Azərbaycan Respublikası
Baş Prokurorluğunda
2009-cu ildə fəaliyyət
istiqamətləri üzrə
görülmüş işlərin
vəziyyətinə həsr
olunmuş kollegiya iclası keçirilmişdir
Fevralın 6-da Azərbaycan Respublikasının Baş
Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi,
Naxçıvan Muxtar Respublikasının və Bakı şəhər
prokurorluqlarının rəhbər heyətinin, rayon, şəhər
və ərazi hərbi prokurorlarının iştirakı ilə
prokurorluq orqanları tərəfindən 2009-cu ildə
“Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət
istiqamətləri üzrə görülmüş işlərin
vəziyyəti və qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş geniş kollegiya
iclası keçirilmişdir.
Kollegiya iclasında
hesabat məruzəsi ilə çıxış edən
Baş prokuror Zakir Qaralov, ilk növbədə, müstəqil
inkişaf tarixinin müasir məzmunlu yeni yüksəliş mərhələsini
yaşayan müstəqil respublikamızın həyatında
2009-cu hesabat ilinin müstəsna əhəmiyyəti
olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir
ki, dövlətimizin başçısı İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən hərtərəfli
islahatlar, möhtəşəm sosial-iqtisadi layihələrin
reallaşdırılması, qarşıya qoyulmuş məqsədlərə
çatmaq yolunda atılan inamlı addımlar yüksək
inkişaf göstəricilərinə nail olunmasını,
ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi
sistemin və güclü iqtisadi potensialın
yaradılmasını, bütövlükdə Azərbaycanı
və ayrılıqda hər bir bölgəni əhatə edən
dinamik təkmilləşməni, əhalinin həyat şəraitinin
layiqli səviyyəyə qaldırılmasını, dünya
dövlətləri birliyinə hərtərəfli
inteqrasiyanı təmin etmişdir.
Xüsusi olaraq
vurğulanmışdır ki, 2009-cu ildə Dağlıq
Qarabağ münaqişəsinin həlli istiqamətində
çox vacib addımlar atılmış, Prezident İlham Əliyevin
rəhbərliyi ilə aparılan məqsədyönlü
xarici siyasət tədbirlərinin nəticəsi olaraq
bütün dünya birliyi və bu məsələ ilə məşğul
olan tərəflər problemin həlli yolları barədə
konkret mövqelərini ortaya qoymuş, Azərbaycanın uzun
illər ərzində dəstəklədiyi mövqenin
üstünlük təşkil etdiyi bu mərhələdə
məsələnin beynəlxalq hüquq əsasında,
ölkəmizin ərazi bütövlüyü çərçivəsində
həlli üçün perspektivlər yaranmışdır.
Azərbaycan xalqı tam əmindir ki, obyektiv reallığa əsaslanan,
dünya birliyi və ictimaiyyəti tərəfindən dəstəklənən
bu siyasət işğal edilmiş torpaqlarımızın
azad olunması, qaçqın və məcburi
köçkün soydaşlarımızın öz doğma
yurdlarına qaytarılması ilə nəticələnəcəkdir.
Nəzərə
çatdırılmışdır ki, Azərbaycan
Respublikası Prokurorluğu orqanları öz səlahiyyət
hədləri daxilində 2009-cu ilin mart ayının 18-də
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr
və dəyişikliklər edilməsi məqsədi ilə
ümumxalq səsverməsinin (referendumun), dekabr ayının
23-də isə bələdiyyə seçkilərinin
keçirilməsi kimi mühüm siyasi kampaniyaların təşkili
prosesində yaxından iştirak etməklə, ilk növbədə,
digər hüquq mühafizə orqanları ilə əlaqəli
şəkildə həmin tədbirlərin normal şəraitdə
keçirilməsinin əsas şərtləri kimi
ictimai-siyasi sabitliyin və əmin-amanlığın
qorunması üzrə öz vəzifələrinin lazımi
qaydada həyata keçirilməsini təmin etmişlər.
Kollegiya iclasında
vurğulanmışdır ki, digər hüquq mühafizə,
ədliyyə və məhkəmə orqanları ilə əlaqəli
fəaliyyət göstərən respublika prokurorluğu
orqanları tərəfindən 2009-cu ildə dövlətçiliyimizin
maraqlarının və ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların
hüquq və azadlıqlarının etibarlı müdafiəsi
istiqamətində zəruri tədbirlər
görülmüş, prokurorluğun müasir məzmunda hərtərəfli
inkişafını təmin edəcək mütərəqqi
islahatlar davam etdirilmişdir.
Azərbaycan
Prokurorluğunun tarixində yeni təkmilləşmə və
inkişaf, hərtərəfli müasirləşdirmə
dövrünün əsasını qoyan Prezident İlham Əliyev
tərəfindən təsdiq edilmiş “Azərbaycan
Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə
dair 2009-2011-ci illər üçün Dövlət
Proqramı”nın prokurorluq orqanlarının sivil bir dövlət
təsisatı kimi daha da təkmilləşdirilməsi, fəaliyyətinin
forma və metodlarının müasir məzmunda yeniləşdirilməsi,
qarşıya qoyulan vəzifələri layiqincə icra etməyə
qadir kadr korpusunun formalaşdırılması işində
müstəsna əhəmiyyəti xüsusi qeyd edilmişdir.
