Ömrün illəri və izləri

 

Xəzəri Xoşbəxt qədər bilən yoxdur.

 

Heydər ƏLİYEV,

 Ümummilli lider

 

Neftçi dostlarımın arasında Xoşbəxt Yusifzadənin xüsusi yeri var. Neftçilərin həyatı ilə yaxından tanışlığım hələ Dövlət İncəsənət Universitetində, Adil İskəndərovun kursunda təhsil aldığım vaxtlardan başlanmışdı. Bir gün qrupumuzdan bir neçə nəfəri Neft Daşlarına – neftçilərin həyatından bəhs edən sənədli filmin çəkilişinə dəvət etdilər. Film məşhur neftçi Qurban Abbasov haqqında idi. Biz tələbələr də filmdə gənc neftçilərin obrazlarını canlandıracaqdıq. Neft Daşları bizim üçün əfsanəvi bir yer idi. Ona görə də çəkiliş meydançasında bir yerə toplaşıb rejissoru gözləyirdik. Baxdıq ki, ucaboy, qarabuğdayı, yaraşıqlı bir kişi bizə tərəf gəlir. O, dənizçilərə xas qətiyyətli addımlarla yaxınlaşıb salam verdi. Cavan vaxtlarımız idi, rəsmi adamlarla davranmaq qaydalarını hələ bilmirdik. Odur ki, sadəcə salamını aldıq. O, bir qədər aralıda dayandı və məni yanına çağırdı. Bərabərinə çatarkən əlini uzadıb özünü təqdim etdi:

 

— Qurban Abasoviç.

Mən də öz adımı dedim:

— Ənvər Seyidov.

— Sən mənim yanımda gedəcəksən.

... Film çəkildi. Bizə qibtə edənlər, həsəd aparanlar, qısqanclıqla yanaşanlar çox idi. Elə güman edirdim ki, həyatımda gözlənilməz bir dəyişiklik olacaq. Dəyişiklik oldu, ancaq əksinə. Filmə tamaşa edən böyük bir xəstəxananın baş həkimi işləyən əmim Fərrux Seyidovun telefon zəngi ilə oxuduğum qrupdan xaric edildim. Amma əfsanəvi Neft Daşları, orada aparılan çəkilişlər ömrümün ən şirin anları kimi yaddaşımda qaldı.

İş elə gətirdi ki, həyat yoldaşım da tanınmış neftçi Cümşüd İbrahimovun qızı oldu. Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində çalışarkən hər dəfə Bakıya gələndə və geri qayıdanda Azneft meydanında yerləşən “Xəzərdənizneftqaz” Baş İdarəsində çalışan qayınatamla kabinetdə görüşür, dərdləşirdik. Xoşbəxt Yusifzadə ilə tanışlığım da orada olmuş, orada da dostluğumuzun təməli qoyulmuşdu.

Dosye əvəzi: AMEA-nın və Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki Xoşbəxt Bağı oğlu Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1947-ci ildə orta məktəbi, 1952-ci ildə isə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını) neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Neft Daşlarında böyük geoloq kimi başlayıb. 1970-ci ildən “Xəzərdənizneftqaz” Birliyinin baş direktorunun müavini- baş geoloq vəzifəsində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, 2004-cü ildən birinci vitse-prezidentidir.

Neftçilərin gərgin əməyi, yorulmadan çalışmaları məni həmişə heyrətə salırdı. Bir dəfə yeni kəşf olunmuş neft yatağında qazılan quyuda problem yaranmışdı. Cümşüd müəllim istirahət günü olduğundan evdə idi. Buna baxmayaraq, ev telefonları aramsız zəng çalır, müxtəlif adamlar — rəhbər şəxslər və qazma rəisi məlumatlar verir və məsləhətlər alırdılar. O, baş direktorun qazma işləri üzrə müavini vəzifəsində işləyirdi. Xəbər gəldi ki, lazım olan dərinliyə çatmağa az qalmış qazma baltası sınıb. Cümşüd İbrahimov dərhal göstəriş verdi ki, vaxt itirmədən qazılmış quyu betonlansın və istiqamət dəyişdirilib yeni qazma baltası salınmaqla qazma işləri hansısa bucaq altında davam etdirilsin.

