Vətənimizin müdafiəsi gənclərin çiynindədir

 

Adətən, gənclər haqqında söhbət düşəndə onları xalqın gələcəyi hesab edirlər. O da həqiqətdir ki, ölkənin, dövlətin taleyi ilə bağlı böyük vəzifələri üzərinə götürə bilməsi üçün sağlam, savadlı və Vətənini sevən gənclər yetişdirmək lazımdır. Ümummilli liderimizin vaxtilə söylədiyi fikirlər bu gün böyüməkdə olan nəsil üçün dəyərli və müdrik tövsiyə kimi qəbul olunmaqdadır: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

 

Hələ sovet hakimiyyəti illərində xalqımızın ümummilli lideri Heydər Əliyev böyüməkdə olan nəslə xüsusi diqqət və qayğı göstərirdi. Həmin illərdə respublika rəhbəri Azərbaycan gənclərinin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına nail olmuşdu və hər il həmin gənclərlə şəxsən görüşüb onlara müvəffəqiyyətlər arzulayırdı.

Məhz ölkəni və onun gələcəyi kimi böyüməkdə olan nəsli düşünərək, 1971-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbin Azərbaycanda açılmasına respublika rəhbəri böyük risk və səylər hesabına nail olmuşdu. Bu gün Silahlı Qüvvələrdə xidmət edən zabitlərin böyük əksəriyyəti həmin məktəbin yetirmələridir. Onların arasında respublikamızın ərazi bütövlüyü uğrunda Qarabağ cəbhələrində qəhrəmanlıqlar göstərmiş, Ermənistan silahlı birləşmələrinə qarşı mübarizədə canından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, yüksək dövlət mükafatlarına layiq görülmüş hərbçilər az deyil. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin məzunları arasında bu gün neçə-neçə generalımız, yüksək rütbəli zabitlərimiz var.

Bütün bunlar Heydər Əliyevin gənclərə qayğısının nəticəsidir.

Müstəqillik illərində hakimiyyətə yenidən qayıtdıqdan sonra dövlət başçısı gənclərə münasibəti hökumətin prioritet vəzifələri səviyyəsinə qaldırdı. Həmin dövrdə Ermənistanın Azərbaycana qarşı işğalçı müharibə aparması, ölkədə baş verən mürəkkəb hadisələr ağır problemlərin ortaya çıxmasına səbəb olmuşdu. Dövlət başçısının 1993-cü ilin noyabrında xalqa məşhur müraciətilə minlərlə gənc ordu sıralarına yazıldı və dar günündə Vətənin müdafiəsinə qalxdı. Müdrik siyasətçi, dahi dövlət xadimi olan Heydər Əliyev o zaman böyük qüvvə olan gəncliyə arxalandı. Doğrudan da, böyük vəzifələri üzərinə götürə biləcək sağlam, vətənpərvər nəsil xalqın taleyüklü problemlərini aradan qaldıra bilərdi.

Hakimiyyətə gəldiyi vaxtdan çox keçməmiş ümummilli lider gənclərin böyük bir qrupu ilə görüş keçirdi və həmin narahat dövrdə gənclərin ovqatı və düşüncələrilə tanış oldu. Böyük öndər gənclərin ictimai fəallığını artırmaq məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması barədə sərəncam imzaladı. Dövlətin ictimai-siyasi həyatında gənclərin düzgün mövqe tutması, onların fəaliyyətinin düzgün məcraya yönəldilməsi məqsədilə dövlət başçısı 1996-cı ildə xüsusi sərəncam imzaladı və həmin il 2 fevralda Azərbaycan gənclərinin ilk forumu keçirildi. Özünəməxsus qaynarlığı, maksimalizmi ilə seçilən yeni nəslin nümayəndələri forumda təklif və ideyalarla çıxış etdilər və bir daha sübut etdilər ki, onlar, doğrudan da, ölkənin uğurlu gələcəyini təmin etməyə hazır və qadirdirlər.

Forumda çıxış edən dövlət başçısı Azərbaycanın qarşısında duran taleyüklü məsələlərin həlli və dövlətimizin tərəqqisi naminə gənclik qarşısında böyük vəzifələr dayandığını dilə gətirdi. Ümummilli liderin forumda söylədiyi dərin məzmunlu nitqi böyüyən nəslin fəaliyyət proqramına çevrildi.

Gənclərin möhtəşəm toplantısı respublikamızın ictimai həyatında böyük bir hadisə, gənclərin taleyində dönüş nöqtəsi oldu və geniş əks-səda doğurdu. Görünür, elə buna görə dövlət başçısının 1997-ci il 1 fevral tarixli sərəncamına əsasən, 2 fevral Azərbaycanda Gənclər Günü elan edildi.

1996-cı ildən etibarən dövlət özünün gənclər siyasətini həyata keçirə bilməsi üçün lazımi hüquqi-normativ sənədlərin qəbul edilməsini ön plana çəkdi. Azərbaycan Prezidenti 22 iyun 1996-cı ildə “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” fərman imzaladı və istedadlı yeniyetmələr üçün xüsusi təqaüdlər təsis etdi.

Ölkə başçısı “Dövlət gənclər siyasəti haqqında” 1999-cu il fərmanı ilə Azərbaycanda böyüməkdə olan nəsillə bağlı siyasətin prioritet istiqamətlərini müəyyən etdi. Bundan sonra qəbul edilmiş sənədlər Azərbaycanda gənclərin problemlərinə nə qədər böyük diqqət və qayğıyla yanaşıldığını əyani göstərir. “Gənc ailə” (16 fevral 1999-cu il), “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi”, “Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında” (22 iyun 2000-ci il), “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial-iqtisadi və s. problemlərinin həllinə, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək” (4 avqust 2000-ci il), “Ordudan tərxis edilmiş gənclərin məşğulluğu” proqramlarında gənclərin bütün təbəqələrinin problemlərini həll etmək üzrə konkret tədbirlər öz əksini tapıb.