Dövlət Proqramının
icrasının birinci əsas ili kimi 2009-cu ildə
görülən işlər sırasında prokurorluq əməkdaşlarının
və onların ailə üzvlərinin sosial müdafiəsinin,
pensiya təminatının daha da gücləndirilməsini,
onlara dövlət qayğısının
artırılmasını təmin edən “Azərbaycan
Respublikasının ”Prokurorluq haqqında", “Prokurorluq
orqanlarında qulluq keçmə haqqında” və “Əmək
pensiyaları haqqında” qanunlarına dəyişikliklər və
əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun qəbul edilməsi, prokurorluq
kadrlarının müasir tələblər səviyyəsində
və yeni informasiya texnologiyalarının tətbiqinə əsaslanan
metodologiya əsasında işləmək vərdişlərinin
təkmilləşdirilməsi və onların beynəlxalq
standartlara uyğun tədrisinin təşkili, habelə fəaliyyət
istiqamətləri üzrə işin səmərəliliyinin
artırılması məqsədlərinə xidmət edəcək
elmi tədqiqatların aparılması kimi funksiyaları icra
edəcək Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin
yaradılmasının mühüm əhəmiyyət
daşıyacağı qeyd olunmuşdur.
Bundan başqa, Bakı
şəhərinin Xətai rayonu, Biləsuvar, Göygöl,
İsmayıllı, Gədəbəy və Hacıqabul rayon
prokurorluqları üçün yeni inzibati binaların istifadəyə
verilməsi, prokurorluğun avtomaşın parkının yeniləşdirilməsi
üçün təzə avtomaşınların
alınması, prokurorluq əməkdaşları
üçün Bakı şəhərində 200 mənzillik
kooperativ yaşayış evinin, müalicə müəssisəsinin,
İsmayıllı rayonunda istirahət kompleksinin, habelə bir
sıra prokurorluqlar üçün yeni inzibati binaların
tikintisi istiqamətində zəruri tədbirlərin
görülməsi nəzərə
çatdırılmışdır.
Dövlət Proqramının
tələblərinə müvafiq olaraq, prokurorluq
orqanlarında mərkəzləşdirilmiş
informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində
müəyyən işlər görülmüş, 2010-cu il
prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi
ili elan edilmiş, Baş Prokurorluğun idarə və
şöbələrinin fəaliyyəti və əsas iş
göstəriciləri, cinayət işlərinin dövriyyəsi
barədə xüsusi elektron proqramlarının
hazırlanması, istintaq olunan və məhkəmələrdə
baxılan cinayət işlərinin elektron variantlarının
tətbiqi, elektron kitabxananın yaradılması, xidməti
yazışmaların elektron dövriyyəsini həyata
keçirəcək şəbəkənin
formalaşdırılması üçün həyata
keçirilən tədbirlərin intensivliyi və səmərəliliyinin
artırılması barədə bütün struktur
qurumların, ilk növbədə, Təşkilat-Analitik və
Hüquqi Təminat və İnformasiya idarələrinin rəhbərliyinə
tapşırıqlar verilmişdir.
Həyata
keçirilmiş struktur dəyişiklikləri nəticəsində
yeni təsis olunan Baş Prokurorluğun Hüquqi Təminat və
İnformasiya İdarəsinin tərkibində yaradılan
“İnformasiya texnologiyalarının tətbiqi xidməti”nin fəaliyyətini
tənzimləyəcək zəruri normativ bazanın
yaradılması, müsabiqə elan edilməsi yolu ilə onun
kadr tərkibinin yüksək ixtisaslı proqramçı
mütəxəssislər hesabına
formalaşdırılması üçün zəruri tədbirlərin
görülməsi Təşkilat-Analitik və Kadrlar idarələrinə
həvalə olunmuş, Baş prokurorun müavini Namiq Əsgərovun
rəhbərlik etdiyi işçi qrupu və əlaqədar
strukturlar tərəfindən qısa müddət ərzində
prokurorluq orqanlarının fəaliyyətinin bütün sahələrində
yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində
zəruri tədbirlərin görülməsi barədə
tapşırıqlar verilmişdir.
“Dövlət və bələdiyyə
əmlakının və vəsaitlərinin idarə
olunması sahəsində korrupsiya ilə əlaqədar
hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu
il tarixli fərmanı ilə korrupsiyaya qarşı mübarizə
sahəsində keyfiyyətcə yeni mərhələnin əsasının
qoyulması və bu sahədə prokurorluğun üzərinə
çox böyük məsuliyyətin düşdüyü
qeyd edilmiş, yeni qaydalara uyğun olaraq 2009-cu il ərzində
41 belə xarakterli müraciət və başlanmış 10
cinayət işi üzrə aparılmış
araşdırmalar haqqında məlumat verilmiş,
görülmüş işlər barədə müəyyən
edilmiş müddətdə Azərbaycan Respublikasının
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası
məlumatlandırılmışdır.