Vəziyyətin necə gərgin olduğu bu telefon danışıqlarından hiss olunurdu. Digər tərəfdən, dənizdə hava şəraiti normal olmadığına görə adaya vertolyot uçuşu da mümkün deyildi. Mən onda Xoşbəxt müəllimin necə narahat və dostcanlı bir insan olduğunun şahidi oldum. O, tez-tez Cümşüd müəllimə zəng vurur, vəziyyətlə maraqlanırdı. Cümşüd müəllim qazma rəisinə verdiyi göstərişin detalları haqqında Xoşbəxt Yusifzadəyə məlumat verəndə, o, razı qaldığını söylədi. Bir az keçmiş Xoşbəxt müəllim yenidən zəng çaldı. Və dedi ki, bu müddət ərzində bir neçə variantı nəzərdən keçirib. Ən optimal və düzgün variantı tətbiq edirsiniz.

Bir neçə saatdan sonra neft yatağına yol açıldığı barədə məlumat gəldi. Mənə maraqlı gələn o idi ki, bu adamlar hətta ən vacib məişət qayğılarını belə unudur, bir-biri ilə görüşən və ya zəng edən kimi neft yataqları ilə bağlı məsələlərin müzakirəsinə başlayır və şirin mübahisələr gedirdi. Neft onların həyatı idi.

Və həmin həyatın ən çətin və şirin anları ilə bu günlərdə yubilyarın öz müəllifliyi ilə işıq üzü görən “Ömrümün illəri və izləri” adlı çox dəyərli kitabında tanış olduq.

İlk olaraq onu qeyd edim ki, Xəzər dənizində karbohidrogen yataqlarının kəşfiyyatı və öyrənilməsinin patriarxlarından birinin — görkəmli neftçi alim, akademik Xoşbəxt Yusifzadənin bu kitabı ölkəmizin neft epopeyası haqqında maraqlı həyat əsəridir. Tarixi faktlarla qələmə alınmış sənədli salnamə-memuar həm də ona görə maraqlıdır ki, Xoşbəxt müəllim heç bir pafosdan, heç bir epitetdən istifadə etmədən özünün yeniyetməlik və ilk gənclik illərindən başlayan həyat yolunun eniş və yoxuşlarını burada geniş şəkildə və oxunaqlı dildə təqdim edir.

Bir insan ömrünün acı və şirinləri içərisində oxucu sənayenin böyük bir sahəsində — neft sənayesində gedən proseslərlə, yeni əsrin dünyaya səs salan müqavilələri ilə tanış olur.

Yetmiş illik istismardan sonra Sovet imperiyasının caynağından qurtulub ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycan xalqının həyatında dönüş yaratmış “Əsrin müqaviləsi”nin bağlanmasının şahidinə çevrilən oxucu, eyni zamanda, böyük tarixi şəxsiyyət Heydər Əliyev dühasının qarşısında bir daha baş əyir...

 

Həyat hekayəti

 

Xoşbəxt Yusifzadənin evinə düşən işıq...

 

Həyatının ən şirin çağlarının-yeniyetməliyinin, gəncliyinin axtarışları Xoşbəxt müəllimi indiki Azərbaycan Neft Akademiyasına, oradan neft sənayesinin ən dinamik ocağına — Neft Daşlarına gətirib çıxarır.

Təhsil, bilik ziyasının işıqlandırdığı ata ocağına daha bir işıq düşür. Xoşbəxt müəllim ziyalı bir ailənin qızı ilə həyat qurur. Fəridə xanım özü də sayılıb-seçilən Azərbaycan qadınlarındandır.

