Azərbaycanın vergi sistemi
ölkə iqtisadiyyatının inkişafına xidmət edir
Azərbaycanın tarixi taleyinin müəyyənləşməsində
dahi şəxsiyyət, böyük dövlət xadimi,
xalqımızın ümummilli lideri Heydər Əliyevin
misilsiz xidmətləri olmuşdur. Xalqımızın həyatının
bütün sahələrində əldə olunmuş tərəqqi
və inkişaf, milli-mənəvi yüksəliş onun
adı ilə bağlıdır. Ulu öndər Azərbaycana
rəhbərlik etdiyi bütün dövrlərdə zəngin
mədəniyyəti, böyük tarixi keçmişi ilə
həmişə qürur duyduğu doğma yurdumuzun gələcəyini
düşünmüş, onun daim çiçəklənməsi,
dünyada öz layiqli yerini tutması üçün fədakarlıqlar
göstərmişdir. Onun dərin dühası, müdrikliyi,
uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycan
dövlətçiliyi ağır və sərt sınaqlardan
keçmiş, möhkəmlənmiş, dönməzliyə
qovuşmuşdur.
Müdrik rəhbərin
ikinci dəfə siyasi hakimiyyətə
qayıdışından sonra apardığı
ardıcıl və məqsədyönlü siyasət nəticəsində
respublikada sabitliyin təmin olunması iqtisadiyyatda tənəzzülün
tədricən aradan qaldırılmasına və ölkənin
iqtisadi həyatında mahiyyətcə yeni mərhələnin
başlanmasına rəvac verdi. Genişmiqyaslı iqtisadi
islahatların ilkin nəticələri aparılan siyasətin
düzgünlüyünü və Azərbaycanın bazar
iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq
edirdi.
Ümummilli liderin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında yenidən quruldu, makroiqtisadi sabitliyin möhkəmlənməsi və iqtisadiyyatın tarazlı inkişafının təmin olunması sahəsində kompleks tədbirlərin həyata keçirilməsinə başlanıldı. Həmin dövrdə irimiqyaslı islahatlara yönələn iqtisadi siyasətin ayrılmaz tərkib hissəsi olan vergi siyasətində də köklü dəyişikliklərin aparılması, vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması bir zərurət kimi qarşıda dururdu.
“Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” tezisi ilə verginin iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi aparıcı rolunu dahiyanə ehtiva edən ümummilli lider Vergilər Nazirliyinin yaradılması, Vergi Məcəlləsinin qəbul edilməsi və digər aidiyyəti qərarları ilə müstəqil Azərbaycan dövlətinin vergi sisteminin formalaşmasının təşəbbüskarı və banisidir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında vergi siyasətinin konsepsiyasının əsas konturları müəyyənləşdirildi və bu sahədə radikal islahatların aparılmasına başlanıldı. Müdrik siyasətçi 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında qərar qəbul etmişdi. Dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edəcək və bu sahədə dövlət nəzarətini həyata keçirəcək mərkəzi icra hakimiyyəti orqanı kimi Vergilər Nazirliyinin yaradılması, onun həm səlahiyyətlərinin, həm də ölkə iqtisadiyyatının inkişafında rolunun müəyyənləşdirilməsi ümummilli lider Heydər Əliyevin bu sahəyə göstərdiyi böyük diqqətin bariz nümunəsi idi.
Vergilər Nazirliyi yaradıldıqdan sonra ulu öndərin verdiyi dəyərli tövsiyələrə əsaslanaraq vergi orqanlarının strukturunun müasirləşdirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılmışdı. Vahid və çevik bir strukturun yaradılması məqsədi ilə qabaqcıl dünya təcrübəsi araşdırılmış, müxtəlif idarəetmə modelləri təhlil edilmiş və yekunda vergi orqanlarının funksional əsasda fəaliyyət göstərən strukturunun tətbiqinə üstünlük verilmişdi.
