Dəvəçi: 2009-cu ildəki
dinamik inkişaf 2010-cu ildə böyük perspektivlərə
zəmin yaradır
2009-cu ilin yekunları və
2010-cu ildə qarşıda duran vəzifələrlə
bağlı Dəvəçi Rayon İcra Hakimiyyəti
başçısının hesabat
yığıncağı ənənəvi olaraq ümummilli
lider Heydər Əliyevin rayonun mərkəzi meydanında
ucaldılmış abidəsi önünə tər
çiçək dəstələrinin qoyulması ilə
başladı. Rayonun özəl şirkət və müəssisələrinin
istehsal məhsullarının icra hakimiyyəti binasında
düzənlənən sərgisinə baxışdan sonra
hesabat yığıncağı öz işinə
başladı. Dəvəçi Rayon İcra Hakimiyyətinin
başçısı Novruz Novruzov geniş hesabat məruzəsinə
2009-cu ilin ümumən respublika üçün hansı
nailiyyətlərlə əlamətdar olduğunu göstərən
faktları diqqətə çatdırmaqla başladı:
—Azərbaycanda
aparılan uğurlu sosial-iqtisadi islahatlar, əsası
ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
qətiyyətlə davam etdirdiyi
düşünülmüş milli inkişaf strategiyası
respublikamızın hərtərəfli inkişafına,
qabaqcıl dövlətlər səviyyəsinə
qalxmasına səbəb olmuşdur.
2009-cu ili ölkəmizin
iqtisadi inkişafında yeni mərhələ kimi səciyyələndirən
ölkə Prezidenti Nazirlər Kabinetinin iclasında bu barədə
deyir: “2009-cu ilin yekunlarına görə Azərbaycan dünya
miqyasında ən inkişaf etmiş ölkələr sırasındadır.
2009-cu ildə Azərbaycanda ümumdaxili məhsul 9,3 faiz
artmışdır. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu
bir daha onu göstərir ki, uğurlarımızın təməlində
düşünülmüş siyasət və düzgün
atılmış addımlar dayanır.”
2009-cu ildə ölkəmizdə ümumdaxili məhsulun real artımının böhran ili üçün çox yüksək — 9,3 faiz səviyyəsində olması, müstəqil Azərbaycan dövlətinin tarixin bu sınağından da uğurla çıxmasının əyani sübutu, siyasi və iqtisadi idarəetmənin uğurlu göstəricisidir.
Rayon icra hakimiyyətiniun başçısı 2009-cu ilin Dəvəçi üçün də yaddaqalan, uğurlu il olduğunu konkret faktlarla açıqlayaraq dedi:
— Ölkənin bütün regionlarını əhatə edən iqtisadi tərəqqi, sosial-mədəni quruculuq mühiti rayonumuzda da uğurlu nəticələrin əldə edilməsinə yol açmışdır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2009-2013-cü illərdə)” nəzərdə tutulmuş tədbirlərin rayonumuzda müvəffəqiyyətlə icra edilməsi nəticəsində 2009-cu ildə məhsul buraxılışının ümumi həcmi 214 milyon manat olmuş, sənaye məhsulu istehsalı 7 milyon manatı ötmüş, kənd təsərrüfatı məhsullarının istehsalı 44,4 milyon manata çatmışdır.
Rayonda 12,7 milyon manat həcmində tikinti, abadlıq, quruculuq işləri görülmüşdür ki, bu da 2008-ci illə müqayisədə 1,3 milyon manat və ya 10 faiz çoxdur. Son 3 ildə isə bu abadlıq-quruculuq işlərinin həcmi 32,9 milyon manat olmuşdur.
İl ərzində yerinə yetirilən tikinti -quruculuq işlərində dövlət investisiya vəsaiti 3,59 milyon manat təşkil etmişdir ki, bu da ümumi işin həcminin 28,3 faizidir. Ötən il dövlət büdcəsinin yerli xərclərindən abadlıq-quruculuq işlərinə 1,2 milyon manat (ümumi işin 9,3 faizi həcmində) vəsait sərf edilmişdir. Bu isə 2008-ci ildəkindən 495,9 min manat çoxdur.
