Astara: Uğurlar ilbəil artır

 

Respublikamızın gözəl guşələrindən olan Astarada 2009-cu ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra icra hakimiyyətinin binasında rayonun sosial-iqtisadi inkişafını əks etdirən stent və diaqramlara, kənd təsərrüfatı və sənaye məhsulları sərgisinə baxış keçirilmişdir. Ötən il rayonda qazanılan naliyyətlərə həsr olunmuş videofilm nümayiş etdirilmişdir.

 

Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev hesabat məruzəsi ilə çıxış etmiş, maliyyə idarəsinin rəisi Cavid Abbasov, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Vasif Həsənov, telekommunikasiya qovşağının rəisi Əlövsət Kərimov, şəhər bələdiyyəsinin sədri Məhsəti Fərəcova, Milli Məclisin üzvü Vasif Əliyev görülən işlərdən, ölkənin inkişafından və perspektivlərdən danışmışlar.

Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, son 6 ildə rayonda 4138, o cümlədən ötən il 342 yeni iş yeri açılmışdır. Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 15,7 faiz artaraq 169,1 manata çatmışdır. Ümumi məhsul buraxılışının həcmi 92 milyon 936,4 min manat təşkil etmişdir. Bunun 53,5 faizi kənd təsərrüfatında, 15,1 faizi sənaye sahələrində, 5,4 faizi inşaat işlərində, 2 faizi nəqliyyatda, 23,4 faizi ticarət və xidmətdə, 0,6 faizi isə rabitədə olmuşdur. Hər nəfərə düşən məhsul buraxılışının həcmi 955 manat təşkil etmişdir.

Şəhərin Heydər Əliyev parkında abadlıq işləri davam etdirilmiş, “Uşaq Əyləncə Mərkəzi” istifadəyə verilmiş, Heydər Əliyev prospekti, Nizami, Azərbaycan və Mirzə Cəbiyev küçələrində səkilərə tamet düzülmüş, yol boyu istinad divarları hörülmüş, suvaq işləri və asfaltlaşdırma başa çatdırılmışdır.

Şəhər ərazisində və Seləkəran kəndində 24 min 600 kvadratmetr yola asfalt döşənmişdir.

Rayon icra hakimiyyətinin inzibati binasının dam örtüyü dəyişdirilmiş, Heydər Əliyev prospektindəki üç ictimai yaşayış binasında əsaslı təmir işləri aparılmışdır. Şəhər mərkəzində FHN-nin Yanğın Təhlükəsizliyi Xidməti üçün yeni inzibati bina tikilib istifadəyə verilmişdir. Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.

Siyəkü inzibati ərazi dairəsindəki yerli əhəmiyyətli avtomobil yolunda uzunluğu 8 metr olmaqla iki körpü inşa edilmişdir.

Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar rayonda ağac əkini üçün müvafiq yerlərin müəyyənləşdirilməsini, əkiləcək ağacların növünü, onlara aqrotexniki qulluq göstərilməsini və mühafizəsini nəzərdə tutan tədbirlər planı hazırlanmış və icrasına başlanılmışdır.

Son dövrdə iməcilik yolu ilə rayonun yaşayış məntəqələrində, yol kənarlarında 7000 ağac əkilmişdir. Bu iş müntəzəm davam etdirilir.

“Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncama uyğun olaraq aqrar sahə adamlarına istifadə etdikləri yanacağın, motor yağları və mineral gübrələrin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi böyük razılıqla qarşılanmışdır. Rayonda 1117 nəfər fermer və fiziki şəxsə 82 min 850 manat dəyərində yardım verilmişdir. İl ərzində 5 min 901,2 ton taxıl, 11 min 323 ton kartof, 44 min 497 ton tərəvəz, 22 min 360 ton meyvə, 10 min 938 ton bostan məhsulları, 263 ton yaşıl çay yarpağı istehsal olunmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı artmışdır. İribuynuzlu mal-qaranın sayı 45 min 239 başa, xırdabuynuzlu mal-qaranın sayı 28 min 447 başa çatmışdır. Bu dövrdə diri çəkidə 2 min 764 ton ət, 19 min 364 ton süd, 5 milyon 379 min ədəd yumurta, 19 ton yun istehsal edilmişdir.

Rayonun sahibkarları Bakının satış yarmarkalarında 682 ton müxtəlif kənd təsərrüfatı məhsulunu satışa çıxarmışlar.

Noyabr ayında paytaxtda keçirilən arıçılıq məhsullarının sərgi-satış yarmarkasında Astaranın 50 arıçısı iştirak etmiş, 3,5 ton bal və bal məhsulları satılmışdır.

Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsindən ötrü mövcüd elektrik təsərrüfatının təmiri və yenidən qurulması sahəsində xeyli iş görülmüşdür. Astara Yüksək Gərginlikli Elektrik Şəbəkəsi tərəfindən rayona verilən elektrik enerjisinin dəyəri 85,9 faiz ödənilmişdir. Bununla bərabər, elektrik enerjisindən israfçılıqla istifadə edilməsinə və oğurluq hallarına qarşı təsirli mübarizə aparılmaması səbəbindən itkilərə yol verilir. Hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri enerji haqlarının 100% ödənilməsinə nail olmaqdır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən tərtib edilmiş plana uyğun olaraq rayonun Maşxan, Təngərüd, Siyəkü kəndləri, Kijəbə qəsəbəsi təbii qazla təchiz edilmiş, Pensər, Kakalos, Kolatan, Şahağacı, Şovaş və digər kəndlərin qazlaşdırılmasına başlanmışdır. İndiyədək 786 evə mavi yanacaq verilmiş, 1429 poqonmetr müxtəlif diametrli xətlərdə təmir-bərpa işləri aparılmış, əhali təbəqəsi üçün sayğaclaşdırma işi başa çatmışdır. Satılmış qazın dəyərinin ödənilməsi sahəsində irəliləyiş əldə edilmiş və yığım 75 faiz olmuşdur.

Rayonun ümumtəhsil və məktəbəqədər tədris müəssisələrinin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində də az iş görülməmişdir. Təkcə bir il ərzində 6 yeni məktəb binasının tikilməsi xüsusi qeyd olunmalıdır. Pensər kənd 2 saylı orta məktəbi üçün 480 yerlik, Rinə kənd orta məktəbi üçün 360 yerlik, Pəlikəş kənd orta məktəbi üçün 240 yerlik, Marzəsəy və Qəcimardə əsas məktəbləri üçün hər biri 180 yerlik, Vovada ibtidai məktəbi üçün isə 80 yerlik binalar tikilib istifadəyə verilmişdir. 620 yerlik Kijəbə qəsəbə orta məktəbinin əsaslı təmiri başa çatmış, məktəb inventar və avadanlıqla təmin edilmişdir. Bütün bunlar məktəblərdə təlim-tərbiyənin yüksəlməsinə müsbət təsir göstərmişdir. Ötən il ölkənin ali məktəblərinə 126 astaralı məzun qəbul olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur.

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət artırılmış, “Cəsurlar” hərbi-idman və turizm, “Şahin” hərbi-idman oyunlarında uğurlar əldə edilmişdir. Rayon uşaq-gənclər idman məktəbinin yetirməsi Cəbrayıl Həsənov sərbəst güləş üzrə dünya və Avropa birinciliklərində qazandığı yüksək göstəricilərə görə respublikada “İlin ən yaxşı ümidverici gənc idmançısı” adına layiq görülmüşdür.

Hesabat ilində “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq kadrların hazırlanması, seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və dövlət qulluqçularının maddi və mənəvi həvəsləndirilməsi diqqət mərkəzində olmuşdur. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə rayon İcra hakimiyyətinin şöbə müdiri Kamil Kamilov və rayon gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülmüşlər.

Hesabat dövrü ərzində rayon icra hakimiyyətinə 1344 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 774-ü vətəndaşların, 570 ərizə isə yuxarı təşkilatların payına düşür. 2009-cu ildə 46 səyyar qəbul keçirilmiş, 367 nəfər vətəndaş qəbul edilmişdir. Ərazilərdə keçirilən qəbullar zamanı məsələlər yerində həll edildiyindən ərizələrin sayı əvvəlki illə müqayisədə 424 ədəd azalmışdır.

Şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndəliklərində keçirilmiş hesabat yığıncağlarında vətəndaşlar tərəfindən verilən təkliflərə əsasən kəndarası yolların təmiri, elektrik dirəkləri, naqil və transformatorların dəyişdirilməsi, bir neçə körpünün təmiri və inşası, kəndlərə təbii qazın verilməsilə bağlı məsələlər ümumiləşdirilmiş, yerlərdə həlli mümkün olan məsələlər icra üçün müvafiq idarə, müəssisə və təşkilatlara göndərilmişdir.

2010-cu ildə Astaranın sosial-iqtisadi inkişafını daha da artırmaq üçün görüləsi işlər çoxdur. Ən mühüm vəzifə regional inkişaf üzrə ikinci Dövlət Proqramı ilə əlaqədar nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nail olmaqdır. Dövlət Proqramında rayonda emal müəssisələrinin, sosial obyektlərin, 6 ədəd avtomobil körpüsünün tikintisi, 61 kilometr kəndarası və 28 kilometr şəhərdaxili yolların asfaltlaşdırılması, Astara şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və bərpası nəzərdə tutulmuşdur.

Prezident Administrasiyasının məsul əməkdaşı M.Hüseynov çıxışında ölkənin sosial-iqtisadi inkişafının prioritetlərinə diqqəti cəlb etmişdir.

Astara Rayon İcra Hakimiyyətinin başçısı M.Quliyev Azərbaycan Prezidentinin 16 noyabr 2009-cu il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş pedaqoji texnikumun direktoru Əlihəsən Həmzəyevə vəsiqəni və döş nişanını təqdim etmişdir. Ə.Həmzəyev və 2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülmüş rayon icra hakimiyyətinin şöbə müdiri Kamil Kamilov əməklərinə verilən yüksək qiymətə görə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 12 fevral.- S. 8.