Vergilər Nazirliyinin strukturunun funksional əsasda yenidən təşkilinə hazırlığın aparılması və vergi inzibatçılığının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Nazirliyin ərazi üzrə Vergilər İdarəsinin pilot (təcrübə) strukturu təsdiq olunmuşdu. Funksional əsasda fəaliyyət göstərəcək yeni strukturun fəaliyyət prinsipləri və səmərəliliyi müəyyən edildikdən sonra 2000-ci ilin sonundan etibarən təcrübədə özünü doğruldan yeni strukturun digər rayonlarda da tətbiqinə başlanıldı.
Adekvat islahatlar Vergilər Nazirliyinin mərkəzi aparatında da aparıldı. Bu struktur bazar münasibətləri şəraitində ümummilli lider Heydər Əliyevin vergi orqanlarının qarşısında qoyduğu vəzifələrin daha ciddi yerinə yetirilməsinə və çevik vergi siyasətinin həyata keçirilməsinə xidmət etməli idi.
Beləliklə, vergi sistemində yaradılan yeni struktur əvvəlkindən fərqli olaraq vergi siyasətinin daha uğurla həyata keçirilməsinə və vergilər sahəsində güclü nəzarət sisteminin tətbiqinə imkan verən mexanizm kimi müsbət keyfiyyətləri özündə birləşdirirdi.
Struktur islahatlarına paralel olaraq vahid və təkmil qanunvericilik bazasının yaradılması zərurəti ilə əlaqədar ulu öndər Heydər Əliyev tərəfindən Vergi Məcəlləsinin layihəsinin hazırlanması tapşırığı verildi. Qısa müddətdə dünya standartlarına cavab verən yeni qanunvericilik bazası yaradıldı, böyük və gərgin iş prosesindən sonra 2001-ci ildə Vergi Məcəlləsi qüvvəyə mindi.
Vergi Məcəlləsinin qəbul edilməsi, yeni və vahid qanunvericilik bazasının yaradılması vergi sistemində aparılan islahatlara mühüm bir təkan verməklə dövlət-sahibkar münasibətlərində yeni bir yanaşmanın əsasını qoydu. Xüsusilə qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin hazırlanması prosesi Heydər Əliyevin birbaşa rəhbərliyi ilə aparılmış, onun ayrı-ayrı hissələri dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması və digər məsələlər barədə dahi şəxsiyyət Heydər Əliyevin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına imkan vermişdir. Vergi Məcəlləsinin qəbul edilməsi vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addımlardan biri idi. Sənədin qəbulu islahatların genişləndirilməsi üçün təkan rolunu oynadı. Vergi siyasətinin təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, həm də ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməsi üçün vergi orqanları qarşısında mühüm vəzifələr qoyuldu.
Vergi Məcəlləsində əvvəllər tətbiq olunan 13 vergi növündən 9 vergi növü təsbit olunmuş, əksər vergi növləri üzrə dərəcələr aşağı salınmış, aksizə cəlb olunan malların siyahısı azaldılmışdır. Eyni zamanda, Vergi Məcəlləsində vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyiciləri və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət və digər qaydalar müəyyən edilmişdir.
Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ölkədə sabit vergi mühitinin yaradılmasına, vergi yükünün azaldılmasına, vergi güzəştləri sisteminin tətbiq edilməsinə, azad sahibkarlığın stimullaşdırılmasına, vergi ödəyicilərinin hüquq və mənafelərinin qorunmasına xidmət edən müddəalar Vergi Məcəlləsinə daxil edilmişdir. Son 10 ildə mənfəət vergisinin dərəcəsi 27 faizdən 20 faizə, ƏDV-nin dərəcəsi 20 faizdən 18 faizədək azaldılmış, fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilərək, bu verginin hesablanması şkalası 6 pilləlidən 2 pilləliyə endirilmiş, iki vergi dərəcəsi (14 faiz və 30 faiz) saxlanılmış, fiziki şəxslərin vergiyə cəlb olunan aylıq gəlirlərinin maksimum həddi 2000 manatadək artırılmışdır. Aqrar sektorun inkişafını stimullaşdırmaq məqsədilə kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmiş, fiziki şəxslərin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən gəlir vergisinin tutulmasına güzəştlər tətbiq edilmiş, bankların, sığorta və təkrarsığorta şirkətlərinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi mənfəət vergisindən azad olunmuşdur.
