Saatlı: sabaha boylanan Muğan torpağı...

 

2009-cu ildə rayonda sosial-iqtisadi inkişafın dinamikası saxlanmışdır

 

2009-cu ildə Saatlı rayonunda yerli əmək və təbii ehtiyatlardan, daxili imkanlardan, dövlətin ayırdığı maliyyə vəsaitlərindən səmərəli şəkildə istifadə etməklə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı ardıcıl və məqsədyönlü işlər həyata keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun da qeyd etdiyi kimi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonun inkişafı üçün müəyyən edilən işlərin yerinə yetirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsinə, iqtisadiyyatın dinamik inkişafına və sosial məsələlərin həllinə geniş imkanlar yaratmışdır.

 

Abadlıq, quruculuq və yaşıllaşdırma sahəsində geniş həcmli işlərin görülməsinə xüsusi diqqət ayrılmışdır. Saatlı şəhərinin Heydər Əliyev prospekti boyunca, eləcə də rayonun Bəylik kəndi ərazisindəki girişdən Varxan kəndinə qədər olan 25 kilometrlik məsafədə abadlıq, təmizlik və yaşıllaşdırma işləri davam etdirilmişdir. Varxan kəndi ərazisindən keçən magistral avtomobil yolunun kənarındakı gölməçə və çökək ərazilərə 4000 kubmetr torpaq daşınaraq yaşıllıq zolağının salınması üçün hazırlanmış və həmin ərazidə 560 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Bərbad vəziyyətdəki hasarlar sökülərək 1080 kvadratmetr yeni daş hasar çəkilmiş, 2600 kvadratmetri suvanılaraq rənglənmişdir.

Mustafabəyli kəndində magistral avtomobil yolunun kənarında yerləşən vətəndaşa məxsus 162 kvadratmetr yeni daş hasar tikilmiş, suvaq edilmiş və rənglənmişdir. Bəylik kəndi ərazisindəki rayona giriş abidə kompleksi təmir edilərək ətrafı abadlaşdırılmışdır.

Heydər Əliyev prospektində yerləşən “Şəhidlər Xiyabanı” parkında və qarşı tərəfdə olan sahədə yeni parkın salınması və “Azərbaycanlıların Soyqırımı” abidəsinin tikilməsi üçün ərazinin çökək hissələri torpaqla hamarlanmış, səki və yaşıllıq sahəsinin salınmasına başlanılmış, yeni səkilərə 800 kvadratmetr bəzək plitəsi düzülmüş və 600 poqonometr bardür qoyulmuşdur. İlin əvvəlindən ağac əkilməsi kompaniyası mütəşəkkil şəkildə keçirilmiş, əmək kollektivlərinin də iştirak etdiyi iməciliklərdə təkcə yaz mövsümündə 29500 ədəd, mövsümündə isə 40 min ədədə yaxın ağac əkilmiş, yeni parklara dekorativ ağaclar və gül kolları əkilmişdir.

Heydər Əliyev prospektinin ətrafında yerləşən beşmərtəbəli yaşayış massivində iki binanın yararsız olan dam örtüyü və su navalçaları yeni tikinti materialları ilə əvəz edilmiş, fasadları suvadılaraq rənglənmişdir. Həmin ərazidə yeni tikilmiş “İstirahət park”ında 720 kvadratmetr bəzək plitəsi, 1448 kvadratmetr mərmər döşənmiş, şəhərin küçə və daxili yollarının 9156 kvadratmetri çınqıl örtüklə təmir olunmuşdur. Ümumilikdə kəndarası, şəhərətrafı yollara, küçə və dalanlara 1000 kubmetrdən artıq qum-çınqıl tökülmüşdür.

M.Ə.Rəsulzadə küçəsində 172 metr uzunluğunda yeni səki çəkilmiş və yaşıllıq zolağının salınması üçün hazırlıq işləri aparılmışdır.