Hesabat dövründə
ixtisaslaşdırılmış cinayət təqibi
orqanı kimi Baş prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsi tərəfindən mütəşəkkil
cinayətkarlığın korrupsiya kimi təhlükəli təzahürlərinə
qarşı mübarizə sahəsində bir sıra səmərəli
tədbirlərin həyata keçirildiyi, əvvəlki
dövrlə müqayisədə 2009-cu ildə ibtidai
araşdırması yekunlaşdırılmaqla məhkəmələrə
göndərilən cinayət işlərinin sayının əhəmiyyətli
dərəcədə - 33 fakt artması, ümumilikdə isə
rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini
aşma, vəzifə saxtakarlığı, vəzifədən
sui-istifadə, nüfuz alveri, talama və s. faktlar üzrə
Ağır Cinayətlərə Dair İşlər üzrə
Azərbaycan Respublikası Məhkəməsinə və digər
məhkəmələrə aidiyyəti üzrə
baxılması üçün 176 şəxs barəsində
103 cinayət işinin göndərilməsi müsbət
iş göstəriciləri kimi dəyərləndirilmişdir.
Eyni zamanda, 2010-cu ildə
də idarənin fəaliyyətində formalaşmış
müsbət meyillərin inkişaf etdirilməsi, korrupsiya
cinayətlərinə və hüquqpozmalarına qarşı
mübarizənin səmərəliliyinin artırılması,
idarə əməkdaşlarının hazırlıq səviyyəsinin
yüksəldilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin
təkmilləşdirilməsi, informasiya
texnologiyalarının yeni formalarının tətbiqi,
“Korrupsiya ilə əlaqədar cinayətlər barədə
vahid informasiya bazası”nın real işləməsi
üçün zəruri tədbirlərin görülməsi,
cinayət işləri üzrə vurulmuş maddi ziyanın
ödənilməsi göstəricilərinin yüksəldilməsi
barədə müvafiq göstərişlər verilmişdir.
Kollegiya iclasında Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə qəbul
edilmiş Azərbaycan Respublikası Milli Məclisinin “Novruz
bayramı münasibətilə amnistiya elan edilməsi
haqqında” 17 mart 2009-cu il tarixli qərarının
vaxtında və dürüst icrası istiqamətində zəruri
tədbirlərin görüldüyü, o cümlədən
dövlət ittihamçıları tərəfindən
öyrənilməklə 8679 məhkum barəsində amnistiya
qərarının tətbiqinə razılıq verildiyi diqqətə
çatdırılmışdır. Məhkəmə səhvlərinin
aradan qaldırılması istiqamətində zəruri tədbirlər
görülməklə, 2009-cu ildə idarə tərəfindən
birinci instansiya məhkəmələrinin 398 şəxs barəsində
345 cinayət işi üzrə hökm və qərarlarından
verilmiş apellyasiya protestlərinin 267-nin və ya 77,3 faizinin
təmin olunduğu, ümumilikdə isə həm birinci, həm
də apellyasiya instansiyası məhkəmələrinin
hökm və qərarlarından verilmiş 431 apellyasiya və
kassasiya protestlərinin 312-nin və ya 72,4 faizinin təmin edilməsi
müsbət iş göstəriciləri kimi dəyərləndirilmişdir.
Baş Prokurorluğun
Dövlət İttihamının Müdafiəsi üzrə
İdarəsinə və müvafiq tabe struktur qurumlara ədalət
mühakiməsində dövlət ittihamının yüksək
peşəkarlıqla müdafiə olunmasının təmini
məqsədi ilə Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi,
informasiya texnologiyalarının tətbiqinin yeni müstəviyə
qaldırılması, dövlət
ittihamçılarının hazırlıq səviyyəsinin
yüksəldilməsi, məhkəmə səhvlərinin
aradan qaldırılması və pozuntulara yol verən müstəntiqlər
və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorlar barəsində xüsusi qərarların
çıxarılmasında prinsipiallıq və təşəbbüskarlıq
göstərilməsi istiqamətində zəruri tədbirlərin
görülməsi barədə tapşırıqlar
verilmişdir.
Kollegiya iclasında nəzərə
çatdırılmışdır ki, bütün hesabat
dövrlərində olduğu kimi, 2009-cu ildə də kadr
işinin düzgün təşkili və onun müasir standartlar
səviyyəsində daha da təkmilləşdirilməsi,
kadrların seçilib yerləşdirilməsi, vəzifədə
irəli çəkilməsi, onların fəaliyyətlərinin
qiymətləndirilməsi kimi mühüm məsələlərdə
obyektiv meyarlara əsaslanan qaydaların müəyyənləşdirilməsi
və prinsipiallığın artırılması, şəffaf
prosedurlar əsasında prokurorluqda qulluğa qəbulun həyata
keçirilməsi yolu ilə kadr korpusunun layiqli gənc
mütəxəssislər hesabına mütəmadi olaraq yenidən
komplektləşdirilməsi, onların müasir tələblər
səviyyəsində peşə hazırlığını
təmin edəcək şəraitin
formalaşdırılması məqsədi ilə bir sıra
səmərəli tədbirlər
görülmüşdür. Baş prokurorun müavini Namiq Əsgərova,
müsabiqə komissiyası və Kadrlar İdarəsinə
tapşırıq verilmişdir ki, dövlət gənclər
siyasətinin və “Prokurorluqda işə qəbul olunmaq
üçün namizədlərlə müsabiqə
keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə
müvafiq olaraq 80 ştat vahidi üzrə prokurorluqda işə
növbəti qəbulun şəffaf və ədalətli
prosedurlar əsasında başa çatdırılması,
prokurorluqda işləmək arzusunda olan gənclərin
sıralarından ən layiqlilərinin seçilməsi təmin
olunsun.
