Milli maraqlara əsaslanan xarici siyasət
xətti
2009-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi
ilə diplomatiya sahəsində mühüm nailiyyətlər
qazanan Azərbaycan beynəlxalq mövqelərini daha da gücləndirmişdir
“Şərq tərəfdaşlığı” –
Avropaya açılan yeni pəncərə
Avropa İttifaqı ilə
strateji əməkdaşlığın inkişafı Azərbaycan
Prezidenti İlham Əliyevin 2009-cu il aprelin sonu və mayın əvvəllərində
Brüsselə və “Şərq tərəfdaşlığı”
sammitinin keçirildiyi Çexiyaya səfəri zamanı yeni
bir müstəviyə çıxmışdır. “Azərbaycanı
Cənubi Qafqaz regionunda Avropanın olduqca mühüm tərəfdaşı”
hesab edən Avropa Komissiyasının sədri Joze Manuel Barrozu
“Artıq on ildir ki, həyata keçirilən Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişinin münasibətlərdə
möhkəm bünövrə” olduğunu söyləmişdir.
Praqada Avropa İttifaqı ölkələrinin və eləcə
də “Şərq tərəfdaşlığı” təşəbbüsünün
üzvü olan ölkələrin dövlət və
hökumət başçılarının sammitində qəbul
olunan Avropa İttifaqının “Şərq tərəfdaşlığı”
proqramına gəldikdə isə, ölkəmizin rəhbəri
bu proqramın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin
daha da yaxınlaşmasına və genişlənməsinə
təkan verəcəyini bildirmişdir.
Azərbaycanın dövlət başçısı yeni qəbul olunmuş “Şərq tərəfdaşlığı” proqramından çox şey gözlədiyini və onun Avropa-Azərbaycan münasibətlərinə töhfə verəcəyini bəyan etmişdir. Əslində, bu proqram “Yeni qonşuluq siyasəti”nin davamı olaraq münasibətlərin yeni müstəvisinə çıxış üçün əsaslar yaradır. Prezident İlham Əliyev onu belə dəyərləndirmişdir: “...Vacib məsələ odur ki, ”Şərq tərəfdaşlığı" proqramında həm Avropa, həm də Azərbaycana fayda gətirəcək konkret və dəqiq elementlər mövcuddur... “Şərq tərəfdaşlığı” proqramından biz çox şey gözəyirik.
...Məqsədimiz Avropa İttifaqının qabaqcıl təcrübəsinə çıxış əldə etmək, həyatımızın müxtəlif sahələrini Avropa İttifaqının standartlarına yaxınlaşdırmaq və gələcək illər üçün çiçəklənən və dayanıqlı ölkə qurmaqdır”.
Mərkəzi və Şərqi Avropa kimi tanınan məkan son illərdə Ümumavropa evinə daxil edilən Baltikyanı dövlətlərin, o cümlədən postsovet respublikalarından – Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanın hesabına xeyli genişlənmişdir. Son illərədək TASİS və TRASEKA, “Yeni qonşuluq siyasəti” proqramları əsasında bu regionun əlverişli geosiyasi və geoiqtisadi imkanlarından bəhrələnməyə, yeni enerji mənbələri əldə etməyə çalışan Avropa İttifaqı son iki ildə “Şərq tərəfdaşlığı” təşəbbüsünü də uğurla reallaşdırır. Proqram 2008-ci ilin mayında Avropa İttifaqı üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. “Şərq tərəfdaşlığı” proqramına oxşar sənədi Avropa İttifaqı hələ 2004-cü ildə Polşa və Litva ilə imzalamış, sonradan bu dövlətlər təşkilata üzv seçilmişlər. Bu mənada, proqramın əsas məqsədi iştirakçı dövlətlərin perspektivdə Avropa İttifaqına daha sıx inteqrasiyasını gücləndirmək, demokratik-hüquqi və siyasi islahatları sürətləndirməkdir. “Şərq tərəfdaşlığı” təşəbbüsünü “Yeni qonşuluq siyasəti” proqramından fərqləndirən əsas cəhət də məhz budur.
