Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin fəaliyyəti genişlənir

 

Son illər ölkəmizdə maddi-mənəvi dəyərlərimizin qorunmasına, tədqiqinə diqqət xeyli artırılmışdır. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və onun struktur bölmələrinin həyata keçirliyi davamlı tədbirlər milli mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan mədəniyyəti dünyaya sürətlə inteqrasiya olunur. Möhtərəm Prezidentimiz İlham Əliyevin mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, bu sahədə qəbul olunan dövlət proqramları mədəniyyətimizin gələcək inkişafına güclü stimul verir.

 

Söz yox ki, mədəniyyətin elmi nəzəri əsaslarının yaradılması, metodiki bazanın möhkəmləndirilməsi də bu sahənin inkişafına güclü təsir edən amillərdəndir. Bu mənada Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Mərkəz yarandığı vaxtdan mədəniyyətşünaslıq məsələlərinin öyrənilməsi, mədəniyyət müəssisələrinə metodiki yardımların təşkili istiqamətində məqsədyönlü iş aparır.

Ötən il isə mərkəzin fəaliyyətində əhəmiyyətli dövr olmaqla burada bir sıra mühüm tədbirlərin keçirilməsi ilə yadda qaldı.

Bütövlükdə mədəniyyyətimiz üçün uğurlu nailiyyətlər dövrü olan 2009-cu ildə mərkəzin fəaliyyətinin əsas istiqaməti milli mənəvi dəyərlərimizin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması yollarının araşdırılması ilə bağlı olmuşdur. Nazirliyin elə bir tədbiri olmur ki, mərkəzin bu tədbirin təşkilində müəyyən rolu və köməyi olmasın.

Burada hazırlanan elmi-tədqiqat işləri mədəniyyətşünaslığın mühüm problemləri ilə bağlıdır. Mövzular müxtəlif və rəngarəngdir. Onlardan bir neçəsini xatırlatmaq istərdim. “XX əsr Azərbaycan bədii mədəniyyətinin inkişaf xüsusiyyətləri”, “Tarixi abidələrin və memarlıq nümunələrinin funksiyası”, “Azərbaycan kinosunda simvolik milli qəhrəman obrazı”, “1960-2000-ci illərdə Azərbaycan teatrşünaslıq elminin inkişafı problemləri”, “Azərbaycan mədəni irsinin inkişafında orta əsrlərdə yaşayıb-yaratmış sənətkarların rolu”, “Müstəqillik dövründə mədəni irsin tədqiqi məsələləri” və s. Tədqiqini həyata keçirdiyimiz mövzular çoxdur və bu gün də elmi-tədqiqat işlərini uğurla davam etdiririk.

Metodiki tövsiyələr hazırlanması istiqamətində mərkəzdə ciddi iş aparılır. Uşaq müəssisələrində musiqinin tədrisi metodikası, təsviri sənətdə mənzərə janrının metodiki məsələləri, xalq teatrlarında repertuar seçimi, ekspozisiya işində elmi və estetik tələblər və s. məsələlərlə bağlı mövzularda tövsiyələr hazırlanmış və mədəniyyət müəssisələrinə göndərilmişdir.

Mərkəzin teatr bölməsinin müdiri Z.Axundova Qafqaz Universiteti dram dərnəyi üzvlərinin iştirakı ilə görkəmli Azərbaycan dramaturqu, xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesini tamaşaya hazırlamışdır. Belə qarşılıqlı əməkdaşlıq istedadların üzə çıxarılmasına, gənclərin sənətə marağının artırılmasına müsbət təsir göstərir.

Ölkədə teatr sənətinə olan marağı daha da artırmaq məqsədilə bir sıra tədbirlər keçirmişik. Mərkəzin əməkdaşları ötən ilin iyul ayından başlayaraq xüsusi “Teatr...Teatr..Teatr!” adlı sorğu keçirmişlər.

Kollektivimiz “Bakı İslam Mədəniyyətinin Paytaxtı—2009” layihəsi çərçivəsində keçirilən tədbirlərin hazırlanmasında yaxından iştirak etmişdir. Bu tədbirlər planına uyğun olaraq “Tarix-diyarşünaslıq muzeylərində islami dəyərlərin təbliği” və “Muzeydə ekspozisiya işi” mövzularında seminar keçirdik. Bu seminarda Mədəniyyət və Turizm Nazirliyindən, Qafqaz Müsəlmanları İdarəsindən, Milli Azərbaycan Tarixi Muzeyindən, Azərbaycan Milli Konservatoriyasından nümayəndələr iştirak etmişlər.

Bundan başqa, mərkəzin əməkdaşları “Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının əsərlərində İslami dəyərlər” mövzusunda respublikamızın şəhər və rayonlarında zona sərgiləri təşkil etmiş və yekun olaraq Muzey Mərkəzində bütün bölgələrin sənət nümunələrini əks etdirən geniş səpkili sərgi keçirilmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında” sərəncamına uyğun olaraq yaradılan Etnoqrafiya Muzeyinin mövzu ekspozisiya planı da bizim əməkdaşlar tərəfindən hazırlanmışdır.

Bununla yanaşı, ötən il əməkdaşlarımız incəsənət məktəbləri üçün bir sıra fənlər üzrə tədris proqramları tərtib etmişlər.

Bizim mərkəzdə musiqi fənləri üzrə hazırlanan dərsliklər və dərs vəsaitləri müzakirə olunur və onlara rəy verilir. Məsələn, Azər Dadaşovun “Fortepiano əsərləri”, “Xor sinfi üçün tədris vəsaiti” dərslik və dərs vəsaiti belə nəşrlərdəndir.

Mədəniyyətimizin müxtəlif aktual problemlərini əhatə edən mövzular üzrə seminarlar təşkil edirik ki, burada da mütəxəssislər öz fikirlərini bildirir, müzakirələr aparırıq.

Ötən il həmçinin respublika uşaq musiqi və incəsənət məktəblərinin “Salnamə”sini hazırlayıb Təhsil Nazirliyinə təqdim etmişik.

Bu gün Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə milli mədəniyyətimizin müxtəlif sahələri üzrə aktual mövzularda tədqiqatlar aparılır, mədəniyyət müəssisələrinin normal işinin təşkili üçün onlara metodiki yardımlar göstərilir.

 

 

Vilayət İSMAYILOV,

Mədəniyyətşünaslıq üzrə

Elmi-Metodiki Mərkəzin direktoru

 

Xalq qəzeti.- 2010.- 9 fevral.- S. 7.