2009-cu ildə “Azərkörpü” SC tərəfindən Dəvəçi şəhərində 148 min, yerli özünüidarəetmə orqanlar: —bələdiyyələr 128 min, digər mənbələr və daxili imkanlar hesabına 840 min manat həcmində abadlıq, quruculuq işləri aparılmışdır. Özəl bölmənin, sahibkarlıq müəssisələrinin tikintisinin ümumi həcmi isə 6,3 milyon manata çatmışdır.
Bu müddətdə dövlət investisiya vəsaiti hesabına rayonda 8 layihə həyata keçirilmiş — 220 şagird üçün Şahnəzərli kənd orta məktəbi, şəhər 4 saylı orta məktəbi də 520 şagird üçün 26 sinif otağı tikilib istifadəyə verilmiş, Düzbilici kənd əsas məktəbinin tikintisi başa çatmışdır. Gəndov kənd orta məktəbi əsaslı bərpa edilmişdir. Şəhər Mədəniyyət sarayının yenidən bərpası başa çatmış, statistika idarəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. 80 çarpayılıq rayon xəstəxanasının, şəhərin mərkəzi kanalizasiya şəbəkəsinin tikintisi davam etmişdir. Rayon mərkəzinin əsas küçələri — Heydər Əliyev prospekti, Nizami küçəsindəki yaşayış və inzibati binalar baş kanalizasiya xəttinə qoşulmuşdur.
Dövlət büdcəsinin yerli xərclərində nəzərdə tutulmuş vəsait hesabına Ağalıq orta, Xəlfələr əsas və Udulu ibtidai məktəbləri, uşaq xəstəxanası, mərkəzləşdirilmiş kitabxana sistemlərinin binası, Gəndov və Pirəbədil mədəniyyət evləri təmir olunmuş, 4 iki mərtəbəli 12 mənzilli bina əsaslı təmir olunaraq alkoponla üzlənmişdir.
Bakı-Quba avtomobil yolunun Dəvəçi şəhərindən keçən 2,5 kilometr hissəsinə 25 min kv.metr asfalt-beton döşənmiş, təmir olunmuşdur.
Dəvəçi şəhərində uzunluğu 4554 metr olan 9 küçəyə 27 min 143 kvadratmetr asfalt-beton verilmiş, sahəsi 41 min 842 kv.metr, uzunluğu 7520 metr olan 15 küçə isə çınqıl və qırma daşla yenidən döşənmişdir.
Dəvəçi şəhərinin giriş qapısı tikilmiş, həmin ərazidə yeni park salınmışdır. Səməd Vurğun küçəsində “Şəlalə” kompleksi, süni ot örtüklü kiçik futbol meydançası, Heydər Əliyev prospektində “Dədə Qorqud” abidəsi, “Bayraq meydanı”nda 2 fontan, “Qala” meydanında 2-ci abidə, Bakı-Quba yolunun 141-ci kilometrində, Quba rayonu ilə sərhəddə, rayonun giriş qapısında onun mədəni-tarixi keçmişini əks etdirən seyrəngah, “Şabran şəhəri” qoruğunun ərazisinin girişində “Heydər Əliyev Şabranda” pannosu, Bakı-Quba və Gəndov-Xaçmaz yolunun kənarında olan kəndlərin adlarını əks etdirən lövhələr tikilmişdir. Hazırda M.Ə.Rəsulzadə küçəsindəki Qala meydanında “Qala” abidəsinin, M.Nəzirov parkının qarşısında “Bulaq” kompleksinin, inşası davam edən Heydər Əliyev mərkəzinin qarşısında 3 yeni fontanın tikintisinə başlanmışdır.
