Cəbrayıl rayonu üzrə sosial-iqtisadi göstəricilər təhlil
olunmuşdur
Biləsuvar ərazisində məcburi
köçkünlər üçün salınmış qəsəbədə
Cəbrayıl Rayon İcra Hakimiyyətinin
başçısı yanında şuranın geniş
müşavirəsi keçirilmişdir. Müşavirədə
2009-cu ilin yekunları və qarşıda duran vəzifələr
müzakirə olunmuşdur.
Tədbir
iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin abidəsini ziyarət etmiş, əziz
xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin
başçısı Mahmud Quliyev hesabat məruzəsində
demişdir ki, dövlətimizin başçısı
İlham Əliyevin Nazirlər Kabinetinin iclasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı dəyişməz mövqeyini bir daha bəyan etməsi
cəbrayıllıların doğma torpaqlara qayıtmaq
ümidini daha da artırmışdır.
Qeyd olunmuşdur ki,
tikintisi ulu öndərin təşəbbüsü və
xeyir-duası ilə başlanan, Prezident İlham Əliyev tərəfindən
davam etdirilən qəsəbələrdə məskunlaşma
prosesi başa çatdıqdan sonra məcburi
köçkünlər rahat mənzillə təmin olunmaqla bərabər,
həm də ailə büdcələrinə öz zəhmətləri
hesabına gəlir gətirmək imkanı qazanmışlar. 4400-dən
çox ailənin və 20 min nəfərə yaxın əhalinin
məskunlaşdığı qəsəbələrdə
kiçik və orta sahibkarlar təbəqəsi
formalaşmağa başlamış, əhalinin zəruri
ehtiyaclarını ödəyəcək 300-dən çox
müxtəlif təyinatlı fərdi xidmət obyekti
açılmışdır. Kənd əhalisi əkin-biçinlə
məşğul olmaq üçün həyətyanı və
pay torpağı almışdır.
Məcburi köçkünlər üçün yaradılmış imkanlar hesabına 2009-cu ildə 147 nəfər, ümumilikdə isə 1050 nəfər rayon sakini daimi işlə təmin olunmuşdur. Qəsəbələrdəki əmək qabiliyyətli əhalinin əksəriyyəti həyətyanı və pay torpaqlarında kənd təsərrüfatı işlərinə, 600 nəfərdən çox sakin isə “Azərsun” şirkətinin müəssisələrində müvəqqəti işlərə cəlb edilmişdir. Hesabat ilində 6 milyon 875 min manatlıq və ya əvvəlki illə müqayisədə 10,3 faiz çox ümumi daxili məhsul istehsal edilmiş, əhalinin gəlirləri 49 milyon 915 min manata, adambaşına düşən gəlirlər 4,5 faiz artaraq 781 manata, orta əmək haqqı isə 152 manata çatmışdır.
Ölkə Prezidenti İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan edəndən sonra ağacəkmə kampaniyası intensiv xarakter almış, qəsəbədaxili və qəsəbələrarası yolların kənarına, idarə və təşkilatların həyətinə ümumilikdə 10 mindən çox ağac, minlərlə gül kolu əkilmişdir. Rayon əhalisinin 30 faizə qədərinin məskunlaşdığı yeni qəsəbələrdə əkinləri suvarma suyu ilə təmin edən 3 nasos stansiyasının fasiləsiz işləməsi təmin edilmişdir. Dövlətimizin başçısının “Kənd təsərrüfatı məhsulları istehsalına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən dövlət büdcəsindən 4452 nəfər torpaq istifadəçisinə iyunda 95,4 min manat, dekabrda isə 3906 nəfər buğda istehsalçısına 79,8 min manat maliyyə yardımı göstərilmiş, 50 hektardan çox sahədə toxumluq buğda əkilməsinə şərait yaradılmışdır. Ötən il rayon üzrə 7860 ton taxıl, 286 ton kartof, 563 ton tərəvəz, 54 ton bostan məhsulları,1052 ton ət, 4248 ton süd, 112 ton yun istehsal edilmişdir. Əhalinin şəxsi təsərrüfatında və eləcə də dövlət dəstəyi ilə yaradılmış ictimai təsərrüfatlarda ümumilikdə 9210 baş qaramal, 104111 baş davar, 71500 quş saxlanılır. Keçən il rayon üzrə istehsal edilmiş 6,9 milyon manatlıq ümumi daxili məhsulun 6,6 milyon manatı və ya 95,6 faizi aqrar bölmənin payına düşmüşdür. 2003-cü ildən bəri on bir qəsəbə üzrə 300-dən çox yeni müəssisə fəaliyyətə başlamışdır. Həmin müəssisələrdə 600 nəfərdən yuxarı sakin daimi işlə təmin olunmuşdur. Qəsəbələrdə yaşayan 4456 ailəyə xidmət üçün 1152 nömrə tutumu olan 3 elektron telefon stansiyası quraşdırılmış, 854 abonentə telefon çəkilmişdir. Rayonun 36824 nəfər əmək qabiliyyətli əhalisinin 22393 nəfərinin məşğulluğu təmin edilmişdir.
M.Quliyev rayonda təhsilin və əhaliyə göstərilən səhiyyə xidmətinin vəziyyətindən də söz açmış, mədəniyyət və turizm şöbəsinin işini təhlil etmişdir.
Məruzə və çıxışlarda problemlərdən də danışılmış, onların aradan qaldırılması yolları göstərilmiş, qarşıda duran vəzifələrdən bəhs olunmuşdur.
Prezident Administrasiyasının
məsul əməkdaşı
Rövşən Ağayev
və Milli Məclisin deputatı Astan Şahverdiyev yığıncaqda çıxış
etmişlər.
Xalq qəzeti.- 2010.- 10 fevral.- S. 5.