“Şərq tərəfdaşlığı” proqramı Avropa İttifaqının Şərq qonşuları ilə əlaqələrinin daha da dərinləşməsini nəzərdə tutur. Bu proqram Avropa İttifaqı və onun Şərq qonşuları arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması üçün yeni çərçivədir. “Şərq tərəfdaşlığı” proqramının məqsədi hakimiyyət və vətəndaş cəmiyyətini cəlb etməklə Avropa İttifaqının Şərq tərəfdaşları ilə siyasi və iqtisadi əməkdaşlığını daha da genişləndirməkdir. Proqrama cəlb olunmuş Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistan ümumən Qərblə Şərq arasında əlverişli tranzit yollarının, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi ən əhəmiyyətli geosiyasi region hesab olunur. Avropa Komissiyası “Şərq tərəfdaşlığı” kommunikesi əsasında bu ölkələr arasında yaxın illərdə assosiativ sazişin imzalanmasını, habelə ölkələrin Avropa İttifaqına inteqrasiya meyillərinin dəstəklənməsini təklif etmişdir. Proqrama daxil edilən ölkələrin gələcəkdə Avropa İttifaqına qəbuluna dair konkret vəd olmasa da, onların avrostrukturlara inteqrasiya prosesinin sürətləndirilməsinin uzaq perspektiv üçün strateji hədəfləri kifayət qədər aydındır. Yaxın perspektivdə isə proqramda iştirak edən ölkələrlə ümumi daxili bazarın formalaşdırılması məqsədilə tədbirlər planının hazırlanması, vahid və hərtərəfli azad ticarət zonalarının yaradılması, vizasız gediş-gəlişin təmini, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur. Proqramın məqsədi tərəfdaş ölkələrdə aparılan islahatları və müasirləşdirmə prosesini dəstəkləmək, onlarda demokratik islahatların sürətləndirilməsinə, habelə iqtisadi inkişafa töhfə vermək üçün sərmayə qoymaqdır. 2008-ci ilin dekabrında təqdim olunan kommunikeyə əsasən, 2010-2013-cü illərdə bu məqsədlə 350 milyon avro vəsait ayrılmalı, 2020-ci ilə qədər isə bu məbləğ 1,5 milyard avroya çatdırılmalıdır.
“Şərq tərəfdaşlığı” proqramına əsasən, hər il 27+6 formulu əsasında dövlət başçıları səviyyəsində sammitin keçirilməsi nəzərdə tutulur. İlk belə sammit 2009-cu il mayın 7-də Praqada keçirilmişdir. “Şərq tərəfdaşlığı” adlanan bu sammitdə proqram üzrə bəyannamə qəbul olunmuşdur. Bəyannaməni 27 Avropa İttifaqı ölkəsi və proqrama qoşulan 6 ölkə (Azərbaycan, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan) imzalamışlar. Praqa sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev “Şərq tərəfdaşlığı” proqramının Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin daha da genişlənməsinə, ölkənin siyasi, iqtisadi və digər sahələrdə inkişafına təkan verəcəyinə əminliyini ifadə etmişdir. Dövlət başçısı həmçinin bildirmişdir ki, Azərbaycan Avropa İttifaqı ilə qeyri-enerji sahələrində əlaqələrinin daha da genişləndirilməsində maraqlıdır.
Azərbaycan Avropa və onun Şərq qonşuları arasındakı yolların kəsişmə nöqtəsində yerləşir. Təsadüfi deyil ki, 2009-cu ildə proqram çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığın sıxlaşdırılması rəsmi Bakının xarici siyasətində mühüm istiqamətlərdən biri olmuşdur. “Şərq tərəfdaşlığı” təşəbbüsünə daxil edilən ölkələr arasında yalnız Azərbaycanın zəngin neft və qaz ehtiyatlarına malik olduğunu nəzərə aldıqda, respublikamızın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də Cənub dəhlizi və Nabukko kəmərinin reallaşmasında vacib rol oynadığı bir daha qabarıq görünür.
Azərbaycandan fərqli olaraq, Ermənistan “Şərq tərəfdaşlığı” proqramının “tormozlayıcı” dövləti kimi çıxış edir. Təcavüzkar siyasəti ilə özünü regiondakı bütün perspektivli layihələrdən kənarda qoyan Ermənistan Avropa üçün potensial təhlükə mənbəyi olan Metsamor atom elektrik stansiyasının (AES) fəaliyyətini dayandırmaq barədə qətiyyən düşünmür. Avropa İttifaqının tələbinə rəğmən, hazırda hasil etdiyi elektrik enerjisinin üçdə ikisini Metsamor AES-dən alan Ermənistan bu təhlükəli obyektin bağlanmasını istəmir. Bütün bunlar isə təcavüzkar ölkənin “Şərq tərəfdaşlığı” proqramının verdiyi imtiyazlardan hansısa formada yararlana biləcəyinə də ciddi şübhələr yaradır.
Azərbaycan NATO-ya mərhələli inteqrasiya yolunda
Azərbaycan Prezidenti
İlham Əliyevin 2009-cu ilin aprel ayında Belçika
Krallığına gerçəkləşən
işgüzar səfəri ölkəmizin Avropa
İttifaqı ilə yanaşı, qloballaşan
dünyanın siyasi-hüquqi düzəninin müəyyənləşməsində
mühüm rol oynayan Şimali Atlantika Alyansı ilə
qarşılıqlı faydalı münasibətlərinin
yüksələn xətlə inkişaf etdiyini və
bütövlükdə regionun təhlükəsizliyi
baxımından ciddi amilə çevrildiyini göstərmişdir.