İki nəfər Qarabağ əlili üçün Ağalıq və Şahnəzərli kəndlərində fərdi yaşayış evi, Dəvəçi şəhəri, Əmirxanlı və Şahnəzərli kəndlərində 3 poçt bölməsi üçün yeni bina tikilmiş, Pirəbədil kəndində 510 nömrəlik yeni elektron ATS quraşdırılmışdır.
Beləliklə, Dəvəçi rayonunun 2009-cu ilə dair tədbirlər planında nəzərdə tutulmuş 94 tədbirin 66-sı tam icra olunmuş, 9 tədbir qismən icra olunmuş, 19 tədbirin isə icra olunmasının təşkili istiqamətində iş aparılır.
Yola saldığımız ildə pərakəndə əmtəə dövriyyəsi 2008-ci illə müqayisədə 9 faiz artaraq 3 milyon 26 min manata, əhalinin pul gəlirləri 11 milyon 63 min manat artaraq 69 milyon 427 min manata çatmışdır. Adambaşına düşən gəlirlərin həcmi 1329 manat olmuşdur ki, bu da 2008-ci ildəkindən 219,7 manat və ya 10 faiz çoxdur. Son 6 ildə orta aylıq əmək haqqının artım dinamikası 2004-cü ildəki 65,4 manatdan 229,3 manata çatmışdır.
Çıxışında sahibkarlıqla məşğul olan təbəqənin möhkəmləndirilməsi üçün hüquqi bazanın yaradılmasını, dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsini, sahibkarlığın inkişaf etdirilməsini Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri olduğunu xatırladan N.Novruzov ötən il rayonda sahibkarlığın inkişafı istiqamətində də bəzi işlər görüldüyünü bildirdi:
— Sahibkarlıq subyektlərinin sayı artaraq 1882-yə çatmışdır. Rayonda fəaliyyət göstərən bank filialları tərəfindən kiçik və orta sahibkarlığın inkişafı ilə məşğul olan 1840 nəfərə 2 milyon 309,7 min manat həcmində kredit verilmişdir.
Rayonda yeni istehsal sahələrinin
yaradılması davam edir. Dəvəçi Broyler fabrikində
quş ətinin dərin emalı sexində tikinti və
quraşdırma işləri aparılır, Uzunboyad “Şirə-şərab”
zavodunun tikintisi, Gəndov şərab zavodunun yenidən
qurulması və bərpası başa çatmaq ərəfəsindədir.
“Elit” toxumçuluq təsərrüfatı üçün
tutumu 1000 ton olan taxıl anbarı tikilmişdir.
Filialının
açılması nəzərdə tutulan “Xalq Bank”
üçün yeni bina tikilmişdir.
Yola saldığımız
ildə rayonda istehsal edilmiş sənaye məhsullarının
84,8 faizi, kənd təsərrüfatı məhsullarının
isə 99,8 faizi özəl sektorun payına düşür. Kənd
təsərrüfatının inkişafı, əhalinin bu
sahədə fəallığının daha da
artırılması üçün ardıcıl tədbirlər
görülür.
2009-cu ildə 12 min 224 hektar
sahədə payızlıq taxıl biçilmişdir. Bu,
2008-ci ildəki taxıl əkini ilə müqayisədə
4140 hektar çoxdur. Ümumilikdə isə 25 min 835 ton
taxıl istehsal edilmişdir ki, bu da ötən ilə nisbətən
9 min 279 ton çoxdur.
Tərəvəz
istehsalı 446 ton artaraq 8100 tona, kartof istehsalı 586 tona, meyvə
istehsalı 762 tona, üzüm istehsalı 803 tona
çatmış, 39 ton bostan məhsulları istehsal
edilmişdir.
İribuynuzlu mal-qaranın
sayı 587 baş artaraq 23 min 591 başa, qoyun və keçilərin
sayı 980 baş artaraq 42 min 832 başa
çatmışdır. Yumurta istehsalı 4 milyon 593 min ədəd
artaraq 23 milyon 445 min ədədə çatmışdır.