2009-cu hesabat ilində
xidməti, icra və əmək intizamının pozulması
hallarına qarşı, işində və xidmətdən kənar
fəaliyyətində qanunsuzluqlara münasibətdə
prinsipial mübarizə xətti davam etdirilmiş, cari ilin
yanvar ayının göstəriciləri də daxil olmaqla,
müxtəlif pozuntulara yol verdiklərinə görə 65 əməkdaş
intizam məsuliyyətinə cəlb olunmuş, prokurorluqda xidmətlə
bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə
görə 6 əməkdaş prokurorluq orqanlarından xaric
edilmiş və onlardan 3-nün barəsində cinayət
işi başlanılmışdır. Baş Prokurorluğun Təşkilat-Analitik
və Kadrlar idarələri, habelə Respublika Hərbi,
Naxçıvan Muxtar Respublikasının və Bakı şəhər
prokurorluqlarının müvafiq qurumları, habelə
bütün strukturların rəhbərləri və tabe
prokurorlardan tələb edilmişdir ki, bundan sonra da əməkdaşların
fəaliyyətlərində aşkara çıxarılan
neqativ təzahürlərə qarşı barışmaz
mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti,
icra və əmək intizamının daha da möhkəmləndirilməsi
məsələlərində prinsipiallıq daha da
artırılsın.
Kollegiya iclasında
vurğulanmışdır ki, prokurorluq orqanlarının vətəndaş
müraciətlərinə baxılması və onların qəbulu
işinin düzgün təşkili, mövcud
çatışmazlıqların aradan qaldırılması ilə
əlaqədar 2009-cu ildə bir sıra məqsədyönlü
tədbirlər həyata keçirilmiş, pozulmuş
hüquqlarının bərpasını tələb edən
vətəndaşlardan bütövlükdə prokurorluq
orqanlarına daxil olan 38,5 mindən çox (2008-ci illə
müqayisədə 7,4 faiz çox), o cümlədən
Baş Prokurorluqda 28 min 172 ərizə və şikayətə
baxılması, vətəndaşlarla ən operativ əlaqə
vasitəsi olan “Qaynar xətt” Əlaqə Mərkəzinə
daxil olmuş 81 müraciətin müvafiq qaydada həlli təmin
edilmişdir.
Baş prokurorun hesabat məruzəsində
Azərbaycan Respublikasında həyata keçirilən
müdrik dövlətçilik siyasətinin nəticəsi
olaraq bərqərar olan və son illər ərzində tam
dayanıqlı xarakter daşıyan ictimai-siyasi sabitliyin
2009-cu ildə cinayətkarlığın vəziyyətinə
və kriminogen duruma qabaqlayıcı təsir göstərdiyi,
hüquq-mühafizə, xüsusi xidmət, məhkəmə
və ədliyyə orqanlarının səmərəli birgə
fəaliyyəti nəticəsində cinayətkarlıq və
onun mütəşəkkil təzahürlərinə
qarşı mübarizənin kəsərliliyinin daha da
artırıldığı diqqətə
çatdırılmış, qeydə alınmış qəsdən
adam öldürmə, qəsdən sağlamlığa az
ağır zərər vurma, adam oğurluğu, avtonəqliyyat
oğurluğu, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə
tələb etmə, avtonəqliyyatın
qaçırılması, yol hərəkəti və nəqliyyat
vasitələrinin istismarı qaydalarını pozma cinayətləri
və ölümlə nəticələnən yol-nəqliyyat
hadisələrinin, yetkinlik yaşına çatmayanlar tərəfindən
törədilən cinayətlərin sayının əhəmiyyətli
dərəcədə azalması, adamların girov
götürülməsi, banditizm və cinayətkar birlik
yaratma kimi cinayətlərin, ümumiyyətlə, qeydə
alınmaması, törədilmiş 22 min 830 cinayətin 87,7
faizinin açılması, məqsədyönlü istintaq, əməliyyat-axtarış
və qabaqlayıcı profilaktik tədbirlər sayəsində
keçmiş illərdən bağlı qalan 376, o cümlədən
113 ağır və xüsusilə ağır cinayətin, əvvəlki
illərdən bağlı qalmış 8 qəsdən adam
öldürmə, o cümlədən 1993-cü ildə Cəlilabad
rayonunda Səkinəxanım Əbülfətovanın,
2003-cü ildə Nizami rayonunda iş adamı Əhməd
İbrahimovun, 2002-ci və 2004-cü illərdə Gəncə
şəhər sakinləri Nəriman Ələsgərov və
Kamal Ələkbərovun, 2003-cü ildə Bakı şəhərinin
Xətai rayonunda Ramin Əsgərovun və onun anası
Göyçək Əsgərovanın, Bakı şəhərinin
Suraxanı rayonunda Taleh Məmmədovun, 2008-ci ildə Bakı
şəhərinin Binəqədi rayonunda Aşur Nəsirovun
qəsdən öldürülmələri kimi ağır
cinayətlərin açıldığı,
çoxsaylı qəsdən xüsusilə ağır və
ağır cinayətlər törətmiş 436 mütəşəkkil
cinayətkar qrup və dəstənin zərərsizləşdirildiyi
barədə məlumat verilmişdir.