Heydər Əliyev prospektinin döngələrinə, C.Cabbarlı, M.Ə.Rəsulzadə, M.Əzizov, Şəhriyar, M.Şəfi, M.Kərimov, 20 Yanvar, Q.Qarayev, O.Rzayev, M.Əzizbəyov, Nəsimi, Cavanşir, Vidadi, M.P.Vaqif, S.Vurğun və Babək küçələrinə asfalt örtüyü vurulmuşdur. 59 saylı “Yol İstismarı” MMC tərəfindən ümumilikdə Saatlı rayonu ərazisində yolların tikintisi, saxlanması və orta təmir işləri görülmüşdür. Fətəlikənd-Azadkənd, Sarıcalar-Əbilkənd,Fətəlikənd-Şirinbəy, Saatlı-Məzrəli, Saatlı-Nərimankənd, Fətəlikənd-Xanlarkənd-Qarayevkənd istiqamətində çınqıl örtüklü yollar təmir edilmişdir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə uyğun olaraq yerli əhəmiyyətli avtomobil yollarının təmirinə və yenidən qurulmasına 484,1 min manat, şəhər küçələrinin asfaltlaşdırılmasına 300 min manat sərf olunmuşdur. Ümumiyyətlə, 2009-cu ildə Saatlı şəhərinin daxili meydan və küçələrində 56703 kvadratmetr təmir işləri yerinə yetirilmişdir ki, bu da 15 kilometr məsafənin asfalt-beton örtüklə təmiri deməkdir.

Azərbaycanın Milli Qəhrəmanı Elşən Hüseynovun Qıraqlı kənd qəbirstanlığında yerləşən büstü və qəbirüstü abidəsi yenidən abadlaşdırılaraq mərmər daşlarla düzəldilmiş, ətrafı məhəccərlə əhatə olunmuş, çardaq qurulmuşdur. Milli Qəhrəmanın mərkəzi xəstəxananın qarşısındakı büstü də yenidən təmir olunaraq ətrafında abadlıq işləri görülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə inşa olunmuş ikimərtəbəli, 16 mənzilli yeni yaşayış binasının mənzilləri güzəştli ailələrə paylanmış, 2-ci qrup Qarabağ müharibəsi əlili Əfqan Astanov üçün Mollavazlı kəndində fərdi yaşayış evi tikilmişdir.

Araz çayı üzərində 160 metr uzunluğunda metal konstruksiyalı dəmir yolu körpüsü yenidən qurulmuşdur. Respublikamızda ilk dəfə olaraq Saatlı rayonu ərazisində — Araz çayı üzərində “asma körpü” tikilib istifadəyə verilmişdir. Novruzlu və Yeni Novruzlu kəndlərini birləşdirən, uzunluğu 106 metr, avtomobillərin gedişi və piyadaların keçidi üçün ayrılmış yol nəzərə alınmaqla eni 6,5 metr olan körpünün açılışı bir neçə kəndin yol problemini həll etmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin Saatlı rayon şöbəsinin Heydər Əliyev prospektindəki inzibati binasında tamamlama işləri aparılır. Baytarlıq idarəsinin müasir avadanlıqlarla təchiz edilmiş yeni binası və diaqnostik kabinet tikilərək istifadəyə verilmişdir.

Son vaxtlar sahibkarlar və iş adamlarına yaradılan şərait rayon ərazisində yeni, müasir tipli xidmət obyektlərinin geniş həcmdə tikilməsinə əlavə imkanlar vermişdir. Hazırda Heydər Əliyev prospektində 3 mərtəbəli ticarət və ofis binası, M.P.Vaqif küçəsində yeni şadlıq sarayı, A.Abuzərov küçəsində çoxsaylı xidmət obyektləri və şadlıq sarayı olacaq xidmət mərkəzinin tikintisi davam etdirilir. Şəhər mərkəzindəki bazarda xidmətin səviyyəsini yüksəltmək üçün yenidənqurma işləri aparılır.

Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2009-cu ildə Saatlı rayonunda 9731 nəfər istehsalçıya 1909856 manat yanacaq və motor yağlarına görə pul yardımı verilmiş, 6040 nəfər buğda istehsalçısına 18114,54 hektar əkin sahəsi üçün 724581 manat pul yardımı alınması ilə əlaqədar müvafiq sənədlər respublika komissiyasına təqdim olunmuşdur."Aqrolizinq" ASC-nin Saatlı aqroservis filialı, “Saatlı-Pambıq”ASC, “CTS AQRO” MMC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına zəruri xidmətlər göstərilmişdir. Aqroservis xətti ilə 1571 ton azot, 1867 ton fosfor kübrəsi güzəştli şərtlərlə istehsalçılara satılmış, təsərrüfatlarda şum, mala işlərinə, taxıl və arpa biçininə sərfəli qiymətlərlə köməkliklər olunmuş, pambıq istehsalı və emalı müəssisələri tərəfindən təsərrüfatlara avans qaydada pul yardımları, kübrə, texnika və dərman preparatları ilə köməklik edilmiş, istehsal olunan məhsullar vaxtında və itkisiz tədarük olunmuşdur. Taxılçılıq sahəsində fəaliyyət göstərən toxumçuluq təsərrüfatlarından 26 fermerə dövlət vəsaiti hesabına 130 min manata yaxın subsidiya ödənilmişdir.

2009-cu ildə Mil-Muğan Meşə Meliorasiya, Suvarma Sistemləri və Meloservis idarələri tərəfindən rayonun əksər kəndlərində 751,33 kilometr müxtəlif ölçülü suvarma kanallarında və kollektor-drenaj şəbəkələrində 2057,51 min kubmetr lildən təmizləmə, təmir və bərpa işləri görülmüş, 168 hidrotexniki qurğu, 9 istehsalat binası, 30 ədəd hidropost, 20 kilometr kanal və 10 nasos stansiyası təmir edilmiş, 600 kubmetr yamacbərkitmə işləri yerinə yetirilmişdir.Ümumilikdə, göstərilən sahələr üzrə Dövlət Proqramına uyğun olaraq 2 milyon 812,8 min manatlıq meliorasiya-irriqasiya tədbirləri həyata keçirilmişdir. Rayon ərazisində 20 hektar sahədə meşə zolağı salınaraq 22 min ədəd ağac əkilmişdir.

Ötən dövr ərzində kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artmışdır. Əkilmiş 26377 hektar taxıl sahəsindən rayonun tarixində ilk dəfə olaraq rekord miqdarda -101562 ton məhsul əldə olunmuş və hər hektardan məhsuldarlıq 38,5 sentner təşkil etmişdir. Rayon üzrə 2009-cu ildə 3847 hektar pambıq əkilmiş və 7564 ton məhsul toplanmışdır ki, bu da respublikada istehsal olunan xam pambığın 24 faizi deməkdir.

2009-cu ildə heyvandarlıq məhsullarının istehsalında da artım müşahidə edilmişdir. Belə ki, ət istehsalı (diri çəkidə) 6034 ton, süd istehsalı 36524 ton, yumurta istehsalı 6628,0 min ədəd, yun istehsalı 149,9 ton olmuşdur. Əvvəlki illə müqayisədə 21 ton çox ət, 142 ton çox süd, 22 min ədəd çox yumurta, 0,3 ton çox yun istehsal olunmuşdur.

İl ərzində bitkiçilik məhsullarının istehsalı da yüksəlmişdir. Belə ki, 605 hektar sahədən 6041,6 ton kartof, 751 hektardan 6989,4 ton tərəvəz, 1899 hektardan 45035,6 ton bostan məhsulu, 594 hektar sahədən 3530,3 ton qarğıdalı, 119 hektardan 355,5 ton günəbaxan, 169 hektardan 694,6 ton paxlalılar, 275 hektar sahədən 12678 ton şəkər çuğunduru, 14372,6 hektar sahədən 79310,3 ton quru ot (yonca), 9524,5 ton müxtəlif meyvələr, 1975,5 ton üzüm məhsulları toplanmışdır.

