Azərbaycanın miqrasiya siyasəti
milli təhlükəsizlik və sosial-iqtisadi inkişaf məqsədləri
kontekstində
Tarixən mövcud olan miqrasiya prosesi
çağdaş dövrdə daha çox aktuallıq kəsb
etməkdə və qlobal sosial proseslərə ciddi nüfuz
etməkdədir. Beynəlxalq münasibətlər sistemində
miqrasiya prosesi və etnik yerdəyişmələr ən
problemli, həssas məsələ kimi gündəmdədir. Bu
proses ölkədaxili miqrasiya, bir ölkədən başqa
ölkəyə miqrasiya, insan alveri, leqal və qeyri-leqal
miqrasiya, etnik münaqişələr, sərhədlərin dəyişməsi,
məcburi köçkün və qaçqınlar,
qaçqın statusu almaq niyyətində olan və
sığınacaq axtaran şəxslər, zəka
axını, əməkçi miqrantlar, tranzit miqrantlar,
miqrasiya prosesinin dövlətlərarası əlaqələrə
təsiri və digər proseslər formalarında təzahür
etməklə hər bir dövlətin xarici və daxili siyasətində
önəmli yerlərdən birini tutur.
Belə ki, yaşadığımız iyirmi birinci yüzillikdə qloballaşan dünyaya inteqrasiya edən sivil dövlətin xarici və daxili siyasət kursunda bir sra strateji məqamlarla yanaşı miqrasiya proseslərinin beynəlxalq hüquq normalarına uyğun idarə olunması və demoqrafik vəziyyətin daim nəzarətdə saxlanılması vacib şərtdir. Bu baxımdan bu yazıda Azərbaycanla bağlı miqrasiya məsələlərinə nəzər salmağı məqsədəuyğun hesab etdik.
Miqrasiya insanların fərdi və ya kütləvi şəkildə bir coğrafiyadan digər coğrafi məkana köç etməsi, orada məskunlaşması, işləməsi mənasını verən beynəlxalq termindir. Hər dövlətin bu prosesi milli maraqlar, miqrasiya qanunları ilə tənzimləməsi son dərəcə vacib məsələdir. Bu bəşəri prosesin genişlənməsinin əsasında müxtəlif səbəblər durur. Səbəblər isə sosial-iqtisadi, mədəni-siyasi, etnik-dini məqamlarla bağlı məcburi və ya könüllü xarakterlidir. Məsələn, etnik miqrasiyanı məcburi prosesə aid etmək olar, ona görə ki, bu amil özünü insanların etnik mənsubiyyətinə görə prosesə məcburi qatılmasında göstərir. Etnik mühacirət hallarında məcburi qoşulmanın təşkilatçısı - icraçısı rolunda başqa etnosun nümayəndələri və həmin ölkədə dövlət hakimiyyətinin daşıyıcıları çıxış edirlər. Misal olaraq ən yeni tarixdə azərbaycanlıların öz ata-baba yurdu, etnik-torpaqları olan Qərbi Azərbaycan ərazisindən (indiki Ermənistan) deportasiya olunmasını göstərmək olar. Və yaxud iyirminci əsrin sonlarında dünyanın geosiyasi xəritəsinin konturlarının yenilənməsi, Sovet İttifaqı, sosialist siteminin dağılması, bu məkanda yaranmış siyasi, sosial-iqtisadi tənəzzül, milli münaqişələrin genişlənməsi bir sıra keçmiş Sovet respublikalarında olduğu kimi, Gürcüstanda da ciddi siyasi, sosial, etnik problemlər yaratmış, milli azlıqların sosial-siyasi həyat şəraitinə mənfi təsir göstərmiş və orada yaşayan minlərlə azərbaycanlının Azərbaycan Respublikasına köçməsinə səbəb olmuşdur. Bununla yanaşı, 1989-cu ildə Orta Asiyada baş vermiş milli münaqişə zəminində didərgin düşmüş Axısxa türkləri də Azərbaycanda qaçqın kimi məskunlaşmışlar. Daha sonra Ermənistanın ölkəmizə təcavüzü nəticəsində məcburi daxili miqrasiya baş verdi və 800 mindən çox soydaşımız öz yurd-yuvasından didərgin düşdü. Bu məcburi daxili miqrasiya nəticəsində Azərbaycan dünyanın ən çox qaçqın və məcburi köçkün olan ölkəsinə çevrildi.
