Qədim türk yurdunun daş yaddaşı

 

Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb torpaqlarımızı işğal edən erməni şovunistləri öz əməllərinə haqq qazandırmaq, təcavüzkarlıq planlarını tarixi nöqteyi-nəzərdən əsaslandırmaq və ictimai fikri çaşdırmaq məqsədilə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) ərazisində mövcüd olan bütün tarixi və mədəni abidələrin, Qafqaz Albaniyası aid bütün kilsə, məbəd və monastrları erməni abidələri elan edirlər.

 

Qafqaz Albaniyası dövlətinin ərazisi, çoxsaylı tarixi mənbələrin məlumatına görə, eramızın əvvəllərindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından Şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən, Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə etmişdir.

Bu yerlərdə qədim zamanlarda maldarlıq, əkinçilik və sənətkarlıqla məşğul olan müxtəlif dilli tayfalar yaşamışlar. Bunlar içərisində saklar, qarqarlar, kanqarlar, hunlar, şamaklar, türklər, muğlar, icmaxilər, suranlar, şirvanlar və digər türkdilli tayfalar üstünlük təşkil etmişlər. Eramızdan əvvəl V əsrdə yaşamış antik müəllif Herodot yazır ki, skiflər - türkdilli tayfalar midiyalılarla müharibədə qələbə çaldıqdan sonra Qafqaz ərazisində dövlət yaratmışlar. Skif çarlığı kimi tanınan bu dövlətin qədim Albaniya dövləti olduğu güman edilir.

Tarixin atası Herodot (e.ə. V əsr), Miletli Qekatey (e.ə. VI-V əsr), Dionisiy Perieqet (e.ə. II əsr), K.Ptolomey (II əsr) və digər müəlliflərin əsərləri Qafqazın türk etnosunun vətəni olduğunu təkzibedilməz şəkildə sübut edir.

Qafqaz Albaniyasının tayfa ittifaqları başçılarının və çarlarının bir çoxunun adları türk mənşəli olmuşdur: Aran, Aray, Ərbaq, Baştaq, Əmbək, Ərnək, Həraq, Nuray, Dalak, Huray, Hiyran, Əncaq, Borc, Ərbun, Bəzək, Yusaq, Qaynaq, Sqayordu, Körnəg, Vaçıağan, Uray, Urnair, Satay, Asay, Varaz, Cavanşir, Şiroy (Şiruyyə). Respublikamızdakı arxeoloji tapıntılar, xüsusilə arxeoloqlar R.Vahidovun, F.Osmanovun, A.Nuriyevin və T.Əliyevin aşkar etdikləri qədim kitabələr sübut edir ki, bu ərazidə qədim türk yazıları gürcü, erməni və alban yazılarından xeyli əvvəl mövcud olmuşdur. Bu əlifbaların hər üçü, xüsusilə, alban əlifbası qədim türk əlifbası əsasında tərtib edilmişdir.

Eramızın əvvəllərində Qərbi Azərbaycanın bir çox bölgələri Albaniyanın sak tayfalarının adları ilə bağlı Arsak və Sisakan Sünik vilayətlərinin ərazisində olmuşdur. Bu isə təsadüfi deyil, çünki məlum olduğu kimi, hələ eramızdan xeyli əvvəl Qafqaz dağlarından cənubda türk dilli sak tayfaları yaşamışlar. Qafqaz Albaniyasının ərazisində sakların adları ilə bağlı Sakasena, Balasakan, Sisakan, Saki, Arsak və bir sıra digər yer adları mövcud olmuşdur. Eramızın birinci əsrində yaşamış antik müəllif Strabon “Coğrafiya” əsərində bu faktı təsdiq edərək yazır: “Saklar da kimmerlər və trerlər kimi yürüşlər edib ən yaxşı torpaqlarda məskunlaşmışlar və bu ərazilərə öz adlarını qoymuşlar, məsələn - Sakasena”.

Strabonun gözəl, ucaboy, ürəyiaçıq və səxavətli insanlar kimi xarakterizə etdiyi albanlar özlərini “ağuanlar”, yaşadıqları ölkəni isə “Ağuvan” adlandırmışlar. Qədim Roma və yunan mənbələrində isə dövlətin adı “Albaniya” şəklində yazılmış, tarixə elə bu adla da daxil olmuşdur. Zaqafqaziyanın ərəblər tərəfindən işğalı dövründə, VIII əsrin əvvəllərində bu dövlət dağılmışdır. Albaniyanın həqiqi tarixinin və abidələrinin öyrənilməsi sahəsində son vaxtlar Milli tədqiqatçı alimlərimiz tərəfindən müəyyən işlər görülmüşdür. Qərbi Azərbaycan ərazisində hələ xristianlıqdan xeyli əvvəl müxtəlif alban məbədləri mövcud olmuşdur.

