və bu sahəyə dair standartlar hazırlanmışdır.
İşəgötürənlərlə ilk peşə-ixtisas müəssisələri arasında tərəfdaşlıq əlaqələri üzrə beynəlxalq təcrübəni öyrənib işimizdə tətbiq etməyə çalışırıq. Qabaqcıl sənaye müəssisələri ilə əlaqələri genişləndiririk. Bu sahədə uğurlarımız var. İşəgötürənlərlə ilk peşə-ixtisas müəssisələri arasında mövcud əlaqələrə dair “Kür”, “Azərsun” və digər şirkətlərin müsbət təcrübələrini yaymağa çalışırıq.
İlk peşə-ixtisas təhsili müəssisələrində təlim-tədris prosesinin təkmilləşdirilməsi və ilk peşə-ixtisas təhsili üzrə dərsliklərin hazırlanması işi davam edir. Müxtəlif peşələr üzrə ilk dəfə olaraq 8 adda dərslik hazırlanıb. Artıq bir sıra ixtisaslar üzrə hətta elektron dərsliklər hazırlanıb və təhsil müəssisələrində istifadə edilir. Bir neçə peşə və ixtisasların təhsil proqramları (kurikulumları) hazırlanmış, ilk peşə-ixtisas təhsili müəssisələrində İKT-nin tətbiqinin genişləndirilməsi üzrə tədbirlər davam etdirilir.
Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili sisteminin müxtəlif problemlərinə dair müzakirələr keçirir, ilk peşə təhsili qarşısında duran mühüm vəzifələr, problemlər və perspektivlərin kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılmasını təmin edir.
İlk peşə-ixtisas təhsili müəssisələri ilə işəgötürən, məktəb, şagird və valideynlər arasında əlaqələrin inkişaf etdirilməsi də vacib məsələlərdən biridir. Cəmiyyətdə ilk peşə-ixtisas təhsilinə olan münasibət müsbət mənada dəyişir. Bu siyasət davam etdiriləcək. Yeni qəbul qaydaları, ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan pedaqoji və digər işçilərin sosial statusu və maddi rifahının yüksəldilməsi üzrə hazırlanmış təkliflər, düşünürəm ki, bu sahədə əsaslı dönüş yaradacaq.
Maarifləndirmə işini davam etdiririk. İlk peşə-ixtisas təhsili barədə ölkə üzrə informativ və analitik məlumatları əks etdirən məlumat bazası və internet saytını yaratmışıq. Bu saytda nəinki ölkədaxili, hətta ilk peşə-ixtisas təhsilinin beynəlxalq aləmdə inkişaf tendensiyaları barədə məlumatlar toplayır, ümumiləşdirir və təqdim edirik.
İnformasiya texnologiyalarının peşə məktəblərinə gətirilməsi istiqamətində işlər davam etdirilmişdir. Belə ki, peşə təhsili müəssisələrinə 80 ədəd kompyuter, 13 ədəd printer, 1 kseroks, 9 ədəd proyektor verilmişdir.
2009-2010-cu tədris ilindən başlayaraq cəzaçəkmə müəssisələrində məhbuslar üçün peşə təhsili üçün şərait yaradılmış, Abşeronun Binə və 8 nömrəli peşə liseylərinin 17 və 14 nömrəli cəzaçəkmə müəssisələrində tədris qrupları açılmışdır.
Bu gün Heydər Əliyev Fondu, Təhsil Nnazirliyi və YUNESKO ilə birlikdə “Azərbaycanda Peşə Təhsilinin Təkmilləşdirilməsi” layihəsi uğurla həyata keçirilir. Bir sıra beynəlxalq təşkilatlarla da peşə təhsili sahəsində əhəmiyyətli layihələr həyata keçirilmiş və bu gün də davam etməkdədir. 2009-cu ildə Təhsil Nazirliyi tərəfindən “İlk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu qaydaları” təsdiq edilmişdir. Qeyd edim ki, son 3 ildə peşə təhsili müəssisələrinə dövlət vəsaiti hesabına şagird qəbulu tam şəkildə yerinə yetirilmişdir.
Bütün bunlar düşünməyə əsas verir ki, dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycan Respublikasında qısa zamanda dövrün tələblərinə və beynəlxalq tələblərə cavab verən ilk peşə-ixtisas təhsili sistemi yaradılacaqdır.
Namiq MƏMMƏDOV,
Təhsil Nazirliyi Peşə təhsili
şöbəsinin müdiri
Xalq qəzeti.- 2010.- 7 fevral.- S. 8.