Səbail Bakının yüksəliş salnaməsinə yeni səhifələr yazır

 

Səbail Azərbaycanın paytaxtı Bakı şəhərinin Xəzər dənizi sahili boyunca yerləşən mərkəzi rayonudur. Ərazisi 29 kilometr, əhalisi 98042 nəfərdir. Ərazisində 8808 nəfər məcburi köçkün məskunlaşmışdır.

Səbail rayonu Bakı şəhərinin ən qədim hissəsi olaraq, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə “Bibiheybət”, 1931-ci ildən “Stalin”, 1960-cı ildən isə “26 Bakı komissarları” adını daşımışdır. 1992-ci ildən Səbail rayonu adlandırılmışdır. Qədim əsrlərin yadigarı olan “Qız qalası” Səbail rayonunun rəmzidir. Azərbaycan Respublikasının əsas idarəetmə orqanları — Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, Bakı Şəhər İcra Hakimiyyəti, Hökumət evi, bir sıra nazirliklər, o cümlədən əsas güc nazirlikləri və dövlət komitələri Səbail rayonunun ərazisində yerləşir.

Bakılıların və şəhərimizin çoxsaylı qonaqlarının əsas ziyarət yeri olan “Şəhidlər Xiyabanı” və “Fəxri Xiyaban”, Heydər Əliyev Fondu, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, Muğam Mərkəzi və “Üns” yaradıcılıq mərkəzi, bir sıra böyük istirahət və gəzinti obyektləri də bu rayondadır.

Səbail rayonu ərazisində 5 ali, 2 orta ixtisas, 1 peşə məktəbi, 18 ümumtəhsil və 18 məktəbəqədər müəssisə, 3 uşaq yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər idman məktəbi, 3 musiqi məktəbi, 22 səhiyyə müəssisəsi yerləşir. Şəhərimizin və eləcə də respublikanın əsas mədəniyyət mərkəzləri, o cümlədən 12 teatr, 2 kinoteatr, 6 kitabxana, 15 muzey, 5 mədəniyyət evi burada fəaliyyət göstərir. Ərazidə müxtəlif elm, incəsənət korifeyləri, müharibə və ədəbi qəhrəmanların şərəfinə heykəl və büstlər ucaldılmış 10 istirahət parkı və bağı vardır.

 

Ötən il Səbail rayonunda nəzərəçarpacaq müsbət dəyişikliklər baş vermişdir. İlin yekunlarına görə, sənaye müəssisələri üzrə 370,3 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehlakçılara 368,3 milyon manatlıq məhsul göndərilmişdir. Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr 372,8 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,8 % çox xidmət göstərmişdir.

 

Rabitə müəssisələri isə idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 719,4 milyon manatlıq və ya 2008-ci ilin müvafiq dövrünə nisbətən 4,3 % çox xidmətlər göstərmişdir. 2009-cu il ərzində əhaliyə 511,3 milyon manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,2 % artaraq 260,8 milyon manata, pullu xidmətlərin həcmi isə 5,3 % artaraq 250,5 milyon manata çatmışdır.

2009-cu ilin yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 85462 nəfər, orta aylıq əmək haqqının məbləği isə 651,9 manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 8 manat və ya 1,2 % çoxdur. İl ərzində rayonda 2214 daimi iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ilin noyabrından 2010-cu ilin yanvar ayının 1-dək 31576 iş yeri açılmışdır ki, bunlardan 30920-si daimidir. Beş il ərzində Bakı şəhərində açılmış daimi iş yerlərinin 18,3%-i Səbail rayonunun payına düşür. Bu göstəriciyə görə Bakı şəhəri üzrə Səbail rayonu birincilər sırasındadır.

Səbail rayonunda və ilk növbədə Bibiheybət buxtasında neftlə çirklənmiş, əhali üçün təhlükə mənbəyinə çevrilmiş torpaqların təmizlənməsi ilə bağlı işlər davam etdirilmiş, artıq Bibiheybət buxtasında 174 hektar ərazi Dövlət Neft Şirkətinin Ekologiya Departamenti tərəfindən təmizlənmiş, burada 55 minə yaxın ağac və kol əkilmişdir. Ölkə başçısının 2010-cu ili “Ekologiya ili” elan etməsi ilə ekoloji problemlərin həllinə olan diqqət daha da artmış, keçən ilin noyabr ayından bəri hər həftə keçirilən iməciliklərdə minlərlə insan iştirak etmişdir. Artıq rayonda 25 minə yaxın ağac əkmiş, əvvəl əkilmiş minlərlə ağaca qulluq göstərilmişdir.