Səfər çərçivəsində
NATO rəhbərliyi ilə keçirilən müxtəlif səviyyəli
görüşlər, aparılan müzakirələr
respublikamızın Avropa təhlükəsizlik
strukturlarına sürətlə inteqrasiya etdiyini və hərbi-texniki
əməkdaşlıq sahəsində mühüm nailiyyətlər
qazandığını bir daha aşkara
çıxarmışdır.
Dövlət
başçısı İlham Əliyevin Brüsseldə təşkilatın
rəhbərliyi ilə görüşlərdə
vurğuladığı kimi, 2009-cu ilin mayında Azərbaycanla
NATO arasındakı hərbi-siyasi əməkdaşlığın
on beşinci ildönümü tamam olmuşdur. Azərbaycan
Prezidenti həmçinin bildirmişdir ki, regionda enerji təhlükəsizliyini
təmin etmədən ümumi təhlükəsizlikdən
danışmaq qətiyyən mümkün deyildir. Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq
müasir dövrdə dünya dövlətləri
üçün həyati əhəmiyyətli məsələyə
çevrilmişdir. Dövlət
başçısı əlavə etmişdir ki, yaxşı
resurslara, infrastruktura və coğrafi mövqeyə, o cümlədən
önəmli kommunikasiyalara, siyasi əlaqələrə və
qonşuluğa malik olan Azərbaycan NATO ilə əlaqələrini
də intensivləşdirmək niyyətindədir.
Dövlət
başçısının NATO-nun mənzil qərargahında
təşkilatın Baş katibi Yaap de Hoop Sxefferlə
görüşündə ikitərəfli münasibətlərin
mövcud durumu və gələcək perspektivləri ətrafında
geniş fikir mübadiləsi aparılmışdır. Görüşdən
sonra Prezident İlham Əliyev Şimali Atlantika
Şurasında NATO üzvü olan dövlətlərin
Şuradakı daimi nümayəndələri və səfirləri
qarşısında çıxış etmiş və
müzakirələr aparmışdır. NATO
Baş katibi Azərbaycanı təşkilatın dəyərli
tərəfdaşı kimi qiymətləndirmiş, ikitərəfli
münasibətlərin inkişafından
razılığını ifadə etmişdir.
“Artıq on beş ildir ki, ”Sülh naminə
tərəfdaşlıq" proqramı, 2005-ci ildən etibarən
isə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat
Planı çərçivəsində
çalışırıq. Təbii ki, Azərbaycan
nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda
mühüm iştirakçıdır. Azərbaycan
enerji təhlükəsizliyi baxımından çox vacib bir
ölkədir və NATO-nun dəyərli tərəfdaşıdır.
Biz həmin tərəfdaşlığı
genişləndiririk. Mən Əfqanıstanda
İSAF əməliyyatları çərçivəsində
Azərbaycanın verdiyi vacib töhfəsinə görə
Prezident Əliyevə minnətdarlığımı bildirmək
istəyirəm. Biz bu işləri davam
etdiririk və gələcəkdə də bu əsaslarla
işləyəcəyik" - deyən Yaap de Hoop Sxeffer Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllini tapacağına ümidvar olduğunu demişdir.
NATO-nun Baş katibi
Avropanın enerji təhlükəsizliyi məsələlərinə
toxunarkən etiraf etmişdir ki, “Azərbaycan bu sahədə
çox mühüm ölkədir, yəni bundan sonra neft və
qaz təchizatı sahəsində daha böyük rol
oynamağa başlayacaqdır... NATO bu sahədə
aparıcı təşkilat olmasa da enerji təhlükəsizliyi
ilə bağlı müzakirələr təşkilatımız
üçün çox vacibdir. Bu məsələlər
NATO çərçivəsində nəzərdən
keçirilir... Əgər Azərbaycana və
regiona nəzər salsanız, aydın şəkildə
görərsiniz ki, enerji təchizatı və boru kəmərlərinin
çəkilməsi enerji təhlükəsizliyində
mühüm rol oynayır”.
Göründüyü
kimi, Avropa və Avratlantik birliyin dəyərləri ilə
bölüşən Azərbaycan, çoxtərəfli
Transatlantik təhlükəsizlik əməkdaşlığı
proqramlarını uğurla inkişaf etdirərək Avropa qitəsində
və onun sərhədlərindən kənarda təhlükəsizlik
və sabitliyə töhfə verir. Bu gün NATO ilə regional və
enerji təhlükəsizliyi, terrorizmlə mübarizə,
kütləvi qırğın silahlarının
yayılmaması, narkotiklərin qeyri-qanuni dövriyyəsi və
insan alveri, sərhədlərin mühafizəsi, fövqəladə
halların fəsadlarının aradan qaldırılması, təhlükəsizlik
və digər sahələrdə islahatlar istiqamətində əməkdaşlıq
uğurla inkişaf edir. Azərbaycan NATO-nun
“Sülh naminə tərəfdaşlıq” proqramına
qoşulan ilk ölkələrdən biri olmuşdur və
Avratlantik Tərəfdaşlıq Şurası və digər
vasitələrlə NATO ilə mümkün tərəfdaşlıq
mexanizmlərindən tam şəkildə bəhrələnir.
Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat
Planının növbəti fazasını açan və
NATO ilə siyasi dialoqun dərinləşdirilməsini,
müdafiə və təhlükəsizlik sahələrində
islahatların həyata keçirilməsini, elm və ictimai
diplomatiya sahəsində əməkdaşlığı nəzərdə
tutan fəaliyyət planı üzrə ikinci sənədin
icrasını uğurla başa vurmuşdur ki, bu da növbəti
illərdə Azərbaycan-NATO münasibətlərini istiqamətləndirəcəkdir.
Ölkəmizin
NATO ilə münasibətləri 1992-ci ilin martında Azərbaycanın
bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq
Şurası qurumuna üzv qəbul edilməsi ilə
formalaşmağa başlayıb. Şimali Atlantika
Alyansı ilə Azərbaycanın yüksək səviyyədə
əməkdaşlığının əsası isə
1994-cü ildən qoyulub. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il mayın 4-də Brüsselə səfəri
zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını
nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq”
sazişini imzalayıb. Həmin səfər
zamanı bu proqramın silahlı münaqişələrin
dayandırılması və sülh əldə olunmasına
böyük təsir göstərə biləcəyi fikri ifadə
olunub. Saziş sülhyaratma, xilasetmə,
minalardan təmizləmə, humanitar əməliyyatlar məqsədilə
iştirakçı dövlətlərin silahlı qüvvələrinə
yardımı nəzərdə tutur.
Azərbaycan-NATO
əlaqələrinin inkişafı Azərbaycan Prezidenti
İlham Əliyevin dövründə daha da sürətlənib. Prezident İlham Əliyevin
2004-cü ilin may ayında Brüsselə səfəri
zamanı NATO-nun Baş katibi ilə ikitərəfli əməkdaşlığın
inkişafı, Dağlıq Qarabağ münaqişəsinin
həlli prosesi, qarşılıqlı maraq doğuran regional
və beynəlxalq məsələlər barədə fikir
mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan
Prezidenti ölkəmizin hazırladığı Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planını NATO-nun Baş katibinə
təqdim edib. Bu plana görə Azərbaycan
Alyansın 300-ə yaxın proqramında iştirak etmək
hüququ əldə edib. Fərdi tərəfdaşlıq
planında iştirak Azərbaycanın NATO ilə əməkdaşlığı
sahəsində dönüş nöqtəsi olub. Bu əlaqələr getdikcə daha da intensivləşir.
Azərbaycan ordusunun NATO standartlarına uyğun
formalaşdırılması prosesi gedir. Azərbaycanın
nümayəndə heyəti bu təşkilat çərçivəsində
keçirilən tədbirlərdə fəal iştirak edir.
Azərbaycan əsgərləri dünyadakı
münaqişə bölgələrində sülhün təmin
olunmasına töhfə verir.
Nabukko layihəsinin reallaşmasında söz sahibi
2009-cu ildə
Azərbaycanın Avropanın enerji təhlükəsizliyi
sistemində rolu əhəmiyyətli dərəcədə
artmış, bu amil beynəlxalq birliyin respublikamıza diqqətini
daha da gücləndirmişdir. Xəzər regionunun
karbohidrogen ehtiyatlarının Avropa bazarlarına
çatdırılmasını nəzərdə tutan
alternativ marşrutların reallaşdırılması
respublikamızın iştirakı olmadan təsəvvür
edilmir. Bu baxımdan yanvar ayında
Budapeştdə Nabukko layihəsi ilə əlaqədar təşkil
edilmiş enerji sammiti ilin mühüm hadisələrindən
biri kimi yadda qalmışdır. Macarıstanın
təşəbbüsü ilə keçirilən həmin
möhtəşəm tədbirdə qlobal layihənin
reallaşdırılması üzrə müzakirə və
qiymətləndirmə mərhələsi geridə
qalmış, bir sıra konkret qərarlar qəbul
edilmişdir.
Nabukko layihəsinə
dair sammitə dəvət almış Prezident İlham Əliyev
dərin məzmunlu nitqində respublikamızın bu sahədə
geniş imkanlara malik olduğunu bir daha təsdiqləmişdir. “Azərbaycan
həmişə Nabukko layihəsini dəstəkləyib.
