Azərbaycanın miqrasiya siyasəti
milli təhlükəsizlik və sosial-iqtisadi inkişaf məqsədləri
kontekstində
(Əvvəli qəzetin 10 fevral tarixli sayında)
Azərbaycanla bağlı müasir miqrasiya proseslərinə
baxanda bu barədə xeyli nikbin fikirlər yürütməyə
dəyər. Belə ki, müstəqilliyinin ilk illərində
Azərbaycan əməkçi miqrantların
“ixracatçısı” kimi çıxış edirdisə,
hazırda dövlətimiz əmək miqrantlarının
etibarlı idxalatçısı kimi çıxış
edir. Bu isə Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar
olması, iqtisadiyyatın sıçrayışlı
inkişafı və yeni-yeni istehsal sahələrinin artan bumu
nəticəsində formalaşmışdır. Bunların
hamısı təhlükəsizlik mühitinin olmasından,
sağlam cəmiyyətin mövcudluğundan xəbər
verir.Onu xüsusilə qeyd etmək olar ki, postsovet ölkələrində
insan hüquqlarına sivil yanaşma, milli
ayrı-seçkiliyin aradan qaldırılması ən tez Azərbaycanda
öz həllini tapdı.
Miqrasiya siyasəti
formalaşdırıldı və miqrasiya proqramı təsdiq
edilərək həyata keçirilməyə
başlanıldı. Ölkənin bəyan etdiyi açıq
sərhəd siyasəti, bir çox ölkələrlə
vizasız gediş-gəliş,
giriş-çıxışın təkmilləşdirilməsi
sadalananlara bariz misaldır. Eyni zamanda, son illər Azərbaycanın
artan iqtisadi imkanları miqrasiya siyasətinə yenidən
baxılmasını, bu prosesin beynəlxalq və daxili
imkanlarına uyğun formalaşdırılmasını şərtləndirmişdir.
Davamlı iqtisadi inkişaf konsepsiyası ilə irəliləyən
respublikamıza miqrant axını durmadan artır. Yeni miqrasiya
proqramlarının həyata keçirilməsi
reallaşır. Miqrasiya siyasətinin düzgün yönəldilməsi,
bunun ölkənin uzunmüddətli və dayanıqlı
inkişaf məqsədlərinə tabe etdirilməsi
günün vacib tələblərindən biri hesab olunur. Bu
baxımdan dövlətin miqrasiya sahəsində zamanın tələblərindən
doğan çevik standartlar tətbiq etməsi çox
müsbət məqam kimi qiymətləndirilir. Məsələn,
2008-2009-cu illərdə dünyanı bürüyən,
hazırda da təsiri itməyən maliyyə böhranı Azərbaycan
iqtisadiyyatından yan keçdi. Azərbaycanda region və
dünya ölkələrində baş verən iqtisadi tənəzzül,
işsizlik problemi müşahidə edilmədi. Əksinə,
uğurlu davamlı iqtisadi inkişaf tempi azalmadan davam etdi və
indi də etməkdədir. Belə bir şəraitdə təbii
ki, ölkəmiz dünya ölkələrinin əhalisi,
miqrantlar üçün cəlbedicidir. Ona görə də əksər
ölkələrdən iş tapmaq arzusu ilə miqrantlar
ölkəmizə pənah gətirmişdir. Hətta
xüsusi ekspertlər bu anlayışın səbəblərini
araşdırmaq və dövlətimizin belə bir şəraitdə
miqrant qəbul etmə təcrübəsi ilə tanış
olmaq üçün ölkəmizə gəlmişlər.
Qeyd edək ki, Azərbaycanın belə bir sahədə –
miqrasiya sahəsində avantajını Prezident İlham Əliyev
çox dəqiq ifadə etmişdir: “Azərbaycan inkişaf
etdikcə buraya gəlmək istəyən əcnəbilərin
sayı artacaqdır. Bu, dövlətimiz üçün
müsbət amil sayıla bilər. Lakin biz istənilən
halda öz xalqımızın, öz vətəndaşlarımızın,
öz dövlətimizin mənafeyini üstün
tutmalıyıq və həyata keçirilən miqrasiya siyasətinin
prioritet istiqaməti də bu olmalıdır”.
Miqrasiya sahəsində daha
önəmli bir hadisə Azərbaycan Respublikası
Prezidentinin 19 mart 2007-ci il tarixli fərmanı ilə Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin
yaradılması və Əsasnaməsinin təsdiq edilməsidir.
