Vergilər Nazirliyində təqdimat mərasimi keçirilmişdir

 

Dünən Vergilər Nazirliyinin Aparatında vergi xidmətində həyata keçirilən yeni elektron layihələrin təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Vergilər Nazirliyinin struktur bölmələrinin rəhbərləri, digər dövlət qurumlarının, həmçinin beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

Tədbiri açan vergilər nazirinin birinci müavini Natiq Əmirov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2006-cı ildən başlayaraq Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi”nin (AVİS) istifadəyə verildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, 2007-2009-cu illərdə AVİS vasitəsilə yerinə yetirilən iş prosesləri genişləndirilərək bu sistemdə sahibkarlıq subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi ilə aparılması, vergi bəyannamələrinin internet vasitəsi ilə təqdim edilməsi, banklarla vergi orqanları arasında elektron sənəd mübadiləsi kimi sahibkarların maraqlarına xidmət göstərən vacib layihələr gerçəkləşdirilmişdir.

Vurğulanmışdır ki, mütərəqqi informasiya texnologiyalarının tətbiqini davam etdirən Vergilər Nazirliyi 2010-cu ildən bir sıra yeni layihələrin tətbiqinə başlayır. Belə ki, “Onlayn kargüzarlıq” sistemi vasitəsilə e-hökumət quruculuğunun əsas tərkib hissələri olan “vətəndaş-dövlət”, “biznes-dövlət” və “biznes-biznes” münasibətləri müasir beynəlxalq standartlar səviyyəsində təşkil ediləcəkdir. Yeni texnologiyaların tətbiqi nəticəsində ölkə vətəndaşları vergi orqanına gəlmədən kompyuter və ya mobil telefon vasitəsilə internet üzərindən vergi orqanına ünvanlanan bütün müraciətlərini göndərə biləcəklər. Müraciət edən vətəndaş bu sistem üzərindən vergi orqanına göndərdiyi bütün məktubların vergi orqanı daxilində hərəkətini onlayn rejimdə izləyə və birbaşa icraçını öyrənərək onunla telefon əlaqəsi yarada biləcəkdir.

“Elektron vergi hesab fakturası” və “Nəzarət-kassa aparatlarına elektron məsafədən ötürmə qurğularının tətbiqi” sistemlərinin tətbiqi isə vergi ödəyicilərinin vergi orqanları ilə əlaqəsinin asanlaşdırılmasına və vergi inzibatçılığında müasir elektron nəzarət mexanizmlərindən geniş istifadə edilməsinə yönəlmişdir. Məlum olduğu kimi, cari ilin yanvar ayının 1-dən etibarən elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmışdır. Ötən ilin sonuna qədər vergi ödəyicisi hesab-faktura almaq üçün müvafiq maliyyə idarəsinə getməli, müəyyən məbləğdə pul ödəməli idi. Amma elektron vergi hesab-faktura heç bir vəsait ödənmədən istənilən yerdən elektron formada alıcıya təqdim oluna bilir. Qeyd olunmuşdur ki, elektron vergi hesab-fakturalarının tətbiqi həm vergi ödəyicilərinin işinin yüngülləşməsinə, onların vaxtına və vəsaitlərinə qənaət etməsinə, həm də bu sahədə aparılan vergi nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaradacaqdır.

Nəzarət kassa-aparatlarına elektron məsafədən ötürmə qurğularının tətbiqinə gəlincə, vergi ödəyicisi tərəfindən NKA-da aparılan bütün əməliyyatlar elektron məsafədən ötürmə qurğusu tərəfindən toplanır və mobil rabitə vasitəsilə Vergilər Nazirliyinin mərkəzi serverinə ötürülür, sonra həmin məlumatlar avtomatik emal olunur və vergidən yayınma ehtimalı yüksək olan vergi ödəyiciləri müəyyən edilir. Bununla da nağd hesablaşmalar aparan vergi ödəyicilərinə nəzarət daha da təkmilləşdirilir.

Təqdimatlardan sonra tədbir iştirakçılarının rəy və fikirləri dinlənilmiş, KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Xalq qəzeti.- 2010.- 11 fevral.- S. 4.