Kitabın bu fəslində ziyalılarımızın ənənəvi mənzil problemləri, bu problemlərin gətirdiyi sıxıntılar və çətinliklər haqqında da söhbət açılır.

Qeyd edim ki, biz hamımız — özünü Xoşbəxt Yusifzadənin dostları adlandıranlar və onunla çalışanlar bu şəxsi ciddi olduğu qədər də, mülayim və mehriban, eyni zamanda sözlərinə şirinlik verəcək duzlu-məzəli danışıq tonuna malik bir insan kimi tanıyırıq. Onun bütün bu keyfiyyətləri “Ömrümün illəri və izləri” kitabında öz əksini tapıb və bu həyat hekayətini vərəqləyən hər bir oxucunun gözləri qarşısında Xoşbəxt müəllimin canlı obrazı yaranır. Müəllif yazır ki, Pirşağıda, dədə-baba evimdə yaşayırdım. İşə gəlib -getmək çox böyük çətinliklər yaradırdı: 1960-cı il. Sov.İKP-nin XXII qurultayı adına mədəndə — yəni Neft Daşlarında baş geoloq işləyirdim. İdarənin rəisi Bəxtiyar Məmmədov idi. Nəqliyyatın intensivliyi indiki kimi olmadığından Pirşağıdan şəhərə gəlmək üçün çox çətinlik çəkirdik. Bakıya köçmək lazım idi. Amma necə köçəsən? O vaxt şəhərdə ev almaq çox mürəkkəb məsələ idi. Oturub trest rəisinin adına belə bir ərizə yazdım: “Hörmətli Bəxtiyar Mamedoviç, ya mənə şəhərdə ev verin, ya da kömək edin Pirşağıya “elektriçka” yolu çəkilsin və bu yolda qatarlar işləməyə başlasın”.

Nə qədər qəribə olsa da, bu məzəli ərizədən sonra trest rəisi Xoşbəxt Yusifzadənin ev probleminin həllinə yardımçı olur. Bəxtiyar Mamedoviç də eyni məzəli tərzdə cavab verir: “Pirşağıya “elektriçka” yolu çəkməyə gücümüz çatmadığından sənə şəhərdə ev verməyə məcburuq”. Və ailə şəhərin mərkəzində yeni bir mənzilə köçür.

Bu mənzildə övladlarının pərvazlanıb yeni yuva qurduğunun, ailədə və işdə uğur qazandığının şahidi olan Xoşbəxt Yusifzadə ata sevinci ilə bütün bunları qələmə alır. Və oxucu bir daha əmin olur ki, ənənələrimizə sadiq, dürüst və sədaqətli ömür-gün yoldaşı, ailə başçısı olmaq həm cəmiyyət, həm də insan həyatının özündə önəmli rol oynayır.

Kitabın bu bölməsində Xoşbəxt müəllim həm də ailəsində baş verən faciədən söhbət açır. Övlad itkisindən yanğı ilə danışır... Həyatdan vaxtsız getmiş övlad payı — balaca Elçin haqqında...

 

Mənalı ömrün akkordları

 

Xoşbəxt Yusifzadə o şəxslərdəndir ki, coşqun fəaliyyət dövrü Sovet hakimiyyəti illərinə düşüb. Amma həm də o kəslərdəndir ki, müstəqil Azərbaycanın neft sənayesində xüsusi əməyi olan şəxslərdəndir.

Sovet dövründə yaxın dostlarım olan məşhur neftçilər Sosialist Əməyi qəhrəmanları Qurban Abbasov, Akif Cəfərov və eləcə də Cümşüd İbrahimovla həmkar olan Xoşbəxt müəllimin qismətinə öz imzasını müstəqil Azərbaycanımızın neft sənayesi tarixinə yazmaq da düşüb. Onun taleyinə illərlə topladığı təcrübənin, elmi biliklərin həm də müstəqil dövlətimizin naminə xərcləmək xoşbəxtliyi yazılıb. Mənə elə gəlir ki, öz sələflərimizdən bu mənada çox xoşbəxtik. Çünki, biz nəslin nümayəndələri dövlətimizin yenidən müstəqil olduğunu gözlərimizlə görməklə, yaşamaqla bərabər, öz bilik və bacarığımıza, təcrübəmizə əsaslanaraq bu işə töhfələrimizi də verə bildik.

