Vergi işçilərinin peşə bayramı qeyd edilmişdir

 

Fevralın 11-i Vergilər Nazirliyinin yaradılmasının 10-cu ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramıdır. Bununla bağlı Vergilər Nazirliyində bu gün yubiley mərasimi keçirilmişdir. Mərasimdən əvvəl nazirliyin əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə əklil qoymuşlar. Sonra Şəhidlər Xiyabanına gələn vergi əməkdaşları şəhidlərimizin məzarını ziyarət etmiş, onların ruhuna dualar etmişlər.

 

Sonra Vergilər Nazirliyində tədbir keçirilmişdir. Əvvəlcə, tədbir iştirakçılarına Vergilər Nazirliyinin 10 illiyinə həsr edilmiş sənədli film nümayiş olunmuşdur.

Mərasimdə çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov əvvəlcə vergi xidməti əməkdaşlarını 2010-cu il fevralın 11-i – Vergilər Nazirliyinin yaradılmasının 10-cu ildönümü və vergi xidməti işçilərinin peşə bayramı münasibətilə təbrik etmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyduğunu bildirən vergilər naziri bu dahi şəxsiyyətin rəhbərliyi dövründə ölkədə iqtisadi islahatların, o cümlədən vergi xidmətində də əsaslı və kompleks islahatların aparıldığını vurğulamış, müasir vergi xidmətinin yaranması, yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində aparılan işlərin strategiyasının və əsas istiqamətlərinin dahi öndər tərəfindən təsbit olunduğunu bildirmişdir.

Fazil Məmmədov qeyd etmişdir ki, Azərbaycanın bugünkü sürətli və hərtərəfli inkişafı, beynəlxalq aləmdə daim artan nüfuzu ümummilli lider Heydər Əliyevin dövlətçiliyin, demokratik cəmiyyətin, yeni iqtisadi sistemin yaranmasını təmin edən, milli maraqlara uyğun siyasi kursunun və bu kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və inamla davam etdirilməsinin məntiqi nəticəsidir.

Vergilər naziri son 10 ili vergi sisteminin inkişafının keyfiyyətcə yeni dövrü kimi səciyyələndirmişdir. Qeyd edilmişdir ki, bu dövrdə mərhələlər üzrə aparılan kompleks islahatların nəticəsi olaraq ölkəmizdə təkmil və dayanıqlı vergi sistemi formalaşmış, iqtisadi inkişafa xidmət edən tədbirlər həyata keçirilmişdir. Ötən 10 ildə Vergi Məcəlləsinin təkmilləşdirilməsi üçün qəbul edilmiş əlavə və dəyişikliklər onun mükəmməl qanunvericilik bazasına çevrilməsinə, ölkədə sabit vergi mühitinin yaradılmasına xidmət etmiş, vergi yükü azaldılmış, vergi dərəcələri aşağı salınmış, vergi güzəştləri sistemi tətbiq edilmiş, azad sahibkarlığı stimullaşdıran, vergi ödəyicilərinin hüquq və mənafelərini qoruyacaq müddəalar qanunvericilikdə öz əksini tapmışdır.

Natiq bildirmişdir ki, dünyada gedən böhran proseslərinə və bir sıra aparıcı ölkələrdə iqtisadi artım sürətinin aşağı düşməsinə baxmayaraq, ölkə başçısının çevik və işlək mexanizmlər üzərində qurulmuş uğurlu fəaliyyəti nəticəsində son illər iqtisadi artım tempinə görə lider mövqedə olan milli iqtisadiyyatımızda çox az ölkələrin nail olduğu yüksək dayanıqlıq və sabitlik təmin edilmişdir. Qeyd olunmuşdur ki, ölkə iqtisadiyyatı üçün xarakterik olan yüksək artım tempi müasir dövrdə vergi sisteminin inkişafına təkan vermiş, yeni perspektivlər müəyyənləşdirmişdir.

Vergilər naziri bildirmişdir ki, 10 illik yubileylə əlaqədar vergi orqanları əməkdaşlarının və digər şəxslərin təltif olunması məqsədilə Azərbaycan Respublikasının medallarının təsis edilməsi və bir qrup vergi xidməti əməkdaşının bu medallarla təltif edilməsi barədə cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar onun vergi xidməti əməkdaşlarına göstərdiyi etimad və dəstəyin bariz təzahürüdür.

Fazil Məmmədov respublikamızın bütün vergi işçiləri adından Azərbaycan Prezidenti İlham Əliyevi əmin etmişdir ki, Vergilər Nazirliyinin və onun yerli orqanlarının şəxsi heyəti dövlət başçısının siyasi kursuna sadiq qalaraq, ölkədə həyata keçirilən islahatlarda ölkə Prezidentini daim dəstəkləyəcək, onun vergi əməkdaşlarına olan etimadını doğrultmağa çalışacaq, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcək.

Sonra çıxış edən iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov müstəqil Azərbaycan Respublikasının vergi xidmətinin qısa, amma zəngin bir tarixi inkişaf yolu keçdiyini, 10 ilin zaman etibarilə böyük bir dövr olmasa da Vergilər Nazirliyinin yaradılmasından başlanan və bu gün uğurla davam etdirilən islahatların konkret nəticələri baxımından mühüm nailiyyətlər dövrü olduğunu vurğulamış, ölkə Prezidenti İlham Əliyevin təbriklərini nazirliyin şəxsi heyətinə çatdırmışdır.

Tədbirdə Vergilər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları və Vergilər Nazirliyinin 10 illik yubileyi ilə əlaqədar 21 ölkənin vergi qurumlarından, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı, MDB vergi orqanları rəhbərlərinin Koordinasiya Şurası və digər beynəlxalq təşkilatlardan nazirliyə ünvanlanmış təbriklər oxunmuşdur.

Sonda Vergilər Nazirliyinin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

 

Xalq qəzeti.- 2010.- 12 fevral.- S. 4.