Ümumiyyətlə, Nabukko bir layihə kimi Azərbaycandan
Türkiyəyə qaz kəmərinin çəkilməsindən
sonra ortaya çıxıb. Əgər 1996-cı ildə
Azərbaycan bp və digər şirkətlərlə
“Şahdəniz” qaz yatağının istismarına dair
saziş imzalamasaydı və partnyorlarla birgə
Bakı-Tbilisi-Ərzurum qaz kəmərini tikməsəydi, bu
gün Nabukko layihəsinə dair sazişin imzalanması
mümkün olmazdı. Bu gerçəklik
göstərir ki, Azərbaycan Nabukkonun təşəbbüskarı
olmaqla yanaşı, eləcə də əməldə
diversifikasiya və nəql infrastrukturunun
yaradılmasını dəstəkləyən ölkədir”
– deyən dövlət başçısı əlavə
etmişdir ki, enerji məsələləri xalqları
ayırmamalı, əksinə birləşdirməli, bu amildən
siyasi təzyiq aləti kimi istifadə olunmamalıdır.
Cənab İlham Əliyev həmçinin
vurğulamışdır ki, Azərbaycan etibarlı enerji təhlükəsizliyi
baxımından hasilatçı, tranzit və
istehlakçı dövlətlərin öz öhdəliklərinə
əməl etməsini vacib sayır.
Əsasən Xəzər
hövzəsi ölkələrinin hasil etdiyi təbii qazın
Avropaya nəqlini nəzərdə tutan Nabukko layihəsinin
gerçəkləşdirilməsi ilə bağlı 2009-cu il iyulun 13-də Türkiyədə sazişin
imzalanması da ilin mühüm siyasi əhəmiyyət kəsb
edən hadisələrindən olmuşdur. “Əsrin
sövdələşməsi” adlandırılan sənədi
Türkiyə, Avstriya və Macarıstanın baş nazirləri,
eləcə də Bolqarıstan və Rumıniyanın
energetika nazirləri imzalamışlar. İmzalama mərasimində
təxminən 30 ölkənin rəsmiləri, eləcə də
Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, həmçinin
Azərbaycanın sənaye və energetika naziri iştirak
etmişdir.
Layihə dəyəri 8
milyard avro olan və ildə təqribən 26-32 milyard kubmetr təbii
qaz ötürəcək Nabukko kəməri Türkiyə-Gürcüstan
və Türkiyə-İran sərhədindəki iki nöqtədən
başlayaraq Avstriyaya qədər uzanmaqla, dünyanın bir
çox regionları arasında əlaqə yaradan ilk qaz kəməri
olmalıdır. Uzunluğu 3,3 min kilometr nəzərdə
tutulan kəmərin inşası 2014-cü ilədək
yekunlaşmalıdır. Kəmərin tikintisi və
istismarı ilə Avstriyanın OMV neft-qaz şirkəti
başda olmaqla beynəlxalq konsorsium məşğul
olacaqdır. Nabukko boru kəməri ilə
2012-ci ildə Azərbaycan, sonra Qazaxıstan və Türkmənistan
qazının nəqli nəzərdə tutulur. Növbəti
mərhələdə, 2017-ci il
üçün bu kəmərlə İran, İraq və
Misir qazının nəqli də istisna olunmur. Bu
layihənin digərlərindən əsas fərqi bundadır
ki, onun inşası ilə hasilatçılar deyil,
istehlakçılar məşğul olur. Respublikamızın
təbii qaz ehtiyatları isə bu kəmərin tam
gücü ilə işləməsində öz
sözünü deyəcəkdir. Doğrudur,
bəzi Avropa dövlətləri zəngin qaz ehtiyatlarına
malik Türkmənistanın da bu layihədə
iştirakına böyük ümid bəsləyirlər.
Lakin Nabukko layihəsinə alternativ olaraq “Cənub
axını” layihəsini gerçəkləşdirməyə
çalışan Kremlin Türkmənistanı bu layihəyə
cəlb etmək imkanları kifayət qədər
böyükdür. Bu bir daha təsdiqləyir
ki, Nabukko layihəsinin səmərəli olması, ilk növbədə,
Azərbaycan qazından asılıdır.
Rusiya ilə əməkdaşlıq genişlənir
Ümumiyyətlə,
istər neftin, istərsə də təbii qazın
satışında Azərbaycan xalqının iqtisadi mənafeyini
önə çəkən, siyasi və iqtisadi öhdəliklərinə
daim sadiqlik nümayiş etdirən rəsmi Bakı mavi
yanacağın satışı məsələsinə
kommersiya prinsipləri prizmasından yanaşmağı vacib
sayır. 2009-cu ildə həyata keçirdiyi fəal xarici
siyasətlə respublikamız neft və qaz
ehtiyatlarının nəqli marşrutlarının
diversifikasiyasında maraqlı olduğunu nümayiş
etdirmişdir. Rusiya və Azərbaycan
arasında təbii qazın satışına dair uzun müddət
aparılan danışıqların konkret sazişlə
yekunlaşması da ilin mühüm hadisələrindən
biridir. Rusiya Prezidenti Dmitri Medvedevin 2009-cu
ilin iyun ayında Bakıya gerçəkləşən
işgüzar səfəri zamanı Azərbaycan
qazının Rusiyaya satışı ilə bağlı yekun
razılaşma imzalanmışdır.