Vahid normativ-hüquqi bazanın yaradılması ilə yanaşı, vergi orqanlarının strukturunda təhqiqat və istintaq aparan, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumun yaradılması çox böyük əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə digər istiqamətlərlə yanaşı, ümummilli lider Heydər Əliyev bu məsələyə də həmişə diqqət göstərmiş və müvafiq tapşırıqlar vermişdir. Belə ki, ulu öndər 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər işçiləri ilə və 5 may 2000-ci il tarixdə Vergi Məcəlləsinin layihəsinin müzakirəsi ilə əlaqədar keçirdiyi müşavirələrdəki çıxışlarında vergi hüquqpozmalarına və bu sahədə törədilən cinayətlərə qarşı mübarizə aparılması üçün vergi xidməti orqanlarına əlavə səlahiyyətlərin verilməsinin zərurətə çevrildiyini vurğulamışdı. Qeyd olunan tapşırığı icra etmək məqsədilə 29 may 2000-ci il tarixdə Hüquq-mühafizə orqanları ilə əlaqələndirmə Baş İdarəsi yaradıldı. Bu idarənin yaradılması ilə Vergilər Nazirliyində hüquq-mühafizə orqanları səlahiyyətlərini həyata keçirən strukturun təməli qoyulmuş və respublikanın hüquq-mühafizə orqanları ilə vergi orqanlarının işgüzar əlaqələndirmə sistemi təşkil edilmişdir.
Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli fərmanı ilə Vergilər Nazirliyinə təhqiqat və istintaq aparılması səlahiyyətləri verilmişdir. Bu fərmanın icrası ilə əlaqədar Hüquq-mühafizə orqanları ilə əlaqələndirmə Baş İdarəsinin bazasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsi, daha sonra isə nazirlikdə aparılan struktur dəyişiklikləri ilə bağlı Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti yaradılmışdır.
2000-ci ildən başlayaraq vergi xidmətinin tarixində ilk dəfə olaraq vergi təbliğatı, vergi ödəyicilərinin vergi məsələləri üzrə məlumatlandırılması, əhalidə vergi mədəniyyətinin və təfəkkürünün formalaşdırılması sahəsində işlərin təşkili respublikanın vergi sistemində aparılan islahatlara paralel olaraq həyata keçirilməkdədir. Vergi ödəyicilərinə xidmət üzrə hələ 2000-ci ildə MDB-yə üzv dövlətlər arasında ilk dəfə olaraq respublikamızın yerli vergi orqanlarında məlumatlandırma şöbələri yaradıldı. Vergilər Nazirliyinin funksional idarəetmə mexanizminin təkmilləşdirilməsi, vergi ödəyicilərinin məlumatlandırılması və vergi təbliğatı tədbirlərinin gücləndirilməsi, yerli vergi orqanlarında xidmət işinin yüksək səviyyədə təşkilinin təmin olunması məqsədilə 2002-ci ilin sonunda nazirliyin mərkəzi aparatında Vergi ödəyicilərinə xidmət idarəsi təşkil edildi.
2000-ci ildə Vergilər Nazirliyinin rəsmi internet səhifəsi yaradılmışdır ki, onun vasitəsilə qanunvericilikdə baş verən dəyişikliklər, vergilərə dair normativ aktlar operativ qaydada vergi ödəyicilərinə çatdırılır. Vergi ödəyiciləri tərəfindən mövcud bəyannamələrin və vergi ödəyicilərinin uçotuna dair sənəd formalarının əldə edilməsi imkanlarını genişləndirmək məqsədilə onların elektron formaları hazırlanmış və internet saytında yerləşdirilmişdi.