Qeyd edilmişdir ki,
2009-cu hesabat ilində istintaq işi və ibtidai
araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin
artırılması, bu sahədə mövcud
çatışmazlıqların aradan qaldırılması
istiqamətində görülən tədbirlər də
öz müsbət nəticələrini vermiş, istintaq fəaliyyətini
həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə,
Vergilər və Fövqəladə Hallar nazirlikləri,
Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin
müvafiq qurumları tərəfindən 15 min 339 cinayət
işinin (2008-ci illə müqayisədə 962 iş
çox) istintaqı yekunlaşdırılmış, ittiham
aktları təsdiq olunan 10 min 420 iş məhkəmələrə
göndərilmiş, xitam edilən cinayət işlərinin
sayı keçən illə müqayisədə 852 iş
azalmış, müddət pozuntusu ilə istintaq olunma faizi
bütün istintaq orqanları üzrə 4,7 faizə bərabər
olmuşdur. İbtidai araşdırmaya prosessual rəhbərliyin
səmərəliliyinin artırılması və istintaq
üzərində prokuror nəzarətinin daha da gücləndirilməsi
istiqamətində zəruri tədbirlər
görülmüşdür.
Digər hüquq
mühafizə orqanları, o cümlədən Daxili
İşlər və Milli Təhlükəsizlik nazirlikləri
ilə əlaqəli şəkildə həyata keçirilən
peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin
nəticəsi olaraq, ictimai əks-səda doğurmaqla cəmiyyətin
maraq dairəsində olan, keçmiş illərdə törədilməklə
uzun müddət ərzində bağlı qalan bir sıra
xüsusilə ağır və ağır cinayətlərin
açılması və cəzanın labüdlüyü təmin
olunmuşdur. Belə ki, Baş Prokurorluğun Ağır Cinayətlərə
dair İşlər üzrə İstintaq İdarəsinin
icraatında olan konkret cinayət işi üzrə həyata
keçirilmiş məqsədyönlü istintaq və əməliyyat-axtarış
tədbirləri sayəsində Şöhrət Quliyevin
sifarişi əsasında qabaqcadan əlbir olmuş 3 nəfərdən
ibarət cinayətkar dəstə tərəfindən “Sədərək
” ticarət mərkəzində alverlə məşğul
olan Əhməd İbrahimovun 2003-cü ilin dekabrında, Gəncə
şəhər sakini Kamal Ələkbərovun isə
2004-cü ilin martında qəsdən öldürülmələri
kimi uzun müddət ərzində bağlı qalan
ağır cinayətlərin açılması təmin edilmiş
və hazırda həmin dəstənin Gəncə şəhərində
2002-2008-ci illər ərzində törədilmiş digər
cinayətlərlə əlaqələrinin
araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri
həyata keçirilir. Bundan başqa, sabiq polis zabiti Mehdi Əmrəliyevin
başçılıq etdiyi 5 nəfərdən ibarət
cinayətkar banda tərəfindən 1998-2008-ci illərdə
Bakı şəhərində yerləşən valyuta dəyişmə
məntəqələrində valyuta mübadiləsi ilə məşğul
olan ayrı-ayrı şəxslərə qarşı 33
quldurluq, digər ağır və xüsusilə ağır
cinayətlərin törədildiyi təkzibedilməz dəlillərlə
sübuta yetirilmiş, təqsirkar şəxslərin məhkəmə
məsuliyyətinə verilməsi və onların layiq
olduqları cəzalara məhkum olunmaları təmin
edilmişdir.
Hesabat dövründə
Bakı şəhər prokurorluğu orqanları tərəfindən
şəhərin digər hüquq mühafizə orqanları
ilə əlaqəli şəkildə cinayətkarlığa
qarşı kəsərli mübarizənin, fəaliyyət
istiqamətləri üzrə işin düzgün təşkilinin
təmini istiqamətində görülmüş bir sıra
səmərəli tədbirlərin nəticəsi kimi, şəhər
üzrə qeydə alınmış qəsdən adam
öldürmə, quldurluq, soyğunçuluq və bir
sıra digər cinayətlərin azalmasına nail olunmuş,
şəhər prokurorluğunun İstintaq İdarəsi və
ayrı-ayrı tabe rayon prokurorluqları tərəfindən
konkret cinayətlərin, o cümlədən Siralı Rəhmətinin
2008-ci il avqustun 4-də öldürülməklə meyitinin Mərdəkandakı
bağ evində basdırılması, 2009-cu il aprelin 11-də
Nardaran qəsəbəsi ərazisində dəniz sahilindən
üzərində zorakılıq əlamətləri olan naməlum
qadın meyitinin aşkar edilməsi faktları üzrə
cinayət işlərinin istintaqının peşəkarlıqla
aparılması təmin olunmuşdur.
Dövlətimizun
başçısının 19 yanvar 2006-cı il tarixli fərmanının
icrası ilə əlaqədar verilmiş Baş Prokurorluq
üzrə “Cinayət təqibi zamanı “İnsan
hüquqlarının və əsas azadlıqlarının
müdafiəsi haqqında” Konvensiyanın müddəalarının
və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
presedent hüququnun prokurorluq orqanlarında nəzərə
alınması haqqında” 1 dekabr 2006-cı il tarixli əmrin
qeyd-şərtsiz icrasının təmin olunması, insan
hüquqları və əsas azadlıqlarının müdafiəsi
istiqamətində zəruri tədbirlər görülməsi
barədə tapşırıq verilmişdir.