Azərbaycan
neft kəmərlərinin şaxələndirilməsi məsələsini
təkcə iqtisadi və kommersiya baxımından deyil, həm
də siyasi baxımdan vacib sayır, bəzi istehsalçı
və tranzit dövlətlərin öz
üstünlüyündən təsir vasitəsi kimi istifadə
cəhdlərinə qarşı çıxır. Respublikamızın
boru kəmərlərinin şaxələndirilməsi siyasətinə
üstünlük verdiyini deyən dövlət
başçısı İlham Əliyev Rusiyaya qaz
ixracının Azərbaycan üçün kommersiya prinsipləri
baxımından cəlbedici olduğunu da diqqətə çəkir.
Belə ki, neft və qazın ixrac
marşrutlarının artması Azərbaycanın manevr
imkanlarını genişləndirməklə yanaşı,
ona bu sahədə müstəqil siyasət yeritmək,
hansısa dövlətdən asılı olmamaq imkanı
verir. Məhz bu baxımdan dövlət
başçısı İlham Əliyev Azərbaycanın zəngin
neft və qaz ehtiyatlarının Qərbə nəqlində
boru kəmərlərinin şaxələndirilməsi,
mümkün qədər çox alternativlərin
yaradılmasını vacib sayır. Mümkün
marşrutlar içərisində hansının siyasi,
kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik
baxımından daha əlverişli olması
araşdırılır. Dünya
okeanına və bazarlarına birbaşa
çıxışı olmayan respublikamız
üçün bu, strateji əhəmiyyətli məsələdir.
Rusiyaya qazın nəqlinə gəlincə, bu,
Azərbaycan üçün kommersiya baxımından ikiqat sərfəlidir.
Qazın Rusiyaya satışının əsas
texniki-iqtisadi üstünlüyü isə iki qonşu
dövlət arasında qaz boru kəmərinin
mövcudluğudur. İki dövlət
arasında vaxtilə çəkilmiş qaz kəməri ildə
təxminən 10 milyard kubmetr mavi yanacağın nəqlinə
imkan verir.
Azərbaycan-Rusiya
əlaqələri möhkəm köklərə əsaslanır,
xalqlarımız arasında dostluğun çoxəsrlik tarixi
var. Azərbaycan müstəqilliyə qovuşduqdan sonra Rusiya
ilə münasibətlərin inkişafına həmişə
böyük əhəmiyyət vermişdir. İki ölkə
arasında dostluq əlaqələrinin möhkəmlənməsində
ümummilli lider Heydər Əliyevin xüsusi rolu və xidmətləri
olmuşdur. Məhz onun səyləri ilə
bu əlaqələr dostluq və strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmişdir. Heydər Əliyevin Rusiyanın Qərbin və Şərqin
böyük sivilizasiyalarını özündə təcəssüm
etdirən və dünya siyasətində nadir rol oynayan bir
ölkə olması haqqında söylədiyi fikir Azərbaycanın
xarici siyasətində Rusiyanın rolunu və yerini son dərəcə
aydın müəyyən edir.
Ölkələrimizin
münasibətlərinin yeni mərhələsi Rusiya Prezidenti
Vladimir Putinin Azərbaycana tarixi səfərindən
başlanmışdır. Bu, Rusiya Prezidentinin
suveren Azərbaycana ilk səfəri idi. Ulu
öndər Heydər Əliyevin Rusiyaya səfəri, Bakı
Bəyannaməsinin imzalanması, Xəzərin statusu ilə əlaqədar
məsələlərin həlli iki ölkənin müxtəlif
səviyyələrdə münasibətlərinə nəzərəçarpacaq
tərəqqi və dinamizm gətirmişdir.