Bunlarla yanaşı olaraq, 2001-ci ildə vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına dair elmi tədqiqatların aparılması məqsədilə Vergilər Nazirliyinin Tədris Mərkəzi, iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələrlə münasibətlərin daha səmərəli qurulması üçün İri Vergi Ödəyiciləri ilə İş üzrə Departament (hazırda Xüsusi Rejimli Vergi Xidməti Departamenti) yaradılmışdır.
Vergi orqanlarında yeni idarəetmə modelinin qurulması məqsədilə 2002-ci ilin sonunda vergi sistemində geniş struktur islahatları həyata keçirilmişdir. Belə ki, təşkilati-idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə respublikanın ərazisində ümumilikdə 54 rayon və şəhər vergi orqanları ləğv edilmiş, onların əvəzində hər biri bir neçə rayon və şəhəri əhatə edən 12 ərazi vergilər idarələri yaradılmışdır. Paytaxt üzrə isə Bakı şəhərinin Baş Vergilər İdarəsi və 11 rayonu üzrə vergi idarələri ləğv edilərək onların əvəzində Bakı şəhəri Vergilər Departamenti və hər biri bir neçə rayonu əhatə edən 3 filial təşkil edilmişdir.
Vergi inzibatçılığının müasirləşdirilməsinin digər istiqaməti kimi vergi ödəyicilərinə keyfiyyətli və operativ xidmətin göstərilməsi məqsədilə 2003-cü ildə Vergilər Nazirliyi tərəfindən “195” nömrəli vahid telefon-məlumat xidməti təsis edildi. Hazırda bu xidmət 2006-cı ilin may ayının 1-dən etibarən respublikanın bütün ərazisini əhatə edir.
Vergi sistemində kadr siyasəti sahəsində də mühüm işlər görülmüş və uğurlu islahatlar aparılmışdır. “Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli fərmanının icrası ilə əlaqədar Vergilər Nazirliyinin müvafiq əmrləri ilə aidiyyəti struktur bölmələrin vəzifələri müəyyən edilmişdir. 2005-ci ildə Müsabiqə Komissiyası və işçi qrupu yaradılmış, bir sıra daxili normativ sənədlər, o cümlədən “Vergi orqanlarına işə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanması və yoxlanılması” və “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi” qaydaları təsdiq edilmiş və müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilmişdir. 2008-ci ildə ilk dəfə tətbiq olunmuş “İşə qəbulla əlaqədar elektron ərizə” proqram təminatı 2009-cu ildə tam yenilənərək sabit proqram təminatı kimi formalaşmışdır. Bununla da vergi xidmətinə işə qəbul tamamilə şəffaf şəraitdə aparılan müsabiqə vasitəsilə həyata keçirilir. Bu sahədə tətbiq edilən mexanizm işçi heyətinin gənc və savadlı kadrlarla zənginləşdirilməsi baxımından olduqca müsbət nəticələr vermişdir.
Vergi orqanlarına işə qəbulla əlaqədar ötən illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə 6 dəfə müsabiqə elan olunmuş və keçirilmişdir. Müsabiqədə iştirak edən 4200 namizəddən 557 nəfəri müsabiqələrdən uğurla keçmiş və onlardan 347 nəfəri artıq vergi orqanlarında işlə təmin olunmuşdur, digər namizədlər isə Vergilər Nazirliyinin kadr ehtiyatına daxil edilmişdir.
