Yüksək insanpərvərlik və humanizm nümunəsi

 

1998-ci il fevralın 10-da ulu öndər Heydər Əliyevin ölüm hökmünün ləğvi ilə bağlı tarixi Fərmanı Azərbaycanın beynəlxalq nüfuzunun artmasını şərtləndirən mühüm amil idi.

 

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra qarşısına demokratikləşmə prosesinin başlıca prinsiplərinə əsaslanan, keçid dövrünün xarakterik cəhətlərini nəzərə alan idarəetmə sistemini formalaşdırmaq, əslində mükəmməl dövlət idarəçilik məktəbi yaratmaq vəzifəsi qoymuşdur. Ulu öndərin irəli sürdüyü ictimai-siyasi sabitlik konsepsiyasının əsasında da məhz demokratiya amili dayanmışdır.

Dahi şəxsiyyət Heydər Əliyevin siyasi plüralizm, mətbuat azadlığı, insan hüquqları kimi ali meyarlara əsaslanan dövlətçilik siyasəti Azərbaycanın çox qısa vaxt ərzində demokratik ölkələr sırasında möhkəmlənməsinə mühüm stimul yaratmışdır.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasını təsbit etmişdir. Əsas Qanunda əksini tapmış bir sıra mühüm müddəalar məhkəmə hakimiyyətinin müstəqilliyinə ciddi hüquqi təminat yaratmağa, dövrün tələblərinə uyğun islahatların həyata keçirilməsinə, ədalət mühakiməsinin keyfiyyətcə yüksəldilməsinə təkan vermişdir. İnsan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli Əsas Qanunun müddəalarındandır.

Ulu öndər Heydər Əliyev ədalətli idarəçilik sistemi yaratmadan cəmiyyətin dövlətə inamının və etimadının formalaşdırılmasını mümkünsüz hesab etmiş, bunun üçün ilk növbədə məhkəmə-hüquq sistemində zamanın tələbləri ilə ayaqlaşan mütərəqqi islahatların aparılmasına nail olmuşdur.

Yüksək humanizm, insanpərvərlik prinsiplərini prioritet sayan Heydər Əliyev Avratlantik məkana inteqrasiya yolunda olduqca cəsarətli addımlar atmışdır. 1998-ci ildə həm Şərqdə, həm də MDB məkanında ilk dəfə olaraq ölüm hökmünün ləğv edilməsi ulu öndərin yüksək humanizmini xarakterizə edən amillərdən biridir.

Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan çox az sonra əfvetmə institutunun fəaliyyətini bərpa etməklə vətəndaşların dövlətə, onun rəhbərinə ümid və etimadını artırmış, cəzanın müvafiqliyi və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşmış, bu məqsədlə məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə, habelə ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədi ilə qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olmuşdur.

Məhkəmə-hüquq sistemində aparılan islahatlar Azərbaycanın Avropa ailəsinə inteqrasiyası prosesini daha da sürətləndirmişdir. Məhz bu tədbirlər silsiləsində Heydər Əliyevin 1996-cı il 8 iyun tarixli “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında”, 1998-ci il 20 yanvar tarixli “Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il 14 may tarixli “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında” sərəncamlarını xüsusi qeyd etmək lazımdır.

Xatırladaq ki, 1996-1997-ci illərdə respublikamız insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara da qoşulmuşdur. Ulu öndər Heydər Əliyevin Avropa Şurasına üzvlük istiqamətində atdığı ən radikal addımlardan biri də ölüm hökmünün ləğvi ilə bağlı olmuşdur. Bu, Avropa Şurasının üzvü olan dövlətlərin qarşısında qoyulan başlıca tələblərdən birinin reallaşdırılması kimi qiymətləndirilir.

Ulu öndər 1998-ci il yanvarın 22-də ölüm hökmü cəzasının ləğvi təşəbbüsü ilə çıxış etmiş, bu addımın Avropaya inteqrasiya baxımından olduqca zəruri olduğunu bildirmişdir. Yüksək bəşəri dəyərlərə, humanizm və insanpərvərlik prinsiplərinə söykənən bu mövqe Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olmaq niyyətini hərtərəfli əks etdirirdi. Heydər Əliyev 1998-ci il fevralın 10-da ölüm hökmünün ləğvi barədə Fərman imzalamaqla bu siyasi niyyətin reallaşdırıldığını nümayiş etdirdi. Halbuki, həmin vaxt Avropa Şurasının üzvü olan bəzi dövlətlər bu addımı atmamışdılar. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarması ilə bağlı idi. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlar kimi yaddaşlardadır.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev insan hüquq və azadlıqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji xəttə sadiqliyini əyani nümayiş etdirir. Dövlətimizin başçısı əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etməklə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, Vətənə nümunəvi xidmət göstərməsinə imkan yaradır. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları, ekspert və analitiklər bu faktları yüksək qiymətləndirir, Prezident İlham Əliyevin insanpərvər və humanist dövlət rəhbəri olduğunu etiraf edirlər.

On iki il əvvəl ölüm hökmünün ləğv olunduğu ölkəmizdə ardıcıl imzalanan əfv fərmanları Azərbaycanın demokratik imicinin daha da güclənməsinə dəlalət edir, dövlətimizin insan hüquqları üzrə ixtisaslaşmış bir sıra beynəlxalq qurumlarla, o cümlədən ATƏT, Avropa Şurası kimi təşkilatlarla münasibətlərinin intensivləşdirilməsindən xəbər verir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu sahəsində uğurlarını şərtləndirən mühüm amillər kimi qiymətləndirilir.

 

 

Albina ATLIXANOVA

AzərTAc-ın müxbiri

 

Xalq qəzeti.- 2010.- 11 fevral.- S. 7.