Hər iki
ölkə siyasi və iqtisadi əməkdaşlığın
dinamik inkişafında maraqlıdır. Bu gün Azərbaycan Cənubi
Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər
sistemi yaratmağa nail olmuş yeganə dövlətdir. Rusiya ilə qarşılıqlı faydalı
münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın
beynəlxalq mövqelərinin möhkəmlənməsi,
bölgədə sabitliyin və təhlükəsizliyin təmin
olunması baxımından mühüm önəm kəsb
edir. İqtisadi, siyasi və hərbi potensial
baxımından beynəlxalq münasibətlər sistemində
əlahiddə yeri olan Rusiya Federasiyası ilə
qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, keçmiş Sovet İttifaqı
dövründən mövcud olan çoxşaxəli əlaqələri
çağdaş geosiyasi gerçəkliklərə nəzərən
inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində
vacib məsələlərdən biri kimi nəzərdən
keçirilir. Moskva ilə Bakı arasında
çox möhkəm siyasi və iqtisadi əlaqələr
mövcuddur. İki ölkə arasında
2008-ci ilin iyulunda Bakıda imzalanmış dostluq və strateji
əməkdaşlıq haqqında bəyannaməyə Cənubi
Qafqazda və Xəzər regionunda təhlükəsizliyin təmin
olunmasının ayrıca bənd kimi salınması
Rusiyanın niyyətlərinin ciddi olduğundan xəbər
verir. Bu bəyannamədə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin
suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin
toxunulmazlığını ehtiva edən beynəlxalq norma və prinsiplər əsasında tezliklə
tənzimlənməsi qeyd olunur. Bəyannamədə
göstərilir ki, “Rusiya və Azərbaycan münaqişə
nəticəsində köçmüş və
qaçqın düşmüş şəxslərin tezliklə
könüllü şəkildə, təhlükəsiz
qayıdışına yardım göstərəcəklər”.
ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın
Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində
mühüm rolunu belə bir fakt da təsdiq edir ki, bu ölkənin
təşəbbüsü ilə Azərbaycan, Ermənistan və
Rusiya dövlət başçılarının üçtərəfli
görüşü çərçivəsində
imzalanmış Moskva Bəyannaməsi 14 il ərzində
münaqişə iştirakçısı olan ölkələrin
nümayəndələrinin imzaladığı ilk sənəddir.
Bu sənəd Bakı ilə İrəvanın
mövqelərinin yaxınlaşması yolunda ciddi addım,
uzanan qarşıdurmanın ədalətli həlli prosesində
mühüm mərhələ kimi qiymətləndirilir.
2009-cu ili
Rusiya-Azərbaycan münasibətlərinin intensiv
inkişafı baxımından xüsusilə uğurlu saymaq
olar. Dövlət başçısı İlham Əliyevin il ərzində 4 dəfə Rusiya
Federasiyasında səfərdə olması, rusiyalı həmkarı
ilə geniş və səmimi müzakirələr
aparması bunu bir daha təsdiqləyir. Noyabrın 24-də
Yaxın Şərqlə sıx əlaqələr
İordaniya,
Suriya, İsrail kimi ölkələrlə, habelə dünya
siyasətinə əsaslı təsir imkanı olan digər
müsəlman dövlətləri ilə ikitərəfli və
çoxtərəfli əməkdaşlıq münasibətlərinin
dərinləşdirilməsi 2009-cu ildə rəsmi
Bakının xarici siyasətinin üstün istiqamətlərindən
biri olmuşdur. Regionun geosiyasi xarakteristikası – burada əsasən
müsəlman dövlətlərinin yerləşməsi,
onların dünya siyasətində önəmli yer tutması,
zəngin karbohidrogen ehtiyatlarına malik olması və bu
anlamda dünya bazarlarında onlarla
razılaşdırılmış siyasətə duyulan
ehtiyac respublikamızın Yaxın və Orta Şərq
dövlətləri ilə münasibətlərinin
inkişafına təkan verir.
Dini, tarixi,
siyasi və mənəvi dəyərləri ilə bir-birinə
bağlı olan müsəlman ölkələrinin uğurlu
birlik modeli kimi özünü təsdiqləyən, beynəlxalq
münasibətlər sistemində xüsusi çəkiyə
malik olan İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq
bu baxımdan xüsusilə mühüm əhəmiyyət kəsb
edir. Azərbaycan İslam aləminin tərkib hissəsi
olaraq, bu təşkilatın regional və qlobal məsələlərin
həllində siyasi çəkisinin və nüfuzunun
artırılmasına yardım edir. 2007-ci
ildə İslam Konfransı Təşkilatının Xarici
İşlər Nazirləri Şurasının sədri kimi Azərbaycan
təşkilatın strukturlarının və
funksiyalarının daha da gücləndirilməsi və Avropa
təşkilatları ilə əməkdaşlıq mexanizmlərinin
yaradılması istiqamətində səylər göstərmişdir.
Ölkəmiz təşkilatla
qarşılıqlı faydalı münasibətlər
qurmaqla ümummilli maraqlarını daha geniş coğrafi
arealda müdafiə etmək, üzləşdiyi bir sıra
problemləri beynəlxalq birliyə çatdırmaq
baxımından əlverişli tribuna qazanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev xarici
siyasətdə İKT ilə əlaqələrin genişləndirilməsinə
xüsusi diqqət yetirmiş, təşkilatın
tribunasından təcavüzkar Ermənistanın ifşası
məqsədilə maksimum səmərəli yararlanmağa
çalışmışdır.