Bu gün vergi xidməti müasir idarəetmə standartlarına cavab verən insan resurslarından istifadə üzrə siyasəti həyata keçirir. Bu, işə qəbul prosesindən başlanmış, kadrların peşəkarlıq səviyyəsinin artırılması və inkişafı kimi bütün həlqələri əhatə etmişdir. Vergi işçilərinin peşə səviyyəsinin artırılması prosesi sistemləşdirilmiş, bu məqsədlə yaradılmış Vergilər Nazirliyinin Tədris Mərkəzində mühüm tədbirlər görülmüşdür.
Vergi orqanlarının vəzifəli şəxsləri, eləcə də işə yeni qəbul edilmiş əməkdaşlar nazirliyin Tədris Mərkəzində ixtisasartırma və ilkin hazırlıq üzrə xüsusi təlim kursları keçirlər. Bu məqsədlə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tədris konsepsiyası hazırlanaraq 20 iyun 2005-ci il tarixdə təsdiq edilmişdir. Eyni zamanda, dövlət vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığının təşkili qaydaları, Tədris Mərkəzində dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün müxtəlif tədris kurslarının təşkili və keçirilməsi qaydaları və digər sənədlər hazırlanaraq təsdiq olunmuşdur.
Ötən illər ərzində əldə olunan mühüm nailiyyətlər sırasında vergi sisteminin təkmilləşdirilməsi və vergi inzibatçılığının sadələşdirilməsi mühüm yer tutur. İdarəetmə sistemində və qanunvericiliyin formalaşmasında aparılan islahatlardan sonra 2005-ci ildə başlanmış inzibatçılığın təkmilləşdirilməsi prosesi informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi ilə sistemli şəkildə həyata keçirilir.
Faktiki olaraq 2005-ci il vergi xidməti üçün keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olmuşdur. Məhz bu ildən başlayaraq vergi xidmətində Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsinin Dövlət Proqramının (2005-2007-ci illər) icrasına başlanmış, üç il ərzində 5 əsas strateji istiqaməti əhatə edən 39 irimiqyaslı tədbir reallaşdırılmışdır. Belə ki, vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsinə nail olunmuş, vergidən yayınma halları ilə mübarizə gücləndirilmiş, vergilərin məcburi ödənilməsi sistemi təkmilləşdirilərək vergi borclarının yaranmasının qarşısı alınmış, vergi orqanlarında beynəlxalq standartlara uyğun idarəetmə sistemi inkişaf etdirilmiş, müasir informasiya-kommunikasiya sistemləri yaradılmışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev vergi sisteminin inkişafına daim diqqət göstərir, bu sahədə verdiyi tapşırıqlar əsasən dövlət idarəçiliyinin müasir Avropa standartlarına uyğunlaşdırılması istiqamətində təkmilləşdirmələr aparılmasından, vergi orqanları ilə vergi ödəyicilərinin arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələrin yaradılmasından, müasir kompyuter və proqram təminatları, geniş təhlil bazasına malik informasiya sistemlərinin qurulması istiqamətində işlərin davam etdirilməsindən ibarətdir. Ölkə başçısının 2005-ci il 21 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” rəhbər tutularaq 2006-cı ildən başlayaraq Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən “Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi” (AVİS) tətbiq edilir. 2007-2009-cu illərdə AVİS-də yerinə yetirilən iş prosesləri genişləndirilmişdir. AVİS vasitəsilə həm vergi xidmətində sənəd dövriyyəsi elektron formata keçirilmiş və operativ informasiya mübadiləsi təmin olunmuş, həm də vergi bəyannamələrinin qəbulu və emalı prosesi sadələşdirilmiş, iqtisadi təhlilin həyata keçirilməsi və proqnozların tərtibinə imkan yaradılmışdır ki, bu da vergi xidmətinə daha səmərəli nəzarət mexanizmlərini tətbiq etməyə imkan verir.