2009-cu ilin sentyabr ayında iş adamının şəxsi vəsaiti və Sahibkarlığa Kömək Milli Fondunun krediti hesabına 2000 ton tutumu olan soyuducu anbar kompleksinin tikintisinə başlanmışdır. Bundan əlavə, Əlisoltanlı kəndində iplik fabrikinin tikintisində işlər davam etdirilir. Burada iş başlanandan 2010-cu ilin 1 yanvarınadək 15 milyon 700 min manatlıq iş görülmüş və cari ilin birinci yarısında fabrikin istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu istehsal müəssisəsi tam gücü ilə işə başladıqdan sonra 3 min ton məhsul buraxacağı və 300-dən çox yerinin açılacağı gözlənilir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə bir sıra işlərin görülməsinə imkan yaratmışdır. 2009-cu ilin əvvəlində Yeni Novruzlu kəndində 360 şagird yerlik məktəb binasının inşasına başlanılmış və 2009-cu ilin sentyabr ayında istifadəyə verilmiş, yeni inventar və avadanlıqlarla təmin edilmişdir. S.Vurğun adına 1 saylı orta məktəbdə və Qıraqlı kənd orta məktəbində müasir tələblər səviyyəsində əsaslı təmir işləri aparılmış və yeni inventar-avadanlıqlarla təchiz olunmuş, Qarayevkənd orta məktəbində 200 şagird yerlik 11 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Kamallı kəndində yeni 180 şagird yerlik məktəb binasının tikintisinə başlanılmışdır. Ümumiyyətlə, il ərzində Dövlət Proqramına uyğun olaraq təhsil müəssisələrinin maddi-texniki bazasını gücləndirmək üçün 2 milyon 145,5 min manat dəyərində iş icra edilmişdir.

Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərə qarşı ciddi profilaktik tədbirlərin aparılması, güzəştli xəstələrə və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin artırılması sahəsində tədbirlər 2009-cu ildə də davam etdirilmişdir. Dispanser qeydiyyatında olan 809 nəfər şəkərli diabet, 133 nəfər vərəm, 17 nəfər talassemiyalı xəstəyə tibbi xidmət göstərilmiş, güzəştli və stasionar xəstələrə ümumilikdə 274 min manat dəyərində pulsuz reseptlə dərman ləvazimatları buraxılmışdır. Yoluxucu xəstəliklərə, xüsusən də malyariya xəstəliyinə qarşı profilaktik tədbirlər artırılmış, uşaqların peyvənd olunmasına xüsusi diqqət ayrılaraq “Uşaq ili” çərçivəsində tibbi xidmətin keyfiyyəti yüksəldilmişdir. Uşaqlar üçün sağlamlıq kartlarının hazırlanması işi başa çatmaq üzrədir.

Son vaxtlar rayonda mədəniyyət müəssisələrinin fəaliyyətinin canlandırılmasına, yığılıb qalmış problemlərin həllinə diqqət artırılmışdır. Klubların, mədəniyyət evlərinin və kitabxanaların, digər mədəniyyət müəssisələrinin işində dönüş yaranmaqla əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi də yüksəlməkdədir.

2009-cu ildə Qara Nuru kəndində bankomat qurulmuşdur. Qaracalar kəndində və Saatlı şəhər mərkəzində yaxın günlərdə yeni bankomatların qurulması nəzərdə tutulmuşdur. Hazırda rayon əhalisinə 5 bankomat vasitəsilə xidmət göstərilir.

Əhalinin aztəminatlı təbəqəsinə, şəhid ailələrinə, Qarabağ, Çernobıl və Əfqanıstan əlillərinə, xəstə və imkansız vətəndaşlara, məcburi köçkünlərə, yerli büdcədən, başçının xüsusi hesabından və “Xeyriyyə” fondundan 182291 manat yardım edilmişdir.

 

2009-cu ildə Saatlıda 703 iş yeri açılmışdır

 

Saatlı Telekommunikasiya Qovşağı tərəfindən rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün 508,9 min manatlıq iş görülmüş, 1 mərkəzi və 16 kənd ATS-i elektron ATS-ə tam rekonstruksiya olunaraq rayon üzrə elektronlaşma işi başa çatdırılmışdır. 2009-cu ildə görülmüş işlər nəticəsində kənd elektron ATS-in sayı 16-dan 21-ə, telefon nömrələrinin sayı 2432 ədəd artırılaraq 8120 ədədə çatdırılmışdır. İl ərzində 315 nəfər abunəçiyə telefon çəkilmiş, əhaliyə 252,7 min manatlıq rabitə xidmətləri göstərilmişdir.Rayon mərkəzində istismara buraxılmış EATS-in şəhərlərarası və beynəlxalq çıxış üçün fibro-optik kabeli 60 kanal vasitəsilə verilərək telefon abunəçilərinin yüksək sürətli internet, faks, elektron poçt və digər xidmət növlərindən istifadə etmələrinə hərtərəfli şərait yaradılmışdır.