Böyük Çin mütəfəkkiri Konfutsi deyib ki, işdən zövq alanlar gülərüz olurlar. Nə qədər çətinliyi, problemi olsa da Xoşbəxt müəllim dərhal öz xoş sözləri, duzlu-məzəli lətifələri ilə çıxış yolu tapır. Yaradan hər bir insanın çiyinlərinə bir missiya qoyur. Xoşbəxt Yusifzadə məhz belə insanlardandır. Böyük filosof Salondan soruşurlar ki, cavan qalmağının səbəbi nədir? Cavab verir ki, mən hər gün yeni bir şey öyrənməyə çalışıram. Xoşbəxt Yusifzadə də belə insanlardandır, hər gün yeni bir şey öyrənməyə çalışdığı üçün qocalmağa vaxtı qalmır.

 

Böyük məram, müqəddəs missiya

 

Müəllif memuarında çox mühüm məqamlara toxunub və öz şirin, sadə dili, anlaşıqlı təhkiyəsi ilə qələmə aldıqlarının, bəlkə də, Azərbaycan tarixində və ədəbiyyatında mühüm yer tutduğunun fərqinə varmayıb.

“Ömrümün illəri və izləri” kitabını vərəqlədikcə düşünürəm ki, təkcə mənim, onun və digərlərinin deyil, çağdaş dövrün hər bir üzvünün həyatında ulu öndər Heydər Əliyevin rolu dövlətimizin quruculuğunda və formalaşmasında oynadığı rol qədər əhəmiyyətlidir. Düşünürəm ki, Heydər Əliyev ədəbi portretinin öyrənilməsi, gənc nəsillərə örnək kimi bu dahi insanın qayəsində yatan sirrin açılması zamanı da uzaqda deyil. Və bu zaman məhz Xoşbəxt müəllimin memuarı ən yaxşı dərsliklərdən biri hesab olunacaq və gənc neftçilərin stolüstü kitabına çevriləcək.

Bu qənaət mənim bir oxucu kimi aldığım təəssüratlardan yaranıb və elə bilirəm ki, “Ömrümün illəri və izləri” memuarının hər bir diqqətli oxucusu fikrimlə razılaşacaq.

Müəllif həyatının gözlənilməz anlarından biri kimi qələmə aldığı “Məmməd Səid Ordubadinin 100 illik yubileyi” xatirəsində ulu öndər Heydər Əliyevin iştirak edəcəyi gecədə onun çıxış etməsi haqqında göstəriş aldığını deyir. Bu kiçik xatirədə müəllif vurğulayır ki, o zaman — yazıçının 100 illik yubileyinin qeyd edildiyi 1972-ci ildə respublikanın birinci katibi Heydər Əliyevin diqqətini ona görə cəlb etdim ki, mən sünilikdən uzaq olaraq ədəbiyyatçı-alim kimi deyil, istehsalat işçisi-adi oxucu kimi çıxış etdim. Eyni zamanda, müəllif həmin dövrün ədəbi ab-havasından söhbət açır və ulu öndərin portretini təsvir edir: “Heydər Əliyevin ədəbiyyat və incəsənət barəsində çıxışlara, fikirlərə necə həssaslıqla yanaşdığını kim bilmir ki? Yubiley mərasimindəki çıxışım bəlkə də çoxlarını təəccübləndirmişdi.

