Zəngilan Rayon İcra Hakimiyyəti ötən ilə yekun vurmuşdur

 

Zəngilan Rayon İcra Hakimiyyətinin ötən ilin yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının qərargahına toplaşan yığıncaq iştirakçıları əvvəlcə ulu öndərimiz Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzmüş, ümummilli liderin xatirəsini ehtiramla yad etmişlər.

 

Rayon icra hakimiyyətinin başçısı Vəli Quliyev hesabat məruzəsində bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi strategiyanı yeni mərhələdə inamla davam etdirən dövlət başçısı cənab İlham Əliyev prezidentlik dövründə regionların tarazlı və davamlı inkişafı, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atmışdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan 2009-cu ilin yekunlarına görə, dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. 2009-cu ildə Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerə layiq görmüşdür. Azərbaycan MDB məkanında bu parametrlər üzrə lider ölkədir.

Başçı vurğulamışdır ki, Azərbaycan Prezidentinin fəaliyyətinin üstün cəhətlərindən biri də imzaladığı fərman və sərəncamların icrasını şəxsi nəzarətdə saxlaması, verdiyi tapşırıqlara xüsusi tələbkarlıqla yanaşmasıdır. Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasının gedişi, yeni iş yerlərinin açılması ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, ümumiyyətlə, bölgələrdəki vəziyyətlə tanışlıq məqsədilə respublikanın əksər rayon və şəhərlərinə səfərlər etməsi bunu bir daha təsdiqləyir. Bu səfərlərin nəticəsi kimi regionlarda canlanma yaranmış, abadlıq-tikinti və quruculuq işləri geniş vüsət almışdır.

Qlobal maliyyə böhranının təsirinə ən az məruz qalan dövlətlər arasında yer alması Azərbaycanı 2009-cu ildə də dünyada ən sürətlə inkişaf edən ölkələr sırasına çıxarmışdır. Bu inkişaf nəticəsində ölkənin dövlət büdcəsi 12 milyard 355 milyon manata yüksəlmiş, hərbi xərclər ötən ildəkindən xeyli artıq olmuşdur. Azərbaycanda ümumi daxili məhsul istehsalı ötən ildə 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı 3,5 faiz artmış, inflyasiya 1,5 faiz olmuşdur.

Natiq bildirmişdir ki, respublikamızda, o cümlədən Zəngilan rayonunun həyatında sosial-mənəvi və siyasi məsələləri əks etdirən strateji bir sənəd olmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2009—2013-cü illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 14 aprel 2009-cu il tarixli fərmanı xüsusi əhəmiyyət kəsb etmişdir. Sözügedən fərmanın icrası ilə əlaqədar təsdiq edilmiş iş planına əsasən həyata keçirilən tədbirlər nəticəsində 2009-cu ildə məcbüri köçkünlərin 136 nəfəri yeni iş yerləri ilə təmin edilmişdir. Son üç ildə isə bu rəqəm 659 nəfərə çatmışdır. Belə ki, rayon icra hakimiyyətinin təşəbbüsü və yaxından köməkliyi ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşmiş idman təmayüllü internat məktəbinin, Nəsimi rayonundakı keçmiş tramvay-trolleybus parkının yataqxanalarında əsaslı təmir işləri aparılmış, Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində sıradan çıxmış elektrik transformatoru yenisi ilə əvəz olunmuşdur.

Pirşağı qəsəbəsində yerləşən Elmi-Tədqiqat və Əkinçilik İnstitutunun yardımçı binalarında məskunlaşmış 31 ailə üçün yeni evlər tikilib istifadəyə verilmiş, Nərimanov rayonundakı Keşlə yükvurma-yükboşaltma stansiyasının yardımçı binalarına, Sabunçu rayonunun Zabrat qəsəbəsində fəaliyyət göstərən 39 saylı mənzil-istismar sahəsinin 2 saylı yataqxanasına içməli su xətləri çəkilmiş, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Texniki Universitetinin yataqxanalarında və s. ərazilərdə işıq, su və kanalizasiya xəttləri əsaslı təmir olunmuş, şəkərli diabet xəstələri üçün dərman alınmasına vəsait ayrılmış, habelə ayrı-ayrı kütləvi məskunlaşma yerlərində yığılmış məişət tullantıları rayon kommunal müəssisələri kombinatının gücü ilə daşınmış, təmizlik və səliqə-səhman işləri görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin “2009—2015-ci illərdə əhalinin ərzaq məhsullarına etibarlı təminatına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 25 avqust 2008-ci il tarixli sərəncamında qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Öz vəzifələrini bu sərəncamın müddəaları baxımından hərtərəfli təhlil edən rayon icra hakimiyyəti fəaliyyətdə olan kənd təsərrüfatı müəssisələrinin rentabelli işləmələri üçün onlara mümkün olan bütün köməklikləri göstərmişdir.

