Əbədiyyətin bir ili
Müasir Azərbaycan ədəbiyyatının
və ümumən ictimai fikrimizin görkəmli nümayəndəsi,
xalq şairi Bəxtiyar Vahabzadənin vəfatından bir il
ötür. Yüksək insani hissləri tərənnüm
edən yaradıcılığı, müasirlərinə və
gələcək nəsillərə örnək olan vətəndaşlıq
mövqeyi ilə adını mənəviyyat tariximizə
pozulmaz hərflərlə həkk etmiş şairi “həyat nədir?”
sualı, insanın həyatda yaşamasının mənası,
millətinə və vətəninə xidmətinin mahiyyəti
bütün yaradıcılığı boyu
düşündürmüş, əsərlərində bu
mövzuya dönə-dönə toxunmuşdur. Hələ
1965-ci ildə qələmə aldığı bir şeirində
B.Vahabzadə yazırdı:
Ömür bizə
verilmir
Ancaq yaşamaq
üçün.
Ömür bizə
verilir
Dünyanın da dərdini,
Qəmini çiynimizdə
Çəkmək,
daşımaq üçün.
Ömür–qəlbin, zəkanın
Min eşqi, min əməli,
Ömür–ömürdən
sonra
Uaşamağın təməli!
Böyük rus şairi
A.S.Puşkinin belə bir fikri var: Şairlik dünyada yeganə
məşğuliyyətdir ki, burada insanın sözü ilə
əməli həmişə üst-üstə
düşür. Yəni şairin sözü elə onun əməlidir.
Bəxtiyar Vahabzadə öz əməlləri ilə
xalqının, vətəninin tarixində ölməzlik
haqqını qazanmış bir şəxsiyyətdir. Bu
gün bu əbədi həyatın yalnız bir ili tamam olur. Qarşıda
isə on illər, yüz illər var. Bəxtiyar Mahmud oğlu
bu gəlimli-gedimli dünyada yaşadığı 84 il ərzində
şair Bəxtiyar Vahabzadənin əbədi ömrünün
sarsılmaz təməlini qoyub getdi.
20-ci əsr dünya ədəbiyyatının
korifeylərindən biri, böyük qırğız
yazıçısı Çingiz Aytmatov qələm və məslək
dostunun sənətini yüksək qiymətləndirərək
yazırdı: “Dünyada ad çıxaran çox şairlər
var. Qəzet və jurnalları vərəqlədikdə
görürsən ki, əsl şair azdır. Tək-tənha
qalanda, bir neçə kəlmə ilə “həyat nədir?”
sualına cavab axtaranda yalnız sözü fikirdən,
obrazdan, ruh və nəfəsdən yoğrulmuş həqiqi
şairlər sənin yaşamaq eşqinə,
düşüncələrinə qol-qanad verir. Müasirimiz Bəxtiyar
Vahabzadə belə şairlərdəndir."
Dahi söz
ustadlarının adı tarix boyunca uca zirvələr kimi
qatarlanıb düzülmüş Azərbaycan poeziyasında
oxucuların rəğbətini, sevgisini qazanmaq çox
çətin bir işdir.
Bu mənada poetik zövq mövqeyindən yanaşılsa, B.Vahabzadə şeirinə verilən qiymətlər fərqli ola bilər. Ancaq heç kim inkar edə bilməz ki, sovet ideologiyasının hökmran olduğu dövrdə Vətənimizin azadlıq, istiqlal ideyalarını Bəxtiyar Vahabzadə qədər inadla, ardıcıl olaraq tərənnüm edən ikinci bir şair olmayıb.
Sovet rejiminin meydan suladığı, Azərbaycanın Rusiyaya “könüllü” birləşməsinin 150 illiyini bayram etməyə hazırlaşdığı bir zamanda “Gülüstan” poemasını, Qanlı Yanvar gecəsindən sonra respublikamızın paytaxtında fövqəladə vəziyyət rejminin hökm sürdüyü günlərdə “Şəhidlər” poemasını yazmaq və çap etdirmək şairlik istedadından əlavə, bəlkə də ondan daha artıq vətəndaşlıq qeyrəi tələb edirdi.