Yazıçılara, bəstəkarlara, rəssamlara, bir sözlə incəsənət adamlarının yaradıcılığına həsr olunmuş tədbirlərdə neftçinin, inşaatçının, ekoloqun, yaxud riyaziyyatçı alimin çıxışına ehtiyac varmı və bu, nə dərəcədə məqsədə uyğundur? Bəzən bu sualı mənə də verir və unudurdular ki, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər, yubileylər, əsərlərinin tədqimatı və müzakirəsi - bütün bunlar onların xidmətlərinin cəmiyyət və ən müxtəlif peşə sahibləri tərəfindən qiymətləndirilməsi deməkdir. Eyni zamanda, bunlar həmin o müxtəlif peşə sahiblərində estetik zövqü, gözəllik duyumunun formalaşmasına kömək edən bədii sözə və incəsənətə daim maraq doğuran amillərdir.

Başqa sözlə, söhbət insanın hərtərəfli inkişafından gedirdi və bu işin də sistemli şəkildə həyata keçirilməsinin təşəbbüsçüsü ümummilli liderimiz Heydər Əliyev idi. Ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində respublikada simfonik konsertlər silsiləsinin təşkili və rəhbər işçilərin müntəzəm olaraq həmin konsertlərə dəvət edilməsi çoxlarının yadındadır”.

Məhz bu sətirləri oxuyan oxucunun gözləri qarşısında həmişə ədəbiyyatımıza və incəsənətimizə xüsusi diqqət və qayğı ilə yanaşan ulu öndərin əsas məramı öz aydınlığı ilə canlanır.

Təkcə unudulmuş ənənələri bərpa etmək, böyük ədəbiyyat və incəsənət yükünü çəkmiş tək-tək fərdləri qiymətləndirmək yox, həm də onları təbliğ etməklə, onları gündəmə gətirməklə cəmiyyətin estetik tərbiyəsini gücləndirmək Azərbaycanın rəhbəri Heydər Əliyevin müqəddəs missiyalarından biri idi. Hamımıza məlumdur ki, ulu öndər Moskvada işləyərkən də bu missiyanı davam etdirirdi. Bu dahi insan harada işləməsindən, fəaliyyət göstərməsindən asılı olmayaraq Günəş kimi ətrafına işıq, nur saçırdı.

 

Neft sənayesi və “Əsrin müqaviləsi”

 

Ulu öndərlə ilk görüşlərindən – 1968-ci ildə Süleyman Dəmirəlin Azərbaycana ilk səfəri zamanı tanış olmalarından məhəbbətlə söhbət açan Xoşbəxt Yusifzadə Heydər Əliyevin respublikanın sükanı arxasında dayanması ilə Azərbaycanın neft sənayesinin inkişafında yeni mühüm mərhələnin başlandığından və sürətli inkişaf dinamikasına malik olduğundan danışır. Dünyada tayı-bərabəri olmayan Bakı Dərin Özüllər zavodunun məhz Azərbaycanda inşa edilməsi, paytaxtda nəhəng neftayırma kompleksinin yaradılması neft emalı sahəsində Heydər Əliyevin yeritdiyi müdrik iqtisadi siyasətinin nəticəsi idi. Neftçilərin rifahının yaxşılaşdırılması və sosial məsələlərin həlli ulu öndərimizin daim diqqət mərkəzində olduğundan Heydər Əliyevin rəhbərliyi dövründə “qara qızıl” ustaları üçün, xüsusən də Xəzər neftçiləri üçün tikilən mənzillərin sayı rekord həddə çatırdı. Onların mədəni istirahəti, mənəvi tərbiyəsi üçün əlindən gələni əsirgəməyən, fəxri adlar təsis edən respublika rəhbəri iqtisadiyyat sahəsində o qədər uzaqgörən proqramlar reallaşdırmış, elə böyük planlar həyata keçirtmişdir ki, bunun nəticələrindən ölkəmiz aradan keçən müddət ərzində — müstəqillik qazanandan, keçid dövrünün çətinliklərini yaşayandan sonra da faydalana bildi. Ölkəyə xarici neft kompaniyaları cəlb olundu, sərmayələr qoyuldu və Azərbaycan təkcə iqtisadi baxımdan deyil, həm də geocoğrafi baxımdan dünyanın aparıcı dövlətlərindən birinə çevrildi.

