Zaqatala keçən ilə yekun vurdu

 

Zaqatala Rayon İcra Hakimiyyətində 2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat yığıncağı keçirildi.

 

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidə kompleksini ziyarət edib, heykəlin önünə tər çiçəklər düzdülər. Sonra yığıncaq iştirakçıları rayon icra hakimiyyətinin binasında ilin sosial-iqtisadi inkişafına həsr olunmuş sərgiyə baxdılar.

Rayon icra hakimiyyətinin akt zalında keçirilən hesabat yığıncağında ümummilli liderimiz Heydər Əliyev haqqında və rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş filmlər nümayiş etdirildi.

Yığıncaqda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 2009-cu ilin yekunları və cari ildə qarşıda duran vəzifələr barədə geniş məruzə etdi. Məruzəçi 2009-cu ilin Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu il olduğunu, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyirnii vurğuladı. Bildirdi ki, 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3, son illər ərzində aparılan sənayeləşmə siyasəti sayəsində sənaye istehsalı 8,6 faiz artıb, kənd təsərrüufatında isə bu rəqəm 3,5 faiz təşkil edib.

Məruzədə qeyd olundu ki, hesabat ilində rayonda 176 milyon manatlıq məhsul istehsal olunub ki, bunun da 27,6 milyon manatı sənaye, 85,1 milyon manatı kənd təsərrüfatı, 32 milyon manatı tikinti, 27 milyon manatı ticarət, 2,9 milyon manatı nəqliyyat, 1,4 milyon manatı rabitənin payına düşür.

Məhsul buraxılışı əvvəlki ilə nisbətən 3, kənd təsərrüfatında 7,3, nəqliyyatda 20,2, ticarətdə 25,1 faiz artıb. 2008-ci illə müqayisədə pullu xidmətlərin həcmi 21,2 faiz artaraq 18,2 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 1.1 faiz artaraq 91 milyon manat olub.

2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 73 layihə üzrə 1,7 milyon manat həcmində güzəştli kredit verilib, rayonda müasir tələblərə cavab verən sənaye müəssisələri: Tütün emalı, Süd emalı zavodlarının və müxtəlif fındıq məmulatları istehsal edən sexin tikintisi başa çatmaq üzrədir.

Rayonda istehsal edilən sənaye məhsulunun 89 faizi yerli gəlirlərin, 94,3 faizi özəl sektorun payına düşmüş, büdcəyə vergi və tədiyyə növləri üzrə 5,4 milyon manat vəsait daxil olmuşdur ki, bu da proqnoz göstəricilərinin 85,4 faizini təşkil edir.

Rayonda sosial problemlərin həllinə böyük diqqət yetirilib, 17529 nəfər əmək pensiyası, 3336 nəfərə sosial müavinət, 1590 ailənin 7010 nəfər üzvünə hər ailəyə orta hesabla 103 manat olmaqla ünvanlı dövlət sosial yardımı verilib, ümumilikdə bütün növ pensiya və müavinət alanlara 23,2 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

2009-cu ildə rayonda 865 yeni iş yeri açılıb. 2008-ci illə müqayisədə orta aylıq əmək haqqı 6,2 faiz artaraq 166,7 manat təşkil edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə olan daimi diqqət və qayğısı, güzəştli kreditlərin və dövlət yardımlarının verilməsi torpaqlardan daha səmərəli istifadə edilməsinə şərait yaradıb, məhsul istehsalı xeyli artıb.

Ölkə rəhbəri 2010-cu ili “Ekologiya ili” elan edib. Zaqatalalılar cənab Prezidentin çağırışına əməli işlə cavab verərək magistral yol kənarlarına 10 mindən çox ağac əkib, 314 hektar yeni meyvə-fındıq bağları salıblar.

Dövlət büdcəsi hesabına inşa edilən Tala çayı üzərindəki asma körpü, Azərpoçtun Zaqatala filialı və Dövlət Reyestri Xidmətinin yeni inzibati binaları, Daxili qoşunların N saylı hərbi hissəsi üçün inşa edilən binalar, 320 şagird yerlik internat məktəbi, Mazıx və Paşan kəndlərində 220 şagird yerlik məktəb binaları, Mamux kəndində 40 yerlik uşaq baxçası, Muxax kəndində yeni poçt şöbəsinin binaları istifadəyə verilib. Əliabad qəsəbəsində 1176 şagird yerlik orta məktəb və Car kənd 2 saylı məktəblər əsaslı təmir olunub, şəhər qəbiristanlığının xidmət binasında əsaslı təmir işləri aparılıb, ətrafı abadlaşdırılıb.

Ölkəmizdə təhsilin inkişafında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkil Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illər rayonda tikilən və əsaslı təmir olunan ümumtəhsil məktəbləri təhsilin müasir tələblər səviyyəsində qurulmasına böyük təkan verib.

Tədbirdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar və gənclər 2009-cu ildə qazanılan uğurlardan danışmış, ölkəmizdə əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər və görülən işlərə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ünvanına müraciət qəbul olunmuşdur. Yığıncaqda Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Məhərrəm Quliyev, Milli Məclisin deputatları Hikmət Atayev və Dünyamin Xəlilov iştirak və çıxış etdilər.

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 12 fevral.- S. 9.