Ümumilikdə, kənd təsərrüfatında
məhsul istehsalının dəyəri 44 milyon 743 min manat təşkil
etmişdir ki, bu da ötən illə müqayisədə kənd
təsərrüfatı məhsullarının ümumi dəyərinin
6 milyon 793 min manat artdığını göstərir.
“Kənd təsərrüfatındakı
irəliləyişin əsas təminatı şübhəsiz
Azərbaycan Respublikası Prezidentinin diqqəti və
qayğısıdır”, — deyə natiq sözünə davam
etmişdir. — Belə ki, “Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 yanvar
2007-ci il tarixli Sərəncamına əsasən rayonda 1 iyun
2009-cu il tarixə kimi əkilən 13 min 290 hektar əkin və
çoxillik əkmələr üçün 3 min 671 nəfər
məhsul istehsalçısına 531 min 613 manat yardım
verilmişdir.
“Buğda
istehsalçılarının maddi marağının
artırılması və buğda istehsalının
stimullaşdırılması məqsədilə dövlət
büdcəsinin vəsaiti hesabına yardım verilməsi
qaydaları” haqqında Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr
tarixli, 181 saylı qərarına uyğun olaraq 1 dekabr 2009-cu
il tarixə kimi 22 min 798 nəfərə əkdikləri 6 min
396 hektar buğda sahəsinə görə 255 min 836 manat
yardım hesablanmışdır.
Azərbaycan Respublikası
Prezidenti möhtərəm İlham Əliyev tərəfindən
2010-cu il “Ekologiya ili” elan olunmuşdur. Respublikamızın hər
yerində olduğu kimi, Dəvəçidə də kütləvi
hərəkata çevrilmiş ağac əkini kampaniyası
uğurla davam edir. Dəvəçi şəhərinin cənub
hissəsində Bakı-Quba yolunun sağ və sol tərəflərində
rayon ictimaiyyətinin köməyi ilə 4 hektar sahədə
2 min 500 ədəd, rayondan keçən magistral yolun ətrafında
2 min 800 ədəd ağac əkilmişdir.
Mövsümün sonunadək daha 5 min ağac əkiləcəkdir.
Eyni zamanda əkilən ağacların becərilməsi və
mühafizəsi üçün də lazımi tədbirlər
görülmüşdür. Daimi işçi qüvvəsi
müəyyənləşdirilmiş, suvarmanın təşkili
üçün arxlar çəkilmiş, su mənbələri
müəyyənləşdirilmişdir.
2009-cu ildə 102 vətəndaşın
fərdi mənzil, 35 sahibkarlıq subyektinin — ticarət,
iaşə və digər xidmətlərlə bağlı
tikinti planı qeydə alınmış, razılıq
verilmişdir. İl ərzində 11200 kvadratmetr fərdi mənzil
tikilmiş, sahibkarlıq subyektləri tərəfindən 3750
kvadratmetr inşaat işi görülmüşdür.
İstehlakçıların,
o cümlədən əhalinin elektrik enerjisi, təbii qaz,
içməli su ilə təminatı gündəlikdə
duran vacib məsələdir. Bu istiqamətdə rayonda
müvafiq qurumların yerli təşkilatları tərəfindən
2009-cu ildə xeyli iş görülmüşdür. Hesabat
ilində əhaliyə normal, fasiləsiz elektrik enerjisi
verilmiş və istehlak olunan enerjinin dəyəri 94 faiz, əhali
tərəfindən isə 85 faiz ödənilmişdir.
2010-cu ildə elektrik enerjisi
təchizatının yaxşılaşdırılması,
rayon paylayıcı elektrik şəbəkəsində yenidənqurma
işlərinin davam etdirilməsi, 0,4 kv-luq hava xətlərinin
sibb kabel ilə tamamilə əvəz edilməsi, yeni
salınmış yaşayış massivlərində layihə
əsasında elektrik şəbəkəsinin qurulması ən
vacib tədbirlərdəndir.