Eramızdan əvvəl I əsrin sonları, eramızın I əsrinin əvvəllərində yaşamış antik müəllif Strabon Albaniyada yaşayan tayfaların dini etiqadlarından bəhs edərək yazır ki, onlar Günəş, Atəş və Ay ilahələrinə sitayiş ediblər. Xüsusi etiqad etdikləri Ay ilahəsinin müqəddəs məbədi İberiya yaxınlığında yerləşir. Ölkədə Günəş, Ay və bütpərəstlik məbədləri ilə yanaşı, çoxlu sayda atəşpərəstlik məbədləri də mövcud olmuşdur.

Eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış xristianlıq dini imperiya ilə əlaqələri olan Zaqafqaziyaya da yayılmağa başlamışdır. Alban tarixçisi Moisey Kalankatuklunun “Aqvan tarixi” əsərində Qafqaz Albaniyasında xristianlıq dininin yayılması, müxtəlif kilsə və məbədlərin tikilməsi barədə qiymətli məlumatlar vardır. Tarixi mənbələrdə Alban kilsəsi apostol kilsəsi adlandırılır. Çünki xristianlığı Albaniyaya eramızın 54-57-ci illərində apostol müqədəs Yelisey gətirib. Təqribən üç əsr sonra parfiyalı missioner müqəddəs Qriqorisin fəaliyyəti nəticəsində ermənilər bütpərəstlikdən əl çəkib xristianlığı qəbul etmişlər.

1130-cu ildə Gəncə şəhərində anadan olmuş, 1184-cü ildən ömrünün sonunadək Xaçın knyazlarının yanında xidmət etmiş alban salnaməçisi Mxitar Qoş özünün məşhur “Alban salnaməsi” əsərində bu tarixi faktı bir daha təsdiq edərək yazır: “...müqəddəs Yeliseydən müqəddəs Qriqorisə qədər 300 il keçmişdir”.

Albaniya çarı III Vaçaqanın, ölkənin görkəmli din və dövlət xadimlərinin iştirakı ilə keçirilmiş Alban kilsəsinin 488-ci il Aquen məclisindən sonra xristian memarlığı üslubunda məbədlərin inşası geniş vüsət almışdı. III Vaçaqanın (487-510-cu illər) hakimiyyəti dövründə Albaniyada 300-dən çox kilsə və məbəd tikilmişdir. VII əsrin ortalarına yaxın ölkədə ixtiyarlarında kənd və torpaq sahələri olan 30-dan artıq monastr olmuşdur. Qərbi Azərbaycan ərazisində Albaniya çarları tərəfindən xristian məbədləri və monastrların tikilməsi barədə “Alban tarixi” əsərində məlumatlar vardır. Alban xristian məbədlərinin bir qismi hal-hazırda mövcuddur. Lakin ermənilər tərəfindən müxtəlif dövrlərdə bu abidələrin kitabələri pozulmuş və məbədlərin ermənilərə aid olduğunu göstərən saxta kitabələrlə əvəz olunmuşdur.

Qərbi Azərbaycan ərazisindəki aşağıdakı alban xristian məbədlərini buna misal göstərmək olar:

Zəngəzurda Tatev monastr kompleksi (IX-XII əsrlər); İcevanda Ağarçin monastr kompleksi (IX-XII əsrlər); İcevanda Kecəris monastr kompleksi (XI əsr); Karkor məbədi (X əsr); Qoşavənd kilsəsi (XIII əsr) və s.