Dövlət Miqrasiya Xidməti Azərbaycan
Respublikasının Konstitusiyasını, qanunlarını,
Prezidentin fərman və sərəncamlarını, Nazirlər
Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri və öz əsasnaməsini
rəhbər tutur. Dövlət Miqrasiya Xidməti öz vəzifələrini
yerinə yetirərkən və hüquqlarını həyata
keçirərkən mərkəzi, yerli icra hakimiyyəti və
yerli özünüidarəetmə orqanları ilə, habelə
beynəlxalq və qeyri-hökumət təşkilatları ilə
qarşılıqlı əlaqədə fəaliyyət
göstərir. Ən əsası Dövlət Miqrasiya Xidməti
fəaliyyətini insan və vətəndaş hüquq və
azadlıqlarına hörmət, qanunçuluq və humanizm
prinsipləri əsasında qurur.
Dövlət Miqrasiya Xidmətinin
yaradılması ilə miqrasiya proseslərinin tənzimlənməsi
istiqamətində beynəlxalq təcrübənin öyrənilməsini
sürətləndirməklə yanaşı ondan istifadə
olunması, ölkə daxilində miqrasiya qaydalarının
beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi,
iki və çoxtərəfli əsaslarda beynəlxalq
müqavilələrin bağlanması, digər ölkələrlə
qarşılıqlı şəkildə miqrasiya siyasətinin
uzlaşdırılması dövlətin inkişaf məqsədləri
çərçivəsində şərtlənmiş oldu.
Miqrasiya sahəsində dövlət siyasətinin həyata
keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara və
müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi,
qanunların tətbiqində yol verilə biləcək
nöqsan və sui-istifadə hallarının, tənzimlənməyən
miqrasiya proseslərinin neqativ təsirinin aradan
qaldırılması, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin
və sabit sosial-iqtisadi, demoqrafik inkişafının təşkili
Dövlət Miqrasiya Xidmətinin prioritet vəzifələrindən
sayılır. Bu vəzifələr sırasında həmçinin
əmək ehtiyatlarından səmərəli istifadə
olunması, ölkə ərazisində əhalinin mütənasib
yerləşdirilməsi, miqrantların intellektual və əmək
potensialından istifadə edilməsi, insan alveri də daxil
olmaqla, qeyri-qanuni miqrasiyanın qarşısının
alınması önəmli yer tutur.
Ötən son bir il ərzində
miqrasiya proseslərinə dövlət nəzarətinin
gücləndirilməsi məqsədi ilə ölkədə
bir sıra zəruri normativ-hüquqi aktlar qəbul edilmiş,
institusional və təşkilati tədbirlər həyata
keçirilmiş, əcnəbilərin ölkəyə gəlməsi
və ölkədən getməsi, onların
yaşayış yeri üzrə qeydiyyatı sahəsində
göstərilən xidmətlərin təkmilləşdirilməsi
üçün elektron informasiya resursları
formalaşdırılmışdır.
Prezident İlham Əliyev tərəfindən
5 avqust 2008-ci il tarixdə miqrasiya idarəetmə sisteminin
inkişafı haqqında 805 nömrəli fərman, 6 fevral
2009-cu il tarixdə Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyətinin
təmin edilməsi haqqında sərəncam, 4 mart 2009-cu il
tarixdə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində
“bir pəncərə” prinsipinin tətbiqi, həmçinin 8
aprel 2009-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinə
hüquq-mühafizə orqanı statusunun verilməsi və 25
dekabr 2009-cu il tarixdə “Miqrasiya orqanlarında qulluq keçmə
haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar
fərmanların imzalanması, qanunvericiliyə digər
müvafiq əlavə və dəyişikliklər olunması
ölkə rəhbərinin miqrasiya siyasətini dünya
standartları səviyyəsində
yürütdüyünün bariz təzahürüdür.
Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsində
ən mühüm faktorlardan biri miqrasiya proseslərinin idarəolunmasında
1 iyul 2009-cu il tarixdən “bir pəncərə” prinsipinin tətbiqidir.
Azərbaycan Respublikasına gələn əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
ölkə ərazisində qanuni əsaslarla yaşamaları
və əmək fəaliyyəti ilə məşğul
olmaları üçün müvafiq icazələrin verilməsi,
onların yaşayış yeri üzrə qeydiyyata alınması
prosedurunu sadələşdirmək və bu sahədə
şəffaflığı tam təmin etmək bu prinsipin əsas
məqsədidir.
Məhz müvafiq icazələrin
alınması və qeydiyyat prosedurlarının mürəkkəb
olması səbəbindən ölkəmizə gələn əcnəbilər
1 iyul 2009-cu il tarixə qədər müxtəlif orqanlara
müraciət etmək məcburiyyətində
qalırdılarsa, indi onlar yalnız bir ünvana – Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətinə
müraciət edirlər. Dövlət Miqrasiya Xidməti Daxili
İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik,
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri
və Dövlət Sərhəd Xidməti ilə birlikdə fəaliyyət
göstərir və bu orqanların miqrasiya ilə
bağlı fəaliyyətini əlaqələndirir. 2009-cu il
miqrasiya siyasətimizdə nailiyyət saya biləcəyimiz
daha bir olay odur ki, ölkəmiz BMT-nin miqrant işçilərinin
və onların ailə üzvlərinin hüquqlarının
müdafiəsi üzrə komitəsinə üzv
seçilmişdir.