Baş prokurorun hesabat məruzəsində
bildirilmişdir ki, görülmüş müsbət işlərlə
yanaşı, fəaliyyət istiqamətləri üzrə
işin səmərəliliyinə mənfi təsir göstərən
hallar ətraflı təhlil və ciddi tənqid olunmuş,
cinayətkar hərəkətlər nəticəsində
hüquqi və fiziki şəxslərə vurulmuş zərərin
ödənilməsi, vətəndaş müraciətlərinə
baxılması və onların qəbulu ilə əlaqədar
işin təşkilində yol verilən
çatışmazlıqların qısa müddət ərzində
aradan qaldırılması üçün konkret
tapşırıqlar verilmişdir.
Kollegiya iclasında cinayətkarlığa
və onun mütəşəkkil təzahürlərinə
qarşı mübarizənin səmərəliliyinə mənfi
təsir göstərən amillər ətraflı təhlil
olunmuş, Baş Prokurorluğun əlaqədar struktur
qurumları və tabe prokurorlar tərəfindən Daxili
İşlər Nazirliyinin müvafiq qurumları ilə
qarşılıqlı əlaqədə 2009-cu ilin nəticələrinə
görə artımı müşahidə olunan ağır və
xüsusilə ağır cinayətlərin, qəsdən
sağlamlığa ağır zərər vurma, zorlama,
oğurluq, dələduzluq, xuliqanlıq, xarici vətəndaşlara
qarşı törədilmiş cinayətlərin
profilaktikası məqsədi ilə səmərəli
qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin
zəruriliyi önə çəkilmişdir.
Hesabat dövründə
şəxsiyyət əleyhinə olan cinayətlərə
qarşı mübarizə sahəsində xüsusi istintaq-əməliyyat
tədbirlərinın görülməsinə baxmayaraq, 11 qəsdən
adam öldürmə cinayətinin, o cümlədən
Bakı şəhərinin Sabunçu və Nərimanov
rayonlarının hər birində 2, Nizami, Nəsimi,
Suraxanı, Yasamal rayonlarında, Gəncə şəhər,
Masallı və Tovuz rayonlarının hər birində isə
1 belə cinayətin bağlı qalması həyata
keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin
ciddi nöqsanı kimi göstərilmişdir. Baş
Prokurorluğun əlaqədar struktur qurumları və tabe
prokurorlara tapşırıq verilmişdir ki, 2009-ci ildə və
başvermə müddətindən asılı olmayaraq əvvəlki
illərdə törədilməklə bağlı qalan
bütün qəsdən adam öldürmə hadisələrinin
açılması üçün zəruri tədbirlərin
görülməsi, daxili işlər orqanları ilə
qarşılıqlı əlaqədə konkret hadisələr
üzrə istintaq və əməliyyat-axtarış işlərinin
real vəziyyətinin öyrənilməsi yolu ilə
onların intensivliyinin artırılması, səlahiyyət
dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar
şəxslərin müəyyən olunması təmin
edilsin.
Görülmüş
müsbət işlərə baxmayaraq, cinayət işlərinin
istintaqı və ibtidai araşdırmaya prosessual rəhbərliyin
həyata keçirilməsində qüsurlar hələ də
qalmaqdadır, cinayət-prosessual qanunvericiliyin tələblərinin,
təqsirləndirilən şəxslərin müdafiə
hüquqlarının pozulması, əsassız və qanunsuz
prosessual qərarların qəbul edilməsi hallarına yol
verilir. Baş prokurorun məruzəsində istintaq işinin
düzgün təşkilinə cavabdeh olan sahə
qurumlarının rəhbərləri tərəfindən həbs
qətimkan tədbirinin seçilməsi və həbsdə
saxlama müddətlərinin uzadılması kimi mühüm
prosessual hərəkətlərin icrası zamanı
qanunvericiliyin tələblərinə dönmədən əməl
olunması, Baş Prokurorluq üzrə “Prokurorun ibtidai
araşdırmaya prosessual rəhbərliyinin, ibtidai istintaq və
təhqiqat üzərində nəzarətinin daha da gücləndirilməsi
haqqında” 9 mart 2001-ci il tarixli 02/47 nömrəli əmrin
qeyd-şərtsiz icrası, istintaq işinin və ibtidai
araşdırmaya prosessual rəhbərliyin yeni keyfiyyət mərhələsinə
qaldırılması, bütün neqativ təzahürlərə
qarşı kəsərli mübarizə aparılması və
tələbkarlığın artırılması təmin
olunmuşdur.
Son dövrlərdə
havaların soyuması ilə əlaqədar qazdan istifadənin
intensivliyinin artdığı bir şəraitdə qaz
istehlakçılarının müəyyənləşdirilmiş
təhlükəsizlik qaydalarına əməl etməmələri,
texniki normativlərə cavab verməyən
qızdırıcılardan istifadə olunması və bu məsələlərdə
səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin
həyata keçirilməməsi səbəbindən qaz
sızması və partlayışı, dəm qazının
təsirindən insanların ölümü və
sağlamlığına zərər vurulması, ölkə
iqtisadiyyatına və vətəndaşlara xeyli ziyan dəyməsi
ilə nəticələnən hadisələrin sayı
mütəmadi olaraq artmaqda davam edir. Bu məsələ ilə
əlaqədar Baş Prokurorluq tərəfindən
aparılmış araşdırma nəticələrindən
asılı olaraq, səlahiyyətləri dairəsində zəruri
işlər görülməsi məqsədi ilə Dövlət
Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə
məktublar göndərilmiş, nəticələr və
görülmüş tədbirlər barədə Baş
nazir məlumatlandırılmışdır.