Məhz AVİS-in yaratdığı geniş imkanlar hesabına 2007-ci ildə ölkəmizdə elektron bəyannamə sisteminin tətbiqi mümkün olmuş və bu məqsədlə İnternet Vergi İdarəsi yaradılmışdır. Elektron bəyannamənin tətbiqi vergi ödəyiciləri arasında böyük marağa səbəb olmuş, təkcə 2008-ci ildə bu prosesə qoşulan vergi ödəyicilərinin sayı 2007-ci illə müqayisədə 4,4 dəfə artmışdır. Hazırda ƏDV ödəyicilərinin 99,4 faizi, digər vergi ödəyicilərinin isə 87,1 faizi bəyannaməni elektron formada təqdim edir.
Məlumdur ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Sahibkarlığa dövlət qayğısının göstərilməsini, biznes fəaliyyətinin daha da genişlənməsi üçün hökumət tərəfindən mütəmadi olaraq qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsini, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılmasını, maarifləndirmə və digər istiqamətləri əhatə edən kompleks tədbirlər həyata keçirilməkdədir. Bununla belə, sahibkarlığın dəstəklənməsi sahəsində yeni vəzifələrin icra olunması biznes mühitində mövcud olan bir sıra problemlərin aradan qaldırılmasını tələb edirdi.
Azad sahibkarlığın həyata keçirilməsi sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə cənab Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2007-ci il 30 aprel tarixdə fərman imzalanmışdır. Bu fərmanın icrası ilə əlaqədar hökumətdə vahid kodlaşdırmanın tətbiqi ilə sahibkarlıq subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipinə uyğun təşkilinə dair geniş təhlillər və müzakirələr aparılmış, müvafiq təkliflər hazırlanmışdır. Bundan sonra, ölkə iqtisadiyyatı, xüsusilə, sahibkarlıq mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyan bu tədbirin reallaşdırılması dövlət başçısının 25 oktyabr 2007-ci il tarixli sərəncamı ilə məhz Vergilər Nazirliyinə həvalə edilmişdir. “Bir pəncərə” prinsipinin tətbiqi ilə bağlı qanunvericilik bazasının yaradılması ilə yanaşı, vergi orqanlarında müvafiq strukturlar və bu strukturlarda sahibkarlıq fəaliyyəti həyata keçirmək istəyən şəxslərə xidmət göstərilməsi üçün hər cür şərait yaradılmış, qısa müddətdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində bir sıra mütərəqqi yeniliklər tətbiq edilmiş və qeydiyyat prosedurları sadələşdirilmiş, müddət isə dəfələrlə azaldılmışdır.
2007-ci il dekabrın 29-da möhtərəm Prezident cənab İlham Əliyev sahibkarlıq subyektlərinin “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatına başlanılması mərasimində iştirak etmiş, öz tapşırıq və tövsiyələrini vermişdir. Sahibkarlıq subyektlərinin “bir pəncərə” prinsipi ilə qeydiyyatı sistemi Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən müəssisələrin qeydiyyatı sahəsində ən uğurlu islahat hesab edilmiş və “Doing Business” hesabatının “Biznesə başlama” reytinqində Azərbaycan Respublikası 64-cü yerdən 13-cü yerə yüksəlmişdir.
Vergi inzibatçılığında mühüm keyfiyyət dəyişikliyinə səbəb olan AVİS vergi nəzarəti tədbirlərinin səmərəliliyinin artırılmasına imkan verməklə yanaşı, vergidən yayınma hallarının qarşısının alınması sahəsində müasir texnologiyaların tətbiqinə də geniş şərait yaratdı.
ƏDV inzibatçılığının təkmilləşdirilməsi və bu sahədə aparılan əməliyyatlara daha səmərəli nəzarətin təşkili zərurəti ilə əlaqədar olaraq, 1 yanvar 2008-ci il tarixdən ƏDV üzrə vahid depozit hesabının tətbiqinə və müvafiq proqram təminatının istifadəsinə başlanıldı. ƏDV depozit hesabının tətbiqi nəticəsində ƏDV-nin ödənilməsindən yayınmaya və ƏDV-nin qeyri-qanuni əvəzləşdirilməsinə qarşı yeni və olduqca səmərəli sxemin tətbiq edilməsinə nail olundu. Bu hesabın ilk dəfə tətbiq edildiyi 2008-ci ilin yekunlarına görə ƏDV üzrə daxilolmaların həcmi 2007-ci ilə nisbətən 74,7 faiz artmışdır.