Görkəmli ədəbiyyatşünas Yaşar Qarayev B.Vahabzadə sənəti ilə şəxsiyyətinin pozulmaz vəhdətini xüsusi vurgulayaraq yazırdı: “Bəxtiyar şəxsiyəti yaradıcılığında qabarıq təzahür edən şairlərdəndir. Onun poetik “məni”, fərdi üslubu, lirik qəhrəmanı poeziyamızın mənzərəsində aydın cizgiləri ilə seçilir. Bu vəhdətin ahəngi və aydınlığı onun əsərlərinə tamlıq və bütövlük, ideya, mövzu və məqsəd ümumiliyi, vahid proqram istiqaməti və məqsədəuyğunluğu verir.”
Mən Bəxtiyar Vahabzadənin oxucusu olmaqdan əlavə, həm də onun tələbəsi olmuş, ədəbiyyat dərsindən daha çox vətəndaşlıq təlimini xatırladan maraqlı mühazirələrini, şəxsi ünsiyyət zamanı ibrətamiz söbətlərini dinləmişəm. Bütün bu söhbətlərin vahid amal şəklində birləşən üç əsas mövzusu var idi: Vətən, Millət, Dil. Bəxtiyar müəllimin yaradıcılığı ilə yanaşı, on illər boyu davam edən bu fəaliyyətinin də insanların, xüsusən gənclərin təfəkkürünə, əqidəsinə azadlıq eşqi, istiqlal məfkurəsi toxumları səpməklə Vətənimizin bugünkü müstəqillik məqamına yetişməsində böyük rol oynaması danılmaz həqiqətdir.
Görkəmli Türkiyə şairi Yavuz Bülənd Bakilərin sözlərilə desək,–“Azəbaycan 1920–ci il əsarətindən 1991-ci il azadlığına asanlıqla gəlmədi. Azərbaycan istiqlalının qazanılmasında Bəxtiyar Vahabzadə kimi mütəfəkkir şairlərin, yazıçıların müstəsna bir yeri var. Əgər onlar Azərbaycan türklüyü üçün o əsarət illərində hayqırmasaydılar, Azərbaycan istiqlalı üçün öz əsərləri ilə zəmin hazırlamasaydılar, bu azadlıq bir xəyal olaraq qalardı.”
B.Vahabzadə bir şair olaraq sözünü vaxtında və cəsarətlə deməyi özü üçün yaradıcılıq prinsipi seçmişdi. Onun qəti əqidəsi bu idi ki, gələcəyin şairi olmağın yeganə yolu öz dövrünün həqiqi şairi olmaqdır. Öz müasiri olan insanın duyğu və düşüncələrini, sevinc və kədərini, üzləşdiyi problemləri yazmayan şair gələcəyin oxucusu üçün də maraqsız və mənasız olur.
Gecə də, gündüz də yazmalıyam mən
Bu günümüzdən...
Bu əsrin sözünü gələcək əsrə
Yetirmək üçün.
Gələcək önündə günahkar ollam
Yazmasam bu gün...
Deyirəm, bəlkə də, həməsrlərim
Şeirimi gözləmir o qədər mənim...
Çıxacaq işığa–əminəm buna,
Bu gün qalsa belə kölgədə şeirim.
Deyirəm, sabahın oxucusuna
Daha çox lazımdır, bəlkə də, şeirim...
Bu şeirin yazılmasından artıq qırx il keçir və xalqımızın taleyində böyük bir tarixi mərhələni ehtiva edən bu qırx ilin təcrübəsi sübut edir ki, şair “bəlkə də” desə də, gümanında haqlı imiş.
B.Vahabzadə Vətənin istiqlalı uğrunda mübarizənin öncüllərindən biri olmaqla yanaşı, həm də qazanılmış istiqlalın qorunmasının, dövlət quruculugu təcrübəsində bərqərar edilməsinin də şahidi və tərənnümçüsü oldu. Müstəqillik illərində “Gülüstan”ın davamı kimi nəzərdə tutduğu “İstiqlal” poemasını yazdı. Ümumilli liderimiz Heydər Əliyevin sərəncamı ilə müstəqil Azərbaycan dövlətinin ali mükafatı–“İstiqlal” ordeni ilə birinci olaraq Bəxtiyar Vahabzadənin təltif edilməsi də tarixi ədalətin təntənəsi idi. Bəxtiyar Vahabzadənin anlamında Vətənin, millətin ən ülvi dəyəri, ən müqəddəs rəmzi ana dilidir. Bütün yaradıcılıgı boyu dönə-dönə vəsf etdiyi, saflıgının, statusunun qorunması ugrunda mübarizə apardıgı ana dilini Bəxtiyar müəllim millətimizin mənəvi vətəni, xalqımızın namusu adlandırır, onun ülviyyətini anamızın namusu kimi qorumagı tövsiyə edirdi.
