Ötən ilin yekunları
Quba: uğurlar nikbin olmağa əsas verir
Təqvimdə 2009-cu ili başa
vurmaqla doğma Azərbaycanımızın müstəqillik
tarixinə daha bir il əlavə etdik. Hansı ki bu il dövlətimiz
və xalqımız üçün bir çox cəhətdən
xüsusilə əlamətdar il oldu. Nailiyyətlərimizin ən
yaddaqalanı o oldu ki, ötən il ərzində Azərbaycan
dövləti həm iqtisadi, həm siyasi, həm də hərbi
baxımdan daha da qüdrətləndi, onun beynəlxalq
nüfuzu xeyli artdı, dünyadakı dostlarımızın,
müttəfiqlərimizin və tərəfdaşlarımızın
sıraları bir qədər də sıxlaşdı.
Azərbaycan cəmiyyətinin
demokratikləşdirilməsi və hüquqi dövlət
quruculuğu sahəsindəki uğurları artmaqda davam etdi.
Bütün bu uğurların qazanılmasında,
sözsüz ki, ölkəmizin hər bir şəhərinin,
rayonunun, ən ucqar yaşayış məntəqələrinin
belə özünəməxsus rolu və xidməti oldu. Azərbaycanın
İsveçrəsi hesab olunan Quba rayonunun ötənilki
nailiyyətləri buna bariz nümunə ola bilər. Fevral
ayının 6-da keçirilən illik hesabat
yığıncağında da icra hakimiyyətinin
başçısı Rauf Həbibov bütün bunlar barəsində
rayon ictimaiyyəti nümayəndələrinə geniş məlumat
verdi. O, Prezident İlham Əliyevin Quba rayonuna səfərinin,
18 mart referendumunun və sonuncu bələdiyyə seçkilərinin
əhəmiyyətindən bəhs edərək dedi:
— 2009-cu il qubalılar
üçün xüsusilə əlamətdar olmuşdur. Belə
ki, 18 sentyabr 2009-cu il tarixdə Prezident İlham Əliyev
rayonumuza səfər etmiş və inşası başa
çatmış dövlət əhəmiyyətli bir
neçə obyektin açılışında iştirak
etmişdir. Dövlət başçısının il ərzində
həyata keçirdiyimiz tikinti, abadlıq və quruculuq
işlərinə yüksək qiymət verməsi bizi daha
böyük işlərə ruhlandırır. Rayonumuzda
aparılan işlərə yüksək qiymət verdiyinə,
dəyərli tapşırıq və tövsiyələrinə
görə möhtərəm Prezidentimizə rayon ictimaiyyəti
adından dərin təşəkkürümüzü və
minnətdarlığımızı bildirir və onu əmin
edirik ki, qubalılar bundan sonra da respublikamızın
çiçəklənməsi naminə öz səylərini
əsirgəməyəcəklər.
18 mart 2009-cu il tarixdə Azərbaycan
Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə
bağlı keçirilmiş ümumxalq səsverməsində
(referendumda) rayonumuzun əhalisi yüksək fəallıq
göstərmişdir ki, bu da qubalıların dövlətə
və dövlətçiliyə, Heydər Əliyev siyasi
kursuna sədaqətinin əyani göstəricisidir. 23 dekabr
2009-cu il tarixdə bələdiyyələrə
keçirilmiş seçkilər isə qubalıların
demokratiya və inkişafa sadiqliyini bir daha göstərdi.
Xatırladım ki, budəfəki bələdiyyə
seçkiləri seçilmiş insanların keyfiyyət tərkibi
ilə yaddaqalan oldu. Seçilmiş 350 nəfər bələdiyyə
üzvünün 191 nəfərinin ali təhsilli, 70 nəfərinin
qadın, 72 nəfərinin isə gənclər olması buna əyani
sübutdur.
Məruzəçi ötən
il ərzində rayon iqtisadiyyatının inkişafı
istiqamətində görülmüş işlərdən bəhs
edərək dedi:
— Hesabat dövründə
rayon iqtisadiyyatının aparıcı sahələrinə
diqqət daha da artırılmış, nəticədə sənaye
və kənd təsərrüfatı məhsullarının
istehsalı əvvəlki ilə nisbətən 3 milyon 875 min
manat artaraq 110 milyon 458 min manat təşkil etmişdir.
