Azərbaycan maliyyə-iqtisadi böhran ilində də sürətli inkişaf dinamikasını davam etdirdi

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bütün sahələr üzrə görülən işlər geniş təhlil olunmuş və Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında olması xüsusi qeyd edilmişdir. İqtisadi inkişaf sahəsində görülən işlər yüksək qiymətləndirilmiş, ölkəmizin dünya iqtisadiyyatına çox uğurla inteqrasiya etdiyi diqqətə çatdırılmışdır. Qazanılan bu nailiyyətlər, əlbəttə ki, iqtisadi strategiyanın düzgün müəyyənləşdirilməsinin nəticəsidir.

 

Ötən ilin yekunlarının təhlili göstərdi ki, Azərbaycan sürətli inkişaf dinamikasını qoruyub saxlamışdır. Baxmayaraq ki, 2009-cu ildə maliyyə və iqtisadi böhran dünyanı ciddi narahat etmiş, bir çox iri şirkətlər iflasa uğramışdır. 2008-ci ildə başlanan maliyyə və iqtisadi böhran 2009-cu ildə dünya iqtisadiyyatını bürüyərək öz acı fəsadlarını göstərmişdir. Əksər inkişaf etmiş ölkələrdə ticarət, maliyyə və investisiya axınlarına ciddi zərbə vurmuş, kəskin iqtisadi tənəzzül yaratmışdır. Böhran digər sahələrdə olduğu kimi investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarına, həmçinin milli valyutaların məzənnələrinə də mənfi təsir etmişdi. Bunun da nəticəsində yüksək inflyasiya qeydə alınmışdır. Bir sıra ölkələrdə iqtisadi vəziyyətin pisləşməsi ümumi daxili məhsulun həcminin azalmasına gətirib çıxarmışdır.

Azərbaycanda aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində maliyyə və iqtisadi böhran ölkə iqtisadiyyatına minimum təsir göstərmişdir. Lakin bu, nəzərdə tutulan sosial proqramların həyata keçirilməsinin qarşısını ala bilməmişdir. Möhtərəm Prezidentimizin tapşırıqları və tövsiyələri əsasında həyata keçirilən düşünülmüş, qətiyyətli və çevik siyasət tədbirləri hesabına ölkəmiz böhranın fəsadlarının qarşısını almışdır. 2009-cu ildə həyata keçirilməsi nəzərdə tutulmuş bütün sosial tədbirlər və proqramlar icra olunmuş, qarşıya qoyulmuş vəzifələr öz həllini tapmışdır.

Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dinamikası böhran ilində də davam etmiş, ümumi daxili məhsul istehsalının həcmi 9,3 faiz artmışdır. Bu fakt bir daha təsdiqlədi ki, düşünülmüş iqtisadi strategiya Azərbaycanı tarixin çətin sınağından uğurla çıxarmışdır. Təbii ki, belə ağır sınaqdan alnıaçıq, üzüağ çıxmağımızın səbəbi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkədə yaradılmış maliyyə-iqtisadi potensial, aparılan uğurlu islahatlar və digər sahələrdə qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətli icrası olmuşdur. Sevindirici haldır ki, ötən il ölkəmizin valyuta ehtiyatları da artmışdır. Bu fakt da gələcəyə ümidlə baxmağa, dövlət başçımıza güvənməyə rəvac yaradır. Çünki böhran ilində valyuta ehtiyatlarının artması nadir hadisədir. Hazırda ölkəmizin valyuta ehtiyatları 20,4 milyon dollar təşkil edir. Bu da sabaha ümidlə baxmağa zəmin yaradır və gələcəkdə həyat səviyyəsinin daha da yüksəlməsi deməkdir. Hər hansı bir dövlətin valyuta ehtiyatlarının çox olması, həmin ölkənin makroiqtisadi sabitliyinin qorunması, həmçinin nəzərdə tutulan bütün sosial proqramların, iri infrastruktur layihələrin vaxtında icra olunması deməkdir.