Bütün bunlar göstərir ki, Azərbaycan Sovet İttifaqının dağılması prosesində üzləşdiyi daxili və xarici təlatümlərə məruz qaldığı çətin bir şəraitdə külli miqdarda soydaşımızı miqrant statusu ilə qəbul etməyə və yerləşdirməyə məcbur olmuşdur.
O cümlədən, ölkənin müstəqilliyinin ilk illərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin törətdiyi fəsadlar nəticəsində minlərlə insan, istər azərbaycanlı, istərsə də digər millətlərin nümayəndələri, yəhudi, rus, ukraynalı və başqaları ölkəni tərk etməyə məcbur olmuşdur. Bunu da xarici miqrasiyanın məcburi xarakterli emiqrasiya formasına şamil etmək olar. Bundan başqa iqtisadi miqrasiyanı qeyd etmək olar. İqtisadi miqrasiya könüllü xarakter daşıya bilər. Belə ki, şəxsi maraq zəminində güzəranını yaxşılaşdırmaq üçün digər ölkəyə üz tutmaq, əmək miqrasiyası etmək nəzərdə tutulur. Bu tendensiya müvəqqəti və ya daimi ola bilər. Ümumiyyətlə, miqrasiyanı daha çox iqtisadi amilə bağlayırlar. Ona görə də çox vaxt bu faktor xarici iqtisadi əlaqələrin bir hissəsi hesab olunur.
Beynəlxalq aləmdə miqrasiyanın düzgün yönəldilməsində Amerika modeli özünü təcrübədə təsdiq etmişdir. Burada diqqətdən qaçırmaq lazım deyil ki, Amerika dövlətinin formalaşması və inkişafında bir nömrəli amil miqrant axınından səmərəli istifadə etmək olmuşdur. Amerikaya köç edənlər müxtəlif mənşəli insanlardan ibarətdir. Amma buna baxmayaraq, dövlətin düşünülmüş strategiyası milli, dini və ictimai mənşəyindən asılı olmayaraq hər kəsə lazımi və optimal yanaşma tətbiq edə bilmişdir. Eyni zamanda ABŞ-da miqrantların malik olduğu potensialdan dövlətin həm demokratik imicinin göstərilməsi, həm daxili tərəqqidə, həm də xarici siyasətdə istifadə edilməyə başlanılmışdır. Bir sözlə, demokratiya qaynağı kimi tanınan, hüquqi, sivil vətəndaş cəmiyyəti sahəsində və iqtisadi, siyasi uğurlara imza atan ABŞ-ın siyasətinin əsasında miqrantlarla bağlı məqam çox önəm kəsb edir.
Bu gün miqrant axını nəticəsində formalaşan bir neçə beynəlxalq əmək bazarı formalaşmışdır. Bura Yaxın Şərqin neft istehsal edən ölkələrini də aid etmək olar. Məhz burada çalışan fəhlələrin əksər hissəsi ərəb ölkələri, Pakistan, Hindistan, Koreya və Banqaladeşdən gələnlərdir. İkinci beynəlxalq əmək bazarı Qərbi Avropadadır. Burada xarici işçi qüvvəsindən daimi əsaslar üzrə istifadə edilir. Bu işdə Avopa Birliyi əsas rol oynayır. Birliyə daxil olan dövlətlər arasında bir dövlətdən digər dövlətə iş qüvvəsi axınına zidd olan maneələr aradan qaldırılmışdır. Əmək ehtiyatlarından səmərəli istifadə, oraya daxil olan dövlətlərin iqtisadi inkişafına şərait yaradır, eyni zamanda, beynəlxalq münasibətlərin koordinasiyasını formalaşdırmağa kömək edir.