Ötən il rayonda aparılmış genişmiqyaslı quruculuq işlərindən söz açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi:

— 2009-cu il ərzində Səbail rayonu ərazisində böyük quruculuq və abadlıq işləri həyata keçirilmişdir. Belə ki, MTN Mədəniyyət Mərkəzində, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində, Dövlət Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Bəstəkarlar İttifaqının binalarında, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksində, Azərbaycan prospektində, Daxili İşlər Nazirliyi qarşısındakı yeraltı piyada keçidində aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılmışdır. Mərkəzi Klinik Xəstəxananın Ambulatoriyası, Milli Məclisin yeni korpusu, Azərbaycan Respublikası Hesablama Palatasının yeni binası istifadəyə verilmişdir. “Dalğa Plaza” İş Mərkəzi və Urologiya Xəstəxanası əsaslı təmir olunmuş və yenidən qurulmuşdur.

2009-cu ildə aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra paytaxtımızın sakinlərinin və eləcə də şəhərimizin çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan “Sahil bağı” və “Filarmoniya bağı” istifadəyə verilmişdir. Bu obyektlərin açılış mərasimlərində ölkə başçısı İlham Əliyev iştirak etmiş, aparılan işlərə yüksək qiymət vermişdir.

Hazırda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın tikintisi və Dövlət Bayrağı Meydanındakı inşaat işləri davam etdirilir. Badamdar qəsəbəsində MTN-nin yeni Hospitalının inşası, Dənizkənarı Milli Bulvarda abadlıq və yenidənqurma işləri, burada möhtəşəm “Biznes mərkəzi”nin tikintisi, “Yaxt-klubda” yenidənqurma işləri, “Respublika” mehmanxanasında əsaslı təmir və yenidənqurma işləri, Mehdi Hüseyn küçəsində “Alov qüllələri” kompleksinin tikintsi, “Xaqani” bağında əsaslı təmir, “Fəvvarələr Meydanı”nda yenidənqurma və Nizami küçəsindəki tarixi binalarda təmir-bərpa işləri, Bakıdan cənub-qərb istiqamətində çıxışda – Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə uzanan yeni magistral yolun çəkilişi, Neftçilər prospektində Heydər Əliyev Fondu ilə üzbəüz “Four Seasons”, Hökumət Evinin yaxınlığında müasir “Hilton” mehmanxanalarının inşası davam etdirilir. Şəhərimizin qocaman təhsil müəssisələrindən olan 132 saylı orta məktəbin və “İstedad” Beynəlxalq Təhsil Kompleksinin binalarında əsaslı təmir və yenidənqurma işlərinə başlanmış və cari ilin axırına kimi işlərin sona çatması nəzərdə tutulmuşdur.

Səbail rayonunun qəsəbə və yaşayış sahələrində, məhəllə və həyətlərində abadlıq işlərinin aparılması ilə bağlı rayon icra hakimiyyəti tərəfindən “Abad həyət” layihəsi hazırlanmış və Badamdar qəsəbəsində onun icrası ilə bağlı 5 həyətdə əsaslı təmir-abadlıq işləri aparılmışdır. Süni yaşıl örtüklü mini futbol meydançaları, söhbətgahlar, skamyalar, əyləncə qurğuları quraşdırılmış, həyətlər asfaltlaşdırılmışdır. Binaların blok qapıları yeniləri ilə əvəz olunmuş, həyətlərdə zibil meydançası tikilərək bura yeni konteynerlər qoyulmuşdur.

Bibiheybət qəsəbəsindəki kitabxana, xeyir-şər yeri və qəsəbə mədəniyyət evi təmir olunmuş və lazımi avadanlıqlarla təchiz olunmuşdur. Hazırda qəsəbənin girişində II Dünya müharibəsində həlak olan döyüşçülərin xatirə abidəsinin əsaslı təmir-yenidənqurulması başa çatmaq üzrədir.

Səbail Rayon Veteran Təşkilatları Şurasının və həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin “Şəhidlər Xiyabanı”nda yerləşən qərargahlarında əsaslı təmir işləri aparılmış, RİH tərəfindən bura hər cür inventar və avadanlıq verilmişdir. 20-ci yaşayış sahəsində keçirilmiş açıq qəbul zamanı şəhid Yüzbəy Mürsəlovun anasının müraciəti nəzərə alınaraq qısa müddət ərzində şəhidin yaşadığı evin yaxınlığında onun xatirə guşəsi yenidən qurularaq ətrafı abadlaşdırılmışdır.

Dekabr ayında həyata keçirilən işlər çərçivəsində rayonun 20-ci yaşayış sahəsindəki yolötürücü dairə və “Veteran neftçilər bağı”nda əsaslı təmir-yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Dairənin ətrafındakı mağazaların fasadı təmir olunmuş, müasir formada yeni üzlük çəkilmişdir. Eyni zamanda, parkda yerləşən “Veteran neftçilər klubu”nda da təmir işləri aparılmış, lazımi avadanlıqlarla təmin olunmuşdur. Parkın və dairənin yeni işıqlandırılma sistemi quraşdırılmışdır.