Ötən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qarşıya qoyduğu vəzifələrin uğurla icrası da maliyyə-iqtisadi böhranın qarşısının alınmasına müsbət təsir etmişdir. Digər ölkələrdə işsizlik problemi yarandığı halda, Azərbaycanda 74 min yeni iş yeri açılmışdır. Artıq Azərbaycan beynəlxalq aləmdə iri infrastruktur layihələrin reallaşdırılmasında təcrübəsi olan dövlət kimi tanınıb. Bu da ölkədə investisiya qoyuluşunu daha da gücləndirib. Bununla yanaşı, işsizlik probleminin aradan qaldırılmasına çox güclü təsir edib. Diqqət yetirin, 5-6 il əvvəl gənclərimizin böyük bir hissəsi xarici ölkələrdə iş axtarırdılar. Bir neçə ildir ki, bu vəziyyət kökündən dəyişib. İndi həmin gənclərin demək olar ki, hamısı öz doğma el-obalarına qayıdıb. Özü də işləmək üçün mərkəzə – Bakıya yox, yaşadıqları ərazilərə üz tutublar. Çünki bu gün regionlarda beynəlxalq standartlara cavab verən, ən müasir avadanlıqlarla təchiz olunmuş, səliqəli və yüksək məvacib verən sənaye və istehsal müəssisələri yaradılmışdır. Bu da insanların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına əlverişli şərait yaratmışdır. Böhrana baxmayaraq, 2009-cu ildə ölkəmizdə adambaşına düşən ümumi daxili məhsul istehsalı 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, orta aylıq əmək haqqı isə 6,8 faiz artaraq 298 manata çatmışdır. Bir faktı da qeyd edim ki, ötən müddət ərzində manatın dəyəri də sabit qalmış, inflyasiya 1,5 faiz təşkil etmişdir. Sosialyönümlü sahələrdə də irəliləyiş diqqəti cəlb edir. Məsələn, 2008-ci illə müqayisədə 2009-cu ildə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artmışdır.

Dünya maliyyə böhranı bank sisteminə də öz mənfi təsirini göstərdi. Böhran nəticəsində bank sistemi bir sıra xarici risklərə məruz qaldı. Böhranın mənfi təzahürləri maliyyə sabitliyinin ciddi pozuntularına gətirib çıxara bilərdi. Bunun qarşısının vaxtında alınması üçün br sıra qabaqlayıcı tədbirlər görüldü. Belə tədbirlərin biri bankların xarici borclarının məhdudlaşdırılması oldu. Bir çox ölkələr bunu vaxtında edə bilmədiklərindən böhranın acı fəsadları ilə üzləşməli oldular. Azərbaycan isə nadir ölkələrdən biri oldu ki, maliyyə və iqtisadi böhranın ən ağır dövründə öz beynəlxalq kredit reytinqini yaxşılaşdırdı. Böhran ilinin nəticələrinə görə, bir çox qüdrətli dövlətlər gerilədi. Azərbaycanda isə vəziyyət yaxşılaşdı. Bunu faktlara istinadən göstərmək istərdim. Son üç ildə ölkəmiz adambaşına düşən milli məhsulun həcminə görə öz vəziyyətini dünya üzrə 32 pillə yaxşılaşdırmışdır. Bu, çox sürətli iqtisadi inkişaf deməkdir. Belə faktlardan çox sadalamaq olar. Statistik rəqəmlərə nəzər yetirdikdə bir daha aydın oldu ki, Azərbaycan digər ölkələrlə müqayisədə xeyli inkişaf edib. Məsələn, ölkəmiz MDB məkanında ən sürətlə inkişaf edənlər cərgəsindədir. Bir sıra ölkələrdə iqtisadi və sənaye istehsalının tənəzzülü hökm sürdüyü halda, Azərbaycanda artım qeydə alınıb. Bunu dünyanın tanınmış qurumları da təsdiqləyirlər. Fakt üçün qeyd edim ki, Dünya İqtisadi Forumu dünyanın ən mötəbər beynəlxalq təşkilatlarından biridir. Bu təşkilat ötən il Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 51-ci yerə layiq gördü. Əlbəttə, bu, çox yüksək yerdir. Çünki 51-ci yer MDB məkanında birinci yer deməkdir. Bu, o deməkdir ki, Azərbaycanın iqtisadiyyatı MDB məkanında ən rəqabət qabiliyyətlidir.