Ötən əsrin yeni neft strategiyasının təməlini qoyan “Əsrin müqaviləsi”nin imzalanması üçün başlanan danışıqlarda iştirak edən Xoşbəxt Yusifzadə Bakıdan İstanbula və oradan da ABŞ-ın Hyuston şəhərinə daşınan prosesləri təsvir edir.

Bu sazişin böyük iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyətini də açıqlayır: “Saziş dünyanın aparıcı dövlət və şirkətlərini bir daha əmin etdi ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır. Bu ölkədə işləmək və sərmayə qoymaq olar”.

Memuarda bütün bu həqiqətlər və o həqiqətlərin yazıldığı tarix öz əksini tapıb. Dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü neft strategiyasının müsəlləh əsgərlərindən olan Xoşbəxt Yusifzadə bu şanlı tarixi özünəməxsus üslubda yazıya köçürüb və gələcək nəsillərə böyük məlumatlar toplusu hədiyyə edib.

“Əsrin müqaviləsi”nin danışıqlar prosesində baş verən və hələ geniş ictimaiyyətə məlum olmayan detalları qələmə alan müəllif “Ömrümün illəri və izləri” memuarında Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi və onun siyasi varisi İlham Əliyevin də uzaqgörən və nikbin portretini yaradır. Göstərir ki, İlham Əliyevin simasında ulu öndər yurdsevərliyin, inamın və nikbinliyin özünü görürdü.

 

Lider

 

Xoşbəxt müəllim möhtərəm Prezident İlham Əliyevlə Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti təyin edildikdən sonra tanış olduğunu yazaraq qeyd edir ki, hər ikisinin iş kabineti qonşu olub. “O vaxt bəziləri kimi mənə də elə gəlirdi ki, əvvəllər neft sənayesi kimi nəhəng bir yanacaq kompleksi ilə məşğul olmayan bir insan üçün belə mürəkkəb və qəliz sahənin problemlərini tezliklə mənimsəmək çətin olacaqdır. Lakin mənə və həmkarlarıma bu da məlum idi ki, İlham müəllim Moskva Beynəlxalq Münasibətlər İnstitutunu müvəffəqiyyətlə bitirmiş, alimlik elmi dərəcəsi almış və özü də həmin institutda dərs demişdi. Təbii ki, bunlar onun elmi praktiki potensialından, insanlarla işləmək bacarığından xəbər verirdi”.

Müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda xarici şirkətlərlə danışıqlarda mütəxəssislərimizin tərəf-müqabili kimi iştirak etmək təcrübəsi olmadığından, xarici iqtisadi əlaqələr üzrə vitse-prezidentin qarşısında çox məsul vəzifələr dururdu: Xalqın, yeni yaranmış dövlətin, münaqişələr və işğallarla təhdid edilən torpağın taleyüklü məsələlərinin uğurlu həlli!

“Cənab İlham Əliyevin Dövlət Neft Şirkətinə gəlməsi neft müqavilələrinin bağlanmasının lap ilk mərhələsinə təsadüf edirdi.

İş elə gətirdi ki, 1994-cü ilin iyun-sentyabr aylarında biz işçi qrupunun tərkibində Amerikanın Hyuston şəhərinə birgə getdik və orada sonralar “Əsrin müqaviləsi” adlanan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi prinsplərinə dair danışıqlara başladıq. Danışıqlar prosesi və gərgin iş rejimi bu danışıqların hər bir iştirakçısının peşəkarlıq səviyyəsini, son dərəcə məsul bir işə münasibətini açıq-aydın göstərirdi.