ƏDV sahəsində vergi inzibatçılığının daha da müasirləşdirilməsi məqsədilə 2010-cu il yanvarın 1-dən etibarən elektron vergi-hesab fakturalarının tətbiqinə başlanıldı. Nəticədə vergi ödəyiciləri tərəfindən satılan mallara (iş, xidmətlərə) görə vergi hesab-fakturaları elektron formada təqdim olunur. Elektron vergi hesab-fakturalarının tətbiqi həm vergi ödəyiciləri üçün inzibatçılığın sadələşdirilməsinə, həm də bu sahədə aparılan vergi nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaradır.
İqtisadi inkişafın və müasir dövrün tələblərindən irəli gələrək qarşıda duran vəzifələr vergi nəzarətinin bütün formalarının təkmilləşdirilməsini, nəzarət əhəmiyyətli məlumatların qarşılıqlı mübadiləsini, yoxlamaların koordinasiyasında yeni yanaşma metodlarının və inzibatçılıqda müasir idarəetmə prinsiplərinin tətbiqini zəruri etmişdir. Bu zərurətdən irəli gələrək 19 mart 2009-cu ildə Bakı şəhəri Vergilər Departamentinin Audit və Operativ nəzarət idarələri ləğv edilərək, bunların əsasında Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti yaradılmışdır.
İslahatlar 2010-cu ildə də davam etdirilmiş və vergi inzibatçılığının səmərəliliyinin artırılması, funksional cəhətdən təkrarlanmanın aradan qaldırılması məqsədi ilə Bakı şəhəri üzrə bəyannamələrin kameral yoxlanması, vergi borclarının alınması və vergi ödəyicilərinə xidmət işlərini həyata keçirən strukturların tamamilə yeni əsasda, günün tələblərinə uyğun strukturlar kimi formalaşdırılması üçün 2002-ci ildə təsis olunan Bakı şəhəri Vergilər Departamentinin 1, 2 və 3 saylı filialları ləğv edilərək onların əsasında Departamentin Vergi borclarının məcburi alınması, Bəyannamələrin qəbulu və işlənməsi, Vergi ödəyicilərinə xidmət idarələri yaradılmışdır.
Azərbaycanın vergi sisteminin ötən 10 ildə əldə etdiyi uğurlardan biri də beynəlxalq vergi sisteminə inteqrasiyasıdır. Digər ölkələrin vergi orqanları ilə ikitərəfli və çoxtərəfli əsaslarda qurulan əməkdaşlıq, vergi sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla hərtərəfli işgüzar əlaqələr Azərbaycanın beynəlxalq inteqrasiya siyasətinə uyğun həyata keçirilmişdir. Vergilər Nazirliyi Avropadaxili Vergi Administrasiyaları Təşkilatının, MDB vergi orqanları rəhbərlərinin Koordinasiya Şurasının üzvüdür. MDB vergi orqanları rəhbərlərinin Koordinasiya Şurasının 2003 və 2008-ci illərdə toplantıları Bakıda yüksək səviyyədə keçirilmişdir.
Ötən dövr ərzində xarici dövlətlərin vergi orqanları ilə qurulmuş əməkdaşlığın hüquqi bazası da genişləndirilmiş, Fransa, Çexiya və Estoniyanın vergi administrasiyaları ilə əməkdaşlığa dair memorandumlar imzalanmışdır. Hazırda Böyük Britaniya, İrlandiya, Litva, Latviya və Macarıstanın vergi orqanları ilə analoji sənədin imzalanması üçün müvafiq işlər həyata keçirilir.
