Olimpiya çempionu Zemfira Meftahətdinovaya həsr
olunmuş filmin təqdimatı oldu
Milli Olimpiya Komitəsində (MOK) stend
atıcılığı üzrə XXVII Sidney Yay Olimpiya
Oyunlarının çempionu Zemfira Meftahətdinovaya həsr
olunmuş “Qızıl Sidney” filminin təqdimat mərasimi
keçirilmişdir. Təqdimat mərasimində MOK-un
vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər
İsayev, gənclər və idman nazirinin müavini
İsmayıl İsmayılov, Prezident Administrasiyasının
humanitar siyasət məsələləri şöbəsinin
sektor müdiri Ramiz Muxtarov, nazirliyin rəsmiləri, müxtəlif
federasiyaların və idman ictimaiyyətinin nümayəndələri
iştirak etmişlər.
Tədbiri giriş
sözü ilə açan Çingiz Hüseynzadə
bildirmişdir ki, bu film MOK-un sifarişi ilə çəkilən
ikinci filmdir. İlk film MDB yığmasının tərkibində
Azərbaycana qızıl medal qazandırmış
cüdoçu Nazim Hüseynova həsr olunmuşdur.
“Qızıl Sidney”
filmində idmançının keçirdiyi məşqlərdən,
yarışlardan, həyatı ilə bağlı maraqlı məqamlar
əks olunmuşdur. Stend atıcılığı üzrə
Azərbaycan milli komandasının baş məşqçisi
Hafiz Cəfərovun Zemfira Meftahətdinova haqqında
maraqlı açıqlamaları da bu ekran əsərində
səslənmişdir.
Həmçinin təqdimat
mərasimi zamanı Azərbaycanın Ədalətli Oyunlar Hərəkatında
fəal iştirak edənlərin müxtəlif nominasiyalar
üzrə mükafatlandırılması keçirilmişdir.
Gənclər və
idman naziri Azad Rəhimov “Ən ədalətli idman
işçisi” adına layiq görülmüşdür. “Ən
ədalətli mətbuat işçisi” nominasiyasının
qalibi “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev
seçilmişdir. “Ən ədalətli məşqçi”
voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi
Faiq Qarayev, “Ən ədalətli hakim” - Pekin Olimpiya
Oyunlarının güləş üzrə hakimi Hicran Şərifov
təltif olunmuşdur. “Ən ədalətli idmançı”
nominasiyasının qalibi isə 1 səs fərqi ilə
cüdoçu Elmar Qasımov yunan-Roma güləşçisi
Fərid Mansurovdan üstün olmuşdur.
Daha sonra Bakıda Avropa Ədalətli
Oyunlar Hərəkatının 15-ci konqresinə həsr
olunmuş karikatura müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar. Müsabiqənin qalibi
adına Hafiz Yəhyayev layiq görülmüşdür.
İkinci yeri Leyla İbrahimova, üçüncü yeri isə
Günay Qasımxanlı tutmuşdur. Karikatura müsabiqəsinin
qalibləri fəxri diplom və pul mükafatları ilə təltif
olunmuşlar.
Xalq qəzeti.-2010.- 10 fevral.- S. 8.