Azərbaycan Qızıl Aypara Cəmiyyəti – 90
Mərhəmət və humanizm prinsipləri əsasında
Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Hərəkatının respublikamızda geniş vüsət
alması məqsədilə Azərbaycan dövləti
Qızıl Aypara Cəmiyyətinə münbit şərait
və hüquqi baza yaratmışdır. Bu cəmiyyət
1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyəti
Müdafiə nazirinin əvəzi, general-leytenant Əliağa
Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü
ilə təsis edilmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti
respublikamızda ən böyük sosial bazaya malik olan QHT-lərdən
biri kimi beynəlxalq hərəkatın fundamental prinsiplərini
rəhbər tutaraq Beynəlxalq Humanitar Hüquq normaları
çərçivəsində insansevərlik və
xeyirxahlıq, mərhəmət və humanizm əsasında əhalinin
aztəminatlı təbəqəsinə, münaqişə,
təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə,
qaçqın və məcburi köçkünlərə,
bir sözlə, qaygı uman bütün insanlara təmənnasız
tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlər
göstərir.
Prezident İlham Əliyev
2004-cü il yanvarın 31-də “Azərbaycan Qızıl
Aypara Cəmiyyətinə dövlət qaygısının
artırılması haqqında” sərəncam
imzalamışdır. Bundan bir il sonra AQAC Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara hərəkatının
ən ali mükafatı olan “Florens Naytingel” medalına layiq
görülmüşdür. Cəmiyyətin 7 regional mərkəzi,
Naxçıvan MR-də komitəsi, 83 rayon və şəhər
komitəsi fəaliyyət göstərir, 260 min üzvü,
17 min könüllüsü var. Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin 90 illiyi ilə əlaqədar ölkəmizin
ayrı-ayrı guşələrində yubiley tədbirlərinin
keçirilməsinə start verilmişdir. İlk tədbir
Sumqayıtda keçirilmişdir. Cəmiyyətin qabaqcıl
qurumlarından sayılan Sumqayıt şəhər bölməsinin
kollektivi və könüllüləri ilk öncə ulu
öndər Heydər Əliyevin adidəsini ziyarət edərək
önünə gül dəstələri düzdülər.
Şəhər uşaq və yeniyetmələrin
yaradıcılıq mərkəzində keçirilən mərasimdən
əvvəl burada məktəblilərin Qızıl Aypara hərəkatına
həsr olunmuş rəsmlərindən ibarət sərgi
nümayiş etdirildi. Cəmiyyətin şəhər
bölməsinin fəaliyyətindən bəhs edən
videofilm də maraqla qarşılandı.
Şəhər bölməsinin sədri Mətanət Məhərrəmova qonaqları salamladı və bölmənin gördüyü işlərlə bağlı məlumat verdi. O, humanitar yardımların verilməsi, təbliğat yönümlü işlər və digər proqramların icrası barədə danışaraq dedi ki, hərəkatın Sumqayıtda 22 mindən artıq üzvü, 350 nəfər qeydiyyatdan keçmiş könüllüsü və 60 nəfər fəalı vardır. Şəhərin və AQAC rəhbərliyinin bölməyə dayaq olmalarından, həssas münasibət göstərmələrindən razılığını çatdırdı. Sumqayıtın 60 illiyi ərəfəsində şəhərin sosial-iqtisadi həyatında iştirakına görə özünün “Tərəqqi” medalı ilə təltif edilməsindən hədsiz qürur duyduğunu bildirdi. Şəhərin səhiyyə, təhsil, mədəniyyət və digər sahələrindən olan fəal ayparaçılarını xüsusi qeyd elədi, eyni zamanda hərəkata biganə qalanları da fəal əməkdaşlığa çağırdı.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi, AQAC Sumqayıt şəhər bölməsi rəyasət heyətinin üzvü Vaqif Qəhrəmanov və 21 saylı məktəbin direktoru Zakir Əliyev cəmiyyətlə birgə fəaliyyətlərindən bəhs etdilər və yubilyarlara təbriklərini çatdırdılar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında bildirdi ki, cəmiyyətin inkişafında, mərhəmət və humanizm duyğularının bərqərar olmasında Qızıl Xaç və Qızıl Aypara hərəkatının müstəsna rolu vardır. AQAC da bu hərəkatın daimi, bərabərhüquqli və həqiqi üzvü kimi layiqli fəaliyyət göstərir. Bu hərəkat respublikamızda geniş yayılmışdır və Sumqayıt bölməsinin də işi təqdirəlayiqdir. Bu bölmənin qeydiyyatında olan 850 nəfər kimsəsiz qocaya daim hərtərəfli qayğı göstərilir. Natiq sonra AQAC-ın 90 illik yubileyini təbrik edərək humanist fəaliyyətində böyük uğurlar arzuladı.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov hərəkatın tarixindən danışdı, 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə cəmiyyətin beynəlxalq hərəkatın tərkib hissəsi olaraq respublikamızda bu sahədə fəaliyyət göstərən yeganə rəsmi, humanitar təşkilat kimi təsdiq edildiyini xüsusi vurğuladı. Prezident İlham Əliyevin cəmiyyətə gündəlik qayğı göstərməsinə, 2008-ci ildə AQAC haqqında Qanunun qəbul edilməsinə və hər il mart ayının 10-da respublikamızda Qızıl Aypara gününün qeyd olunmasına görə minnətdarlıq duyğularını dilə gətirdi. Sumqayıt şəhər rəhbərliyinə beynəlxalq hərəkata diqqət göstərdiyinə görə təşəkkürünü bildirdi və icra hakimiyyətinin başçısı Vaqif Əliyevə cəmiyyətin “Qızıl aypara” medalını təqdim etdi.
Sonra respublikanın incəsənət ustaları və Sumqayıtın bədii kollektivləri maraqlı konsert proqramı ilə çıxış etdilər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 11 fevral.- S. 7.