Tapşırıq
verilmişdir ki, Baş Prokurorluğun müvafiq qurumları və
Bakı Şəhər Prokurorluğu, əlaqədar tabe rayon
prokurorları tərəfindən bu istiqamətdə məqsədyönlü
işlər davam etdirilməklə, qaz təchizatı sahəsində
fəaliyyət göstərən və bu sahəyə
dövlət nəzarətini həyata keçirən
müvafiq icra strukturları və dövlət təsisatları
ilə əlaqəli şəkildə, insanların
ölümünə və yaralanmasına, ölkə
iqtisadiyyatına və vətəndaşlara xeyli ziyan dəyməsinə
səbəb olan qaz partlayışları və dəm
qazından zəhərlənmə faktları üzrə
başlanmış cinayət işlərinin keyfiyyətli
istintaq olunması, bütün təqsirkar şəxslərin
cinayət məsuliyyətinə cəlb edilməsi, mütəxəssislərin
iştirakı ilə hadisələrin başvermə səbəbləri
müəyyənləşdirilməklə, onları
doğuran halların aradan qaldırılması təmin
edilsin.
Kollegiya iclasında
dövlətimizin başçısı, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün Azərbaycan
dövlətinin maraqlarına uyğun şəkildə beynəlxalq
hüquq normaları və ərazi
bütövlüyünün təmin olunması istiqamətində
görülən işlər barədə məlumat
verilmiş, Respublika Hərbi Prokurorluğu tərəfindən
hesabat dövründə bir sıra səmərəli tədbirlərin
həyata keçirildiyi, hərbi prokurorluq orqanlarının
işinin müasir məzmunda daha da təkmilləşdirildiyi,
xidməti və icra intizamının möhkəmləndirilməsi
məqsədi ilə zəruri işlərin
görüldüyü bildirilmişdir.
Əvvəlki hesabat
dövrü ilə müqayisədə hərbi xidmət əleyhinə,
o cümlədən tabeçilik qaydaları əleyhinə, hərbi
xidmətdən yayınma, hərbi hissəni və ya xidmət
yerini özbaşına tərk etmə, fərarilik,
qulluğa səhlənkar yanaşma, hakimiyyətdən
sui-istifadə etmə cinayətlərinin sayının
azalması, cinayətlərin 99,7 faizinin açılması
Müdafiə Nazirliyinin müvafiq qurumları ilə əlaqəli
şəkildə hərbi prokurorluq orqanları tərəfindən
görülmüş işlərin nəticəsi kimi dəyərləndirilmiş,
74 korrupsiya faktının – rüşvət alma və
rüşvət vermə cinayətlərinin
aşkarlanması mütəşəkkil cinayətkarlığın
bu təhlükəli təzahürlərinə qarşı
mübarizənin düzgün təşkilinin nəticəsi
olmuşdur. Dağlıq Qarabağ və ona bitişik ərazilərdə
erməni hərbi qüvvələri tərəfindən
törədilmiş soyqırımı və digər
ağır cinayətlərin istintaqı üzrə hesabat
dövründə səmərəli istintaq hərəkətləri
icra edilməklə, ümumilikdə insanlıq əleyhinə,
müharibə cinayətləri törətmiş 289 şəxsin
cinayət məsuliyyətinə cəlb olunması və barələrində
məhkəmənin qərarları əsasında həbs qətimkan
tədbiri seçilməsi, habelə İnterpol xətti ilə
axtarışları təmin olunmuşdur.
“Azərbaycan
Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə
dair 2009-2011-ci illər üçün Dövlət
Proqramı”na müvafiq olaraq, hərbi prokurorluq
orqanlarının səmərəli fəaliyyəti, kadr
işinin daha da təkmilləşdirilməsi
üçün əlavə stimullar yaradılmış,
Respublika Hərbi Prokurorluğunun mərkəzi
aparatının yeni strukturu təsdiq olunmuş, prokurorluq
işçilərinin vəzifəyə təyin və azad
edilməsi, onların barəsində həvəsləndirmə
və intizam tənbehi tədbirlərinin tətbiqi ilə əlaqədar
əlavə səlahiyyətlər verilmiş, Zaqatala Hərbi
Prokurorluğu yeni struktur qurum kimi təsis edilmişdir.
Əminlik ifadə
olunmuşdur ki, Respublika Hərbi Prokurorluğunun rəhbərliyi
tərəfindən fəaliyyət istiqamətləri üzrə
işin daha da təkmilləşdirilməsi və hərbi
cinayətlərin profilaktikası üçün zəruri tədbirlərin
görülməsi, Daşkəsən rayonu ərazisində
yerləşən hərbi hissədə baş vermiş və
6 hərbçinin ölümü ilə nəticələnmiş
qanlı hadisənin tam və hərtərəfli istintaq
olunması, bu qəbildən olan hadisələrin
qarşısının alınması üçün
Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin
müvafiq qurumları ilə əlaqəli şəkildə
kompleks profilaktik tədbirlərin həyata keçirilməsi
təmin ediləcəkdir.