Yeni Azərbaycan Partiyasının yaranış günü – noyabr ayının 21-də xüsusi layihə əsasında Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı üçün 3 mərtəbəli yeni binanın təməli qoyulmuşdur. Badamdar qəsəbəsində xeyir-şər yerinin tikintisinə və qəsəbə mədəniyyət evinin əsaslı təmirinə başlanmışdır. Keçən il tikintisinə başlanmış Səbail Rayon Polis İdarəsinin yeni binasında hazırda tamamlama işləri aparılır.

Rayon ərazisindəki yolların vəziyyəti də rayon icra hakimiyyətinin diqqətində olmuşdur. Mərkəzdə, Bayıl-20-ci yaşayış sahəsində təmirə ən çox ehtiyacı olan küçə və məhəllələrə ümumilikdə 145 min kvmetr asfalt örtüyü çəkilmişdir. Ötən il Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi balansında olan evlərin dam örtüklərində ümumilikdə 2900 kvmetr əsaslı bərpa-təmir işləri aparılmışdır. Həyətlərdə, səkilərdə, idman meydançalarında və istirahət guşələrində 28000 kvmetr asfalt örtüyü çəkilmişdir. 30 zibil meydançasında təmir işləri aparılmış, 3 yenisi tikilmiş, 648 yeni konteyner qoyulmuşdur.

Rayonda aparılan genişmiqyaslı abadlıq işləri çərçivəsində şəhərin mərkəzində 80-ə yaxın həyətdə təmir-abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur. Artıq 67 həyətdə abadlıq işləri aparılmışdır. Badamdar qəsəbəsində Heydər Əliyev adına istirahət parkında da cari təmir işləri aparılmışdır. 3-cü yaşayış massivində, Salyan yolu ilə T.Məmmədov küçəsini birləşdirən 3 kilometr uzunluğunda yeni yol çəkilmiş və bura 21000 kvmetr asfalt salınmışdır. Bağlar, N.Paşayev küçələrinə və abadlaşdırılan həyətlərə 5500 kvmetr asfalt örtüyü salınmışdır. Bibiheybət qəsəbəsinin ərazisində ümumilikdə 15000 kvmetr asfalt örtüyü salınmış, qaçqınların məskunlaşdığı “Şıx” sanatoriyasının dam örtüyü əsaslı təmir olunmuşdur.

Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsi 2009-cu ildə rayon üzrə illik 465 min kvts elektrik enerjisi istehlak etmişdir. Bu, 2008-ci ilə nisbətən 19,4 min kvts azdır. Buna şəbəkədə aparılan yeni kabelləşmə və sayğaclaşmanın tam həcmdə həyata keçirilməsi, enerji itkilərinin azaldılması sayəsində nail olunmuşdur. Hesabat ilində 6351 abonentə elektrik sayğacı quraşdırılmışdır.

İl ərzində istehlak olunan enerji sərfiyyatına görə ümumi yığım orta hesabla 99,4 %, əhali sektorunda yığım isə 96,5 % olmuşdur. İstehlak olunmuş elektrik enerjisinin haqqının yığılması üzrə 2009-cu ilin yekununa görə rayon Bakı şəhəri üzrə birinci yeri tutur.

Səbail Rayon Qaz İstismar Sahəsi qaz təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər çərçivəsində keçən il rayonun müxtəlif yerlərində 5637 metr uzunluğunda yeni qaz xətləri çəkmiş və korroziyaya uğramış yeraltı kəmərlər yerüstü xətlərlə əvəz olunmuşdur. 2009-cu ildə rayon üzrə qaz istehlakçılarına 7190,4 min manatlıq təbii qaz satılmışdır. 9889,7 min manat məbləğində və ya 135,3 % ödəniş yığılmışdır. Əvvəlki illə müqayisədə ödənişdə 93,7 % artım olmuşdur. Əhali sektoru üzrə il ərzində yığım 61,2 % olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 7,8 % artım deməkdir.

Su Kəməri və Qurğularının İstismarı İstehsalat Zonası il ərzində rayon ərazisində 3488 metr müxtəlif diametrli su xəttini dəyişdirmişdir. Bayıl–20-ci yaşayış 2850 metr müxtəlif diametrli yeni su xətləri çəkilmiş, 500 mm-lik əsas magistral su kəmərinin 4600 metrlik hissəsi dəyişdirilmişdir. Rayon sakinlərinin, xüsusilə Badamdar qəsəbəsi, Bayıl–20-ci yaşayış sahəsinin içməli su ilə təminatında olan çətinliklərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 4 su anbarı tikintisi üçün ayrılmış torpaq sahəsində inşaat işləri aparılır. Ölkə başçısının sərəncamı ilə Oğuz-Qəbələ rayonlarından Bakı şəhərinə çəkilən su kəmərindən təmin olunacaq bu su anbarlarının tikintisi başa çatdıqdan sonra nəinki rayonumuzun, həmçinin Bakı şəhərinin sakinlərinin içməli su ilə bağlı problemləri tam şəkildə həll olunacaqdır.