2009-cu ildə Saatlı şəhərində “Smart-Kart” tipli sayğacların qurulması ilə əlaqədar yenidənqurma işləri davam etdirilmişdir. Bu işlə əlaqədar şəhərdə 2754 ədəd dəmir-beton dayaq basdırılmış, 90,2 kilometr SİP kabel çəkilmişdir. Bundan başqa, əhalini və qeyri istehlakçı qrupları keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün şəhər ərazisində 13 ədəd yeni güc mərkəzi yaradılmışdır. Həmin güc mərkəzlərinə 10 kv-luq xətlərin çəkilməsi və istismara yararsız naqillərin dəyişdirilməsi zamanı 29,2 kilometr AS-35 markalı naqil və 1166 ədəd ŞS-10 tipli izolyatordan istifadə olunmuşdur. İlin sonuna qədər Saatlı şəhərində 3319 ədəd “Smart-Kart” tipli sayğac qurulmuşdur. Mollavazlı, Qıraqlı, Mustafabəyli və Bəylik kəndlərində də “Smart-Kart” tipli sayğacların quraşdırılmasına hazırlıq işləri görülür. 2009-cu ildə kənd yerlərində ümumilikdə 18 ədəd transformator əsaslı və 43 ədəd transformator cari təmir olunmuş, həmin transformatorlara 2,7 ton transformator yağı əlavə olunmuşdur. Bundan başqa, kəndlərdə 129 ədəd istismara yararsız dayaq və 11,5 kilometr naqil bərpa olunaraq yeni dəmir-beton dayaq və AS-35 markalı naqillə əvəz olunmuşdur. Dövlət Proqramına uyğun olaraq ötən il ərzində 1698,74 min manatlıq yenidənqurma və təmir işləri aparılmışdır.

Regionlar üzrə Qaz İstismarı İdarəsinin Saatlı qaz istismar sahəsinin strukturunun yenidən təşkili və bu sahəyə gündəlik nəzarət olunmaqla, daxili gəlir və imkanlar hesabına Saatlı şəhərinin Heydər Əliyev prospektində, Nəsimi, Vidadi, Babək, A.Abuzərov, M.F.Axundov küçələrində cari təmir işləri görülmüş, 560 abunəçinin məişət-qaz sayğacı küçə xəttinə çıxarılmış, “Azəriqaz” İstehsalat Birliyinin vəsaiti hesabına 162 ədəd qaz sayğacı, 3 ədəd qaz sayğacı isə abunəçilərin öz vəsaiti hesabına alınaraq quraşdırılmışdır. Bununla da, təbii qazdan istifadə edən abunəçilərin sayı 2633 nəfərə çatdırılmışdır. Şəhərin mərkəzindəki M.Əzizbəyov adına 2 saylı, C.Cabbarlı adına 3 saylı və V.Əsgərov adına 4 saylı orta məktəblərin qazanxanaları təbii qazla təmin olunmuş, Mollavazlı yaşayış məntəqəsi istiqamətindən Heydər Əliyev prospektindəki güzəştli ailələr üçün inşa edilmiş yaşayış binasını təbii qazla təmin edən diametri 59 millimetrlik daşıyıcı qaz kəməri dairəvi olaraq birləşdirilmişdir. Görülən işlər nəticəsində təbii qazın dəyərinin ödənilməsində son vaxtlar ciddi artım müşahidə olunmuşdur.