Ana dilim,səndədir xalqın əqli, hikməti
Ərəb oglu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu
Tarixi varaqlanır.
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan-şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan.
B.Vahabzadənin həmişə xoş sözlərlə andığı, şəxsiyyətini çox yüksək qiymətləndirdiyi xalq yazıçısı Mehdi Hüseyn onun yaradıcılığını hələ ilk mərhələlərdən rəgbətlə qarşılamış və təqdiredici sözlərlə dəyərləndirmişdir:“Bədii sənət aləminə ayaq basdığı ilk günlərdən xalqın məhəbbətini qazanmaq hər yazıçıya müyəssər olan bir səadət deyildir. Bəxtiyar Vahabzadə özünün fitri şairlik istedadı sayəsində hələ gənc yaşlarından oxucuların sevməyə başladığı, həmişə diqqətlə izlədiyi və böyük ümid bəslədiyi xoşbəxt sənətkarlardandır.”
Bu fikrin
davamı kimi demək olar ki, Bəxtiyar Vahabzadə xalq
sevgisindən qaynaqlanan bu xoşbəxtliyi–bəxtiyarlığı
ömrünün sonuna qədər qoruya bildi.
Hər ömrün sonunda,
Son anda yalnız
Necə
yaşamagı dərk edirik biz.
Qanrılıb
ölümün astanasında
Bir də boylanırıq həyat
tərəfə
– Başqa cür
yaşardım,–deyirik onda,
Dünyaya gəlsəydim
ikinci dəfə.
Bizimlə bərabər gedir
torpağa
Ömrün
zirvəsində düşündüyümüz.
Bu sirri kiməsə
pıçıldamağa
Nə macal tapırıq,
Nə imkan,
Nə söz...
B.Vahabzadə həm də
ona görə xoşbəxt insan sayıla bilər ki, taleyi
ona son sözünü demək, həyat və
yaradıcılığının son akkordlarını səsləndirmək
imkanı verdi. Ömrünün son
çağlarında Ulu Tanrıya üz tutaraq yazırdı:
Bir an da
macal ver mənə əcəldən,
Hələ
görülməli çox işlərim var.
Hələ bu dünyadan
doymamışam mən
– İstək çox, arzu
çox, ürək gen, vaxt dar...
Həyatının
son mərhələsində yaradıcılığı ilə
bağlı şairin ən böyük arzusu sənət
yolunu tam şəkildə əhatə edən
külliyatını çap etmək idi. “...Ömrün qürubu
yaxınlaşdıqca başladığım ilk illərdən
bu günə qədər yaradıcılığıma nəzər
salmaq, inkişaf xəttini izləmək, büdrəmələrimi
təhlil etmək, xüsusən ilk yazılarımı sənət
baxımından ələk-vələk eləmək arzusu
günü-gündən qəlbimdə
böyüyürdü. 2000-ci ilə
çatanda bu arzu reallaşmağa başladı.”
Beləliklə,
20-ci əsin görkəmli şairi yeni yüzilliyə, yeni
minilliyə əsərlərinin tam külliyatı ilə qədəm
qoya bildi. On iki cildlik bu möhtəşəm nəşr layihəsi
tanınmış ədəbiyyatşünas alim, Bəxtiyar
müəllimin ehtiramla “könül dostum”
adlandırdığı Ramazan Qafarlının təşəbbüsü
və fədakar işgüzarlığı sayəsndə həyata
keçirildi. R.Qafarlı Bəxtiyar məllimi bu işin
maddi tərəfini öz üzərinə götürən
iş adamı Cavanşir Feyziyevlə tanış etdi və
heç kimə ağız açmaq istəməyən
şairi bu nəşrə razı sala bildi. Bəxtiyar
müəllim özü bütün əsərlərini bir
daha gözdən keçirərək yenidən çapa
hazırladı. Bu iş səhhəti ildən-ilə,
aydan-aya pisləşən şairə, sanki, yeni həyat
enerjisi, yaşamaq həvəsi verdi. Xalq şairi külliyatın doqquz cildini
sağlığında görə bildi. Onuncu
cild artıq nəşr prosesində idi, son iki cildi isə
Bxtiyar müəllim vəfatından cəmi bir neçə
saat əvvəl nəzərdən keçirərək
çapa imzaladı.
