Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır

 

Almaniya Federativ Respublikasının Kansleri Angela Merkel bu fikirdədir

 

Azərbaycanın düşünülmüş xarici siyasət yeritməsi və Avropa dövlətləri ilə inteqrasiya sahəsində ardıcıl addımlar atması, siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi Qərbdə ölkəmizə olan marağı daha da artırıb. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra qısa bir müddətdə Qərb dövlətləri tərəfindən tanınması və diplomatik nümayəndəliklərinin yaradılması ölkəmizə olan marağın bariz nümunəsidir.

 

Ölkəmizin əlverişli və əhəmiyyətli geosiyasi vəziyyəti və onun Avropa–Asiya nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində yerləşməsi Qərbi Avropa dövlətlərinin Azərbaycanla hərtərəfli dostluq və əməkdaşlığa meylini daha da gücləndirmişdir. Həmin ölkələrin rəsmi dairələri və iş adamları ölkəmizlə qarşılıqlı əməkdaşlığa can atmışlar. Buna əsas səbəblərdən biri də Azərbaycanda ictimai-siyasi sabitliyin getdikcə daha davamlı özüllər üzərində qurulması olmuşdur. Bütün bunlar müstəqil Azərbaycan dövləti ilə Qərbi Avropa dövlətləri arasında fəal və səmərəli qarşılıqlı münasibətlər yaradılmasını zəruri etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 4-də Almaniyaya işgüzar səfəri bu baxımdan böyük maraq doğurmuşdur.

Siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edən bu səfər Almaniya Federativ Respublikasının Kansleri xanım Angela Merkelin dəvəti ilə reallaşdı. Kansler iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirmişdir. O, bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud olan böyük potensialdan istifadə etməyin vacibliyini diqqətə çatdırmışdır. A.Merkel xüsusi olaraq bildirmişdir ki, Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır.

Təbii ki, Almaniya kimi qüdrətli və inkişaf etmiş bir dövlətin Azərbaycanı özünə vacib tərəfdaş hesab etməsi heç də təsadüfi deyildir. Son illər iqtisadiyyatın inkişaf tempinə görə Azərbaycanın dünyada lider dövlətə çevrilməsi, 2008- ci ildə Dünya Bankının ölkəmizi dünyada ən islahatçı dövlət hesab etməsi, dünyanı maliyyə böhranı bürüdüyü halda, Azərbaycanda iqtisadi artımın 9 faizdən çox olması, inflyasiya dərəcəsinin 1,5 faizə enməsi beynəlxalq aləmdə böyük marağa səbəb olmuşdur. Bununla yanaşı, 2009-cu ildə dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkəmizin maliyyə vəsaitinin artaraq 20 milyard dolları ötməsi də Azərbaycana olan marağı daha da yüksəltmişdir. Son illər iri infrastruktur layihələrin reallaşdırılması da Azərbaycanın dünya miqyasındakı nüfuzunun artmasına böyük təsir göstərmişdir. Bütün bunlar göstərir ki, yaxın gələcəkdə Azərbaycanın hər hansı bir maliyyə yardımına ehtiyacı olmayacaq.

Azərbaycanın öz təbii sərvətlərini heç bir ölkənin köməyi olmadan Avropaya, oradan isə dünya bazarına sərbəst çıxarması iqtisadi sahədə böyük dönüş yaratmışdır.

Azərbaycanın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına qoşulması müxtəlif sahələrdə uğurlu islahatlar aparılmasına zəmin yaradacağına şübhə yoxdur . Məhz bunun nəticəsidir ki, hazırda müasirləşmə dövrünü yaşayan Azərbaycanda 100-dən çox Almaniya şirkəti fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransının “Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc” mövzusunda müzakirələrdəki çıxışı böyük marağa səbəb olmuşdr. Bu konfransda intensiv olaraq indiki və gələcək təhlükəsizlik problemləri müzakirə olunmuşdur. Dövlətimizin başçısı çıxışında diqqətə çatdırmışdır ki, qlobal təhlükəsizlikdə enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Azərbaycanın regionda enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynaması xüsusi vurğulanmışdır. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra dünyanın ən böyük şirkətləri Azərbaycanın neft və qaz ehtiyatlarına milyardlarla sərmayə qoydular. Azərbaycanın öz qapılarını böyük şirkətlərin üzünə açması həm də müstəqil dövlətimizin beynəlxalq aləmdə etibarlı və inamlı tərəfdaşa çevrilməsindən xəbər verirdi. Hazırda sərmayədarlar ilə hökumət arasında çox böyük etimad yaranıb. Azərbaycanın təbii qazına Avropanın böyük ehtiyacının yaranması, həmçinin Azərbaycanda minimal qaz ehtiyatlarının 2 trilyon kubmetr olması nəinki regional istehlakçılar, o cümlədən Avropa istehlakçıları üçün uzun müddət kifayət edər.