İstehsal olunmuş məhsulun 100 milyon 850 min
manatlığı və ya 91,3 faizi kənd təsərrüfatının,
9 milyon 638 min manatlığı və ya 8,7 faizi isə sənayenin
payına düşür. 2009-cu il ərzində rayon üzrə
9 milyon 638 min manatlıq sənaye məhsulu istehsal
edilmişdir ki, bunun 35,2 faizi və ya 3 milyon 390 min manatı
dövlət sektorunun, 6 milyon 248 min manatı və ya 64,8 faizi
isə qeyri-dövlət sektorunun payına düşür.
Hesabat dövrü ərzində inişilin müvafiq
dövrü ilə müqayisədə rayonun yerli gəlirlərindən
büdcəyə 926 min manat və ya 16,9 faiz çox vəsait
daxil olmuşdur. Sahibkarlığın inkişafına diqqət
artmışdır. Qaraçay, Qudyalçay və Vəlvələ
çayları üzərində bir neçə yeni
qum-çınqıl istehsal sexləri fəaliyyətə
başlamış, Timiryazev kəndində aqroservis xidmət mərkəzi,
Rustov və Aşağı Atuc kəndlərində mexanikləşdirilmiş
dəstələr fəaliyyətə
başlamışdır. İl ərzində rayon üzrə
78 sahibkara 6 milyon 349 min manat güzəştli kredit
verilmişdir ki, bunun müqabilində 297 yeni iş yeri
açılmışdır. Ümumilikdə isə il ərzində
rayonda 1129 yeni iş yeri açılmışdır.
İnvestorların rayona cəlb olunması və turizmin
inkişaf etdirilməsi istiqamətində də tədbirlər
həyata keçirilmişdir. Hazırda rayonun ərazisində
müasir standartlara cavab verən onlarla turist, sanatoriya və
kurort obyektləri mövcuddur və bu sahənin daha da
inkişaf etdirilməsi üçün tədbirlər
görülür.
2009-cu ildə Qubada tikinti,
abadlıq və quruculuq işləri xüsusilə geniş
miqyas almışdır. Quba şəhərində inşa
edilmiş regional müalicə-diaqnostika mərkəzinin və
rayonun Xucbala kəndi ərazisində tikilmiş 104 meqavat
gücündə modul elektrik stansiyasının tikintisi
başa çatdırılmış və bu obyektlərin
açılışında ölkə Prezidenti cənab
İlham Əliyev şəxsən iştirak etmişdir. Səfər
zamanı möhtərəm Prezidentimiz həmçinin 1918-ci
ildə ermənilər tərəfindən vəhşicəsinə
qətlə yetirilərək toplu halında
basdırılmış soydaşlarımızın kütləvi
məzarlığını da ziyarət etmiş, həmin ərazidə
ucaldılacaq “Soyqırımı memorial kompleksi”nin layihəsi
ilə tanış olmuş, aidiyyatı şəxslərə
tapşırıq və tövsiyələrini vermişdir.
Minnətdarlıq hissi ilə deməliyəm ki, cənab
Prezidentin 30 dekabr 2009-cu il tarixli sərəncamına əsasən
Quba şəhərində “Soyqırımı memorial
kompleksi”nin yaradılması məqsədilə 2009-cu ilin
dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan rayon icra
hakimiyyətinə 1 milyon manat məbləğində vəsait
ayrılmışdır. Yaxın vaxtlarda memorial kompleksin
tikintisinə başlanılacaqdır.
2009-cu ildə Xanagah kəndində
Yaponiya səfirliyi tərəfindən 100 şagird yerlik, Təhsil
Nazirliyi tərəfindən Güləzi kəndində 220, Təngəaltı
kəndində 300, Susay kəndində 200 şagird yerlik
müasir tipli məktəb binaları tikilib istifadəyə
verilmiş, inventar və avadanlıqlarla tam təmin
olunmuşdur. Rayon təhsil şöbəsinin, yerli bələdiyyənin
və pedaqoji kollektivin birgə əməyi ilə Qəcər-Zeyid
kəndində 60 şagird yerlik 3 əlavə sinif
otağı tikilmişdir. Bu, o deməkdir ki, 2009-2010-cu dərs
ilində 800 şagird yeni binalarda dərsə
başlamışdır.
Yetkinlik yaşına
çatmayanlar üçün Amsar kəndində sosial
reabilitasiya mərkəzinin tikintisi üçün torpaq sahəsi
ayrılmış, müvafiq texniki sənədlər
hazırlanaraq əlaqədar nazirliklərə göndərilmişdir.