Rayonun həyatında diqqət cəlb edən məsələlərdən biri də bələdiyyələrin öz təşəbbüsü ilə, ərazidəki əhalinin mənafeyi nəzərə alınmaqla bir sıra bələdiyyələrin birləşməsi ilə əlaqədar keçirilən yığıncaqlar olmuşdur. Bu yığıncaqlarda əhali tərəfindən irəli sürülən təkliflər əsas götürülərək “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2009-cu ildə Saatlı rayonu üzrə 16 kənd bələdiyyəsinin birləşməsi haqqında bələdiyyələr müvafiq qərarlar qəbul etmişlər. Bununla da Bəylik və Yeni Novruzlu bələdiyyələrinin əhatə etdiyi Bəylik və Yeni Novruzlu kəndlərində Bəylik bələdiyyəsi, Cəfərxan və Əbil bələdiyyələrinin əhatə etdiyi Cəfərxan və Əbil kəndlərində Əbil bələdiyyəsi, Dədə Qorqud və Heydərabad bələdiyyələrinin əhatə etdiyi Dədə Qorqud və Heydərabad kəndlərində Dədə Qorqud bələdiyyəsi, Əlisoltanlı və Potubəyli bələdiyyələrinin əhatə etdiyi Əlisoltanlı və Potubəyli kəndlərində Əlisoltanlı bələdiyyəsi, Hacıqasımlı və Kamallı bələdiyyələrinin əhatə etdiyi Hacıqasımlı və Kamallı kəndlərində Kamallı-Hacıqasımlı bələdiyyəsi, Qaralar və Varxan bələdiyyələrinin əhatə etdiyi Qaralar və Varxan kəndlərində Varxan bələdiyyəsi, Məzrəli və Naharlı bələdiyyələrinin əhatə etdiyi Məzrəli və Naharlı kəndlərində Məzrəli bələdiyyəsi, Musalı və Nərimanov bələdiyyələrinin əhatə etdiyi Musalı və Nərimanov kəndlərində Nərimanov bələdiyyəsi yaradılmış, bununla da bələdiyyələrin sayı 36 olmuşdur.

Ötən ilin 23 dekabrında keçirilmiş bələdiyyə seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün norma və tələblərə riayət olunmuş, seçki öncəsi məntəqələr yeni tikilmiş və ya təmir olunmuş, zəruri şəraiti olan sosial obyektlərdə yerləşdirilmişdir. Bələdiyyə seçkilərində dairə seçki komissiyaları tərəfindən qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərə təşviqat dövründə bərabər şərait yaradılması təmin edilmiş, səsəvermə günü də daxil olmaqla seçki dövründə heç bir qanun pozuntusuna yol verilməmişdir. Seçkilər zamanı aşkarlıq təmin olunaraq rayon ərazisində olan 56 seçki məntəqəsinin hər birində müşahidəçilərin sərbəst fəaliyyəti üçün şərait yaradılmışdır. Bələdiyyə seçkilərində seçilmiş 324 nəfər bələdiyyə üzvünün 98 nəfərini qadınlar, 100 nəfərə yaxınını isə 30 yaşa qədər gənclər təşkil edir.

Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 2009-cu ilin yekunları ilə bağlı söhbət zamanı dedi:

— Mən sosial-iqtisadi inkişaf proqramına uyğun olaraq 2009-cu ildə Saatlı rayonunda görülmüş işlərdən, əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən, problemlərin həlli yollarından və qarşıda duran vəzifələrdən kifayət qədər çox danışa bilərəm. Dövlət başçısı cənab İlham Əliyevin bölgələrin hərtərəfli inkişafı ilə bağlı tapşırıq və göstərişlərinin icrası bizim hər birimizdən növbəti illərdə daha yüksək əzm və səylə işləməyi, üzərimizə düşən vəzifələri böyük məsuliyyətlə yerinə yetirməyi tələb edir. Biz elə işləməliyik ki, iqtisadiyyat dinamik inkişaf etsin, Saatlı daha abad və müasir görkəmi olan bir rayona çevrilsin, insanlarımızın rahat və firavan həyatı təmin edilsin. Möhtərəm Prezidentimiz İlham Əliyevi əmin etmək istəyirəm ki, biz gələcək fəaliyyətimizi məhz bu amalla qurmağa çalışacağıq.

... Zənnimcə, Saatlıya yolu düşən hər kəs buradakı yeniləşmənin — genişmiqyaslı abadlıq-quruculuq işlərinin, sosial-iqtisadi inkişafın şahidi ola bilər. Rayonda çox işlər görülüb və görülməkdədir. Bu da, əlbəttə, sabaha inamı artırır.

 

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 9 fevral.- S. 4.