Kollegiya
iştirakçılarının nəzərinə
çatdırılmışdır ki, 2009-cu ildə
Naxçıvan Muxtar Respublikasının prokurorluq
orqanları tərəfindən digər hüquq-mühafizə,
məhkəmə və ədliyyə orqanları ilə
qarşılıqlı əlaqədə cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi, fəaliyyət
istiqamətləri üzrə işin yeni məzmunda səmərəli
təşkili, xidməti və icra intizamının möhkəmləndirilməsi
istiqamətində zəruri tədbirlərin görülməsi
təmin olunmuşdur. Əvvəlki hesabat dövrü ilə
müqayisədə qeydə alınmış ümumi cinayətlərin
47 faiz azalmasına nail olunmaqla, onların hamısının
açılması təmin edilmiş, xüsusilə
ağır cinayətlər isə ümumiyyətlə qeydə
alınmamış, yetkinlik yaşına çatmayanlar tərəfindən
cinayət hadisəsi törədilməmişdir.
Azərbaycan
Respublikası Prezidentinin “Naxçıvan Muxtar
Respublikasında hüquq institutlarının inkişafı
haqqında” Fərmanına müvafiq olaraq və prokurorluq
orqanlarına muxtar respublika rəhbərliyinin
qayğısı nəticəsində hesabat ilində
Naxçıvan Şəhər Prokurorluğunun yeni inzibati
bina ilə təmin edilməsi, muxtar respublika prokurorluğunun
inzibati binasının isə əsaslı təmir və yenidənqurma
işlərindən sonra istifadəyə verilməsi müsbət
hal kimi dəyərləndirilmişdir.
Kollegiya iclasında
vurğulanmışdır ki, “Azərbaycan Respublikası
Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə
dair 2009-2011-ci illər üçün Dövlət
Proqramı”nda nəzərdə tutulduğu kimi, ölkəmizin
beynəlxalq əhəmiyyətinin daha da yüksəldiyi
2009-cu hesabat ilində Azərbaycan Prokurorluğunun beynəlxalq
əlaqələrinin genişləndirilməsi, xarici ölkələrin
prokurorluq orqanları ilə təcrübə mübadilələrinin
həyata keçirilməsi, hüquqi yardımın səmərəliliyinin
artırılması, transmilli cinayətkarlığa, onun yeni
növlərinə qarşı mübarizədə digər
dövlətlərin hüquq-mühafizə orqanları ilə
əməkdaşlığın gücləndirilməsi istiqamətində
məqsədyönlü işlər
görülmüşdür. Eyni zamanda, Baş Prokurorluğun
Beynəlxalq Əlaqələr İdarəsi tərəfindən
“Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
müəyyən edilmiş öhdəliklərin icrası və
beynəlxalq əməkdaşlığın səmərəsinin
artırılması ilə əlaqədar prokurorluq
orqanlarının vəzifələri barədə” 14 fevral
2007-ci il tarixli əmrin tələblərinə əlaqədar
tabe prokurorluqlar tərəfindən əməl edilməsi
üzərində nəzarətin gücləndirilməsi, Azərbaycan
Respublikasının qoşulduğu əsas konvensiyalardan irəli
gələn öhdəliklərin icrası ilə əlaqədar
prokurorluğun ekspert qruplarının
formalaşdırılması üçün təkliflərin
işlənilib hazırlanması ilə əlaqədar
tapşırıqlar verilmişdir.
Kollegiya iclasında
çıxış edən Naxçıvan Muxtar
Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Baş
prokurorun müavini – respublika hərbi prokuroru Xanlar Vəliyev,
Baş prokurorun müavini Namiq Əsgərov, Bakı şəhər
prokuroru Əziz Seyidov, Baş Prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev,
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi
Nazir Bayramov və digər natiqlərin
çıxışlarında 2009-cu il ərzində cinayətkarlığa
qarşı mübarizə, vətəndaşların
hüquq və azadlıqlarının müdafiəsi sahəsində
müvafiq tabe struktur qurumlar tərəfindən
görülmüş işlər barədə ətraflı
məlumatlar verilməklə, “Prokurorluq haqqında” Qanunda nəzərdə
tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin
daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi
və mövcud çatışmazlıqların aradan
qaldırılmasına yönəldilmiş konkret təkliflər
irəli sürülmüşdür.
Kollegiya iclasına yekun
vuran Baş prokuror Zakir Qaralov bildirmişdir ki, dünya
iqtisadiyyatını bürüyən böhranlı vəziyyətdən
minimum itkilərlə çıxmaqla öz yüksək
sosial-iqtisadi inkişaf templərini qoruyub saxlayan Azərbaycanda
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü tədbirlər və
hərtərəfli islahatlar, möhtəşəm
infrastruktur layihələrinin reallaşdırılması
istiqamətində görülən işlər ölkənin
iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, əhalinin
rifah halının və sosial vəziyyətinin
yaxşılaşması, yenidənqurma və müasirləşmə
proseslərinin dönməz xarakter alması ilə nəticələnmişdir.
Azərbaycan
Prokurorluğu orqanları tərəfindən həmişə
olduğu kimi, bundan sonra da digər hüquq-mühafizə, məhkəmə
və ədliyyə, xüsusi xidmət orqanları ilə əlaqəli
şəkildə ölkədə həyata keçirilən
möhtəşəm quruculuq işlərinin əsas təminatı
olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın
qorunması, cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi, dövlət müstəqilliyinin,
demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi
istiqamətində zəruri tədbirlərin görüləcəyinə
əminlik ifadə olunmuşdur.
Xalq qəzeti.- 2010.- 7 fevral.- S. 5.