Rayon icra hakimiyyəti əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə də məcburi köçkünlərin fərdi təsərrüfatlarının genişləndirilməsini və inkişaf etdirilməsini öz gündəlik fəaliyyətinin əsası hesab etməklə onlara lazımi köməkliklər göstərmişdir.

Natiq xatırlatmışdır ki, 1 yanvar 2010-cu ilə iri buynuzlu mal-qaranın sayı 478, qoyun-keçilərin sayı isə 3900 başa, ət istehsalı 39,8 ton, süd istehsalı 43,9 ton, yun istehsalı 4,8 ton, taxıl istehsalı 445 ton, yumurta istehsalı isə 311 min ədədə çatmışdır ki, bu da ötən ilə nisbətən artıqdır.

2009-cu ildə rayon suvarma sistemləri idarəsi Sabirabad rayonunda məskunlaşan məcburi köçkünlərimizə istifadə üçün ayrılmış əkin sahələrinin, o cümlədən həyətyanı sahələrinin suvarılmasına və digər işlərinə texniki xidmət göstərmişdir. Ərazidəki yeni qəsəbədə qurulmuş nasos stansiyasının gücü ilə 19 hektar həyətyanı və 137 hektar əkin sahələrində kompleks suvarma işləri aparılmış, məcburi köçkünlərin içməli və məişət sularına olan ehtiyacı ödənilmişdir.

Rayon icra hakimiyyəti məcburi köçkünlüyün yaratmış olduğu ciddi çətinlikləri, o cümlədən işsizliyin aradan qaldırılması üçün rayon məşğulluq mərkəzinin fəaliyyətini daim nəzarətdə saxlamış, dövlət məşğulluq siyasəti, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirmişdir. Rayon üzrə məşğulluq mərkəzində 138 nəfər qeydiyyata alınmış, onların 65 nəfəri işə düzəldilmiş, 11 nəfərinə isə işsizlik müavinəti verilmişdir. Sevindirici haldır ki, kompyuter kursuna göndərilən 32 nəfər gəncdən 17 nəfəri, 4-5 dekabr 2009-cu il tarixdə Bakı şəhərində keçirilən əmək yarmarkasında isə 28 nəfər göndəriş almaqla daimi işlə təmin edilmişdir.

Rayonun təhsil, səhiyyə, mədəniyyət və turizm şöbələri də 2009-cu ildə qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində müəyyən işlər görmüşlər. Ulu öndərimiz Heydər Əliyev tərəfindən təhsil sahəsində başlanmış ardıcıl islahatlar ölkə Prezidenti İlham Əliyevin səyi nəticəsində davam etdirilərək yeni mərhələyə qaldırılmış, “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında genişmiqyaslı işlər görülmüşdür.

Başçı çıxışında xatırlatmışdır ki, 2008—2009-cu dərs ilində rayonda 34 orta, 2 əsas, 1 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmiş, Azərbaycan Respublikası təhsil nazirinin 12 yanvar 2009-cu il tarixli 16 saylı əmri ilə məktəbdənkar müəssisənin 3-ü bir bazada birləşdirilmişdir. Başa çatan tədris ilində bu məktəblərdə 3960 şagird təhsilə cəlb edilmişdir ki, onların təlim-tərbiyəsi ilə 843 nəfər müəllim məşğul olmuşdur. 2009-cu ildə 361 nəfər məzun orta məktəbi bitirmək haqqında attestat almış, onlardan 143 nəfəri ali məktəblərə daxil olmuşdur. Məzunların 26 nəfəri 500-dən yuxarı bal toplamış, 18 saylı orta məktəbin məzunu Ucal Novruz oğlu Ağammədov isə 700 bal toplayaraq respublikada ən yüksək nəticə əldə etmişdir.