Üçünçü beynəlxalq əmək bazarı ABŞ-dadır. Yuxarıda qeyd edildiyi kimi, bu dövlət beynəlxalq miqrasiyadan çox fayda götürmüşdür. Mövcud şəraitin olması, əmək ehtiyatlarının formalaşmaması, əlverişli iş mühiti buraya miqrantları cəlb etmişdir. Münbit torpaqların çoxluğu buraya miqrasiya etmiş adamların təkcə sənaye müəssisələrində deyil, kənd təsərrüfatı ilə məşğul olmasına, boş torpaqlarda fermer təsərrüfatları yaratmasına səbəb olmuşdur. Nəticədə işçi qüvvəsinə tələb təklifdən çox olmuşdur. Belə bir tələbat şəraitində super dövlətin düşünülmüş strategiyası – miqrant potensialının düzgün istiqamətə yönəldilməsi ABŞ-ın bugünkü səviyyəyə çatmasına imkan vermişdir.
Bu gün miqrasiyanın önəmi, iqtisadi səmərəlisi dünya və beynəlxalq təşkilatlar səviyyəsində də dərk edilir. Bu prosesi bəşəri inkişaf istiqamətində yönəltmək və beynəlxalq münasibətlər çərçivəsində nizamlamaq üçün 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının nəzdində Beynəlxalq Əmək Təşkilatı yaradılmışdır. Həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının Konstitusiyası (1953-cü il) (Azərbaycanda sənədə qoşulma haqqında Azərbaycan Respublikasının 33-İİQ saylı 8 dekabr 2000-ci il tarixli qanunu var), Beynəlxalq Əmək Təşkilatının İcbari əməyin ləğv edilməsi haqqında Konvensiyası (25 iyun 1957-ci il) (qoşulma haqqında Azərbaycan Respublikasının 847- İQ saylı 24 mart 2000-ci il tarixli qanunu var) qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 18 dekabr 1990-cı ildə qəbul etdiyi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın qəbul edilmə tarixi (4 dekabr 2000-ci il) Baş Assambleya tərəfindən Beynəlxalq Miqrant Günü elan edilmişdir. Elə həmin vaxtdan etibarən 18 dekabr dünyanın bir çox ölkələrində həm dövlət orqanları, həm də qeyri-hökumət təşkilatları tərəfindən Beynəlxalq Miqrant Günü kimi qeyd edilir. “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiya Milli Məclisdə ratifikasiya olunmuşdur.
Xüsusilə qeyd etmək lazımdır ki, hazırda Azərbaycan dövləti BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam və vaxtında əməl edir. O cümlədən, dövlətimiz BMT-nin Miqrasiya Təşkilatı ilə mütəmadi əməkdaşlıq edərək qoşulduğu Konvensiyanı yerinə yetirmək, həmçinin miqrasiya məsələsinə qlobal miqyasda yanaşmağı özünə prioritet seçmişdir. Qeyd etmək lazımdır ki, 15 yanvar 2000-ci ildə ümummilli lider Heydər Əliyevin “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalaması da miqrasiya məsələlərinin, xüsusən də əmək miqrasiyasının beynəlxalq normalara uyğun qanunla tənzimlənməsi baxımından xüsüsi önəm kəsb edir.