Həyata keçirilən genişmiqyaslı gənclər siyasəti bu gün artıq öz müsbət nəticəsini verməkdədir. Dövlətin diqqət və qayğısını hiss edən oğlan və qızlar sabaha böyük ümidlərlə baxır və bu inam doğma Azərbaycanımızın daha da çiçəklənməsi, dünya dövlətləri arasında öz layiqli yerini tutması, regionumuzun qüdrətli ölkələrindən birinə çevrilməsi üçün böyüməkdə olan nəsli yüksək zirvələr fəth etməyə ruhlandırır.

Həyatımızın müxtəlif sahələrində istedadlı və bacarıqlı gənclərimiz məhz bu fikir və ideyaları gerçəkləşdirmək naminə ləyaqətlə çalışırlar. Belə gənclər hətta Azərbaycan Respublikası Milli Məclisinə xalqın etimadı ilə deputat seçilmişlər. Ölkənin icra strukturlarında, iqtisadiyyatında, neft sənayesində, aqrar sahədə çalışan yeni nəslin nümayəndələri Azərbaycanımızın dirçəlişi naminə öz güc və səylərini əsirgəmirlər.

Son illərdə uğurlu gənclər siyasəti nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda möhtəşəm qələbələrə imza atmışlar. 2000-ci ildə keçirilən Olimpiya oyunlarında idmançılarımız 2 qızıl və 1 bürünc medal qazandılar və uzaq Avstraliyada Azərbaycanın bayrağını yüksəklərə qaldırdılar. Sonrakı Olimpiya oyunlarında - Afinada 5 və Pekində 7 medal qazanmaqla idmançılarımız Azərbaycan övladlarının nəyə qadir olduğunu göstərməklə bərabər bütün dünyanın maraq göstərdiyi və həyəcanla izlədiyi həmin yarışlarda ölkəmizi uğurla təbliğ edir, qələbələr qazanmaqla üçrəngli bayrağımızı qürurla dalğalandırırdılar. Müxtəlif idman növləri üzrə keçirilən dünya çempionatlarında, digər mötəbər yarışlarda atletlərimizin uğurlarına artıq adi hal kimi baxırıq.

Gənclərimizin böyük bir qismi hazırda Silahlı Qüvvələrimizin sıralarında Vətənin müdafiəsində dayanır, təlim və məşğələlərdə döyüş hazırlıqlarını artırır, mənəvi-psixoloji cəhətdən daha da möhkəmlənir, bir sözlə, Azərbaycanın təhlükəsizliyi naminə qüvvələrini əsirgəmirlər. Bu gün ordumuzun qazandığı nailiyyətlər ilk növbədə gənclərimizin şərəfli və məsuliyyətli fəaliyyətilə bağlıdır.

Hazırda gənclərimiz Azərbaycandan kənarda da xidmətlərini ləyaqətlə davam etdirir, ölkəmizin nüfuzunu artırırlar. Əfqanıstandakı sülhməramlı bölüyümüz bu narahat ölkədə əmin-amanlıq yaradılması işinə öz töhfələrini verir, bununla Azərbaycan oğullarının savaşda və barışda böyük potensiala malik olduqlarını göstərirlər. Bir neçə il öncə İraqda sülhyaratma missiyasını başa vurub Vətənimizə qayıtmış hərbi qulluqçularımız nümunəvi xidmətlərilə koalisiya komandanlığının rəğbətini qazanmış, “Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət Medalı” ilə təltif olunmuşdular. Sülhməramlılarımızın bu uğuru bizi sevindirməyə bilməz.

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti bu gün də beləcə uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev gənclərə mütəmadi olaraq diqqət və qayğı göstərir, Azərbaycanın gələcəyi naminə istedadlı gənclərin inkişafı üçün lazımi şərait yaradır.

Dövlət başçısı gənclərin ictimai-siyasi fəallığını artırmaq, ölkənin sosial-iqtisadi problemlərinin həllində aparıcı qüvvəyə çevirmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramını təsdiq etmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi proqramda xüsusi yer tutur.

Bu gün Prezidentin bilavasitə rəhbərliyilə təhsil ocaqlarında yüksək standartlara uyğun maddi-texniki bazanın yaradılması, gənclərin arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə idmanın kütləviliyinin təmin edilməsi, müxtəlif həyat sahələrində fəaliyyət göstərən gənclərin inkişafına kömək göstərilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.

Ordu quruculuğunu daim diqqətdə saxlayan dövlət başçısı dəfələrlə qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi üçün ardıcıl addımlar atılacaq. Hələ 2004-cü ildə Prezident İlham Əliyev bəyan etmişdi ki, ordu quruculuğunda da böyük addımlar atılacaqdır. “Artıq bu sahədə çox böyük dəyişikliklər mövcuddur və bu proses davam edəcəkdir. Azərbaycanın müdafiə potensialı güclənəcəkdir. Bu, bizim strateji xəttimizdir”.

Ali Baş Komandan dəfələrlə cəbhə bölgələrinə səfər edərək, səngərlərdə döyüşçülərimizlə görüşmüş, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etmişdir. Prezidentin yaxından qayğısı vətənpərvər hərbçi gəncləri doğma Azərbaycanımıza daha sədaqətlə xidmət etməyə ruhlandırır.

 

 

Əbülfət QASIMOV

 

Xalq qəzeti.- 2010.- 10 fevral.- S. 4.