Hazırda Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün inşa edilən
36 mənzilli yaşayış binasının tikintisi, şəhər
mədəniyyət evində təmir işləri davam
etdirilir, rayon mərkəzi xəstəxanasının
poliklinika, vərəm şöbəsi, doğum evində isə
təmir işləri başa çatdırılaraq istifadəyə
verilmişdir.
Şəhərin mərkəzi
küçəsi olan və ümummilli lider Heydər Əliyevin
adını daşıyan prospektin Quba Olimpiya Kompleksindən
avtovağzal dairəsinə qədər olan hissəsində
genişmiqyaslı tikinti və yenidənqurma işləri
artıq başa çatdırılmış,
ayırıcı zolaq salınaraq onun üzərində 5 km
uzunluğunda yeni işıqlandırma sistemi
quraşdırılmışdır. Prospektin kənarları
boyunca səkkiz kilometrə yaxın məsafədə
müasir standartlara uyğun yeni piyada səkiləri
tikilmiş, yağış sularının
axıdılması üçün yeni kanalizasiya xətti
çəkilmişdir. Oradakı 5 mərtəbəli
yaşayış binasının fasadı alkapon materialı
ilə üzlənmiş, dam örtüyü təzələnmişdir.
Heydər Əliyev prospektində və 223-cü Atıcı
Diviziya küçələrində yerləşən fərdi
yaşayış evlərinin və kommersiya obyektlərinin
fasadları ağlay, alkapon və çay daşları ilə
üzlənmişdir. Rayon avtovağzalı ətrafındakı
ərazi yenidən qurularaq 1200 kvadratmetr sahəyə asfalt
döşənmişdir.
Quba-Qusar yolunun birinci
kilometrliyində 800 metrə yaxın uzunluğunda milli ornamentlərlə
bəzədilmiş istinad divarları tikilib istifadəyə
verilmiş, divar boyu yaşıllıq zolağı
salınmış, bir kilometrdən artıq hissədə nəqliyyat
vasitələrinin hərəkətinin təhlükəsizliyini
təmin etmək məqsədilə metal maneə çəpərləri
quraşdırılmışdır.
Hesabat dövründə Heydər
Əliyev prospekti, Fətəli xan, Ərdəbil, General Əsədov,
Tuti Bikə, Qələbə, Xətai, Hikmət Hüseynov,
Şirəli Axundov küçələrinin və daha bir
neçə küçənin asfalt örtüyü əsaslı
təmir edilmişdir.
“Şəhidlər
Xiyabanı” yenidən qurulmuş, orada “Ana fəryadı” abidəsi
ucaldılmış, Böyük Vətən müharibəsində
həlak olan həmyerlilərimizin xatirəsinə
ucaldılmış abidə ərazisində yenidənqurma
işləri görülmüşdür. Xiyabanın ərazisində
Şəhidlər Muzeyi tikilmişdir.
Heydər Əliyev və
Nizami adına parklarda yenidənqurma işlərinə, ulu
öndərin adını daşıyan parkda dörd mərtəbəli
Heydər Əliyev Mərkəzinin inşasına
başlanmışdır.
Hesabat dövründə
rayonun girəcəyində “Giriş qapısı” tikilmiş,
xüsusi formalı metal konstruksiyalı fırlanan qlobus
quraşdırılmışdır. Bakı-Quba-Rusiya
Federasiyası avtomobil yolunun 22 kilometri yenidən qurulmuş,
asfalt-beton örtüyü yenilənmiş, eni genişləndirilərək
9 metrə çatdırılmışdır.
2009-cu il ərzində rayon ərazisində
201 ədəd fərdi yaşayış evi və
qeyri-yaşayış obyektləri tikilib istifadəyə
verilmişdir. Evlərin ümumi sahəsi 14 min 137 kvadratmetr,
tikililərin ümumi dəyəri isə 1 milyon 291 min 800
manat həcmində olmuşdur.
Hesabat məruzəsində
aqrar sahədə əldə olunan uğurlar və
qarşıda duran vəzifələr barəsində də ətraflı
söhbət açıldı:
— Rayon iqtisadiyyatının
aparıcı sahələrindən olan kənd təsərrüfatının
inkişafına xüsusi diqqət yetirilmişdir. 82 hektar sahədə
yeni meyvə bağları salınmaqla meyvə
bağlarının ümumi sahəsi 14 min 905 hektara
çatdırılmışdır. 2009-cu ildə rayonda meyvə
istehsalı 2008-ci ildəkinə nisbətən 506 ton artaraq
109 min 470 tona çatdırılmışdır.