Azərbaycanın iqtisadi inkişafından söhbət açan dövlətimizin başçısı demişdir: “Bugünkü vəziyyət bizi qane edir. Çünki hazırda ölkəmizin bütün əsas maliyyə problemlərinin həllinə nail olmuşuq. Enerji təchizatı sahəsində tam şaxələndirməyə malikik. Biz iqtisadiyyatı şaxələndirə bilirik. Qeyd etdiyim kimi, 2009-cu ildə iqtisadi artım 9 faizdən çox olmuşdur. Sənaye artımı 8,6 faiz, inflyasiya dərəcəsi isə 1,5 faiz olmuşdur”.

Azərbaycan Prezidentinin xarici ölkələrə səfərində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi prioritet təşkil edir. Almaniyaya işgüzar səfəri zamanı da bu məsələ gündəmə gətirildi. Problemin həlli yolları ilə əlaqədar dövlət başçımıza verilən sual belə cavablandırıldı: “Öncə qeyd etdiyim kimi, demək olar ki, artıq 20 ildir torpaqlarımız işğal altındadır. Azərbaycana qarşı həyata keçirilən təcavüz və etnik təmizləmə siyasəti humanitar faciə ilə nəticələndi. Ölkəmizdə bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Nəinki Dağlıq Qarabağ, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərinin ətrafında yerləşən yeddi rayon da işğal altındadır. Bütün infrastruktur dağıdılıb, bütün insanlar qovulub, hər bir şey yerlə-yeksan olunub. Bu işğal təxminən iyirmi ildir ki, davam edir”.

Azərbaycan Prezidenti daha sonra dedi ki, “Dünyada ən yüksək beynəlxalq qurum – Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası işğalçı erməni qüvvələrinin Azərbaycanın zəbt edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin onlar yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarları Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Münaqişə ölkələrin ərazi bütövlüyü və xalqların özünüidarəetmə prinsipləri əsasında həll olunmalıdır.”

Münaqişənin nizamlanmasında Azərbaycan tərəfinin mövqeyi Almaniya ictimaiyyətinə də bəlli oldu. Məlum oldu ki, Azərbaycan danışıqlar prosesinin sürətləndirilməsinə qəti şəkildə sadiqdir. Ermənistan isə hələ ki, işğalçılıq missiyasından əl çəkə bilmir. Bəzi beynəlxalq qurumların münaqişənin nizamlanmasında hələ də prinsipiallıq nümayiş etdirməməsi və bu vacib məsələyə ikili standartdan yanaşması təəccüb doğurur.

Azərbaycan Prezidentinin Türkiyə–Ermənistan yaxınlaşmasına münasibəti də maraqla qarşılandı. Dövlətimizin başçısı bu məsələ ilə əlaqədar demişdir: “Biz iki suveren ölkə arasındakı münasibətlərə heç vaxt müdaxilə etmirik və etməyi də planlaşdırmırıq. Türkiyə və Ermənistan iki suveren ölkədir və həmin iki ölkə arasındakı münasibətlər yalnız onlar tərəfindən nəzərdən keçirilməlidir”.

Azərbaycan Prezidentinin Almaniyaya işgüzar səfəri çox zəngin olmuşdur. Çünki dövlətimizin başçısı bu səfər zamanı ABŞ Dövlət katibinin birinci müavini Ceyms Steynberq, İranın xarici işlər naziri Mənuçehr Möttəki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, həmçinin alman–Azərbaycan forumunun üzvləri ilə də görüşmüşdür.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2010.- 10 fevral.- S. 1.