Son illər Azərbaycan
İKT ölkələri ilə humanitar və mədəni
sahələrdə əməkdaşlığın genişləndirilməsi
istiqamətində də mühüm addımlar atır. İKT-nin 2009-cu
ildə Bakını İslam mədəniyyətinin
paytaxtı elan etməsi də humanitar sahədə ikitərəfli
əməkdaşlığın yüksək səviyyədə
qurulduğunu göstərir. Respublikamızın
müsəlman dövləti kimi İslam dəyərlərinə
hörmətlə yanaşması, eyni zamanda, tarixi ənənələrini
qoruyub saxlaması bu əməkdaşlıq üçün
ciddi zəmin yaradır. Müxtəlif mədəniyyət
və sivilizasiyaların qovuşuğunda nadir coğrafi
mövqeyi, dözümlülük və icmalararası
sülh ənənələri, mədəni və etnik rəngarənglik
Azərbaycanın sivilizasiyalar arasında körpü rolu
oynamasının etiraf edilməsinə imkan
açmışdır.
İKT dövlətləri
xarici işlər nazirlərinin ötən il
Suriyanın paytaxtı Dəməşq şəhərində
keçirilən 36-cı konfransı isə Azərbaycan
üçün bir sıra uğurlu nəticələrlə
yadda qalmışdır. Konfransda Ermənistanın Azərbaycana
qarşı təcavüzünə dair 3 sənəd – Ermənistanın
Azərbaycana qarşı təcavüzünə dair Qətnamə;
Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar
Azərbaycana iqtisadi yardımın göstərilməsi
haqqında Qətnamə; Ermənistan Respublikasının Azərbaycan
Respublikasına təcavüzü nəticəsində
işğal olunmuş Azərbaycan ərazilərində
İslam mədəni və tarixi abidələrinin məhv
edilməsinə dair Qətnamə qəbul edilmişdir. Xatırlatmaq yerinə düşər ki, İKT
bundan əvvəl də müxtəlif illərdə Ermənistanın
Azərbaycana təcavüzü ilə bağlı
mühüm qətnamələr qəbul etmişdir.
İKT-nin xəttilə
Azərbaycanda keçirilən bu və digər beynəlxalq tədbirlər
respublikamızın regionda sivilizasiyalararası dialoqun
başlıca mərkəzinə çevrildiyini göstərir. 2009-cu ildə
Bakıda İKT-yə üzv olan dövlətlərin
hüquq-mühafizə orqanları rəhbərlərinin təhlükəsizlik
məsələlərinə həsr olunmuş
konfransının keçirilməsi təşkilatla Azərbaycan
arasında münasibətlərin intensiv inkişaf yolunda
olduğunu təsdiqləyir. Təşkilata üzv
ölkələr xalqların ümumi rifahına və
inkişafına nail olmaq, təhlükəsizliyi təmin etmək
məqsədi ilə təkcə sosial-iqtisadi, siyasi tədbirlərlə
məhdudlaşmır, eyni zamanda, cinayətkarlığa
qarşı mübarizənin səmərəli şəkildə
həyata keçirilməsini də vacib sayırlar.
2009-cu ildə
ilk dəfə Suriya və İsrail prezidentlərinin Bakıya
səfər etməsi Azərbaycanın bu ölkələrlə
münasibətlərinin yüksək dinamizmlə inkişaf
etdirilməsi üçün geniş potensialın
mövcudluğunu aşkara çıxarmışdır. İndiyədək
daha çox Ermənistanla yaxınlığı ilə
tanınan Suriyanın Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini birmənalı
tanıması da kifayət qədər diqqətçəkici
faktdır.
İsrail Prezidenti Şimon Peresin Bakıya ilk rəsmi səfəri
isə ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi
baxımından vacib əhəmiyyət kəsb edir. Hər iki ölkənin dövlət
başçılarının görüşündə ikitərəfli
əlaqələrin hazırkı durumu və gələcək
perspektivləri müzakirə olunmuş, habelə biznes əlaqələrinin
genişləndirilməsinin vacibliyi diqqətə çəkilmişdir.
Səfər çərçivəsində
keçirilmiş İsrail-Azərbaycan biznes forumu, habelə
“Azərbaycan Respublikası hökuməti və İsrail
Dövləti hökuməti arasında mədəniyyət, təhsil
və elm sahəsində əməkdaşlıq haqqında”,
“Azərbaycan Respublikası hökuməti və İsrail
Dövləti hökuməti arasında informasiya və
kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında” sazişlər ikitərəfli əlaqələrin
perspektiv inkişafı baxımından vacib əhəmiyyət
daşıyır. Hazırda İsraillə Azərbaycan
arasında əmtəə dövriyyəsinin həcmi də
kifayət qədər yüksək olub, 2 milyard dollara
yaxındır. Lakin tərəflər
bununla razılaşmır və iqtisadi əməkdaşlıq
üçün daha geniş potensialın olduğunu bildirirlər.
(ardı var)
Kamal ADIGÖZƏLOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti
Xalq qəzeti.- 2010.- 7 fevral.- S. 4.