Başçı daha sonra söylədi ki, rayon icra hakimiyyətinin ciddi nəzarətdə saxladığı məsələlərdən biri də təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Keçən il dövlət büdcəsi hesabına 163 saylı orta məktəbində əsaslı, digərlərində isə cari təmir işləri aparılmışdır. 91 saylı orta məktəbdə yeni müasir qazanxana quraşdırılmışdır. Rayonun orta ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə keçirilən “İlin ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsində keçən il Səbail rayonunun “İstedad” Beynəlxalq Təhsil Kompleksi, 2 saylı texniki-humanitar elmlər liseyi, 190 və 239 saylı orta məktəblər qaliblər sırasında olmuşdur. Sevindirici haldır ki, Prezidentin sərəncamı ilə “İlin ən yaxşı müəllimi” adına layiq görülmüş 100 müəllimdən 5-i Səbail rayonunun məktəblərində çalışırlar. Bundan əlavə, 8 nəfər fənn müəllimi də rayon üzrə keçirilən müsabiqədə qalib gələrək ilin ən yaxşı müəllimi adını qazanmış, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. 5 oktyabr Beynəlxalq Müəllim Günü ərəfəsində isə ölkə başçısının fərmanına əsasən, Səbail rayonu təhsil işçilərindən 4 nəfəri “Əməkdar müəllim” fəxri adına, 1 nəfəri “Tərəqqi” medalına layiq görülmüşdür. 2 nəfər “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşlar.

Keçən il bir çox sferalarda olduğu kimi mədəniyyət sahəsində də rayonda yadda qalan hadisələr baş vermişdir. 2009-cu il ərzində Azərbaycanın paytaxtı Bakı şəhəri, eyni zamanda, İslam mədəniyyətinin paytaxtı olmuşdur. “Bakı–İslam mədəniyyətinin paytaxtı-2009” – mədəniyyət ili çərçivəsində keçirilən tədbirlərin bir çoxu məhz Səbail rayonunun ərazisindəki mədəniyyət mərkəzlərində olmuşdur. İl ərzində rayondakı teatr, muzeylər, mədəniyyət mərkəzləri şəhərimizin sakinlərinə və çoxsaylı qonaqlarına xidmət göstərmişdir. Keçən il əsaslı təmir və bərpa işlərindən sonra Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşalar qoyulmuş və İncəsənət Muzeyində yeni ekspozisiya fəaliyyətə başlamışdır.

2009-cu il ərzində Rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən ictimai asayişin qorunması ilə bağlı bir sıra işlər həyata keçirilmişdir. Cinayətlərin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 fakt azalmış, açılma faizi isə artmışdır (0,9%). Aparılan qabaqlayıcı tədbirlər nəticəsində ağır və xüsusi ilə ağır cinayətlərin sayı 155-dən 99-dək və ya 56 fakt azalmışdır.

Rayon ərazisində qeydiyyatdan keçən 4631 nəfər qaçqın (850 ailə) və 10581 nəfər (2642 ailə) məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olmuşdur.

Rayondakı hər 3 bələdiyyə keçən 5 il ərzindəki fəaliyyətlərinə yekun vurmuş, onlara yeni üzvlər seçilmişdir. Bələdiyyə üzvlərinin 88%-i təhsillidir. Seçicilərin 24,4 %-i qadınlar, 21,6%-i 30 yaşına kimi gənclər təşkil edir. Bələdiyyələrdə 63,8 % YAP üzvləri, 24,4 % bitərəflər və 7,3 % digər siyasi partiyaların nümayəndələri təmsil olunmuşlar.

Bu günlərdə RİH-də keçirilən ümumrayon müşavirəsində ötən ilin başlıca sosial-iqtisadi, siyasi-mədəni uğurları diqqət mərkəzində olmuş, qarşıda duran məsul vəzifələr geniş təhlil olunmuşdur. Bildirilmişdir ki, ötən ilki yüksəliş və yeniləşmə bu il də artan sürətlə davam etdiriləcək, paytaxtın mərkəzi rayonu Bakı şəhərinin hərtərəfli tərəqqisinə, yüksək rifaha və ahəngdar həyatına töhfələrini artıracaqdır. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə həyata keçirilən modernləşdirmə siyasəti Bakının ən qədim ərazisi və mərkəzi hissəsi olan Səbail rayonunu daha da gözəlləşdirəcək, onun çoxəsrlik tarixinə yeni parlaq səhifələr əlavə edəcəkdir.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2010.- 11 fevral.- S. 6.