Möhtərəm cənab
Prezidentin tapşırığı əsasında rayonumuzun
normal qazla təmin edilməsi üçün şəbəkənin
yenidən qurulması işlərinə
başlanılmışdır. “Azəriqaz” İstehsalat
Birliyi tərəfindən layihə smeta sənədləri tərtib
olunmuş, 3 mərhələdə
planlaşdırılmış tədbirlərin 2010-cu ildə
başa çatdırılması nəzərdə
tutulmuşdur. Artıq 2010-cu ilin yanvar ayının 1-dən
1-ci mərhələnin—Dəvəçi şəhərinin
qaz təchizatının yenidən qurulmasına
başlanılmışdır.
Məlum olduğu kimi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu
ilin oktyabr ayına qədər qaz pulu borclarının silinməsi
üçün sərəncam vermişdir. Sərəncama əsasən
rayonun 7 min 200 abunəçinin 2 milyon 854 min manat borcu büdcə
vəsaiti hesabına ödənilmişdir. Bu isə dövlətin
əhaliyə, aztəminatlı ailələrə göstərdiyi
qayğının növbəti nümunəsidir.
İçməli su təchizatını
yaxşılaşdırmaq məqsədilə Dəvəçi
Su-Kanal İdarəsi 2009-cu ildə magistral və məhəllədaxili
xətlərdə cari təmir işləri aparmış, mərkəzi
nasos stansiyasında su nasosu, Uzunboyad kəndində su nasosu
yenisi ilə əvəz olunmuşdur. Yeni tikilmiş 1500 kubmetr
tutumu olan su anbarı istifadəyə verilmişdir. Lakin
2006-cı ildə Dəvəçi şəhərinin yeni
yaşayış massivlərinə çəkilmiş 9,8
kilometrlik yeni su xəttinə içməli su verilməmişdir.
İçməli suyun israfçılığına yol
verilməsi halları davam edir. 2009-cu ildə rayonda “Yeniləşən
Azərbaycana yeni məktəb” devizi altında təhsilin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində də tədbirlər davam etmişdir.
Rayonda fəaliyyət
göstərən 49 ümumtəhsil məktəbinin 14-ü
mərkəzi istilik sistemi və qaz yanacağı ilə, 35-i
isə odun yanacağı ilə qızdırılır. Dəvəçi
şəhər 3,4,5 saylı orta və 2 saylı əsas, Gəndov
kənd orta məktəbləri üçün yeni qazanxana
qurğuları və istilik şəbəkələri
quraşdırılmış, həmin qazanxanalara yeni qaz xətləri
çəkilmiş və istifadəyə verilmişdir.
2010-cu ildə şəhər 3 saylı əsas məktəbində
və 1 saylı uşaq bağçasında yeni istilik şəbəkəsinin
quraşdırılması nəzərdə tutulmuşdur.
Rayonda əhaliyə göstərilən
səhiyyə xidmətinin, xəstəxananın indiki iş
şəraitini normal hesab etmək olar. Mərkəzi xəstəxanada
1 nəfər xəstəyə düşən
çarpayı günü və ambulator gəlişlər
respublika göstəricilərindən yaxşıdır.Lakin
hələ də tibb müəssisələrində
ixtisaslı həkim kadrları çatışmır.
Ötən il 1 yaşa qədər
uşaqlar arasında 4 ölüm qeydə
alınmışdır ki, 1245 yeni doğulan uşağa
görə bu normal sayıla bilər.
Rayonda Heydər Əliyev Mərkəzinin
tikintisi davam edir. Mərkəzin tikintisinin tamamlanması və
istifadəyə verilməsi oktyabr ayına
planlaşdırılmışdır. Mərkəzin
işinin təşkili və təkmilləşdirilməsi ilə
bağlı 7 fevral 2009-cu il tarixdə yaradılmış 14 nəfərdən
ibarət qrup müvafiq tədqiqat və araşdırma
işləri aparır.