Bəzilərinin fikrincə, Azərbaycanın iqtisadi qüdrətinin artması neft amilindən asılıdır. Azərbaycana qoyulan investisiyalar əsasən enerji sahəsini əhatə edir. Lakin hadisələrin gedişi göstərdi ki, bu, yanlış fikirdir. Azərbaycanın iqtisadiyyatının getdikcə qüdrətlənməsində qeyri-neft sektoru da böyük rol oynayır. Artıq digər sahələrə də investisiyalar qoyulur. Dövlətimizin başçısı öz nitqində də bu məsələyə diqqəti cəlb edərək dedi: “Biz neft-qaz, enerji sahəsində uğurlu investisiya siyasətimizi aparmaqla bütün başqa sahələrə də investisiyaların cəlb olunmasına nail olduq. Bu gün mən bu rəqəmləri səsləndirdim, keçən il 9 milyard dollardan çox investisiya qoyulmuşdur. Bu il, hesab edirəm ki, investisiya qoyuluşu davam etdiriləcəkdir. Bu gün Azərbaycan ilə iş görmək, investisiya qoymaq, yaxud da ki, podratçı kimi işləmək istəyən şirkətlərin sayı artır. Bizim tərəfdaşlarımız dünyanın aparıcı şirkətləridir. Bütün bu amillər ölkəmizin bundan sonra da uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, enerji amilindən asılılığımızı azaldacaqdır. Artıq biz bunu görürük və ölkəmiz, əlbəttə ki, bundan sonra da inkişaf edəcək.”

Qlobal maliyyə böhranı tüğyan etsə də, bütövlükdə 2009-cu ilin nəticələrinə görə, Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcmi üzrə haqlı olaraq orta gəlirli ölkələr qrupuna daxil olubdur. Böhran ilinin nəticələrinə nəzər saldıqda bir çox dövlətlərin gerilədiyinin, Azərbaycanın isə vəziyyətinin daha da yaxşılaşdığının şahidi olduq.

Son illər iqtisadiyyatın sürətli inkişaf tempi davam etdirilmişdir. Bir faktı qeyd etməyi zəruri hesab edirəm. Son 3 ildə Azərbaycan adambaşına düşən milli məhsulun həcminə görə öz vəziyyətini dünya üzrə 32 pillə yaxşılaşdırmışdır. Bu, ölkəmizin sürətli iqtisadi inkişafını təsdiqləyən tutarlı faktdır.

2010-cu ildə daha mühüm işlərin həyata keçirilməsi qarşıya prioritet vəzifə kimi qoyulub. Artıq Azərbaycan iqtisadiyyatı öz keçid dövrünü başa vurdu. Bir qədər əvvəl dövlətimizin başçısı da keçid dövrünün başa çatdığını diqqətə çatdırdı. Azərbaycan tam şəkildə bazar iqtisadiyyatına keçib. Bu, bizi sevindirməlidir. Çünki ölkə iqtisadiyyatı sürətli inkişaf yolunu davam etdirəcək. Hər şeydən əvvəl ona görə ki, bizim iqtisadiyyatımız liberal, müstəqil, dayanıqlı, öz resurslarına, potensialına güvənən, dünya birliyinə sürətlə inteqrasiya edən iqtisadiyyatdır. Qarşıda daha bir neçə infrastruktur layihələrin reallaşdırılması durur.

Regionların iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrasına başlanılması, qeyri-neft sektorunun inkişafı dünya standartlarına uyğunlaşdırılmış yeni müəssisələrin yaradılmasına təkan verəcək. Bu da əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına öz müsbət təsirini göstərəcək. Bütün bunlar deməyə əsas verir ki, qədəm qoyduğumuz yeni ildə hər hansı böhran inkişafımızın sürət tempini aşağı sala bilməyəcək. Bu il də xalqın rifah halı, ölkə iqtisadiyyatının inkişafı möhtərəm Prezidentimizin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq yaxşılaşdırılacaq, dünya iqtisadiyyatına daha dərindən inteqrasiya edəcəyik.

 

 

İsgəndərov Nizami.

 

Xalq qəzeti.- 2010.- 12 fevral.- S. 6.