Yetişdirilən meyvənin saxlanılması
üçün rayonun Aşağı Xuc kəndi ərazisində
tutumu 3000 ton olan yeni mevə soyuducu anbar inşa edilmişdir.
Quba şəhərindəki 2 saylı konserv zavodunun köhnəlmiş
və yararsız texnoloji avadanlıqları müasir texnoloji
avadanlıqlarla əvəz edilmişdir.
Məlum olduğu kimi, rayon əhalisi
əsasən meyvəçiliklə məşğul olur.
Lakin rayonda emal müəssisələrinin az olması
ucbatından hər il yetişdirilən bol məhsulun xeyli hissəsi
zay olur ki, bu da istehsalçıların haqlı
narazılığına səbəb olur. Ona görə də
rayon ərazisində təxirə salınmadan yeni emal müəssisələrinin
yaradılmasına ehtiyac vardır.
2009-cu ildə
taxılçılığın inkişaf etdirilməsi
istiqamətində həyata keçirilmiş tədbirlər
müsbət nəticələr vermişdir. Belə ki, 13 min
687 hektar sahədən 40 min 208 ton məhsul
toplanılmışdır ki, bu da 2008-ci ildəkindən 9064
ton çoxdur. Hər hektarın məhsuldarlığı
22,7 sentner olmuşdur. Taxılçılığı
inkişaf etdirmək məqsədilə Digah, Alekseyevka,
Talabıqışlaq kəndlərində və Quba şəhərində
şəxsi toxumçuluq təsərrüfatları
yaradılmış, həmin təsərrüfatlarda 750 tondan
çox yüksək kondisiyalı buğda toxumu
yetişdirilmişdir.
Rayonda 2009-cu ildə 1306
hektar sahədən 12 min 180 ton kartof, 1210 hektar sahədən
11 min 95 ton tərəvəz, 239 hektar sahədən 312 ton dənli
paxlalılar istehsal olunmuşdur.
Rayonda
heyvandarlığın inkişaf etdirilməsi
üçün də davamlı tədbirlər
görülmüşdür ki, bu da heyvandarlıq məhsullarının
istehsalının artmasına səbəb olmuşdur. Heyvandarlığın
cins tərkibini yaxşılaşdırmaq məqsədilə
rayonun II Nüğədi və Pirvahid kəndlərində
xaricdən gətirilmiş yüksək məhsuldar cinslərdən
ibarət damazlıq təsərrüfatları
yaradılmışdır. Rayonda ümumilikdə ötən
il qaramalın sayı 67 min 224 baş, qoyun-keçinin sayı
isə 266 min 912 baş olmuşdur.
Quba Olimpiya Kompleksi
respublikamızda tikilən ilk olimpiya komplekslərindəndir.
Bu nəhəng və müasir idman qurğusu gənclərin
sağlam həyat tərzi yaşamalarına və idmanın
bütün növləri ilə məşğul
olmalarına imkan yaradır. Hər gün yüzlərlə
qubalı gənc idmanın bu və ya digər növü ilə
məşğul olmaq məqsədilə oraya məşqlərə
gəlir. Bütün bunların nəticəsidir ki, Quba
idmançıları ötən il beynəlxalq səviyyəli
yarışlarda 9, respublika yarışlarında 96, zona
yarışlarında isə 107 medal əldə etmişlər.
Ötən ilin
yekunlarının təhlili göstərir ki, ölkəmizin
hər yerində olduğu kimi, Quba rayonunda da sosial-iqtisadi
inkişafın bütün sahələri üzrə
mühüm uğurlar əldə olunub, əhalinin maddi-rifah
halı daha da yaxşılaşıb. Lakin icra
başçısının məruzəsində qeyd
olunduğu kimi görülən işlərlə kifayətlənmək
olmaz. Odur ki, cari ildə mövcud imkanlardan daha səmərəli
istifadə etməli, nöqsanlara qarşı barışmaz
olmalı, qarşıda duran vəzifələrin layiqincə
yerinə yetirilməsi üçün daha səylə
çalışmaq tələb olunur. Qarşıda isə hələ
həlli vacib olan çox mühüm vəzifələr
durur.
Q. CƏFƏROĞLU,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 10 fevral.- S. 4.