Aparılmış məqsədyönlü işlər nəticəsində artıq 39 dövlətlə “Gəlir və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması” haqqında sazişlər imzalanmışdır. 15-dən çox ölkə ilə analoji sazişlər imzalanmağa hazırdır və ya saziş layihələrinin razılaşdırılması üzrə danışıqlar aparılır.
Vergilər Nazirliyinin yaradılmasından ötən dövr ərzində əldə olunmuş nailiyyətlər yeni inkişaf strategiyasının həyata keçirilməsi üçün yaxşı baza yaratmışdır. Bu baxımdan, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasındakı qonşuluq siyasəti çərçivəsində qəbul olunmuş fəaliyyət planına uyğun olaraq, Azərbaycanda vergi sisteminin inkişaf istiqamətlərinin Avropa İttifaqının vergi harmonizasiya siyasətinə və vergi inzibatçılığında qəbul olunmuş ümumi standartlara uyğunlaşdırılması prosesi bundan sonra da davam etdiriləcəkdir. 2008-ci ildə vergi sisteminin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyən edən iki mühüm sənəd – “Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin strateji istiqamətləri” və “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarının istifadə imkanlarının genişləndirilməsi” haqqında konsepsiyalar hazırlanmışdır. Bu konsepsiyaların əsas məqsədi vergilərin könüllü hesablanması və ödənilməsi sisteminin möhkəmləndirilməsi və inkişafını, vergi sistemində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqini təmin etməkdən ibarətdir.
Bunlarla yanaşı, xüsusilə qeyd etmək lazımdır ki, respublikamızda son illərdə güclü iqtisadi potensialın yaradılmasında, dövlətçiliyin möhkəmləndirilməsində, azad və demokratik cəmiyyət quruculuğunda görülən işlər Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmışdır. Bütün bunlar ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin məntiqi nəticəsidir.
Azərbaycan Respublikasında həyata keçirilən çoxşaxəli islahatlar yeni inkişaf modelinin formalaşdırılmasına, onun dünya iqtisadiyyatına inteqrasiyasına, həm neft, həm qeyri-neft sektorlarının dinamik inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına, iqtisadiyyatın tarazlı və mütənasib tərəqqisinə səbəb olmuşdur.
Dünyada gedən böhran proseslərinə və bir sıra aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə baxmayaraq, ölkə başçısının çevik və işlək mexanizmlər üzərində qurulmuş uğurlu fəaliyyəti nəticəsində son illər iqtisadi artım tempinə görə lider mövqedə olan milli iqtisadiyyatımızda, çox az ölkələrin nail olduğu, artıq nümunə göstərilən yüksək dayanıqlıq və sabitlik təmin edilmişdir. Dövlət başçısının səyi və qətiyyəti nəticəsində ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, xüsusilə, real sektora xarakterik olan yüksək artım tempi və aparılan islahatlar müasir dövrdə də vergi sisteminin inkişafına təkan vermiş, gələcək inkişaf üçün yeni perspektivlər və imkanlar müəyyənləşdirmişdir.
Azərbaycanın müasir vergi xidməti ölkənin iqtisadi qüdrətinin güclənməsi, nəhəng regional layihələrin həyata keçirilməsi işlərinə öz töhfəsini verməkdədir. Bununla da müstəqil dövlətimizin vergi siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsinə, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində aparıcı amilə çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuş doğma Azərbaycanımızda çevik vergi siyasətini həyata keçirməyə qadir, beynəlxalq standartlara cavab verən müasir vergi xidməti formalaşmışdır.
Fazil MƏMMƏDOV,
Azərbaycan Respublikasının
vergilər naziri, 2-ci dərəcəli dövlət
vergi xidməti
müşaviri
Xalq qəzeti.- 2010.- 12 fevral.- S. 3.