Külliyatın
bütün cildlərinin tərtibçisi və redaktoru olan
Ramazan Qafarlı on iki cildin hər birinə on söz
yazmışdır. Bu məqalələrdə B.Vahabzadə
yaradıcılığının müxtəlif cəhətləri
dərindən təhlil olunmuş və obyektiv elmi meyarlar
mövqeyindən qiymətləndirilmişdir. Yeri gəlmişkən, bizə elə gəlir ki, bu
məqalələrin bir tam halında toplanaraq ayrıca
monoqrafik tədqiqat şəklində çap edilməsi Bəxtiyar
Vahabzadə yaradıcılığının öyrənilməsinə
çox dəyərli bir töhfə olardı.
Ümumi həcmi 500 çap
vərəqindən artıq olan 12 cildlik külliyyat cəmi
iki il ərzində “Elm” nəşriyyatında çapa
hazılanmış, “Nurlan” nəşriyyat- poliqrafiya müəssisəsində
yüksək poliqrafik keyfiyyətlə çap edilmişdir. Müəssisənin direktoru professor N.Məmmədli,
nəşrə məsul f.e.n. Ə.Ələkbərlidir.
Nəşrlə bağlı təkcə bir cəhəti–tirajın
çox az olduğunu təəssüflə
qeyd etmək lazım gəlir. Hər bir azərbaycanlı
ailəsinin öz şəxsi kitabxanasında görmək istəiyi
bu külliyyat cəmi 500 tirajla çap edilib. Ümid edirik ki, dövlət orqanlarının
qayğısı ilə bu külliyyat kütləvi tirajla
yenidən nəşr ediləcəkdir. Belə
olarsa, B.Vahabzadənin 12 cildlik “Əsərləri” təkcə
ölkəmizdə deyil, xaricdə yaşayan
soydaşlarımız arasında və digər türk
ölkələrində də geniş yayıla bilər.
Külliyyatın səkkiz cildi xalq şairinin
poetik yaradıcılığını–şeir və
poemalarını, doqquzuncu cild nəşr və dram əsərlərini,
onuncu cild ədəbiyyatşünaslıq və sənətşünaslığa
aid elmi-nəzəri məqalələrini, on birinci və on
ikinci cildlər isə publisistikasını əhatə edir.
Son cildə bir çox görkəmli müasirlərinin
Bəxtiyar Vahabzadə haqında məqalələri də
daxil etmişdir.
(Yeri gəlmişkən
qeyd edək ki, bu günlərdə R.Qafarlının tərtibçiliyi
və redaktəsi ilə daha bir kitab işıq üzü
görmüşdür. “Bəxtiyar Vahabzadə əbədiyyət yolunda, yaxud
şairsiz ötən bir ilimiz” adlı bu kitaba B.Vahabzadənin
vəfatından ötən bir il ərzində
onun haqqında yazılmış nekroloq, xatirə və
araşdırma xarakterli məqalələrin bir qismi daxil
edilmişdir.)