Şaqakat məbədi, Üçkilsə (1945-ci ildən-Eçmiədzin) rayonunda Üçkilsə məbədindən şimal-şərqdə, Üçkilsə və Müqəddəs Ripsime məbədlərinin arasında yerləşir. V əsrə aiddir. Masdərə məbədi – Talın rayonunun Masdərə (1965-ci ildən Dalarik) kəndində, Masdərə çayının kənarında yerləşir V-VII əsrlərə aiddir. Günbəzli məbəddir. Öz adını Masdərə kəndindən almışdır. Aşelişad-Xorvirab məbədi. – Vedibasar mahalının aran hissəsində, Araz çayı sahilində yerləşir. V əsrə aiddir. Avan məbədi – Qırxbulaq mahalında, Ellər (1961-ci ildən-Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üstündə yerləşir. VI əsrdə tikilmişdir. Uzunlar məbədi - Allahverdi (1969-cu ildən-Tumanyan) rayonunun Uzunlar (1968-ci ildən-Odzun) kəndində yerləşir. VI əsrdə inşa edilmişdir. Yağaverdi məbədi-Əştərək rayonunun Yağaverdi kəndində yerləşir. VI-VII əsrlərə aiddir. Putqun məbədi – Qırxbulaq mahalında, Ellər (1961-ci ildən-Abovyan) rayonunun Putqun kəndində yerləşir. VI əsrin sonları-VII əsrin əvvəllərinə aiddir. Üçkilsə məbədi (1945-ci ildən - Eçmiədzin) ərazisində yerləşir. V əsrə aiddir. Müqəddəs Ripsime məbədi, Üçkilsə (12.03.1945-ci ildən-Eçmiədzin) rayonu ərazisində, Üçkilsə məbədindən təxminən 1 km şərqdə yerləşir. V əsrə aiddir.

“Alban tarixi” salnaməsinin müəllifi Moisey Kaqankatuklunun, salnaməçi Mxitar Qoşun və digər çoxsaylı tarixi mənbələrin məlumatlarına görə XIII əsrdə Yuxarı Xaçın alban knyazı, Arsax hakimi Həsən Calal Dövlə, onun anası, gəlini Arzu xatun, oğlu Baxram və knyaz Həsənin nəslindən olan digər knyazlar Qərbi Azərbaycan ərazisində xeyli xristian məbədləri tikdirmiş və təmir etdirmişlər. Alban xristian kilsəsi 1836-cı ildə Rusiya dini işlər idarəsinin qərarı ilə ləğv olunana qədər xristian kilsə və məbədlərin inşası işini davam etdirmişdir.

Alban katalikosluğunun taxtı IV-V əsrlərdə Dərbənddə Çola monastrında, VI-VII əsrlərdə Bərdə monastrında, VIII-IX əsrlərdə Ağdərə rayonunda müqəddəs Yelisey monastrında, X-XV əsrlərdə Kəlbəcər rayonunda Xudavəng monastrında, XV-XIX əsrlərdə Gəncəsər monastrında yerləşmişdir.

VII əsrin ortalarında Qafqaz Albaniyası ərəblər tərəfindən işğal edildikdən sonra Qafqaz Albaniyası ərazisində əhalinin bir hissəsinin islamlaşması, dağlıq hissəsində isə xristian dinli əhalinin erməniləşdirilməsi kimi mürəkkəb etnik proses uzun müddət davam etmiş və alban tayfalarının birləşib vahid xalq halında formalaşmasına mane olmuşdur.

Bizans kilsəsi ilə əməkdaşlıq edən Alban kilsəsinə zərbə vurmaq məqsədilə VII əsrin əvvəllərində Mərvan ibn Məhəmmədin başçılığı ilə ərəb qoşunları Albaniyaya yürüş etdi. 701-ci ildə Xilafətin cəza dəstələri tərəfindən mühasirəyə alınmış Bərdə şəhərində Nerses Bakur və alban çarı Varaz Tiridatın arvadı çariça Sparama mühakimə edilib, işgəncə ilə öldürüldü. Təcili çağırılmış Kilsə qurultayında bütün alban yepiskoplarına erməni kilsəsi ilə ittifaq haqqında saziş imzalatdırıldı. Faktiki olaraq Alban kilsəsi Xilafətlə əməkdaşlıq edən erməni kilsəsinə tabe edildi. Lakin çox tezliklə Alban kilsəsi öz müstəqilliyini bərpa edə bildi. Qədim erməni dili rəsmi kilsə dili olduğundan alban tayfalarının dillərində olan, alban əlifbası ilə yazılmış dini kitablar, salnamələr, epiqrafik yazılar məhv edilmişdi. 705-ci ildə Mərvan ibn Məhəmmədin hücumundan sonra alban çarı Şero hakimiyyətdən salınmış, Qərbi Azərbaycan əraziləri Xilafətin bir əyalətinə çevrilmişdi. Xilafətin əyalət üzrə canişininin qərərgahı Bərdə şəhərində yerləşmişdi.

 

 

(davamı gələn sayımızda)

 

Vaqif ƏSƏDOV,

Azərbaycan Tarix və Mədəniyyət

Abidələrini Mühafizə Cəmiyyəti sədrinin müavini

 

Xalq qəzeti.- 2010.- 10 fevral.- S. 7.