Müdriklər doğru deyiblər ki, ağıl yaşda deyil, başdadır. 1994-cü ildə kifayət qədər gənc olmasına baxmayaraq, İlham Əliyev çox səriştəli bir mütəxəssis olduğunu göstərdi. Onun danışıqlar zamanı yaranan mürəkkəb vəziyyətdən çıxış yollarını tapması, gərginliyi aradan qaldırmaq məharəti bizə çox kömək edir, bizi daha qətiyyətli və inamlı olmağa ruhlandırırdı”.

Müəllif yazır ki, danışıqlar prosesi zamanı elə bir vəziyyət yarandı ki, tərəf-müqabil dövlətlərin nümayəndələri müzakirələri dayandıraraq Rusiya ilə Azərbaycan arasında Xəzərin statusu məsələsi həll olunmayınca, danışıqları bərpa etməkdən imtina etdilər: “O zaman İlham müəllim ümummilli liderimiz Heydər Əliyevlə əlaqə saxladı. Və onun göstərişi ilə Vaşinqtona uçdu. Orada səlahiyyətli şəxslərlə görüşdü, onların razılığını aldı, məsələnin həllinə nail oldu və tez bir zamanda danışıqlar prosesi başa çatdırıldı”. Status məsələsində Rusiya ilə razılıq gözlənilsəydi, gərək 2002-ci ilə kimi heç bir protokol imzalanmayaydı. Çünki, Xəzərin statusu haqqında iki ölkə arasında razılıq 2000-ci ildə əldə edildi.

“İlham Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də ulu öndərimiz Heydər Əliyevin ağır zəhmət tələb edən əməyi və uzaqgörənliyi sayəsində “Əsrin müqaviləsi” imzalandı.

Bu tarixdən başlayaraq, müstəqil Azərbaycanın neft siyasəti dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi. İlham Əliyevin xidmətləri nəinki Azərbaycanda, hətta dünyanın aparıcı dövlətləri səviyyəsində də etiraf edildi.

Daha aydın olmaq üçün deyim ki, iş təkcə neft hasilatının texnika və texnologiyasını bilməklə bitmirdi, çünki tərəf-müqabil kimi bizim qarşımızda dünyanın onlarla təcrübəli iş adamı, mütəxəssisi dururdu. Danışıqlar zamanı ortaya çıxan mürəkkəb iqtisadi və hüquqi məsələlər düşünülmüş, ölçülüb-biçilmiş addımlar atmağı tələb edirdi”.

Xalqımız ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin quruculuğu yolundakı titanik fəaliyyətini və öz gənc liderini ürəkdən dəstəklədiyini 2003-cü ilin prezident seçkilərində İlham Əliyevə yekdilliklə səs verməklə bütün dünyaya sübut etdi.

 

Bu, hələ son deyil

 

Gözəl ailə başçısı, istedadlı alim və dost, hər şeydən əvvəl isə layiqli vətəndaş Xoşbəxt Yusifzadə haqqında istənilən qədər danışmaq, xoş sözlər söyləmək olar. Bir insanın şüurlu fəaliyyəti, coşqun əmək salnaməsi və həyat hekayəti toplanmış “Ömrümün illəri və izləri” memuarı bütün bunları özündə əks etdirir. Yazımın əvvəlində qeyd etdiyim kimi, Xoşbəxt Yusifzadənin bu kitabı ona görə daha qiymətli və əzizdir ki, orada öz əksini tapan bütün məqamlar unudulmayacaq və nəsillərdən-nəsillərə ötürüləcək tariximizdir.

Amma bu, hələ son deyil. Xoşbəxt Yusifzadənin yubileyi dövlət səviyyəsində qeyd olunarkən tədbirdə iştirak edən möhtərəm Prezidentimiz İlham Əliyev təbrik nitqində beş ildən sonra, növbəti yubileyinə gələrək onu təbrik edəcəyini söylədi.

Ümidlə arzu edirəm ki, Prezidentimizin bu niyyəti çin olsun.

 

 

Ənvər SEYİDOV,

hakim, professor

 

Xalq qəzeti.- 2010.- 12 fevral.- S. 5.