Ümumiyyətlə isə Azərbaycan emiqrasiyasının tarixi xüsusiyyətləri ilə tanış olmaq üçün müəyyən göstəriciləri nəzərdən keçirmək lazımdır. Belə ki, bu prosesi bir neçə yerə bölmək olar:
Birinci dövr – 1920-1923-cü illəri əhatə edir (inqilabdan sonrakı köç). Bu dövrdə Türkiyə, Fransa, Almaniya və başqa ölkələrə yüzlərlə insan emiqrasiya edib. Bura ziyalılar, elm adamları, dövlət xadimləri, siyasi xadimlər eyni zamanda əhalinin “orta təbəqəsi” nin nümayəndələri daxil idi. İkinci dövr – 1937-1945 -ci illər repressiya və İkinci dünya müharibəsi dövrünə aiddir. Bu dövr köç edən insanlar arasında mədəniyyət, incəsənət xadimləri, başqa bir çox tanınmış şair, yazıçı, musiqiçi, rəssam və alimlər var idi. Onların sıralarında hərbi əsirlər, keçmiş polislər və alman işğalçılarının könüllü köməkçiləri – bir sözlə, əksər sosial təbəqələrin nümayəndələri var idi. Üçünçü dövr – 1968-1985-ci illər durğunluq və yenidənqurma dövrünü əhatə edir. Bu, çoxtərəfli və həddindən artıq diqqətdə olan dövrdür, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi vaxta təsadüf edir.
Bu vaxt miqrasiya düzgün istiqamət alaraq əsasən insan kapitalının artırılması istiqamətinə yönəlmişdi. Belə ki, əsasən lazımi təhsil almaq, elmi-bilik və ixtisas səviyyəsini yüksəltmək və ölkəni təmsil etmək üçün SSRİ-nin müxtəlif mərkəzlərinə üz tutanlar çoxluq təşkil edirdi. Yenidənqurma başlayandan sonra isə bu proses sosial-siyasi vəziyyətlə sıx bağlılıq təşkil etmişdir. Ona görə də əsasən xaricə iş adamları, alimlər və müxtəlif peşə sahibləri köçməyə başladı. Onların vətəni tərk etmələrinin müxtəlif səbəbləri var: iqtisadi, (güzəranını yaxşılaşdırmaq) ailəvi (həyat yoldaşının digər etnosun nümayəndəsi olması) və başqa səbəblər var idi. Üçüncü dövrün emiqrantları arasında birinci dövrdə olduğu kimi incəsənət və elm xadimləri çoxluq təşkil edirdi. Bütünlüklə bu, siyasi emiqrasiya adlandırıla bilər. SSRİ-nin dağılması dissidentlərin, hüquq müdafiəçilərinin, siyasi qaçqınların ABŞ, İsrail, Almaniya, Kanada, Avstraliya və başqa ölkələrə sığınacaq üçün üz tutmalarına da səbəb olmuşdu.
Əhalinin
miqrasiyası istənilən regionun sosial-iqtisadi vəziyyəti
ilə sıx bağlıdır. Vətəndən kənarda
yad ölkəyə imiqrasiya etmiş insan iradəsindən
asılı olmayaraq müxtəlif mədəniyyətlərlə
ünsiyyətdə olduğundan akulturasiya (mədəniyyətini
dəyişmə) prosesinə cəlb olunur. Şəxsiyyətin
səviyyəsindən asılı olaraq onda əxlaqi keyfiyyət
və xüsusiyyətlərlə bağlı
düşünülmüş və düşünülməmiş
dəyişikliklər baş verir. Miqrant təkcə
ayrılıqda başqa-başqa ölkələrdə deyil,
həm də qlobal miqyasda mövcud olmalıdır. Bildiyimiz
kimi, immiqrantlar kateqoriya, status və gəlişlərinin məqsədlərinə
görə bölünürlər. Miqrasiya orqanları gələnləri
qruplara bölməlidir ki, idarəetmə asanlaşsın. Məsələn:
A-1, A-2. Tədqiqatçılar isə emiqrantlara problemlər
nöqteyi nəzərindən yanaşırlar: rəsmi dəvət
olunanlar, işsizlər, cinayətkarlar və başqaları.
Bu da immiqrantları məmurlar ədalətli və fərdi
yanaşmağa sövq edir. Çünki qrup halında hər
miqrantı olduğu kimi qəbul etmək çətindir.
(ardı var)
Yəhya BABANLI,
AMEA-nın Tarix İnstitutunun dissertantı
Xalq qəzeti.- 2010.- 10 fevral.- S. 5.