Hesabat ilində əhali
arasında qanunçuluğun möhkəmləndirilməsi,
ictimai asayişin qorunması və vətəndaşların
hüququnun tənzimlənməsində, ictimai
narahatçılıq törədə biləcək hallara
qarşı rayon polis şöbəsi, Prokurorluq kifayət qədər
səmərəli iş aparmışdır.
2009-cu ildə rayon icra
hakimiyyəti başçısının ünvanına vətəndaşlar
tərəfindən 496 müraciət daxil olmuşdur. Bu da
2008-ci ildəkindən 9 faiz azdır. Rayon icra hakimiyyətinə
ünvanlanmış müraciətlərin 54 faizi müsbət
həll edilmiş, 7,4 faizinin əsassız olduğu
aydınlaşmış, 26,6 faizinin həlli istiqamətində
vətəndaşlara müvafiq hüquqi izahatlar
verilmişdir.
2008-ci ilə nisbətən
2009-cu ildə rayon icra hakimiyyəti başçısına
ünvanlanan şifahi müraciətlərin sayı da 2 dəfə
azalmışdır. Bunun səbəbi isə yerlərdə əhali
ilə görüşlərin sayının
artırılması, səyyar qəbulların keçirilməsidir.
2009-cu il ərzində rayon
icra hakimiyyəti başçısı rayonun 40
yaşayış məntəqəsində səyyar qəbullar,
açıq görüşlər keçirmişdir. Səyyar
qəbullarda 137 məsələ qaldırılmışdır.
Qaldırılan problemlərin 75 faizi öz həllini
tapmışdır.
Rayon icra hakimiyyətinin
başçısı Novruz Novruzov hesabat məruzəsini
yekunlaşdırarkən dedi:
— 2010-cu ilin vəzifələri
böyükdür. Ötən il qazandığımız
nailiyyətləri daha da möhkəmləndirməliyik. Bu
ilin yanvar ayının 18-də Nazirlər Kabinetinin geniş
iclasında ölkədə əldə edilmiş
uğurlardan və qarşıda duran vəzifələrdən
danışarkən möhtərəm Prezident cənab
İlham Əliyev deyib: “Əldə etdiyimiz nailiyyətlərlə
kifayətlənməməliyik. Bu gün əldə olunmuş
nailiyyətlər sabah daha da böyük addımın
atılması üçün əsas olmalıdır.”
Amalı Azərbaycan
xalqının tərəqqisi və rifahı, dövlətimizin
daha da qüdrətlənməsi olan möhtərəm cənab
Prezidentin qarşıya qoyduğu vəzifələrin inamla
yerinə yetirilməsi biz dəvəçililərin hər
birimizin ümdə vəzifəsidir.
Sonra məruzə ətrafında
çıxışlar oldu. Dəvəçi rayon sosial
müdafiə mərkəzinin rəisi Dəyanət Orucov, qaz
idarəsinin rəisi Kamran Zülfüqarov, mərkəzi xəstəxananın
baş həkimi İlqar Qasımov, meşə mühafizəsi
və bərpası idarəsinin rəisi Bəybala Allahyarov və
başqaları 2009-cu ildə rayonun sosial, iqtisadi və mədəni
həyatında görülən işləri qənaətbəxş
hesab etdiklərini və ümumiyyətlə son 3 ildə həyata
keçirilən tədbirlərin bölgənin
inkişafında müstəsna rol oynadığını
bildirdilər.
Daha sonra hesabat
yığıncağının qətnaməsi qəbul
edildi. Burada 2010-cu il üçün nəzərdə tutulan
sosial, iqtisadi və mədəni tədbirlərin konkret
planları və həlli yolları göstərilirdi.
İclas hesabat
yığıncağı iştirakçılarının
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
müraciətin qəbul olunması ilə başa
çatdı. Yığıncağın işində Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının məsul
işçisi İ.Əliyev iştirak edirdi.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2010.- 12 fevral.- S. 9.