R.Qafarlı birinci cildə
yazdığı “Şeirin fəlsəfəsi, yaxud Bəxtiyar
Vahabzadənin pəncərəsindən görünən
dünya” adlı ön sözdə onun yaradıcı fəaliyyətini
ümumiləşdirərək yazır: “Türk
dünyasının ikinci minillikdə yetirdiyi böyük
şəxsiyyətlərdən biri, Azərbaycan ədəbiyyatının,
bütövlükdə 20-ci əsr poetik fikrinin görkəmli
nümayəndəsi Bəxtiyar Vahabzadə çoxsahəli fəaliyyəti
ilə respublikamızın sərhədlərindən
çox-çox uzaqlarda tanınır. O, hər şeydən
əvvəl mütəfəkkir şair olaraq həmişə
xalqımızın sözünü demişdir.” B.Vahabzadənin “xalqın sözünü demək”
missiyası onun cismani ömrünün bitməsi ilə sona
çatmır. Xalqımız, Vətənimiz
var olduqca onun əsərləri şairin sözünü hələ
illər uzunu deyəcəkdir. Çünki
bu sözlərə ehtiyac tükənməyib. Şair
özü bu həqiqəti–millətin gələcək nəsillərinə
də ruhən bağlı olacağını poetik dillə
belə ifadə edirdi:
Kitab-kitab şeirlərim
– Həm sevincim, həm kədərim.
Bu dünyada yoxum, varım
– Bu günümdən
Gələcəyə
göndərdiyim məktublarım.
Məktublarda
əzablarım, qayğılarım
qatar-qatar.
Cələcəyə
neçə-neçə sualım var.
Sualların cavabları
Həm çətindir,
həm yasaqdır.
O cavablar mənə deyil,
Məndən
sonra gələnlərə çatacaqdır.
Külliyyatın birinci cildi
üçün yazdığı müəllif qeydində Bəxtiyar
müəllim gələcəyə ünvanlanmış daha
bir fikri ifadə edərək yazır:“...Gələcək
tədqiqatçılarımdan böyük bir xahişim var:
kitablarımdan çıxardığım şeir və
poemalarımdan müəllif olaraq mən imtina etdiyim kimi, onlar
da imtina etsin və onları tədqiqatlarına cəlb etməsinlər.
Əks təqdirdə onlar mənim ruhumu
incitmiş olarlar. Çünki vəsiyyət hər kəs
üçün müqəddəs olmalıdır.“ Bu sözlər Bəxtiyar Vahabzadənin 12
cildlik “Əsərləri” külliyatının onun
yaradıcılığının araşdırılması
və dəyərləndirilməsi üçün yeganə
etibarlı mənbə kimi bundan sonrakı statusunu müəyyənləşdirməklə
haqqında danışılan nəşrin mədəniyyət
hadisəsi kimi əhəmiyyətini bir daha təsdiqləyir. Digər tərəfdən, şairin “vəsiyyət”
adlandırdığı bu müraciət onun bir insan və sənətkar
kimi öz ləyaqətini dünyadan köçdükdən
sonra da qorumaq istəyindən xəbər verir. Bir vətəndaş olaraq onun ictimai fəaliyyətində
və yaradıcılığının ictimai məzmununda
istiqlal ideyası aparıcı faktor idisə, bir insan və
şəxsiyyət kimi onun xarakterini səciyyələndirən
başlıca amil ləyaqət məfhumu idi.
Maraqlıdır ki, bu anlayışların hər ikisinə bədii
yaradıcılığında da mühüm yer verərək
həm “İstiqlal”, həm də “Ləyaqət” adlı
poemalar yazmışdır.
Sənət
adamlarının taleyinə həmişə həssas yanaşan
B.Vahabzadə görkəmli şair Əli Kərimin vəfatına
həsr etdiyi şeirdə yazırdı:
Ölür ulduzlar da adamlar
kimi,
Ölürkən
ömrünü verir bizlərə.
O, göydə sönsə də,
yer onu bilmir
– Süzülür
işığı yüz illər yerə.
Öləndən
sonra da o sönmür nədən?
İşığı
yaşayır özü var kimi.
Qəlbinin odunu xalqa bəxş
edən
Adamlar kimi...
Bu misralada ifadə
olunmuş fikri tərəddüd etmədən Bəxtiyar
Vahabzadənin öz taleyinə də aid etmək olar. Onun əbədiyyətə
qovuşmasından bir il ötür. “Qəlbinin odunu xalqa bəxş edən” şairin
poeziyasından süzülən mənəviyyat
işığının ziyası sağlığında
olduğu kimi hələ də könüllərə şəfəq
saçır. Əbədiyyətin yalnız bir ili ötüb keçmişdir. Yüz
illər isə hələ qarşıdadır.
İlham ABBASOV
Xalq qəzeti.- 2010.- 13 fevral.- S. 7.