Məktəb tikintisi və məktəblərin təmiri məsələləri son illər rayon rəhbərliyinin daim diqqət mərkəzində olmuşdur. 2004-cü ildən başlamış əməli tədbirlərin nəticəsində rayon üzrə 7 orta məktəb, 19 sinif otağı tikilmiş və pedaqoji kollektivlərin istifadəsinə verilmişdir. Təkcə ötən tədris ili 13 saylı orta məktəb üçün altı, 23 saylı orta məktəb üçün isə sinif otağı daxili imkanlar hesabına inşa edilmişdir.

Əhaliyə səhiyyə xidmətinin səviyyəsi 2008-ci illə müqayisədə nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmış, təkcə 2009-cu ildə 6497 nəfərə ambulator xidmət göstərilmiş, şəhər poliklinikası fəaliyyəti dayandırdığına görə köçkünlərə tibbi xidmət işinin müəyyən hissəsi yerli səhiyyə müəssisələrinin köməkliyi ilə həyata keçirilmiş və profilaktik peyvəndlər aparılmışdır. Hesabat ili ərzində mərkəzi rayon xəstəxanası tərəfindən 120 nəfər şəkərli diabet xəstələri pulsuz dərmanlarla və tibbi aparatlarla təmin edilmişdir.

Başçı həmçinin qeyd etmişdir ki, 2008—2009-cu tədris ilində rayon mədəniyyət və turizm şöbəsinin rəhbərliyi altında fəaliyyət göstərən üç musiqi məktəbində 99 nəfər müəllim 413 nəfər şagirdə milli musiqimizin sirlərini öyrədir. Ötən tədris ilində bu məktəblərdə 4 ixtisas üzrə 61 şagird şəhadətnamə alaraq təhsilini başa vurmuşdur. Onlardan 4-ü Şuşa orta ixtisas musiqi məktəbinə, 3-ü Sumqayıt musiqi texnikumuna, 4-ü isə Azərbaycan Pedaqoji Universitetinin musiqi fakültəsinə daxil olmuşdur.

Natiq çıxışında göstərmişdir ki, gənclərin hərbi çağırışı ilə əlaqədar ölkə başçısının sərəncamları rayonda bir qayda olaraq yüksək səviyyədə həyata keçirilir. Hər növbəti çağırışın yekunlarına görə rayon respublika hərbi komissarlığının təşəkkür məktublarını almışdır ki, bu da rayon hərbi komissarlığının, yerli polis şöbəsi və ərazi icra nümayəndəlikləri ilə qarşılıqlı və səmərəli fəaliyyətin nəticəsidir.

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərini əməli fəaliyyət üçün rəhbər tutan rayon icra hakimiyyəti, onların qəbulu, ərizə və şikayətlərinin dinlənilməsi işinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görmüşdür.

2009-cu hesabat ilində vətəndaşlardan rayon icra hakimiyyətinə daxil olmuş 805 müraciətə həssaslıqla yanaşılmış, əhalini düşündürən və narahat edən problemlər mövcud imkanlar çərçivəsində baxılaraq qanuni həll edilmiş, görülmüş tədbirlərin nəticələri ilə bağlı vətəndaşlara vaxtında və yazılı məlumatlar verilmişdir.

Keçən hesabat ilində bu sahədə işlərin əsaslı surətdə yaxşılaşdırılması üçün əlavə tədbirlər müəyyənləşdirilmiş, rayonun idarə-müəssisə və təşkilatlarının, habelə ərazi icra nümayəndəliklərinin iştirakı ilə başçının səyyar qəbulların keçirilməsi təcrübəsindən səmərəli istifadə olunmuşdur. 2009-cu hesabat ili ərzində başçının 46 səyyar qəbulu keçirilmiş, burada 1604 vətəndaş dinlənilmişdir. Yaxşı haldır ki, səyyar qəbullarda ortaya çıxan problemlərin 70 faizi yerindəcə həll edilmiş, bununla da əhalinin bir sıra haqlı narazılıqları aradan qaldırılmışdır.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev, Milli Məclisin deputatı İmamverdi İsmayılov iştirak və çıxış etmişlər.

Sonda yığıncaq iştirakçıları tərəfindən ölkə Prezidenti İlham Əliyevə ünvanlanan müraciət oxunmuşdur.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 9 fevral.- S. 5.