Qeyd etmək lazımdır
ki, Azərbaycanda həmçinin müxtəlif xarici dövlətlərdən,
xüsusilə də Əfqanıstandan, İran İslam
Respublikasından, Rusiya Federasiyasından (əsasən
Çeçenistan Respublikasından) qaçqın statusu
almaq niyyətində olan və sığınacaq axtaran şəxslər
də vardır. Çindən, Pakistandan, Koreyadan gələnlər
çoxluq təşkil edirdi. Hazırda isə Azərbaycan
beynəlxalq aləmdə təhlükəsiz və əlverişli
təyinat ölkəsinə çevrilmişdir. İndi Azərbaycana
dünyanın bir çox ölkəsindən sərmayə
yatırmaq üçün iş adamları, turistlər, tələbələr,
“Əsrin müqaviləsi” neft kontraktı çərçivəsində
müxtəlif şirkət və korporasiyaların nümayəndələri
üz tuturlar.
Azərbaycanın rəsmi
dairələri artıq bu müxtəlif və çoxlu sayda
emiqrantlara münasibətdə yüksək şəffaflıq
proqramı işləyib hazırlayıb. Bu məsələ
ilə bağlı məqsədli dövlət siyasəti nəticəsində
“bir pəncərə” sistemi formalaşmış, bu
proqramın tətbiqinə başlanılmışdır. Bu
gün Azərbaycanda miqrasiya proseslərinə ciddi əhəmiyyət
verilərək ənənəvi münasibətdən
başqa, eyni zamanda əsası emiqrantların ictimai idarələri
ilə həmkar münasibətləri olan praqmatik münasibət
mexanizmləri qurulur.
Onu da qeyd edək ki, müasir Azərbaycan monoetnik və monomədəniyyətə malik ölkə deyil. Cənubi Qafqaz daim sivilizasiyaların qovuşduğu, dini dözümlülük, tolerantlıq məkanı kimi statusa malik diyardır. Bura polietnik və çoxmədəniyyətli məkandır. Bütün bunları prioritet hesab edən Azərbaycan hökuməti bu sahədə də miqrasiya ilə bağlı optimal idarəetmə üsulunu yaratmışdır. Nəzərə almaq lazımdır ki, buraya gələn miqrant özünün bir çox xüsusiyyətləri, dili, dini, mədəniyyəti ilə gəlir və yaşayır. Miqrantın etnomədəniyyət daşıyıcısı olduğu bəllidir.Belə halda, onun cəmiyyətə inteqrasiya olunması və uyğunlaşmasına da əlverişli şərait yaradılmalıdır.
Miqrasiya axınlarını nizamlayarkən əhalinin ərazi bölgüsünün təkmilləşdirilməsi, əmək resurslarından daha effektli istifadə olunması, əmək bazarı və istehlakçı balansının formalaşması kimi məsələləri həll etmək vacibdir. Həmçinin dövlət miqrasiya siyasətinin formalaşması və həyata keçirilməsində milli mənafe və ictimai fikir nəzərə alınmalıdır. O cümlədən, ölkənin hərtərəfli inkişafı üçün ixtisaslı əmək miqrantlarının potensialından düzgün istifadə edilməlidir.
Sadalananlara məntiqi yekun vurmaq üçün ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan milli dövlətçilik quruculuğu, vətənimizin sosial yüksəlişi və davamlı iqtisadi inkişaf konsepsiyasını yeni mərhələdə inamla və uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən sitat gətirək: “Azərbaycanda təhlükəsizlik məsələləri çox yüksək səviyyədə həll olunur, ictimai-siyasi asayiş yüksək səviyyədə qorunur, sabitlik, inkişaf var, dözümlülük, tolerantlıq var. Bunlar olmasaydı, əminəm ki, iqtisadi cəhətdən nə qədər cəlbedici olsa da, xaricdən buraya adam gəlməzdi. Ancaq bununla bərabər, biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Mən bu barədə əvvəllər demişəm.
Hər bir gələn
xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir.
Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş
hansı gündə haradadır və nə ilə, hansı
işlə məşğuldur”.
Yəhya BABANLI,
AMEA-nın Tarix İnstitutunun dissertantı
Xalq qəzeti.- 2010.- 12 fevral.- S. 6.