Salyan: Yüksəliş əzmi
güclənməkdədir
Salyan rayonunda 2009-cu ilin
sosial-iqtisadi inkişafı haqqında hesabat keçirildi.
Rayon icra hakimiyyətinin başçısı Əliağa
Hüseynov geniş məruzə edərək bildirdi ki, ötən
il rayonda sosial məsələlərin həlli diqqət mərkəzində
saxlanılmış, təqdirəlayiq abadlıq-quruculuq
işləri görülmüşdür.
Şəhərin Heydər
Əliyev adına parkında yenidənqurma işləri
aparılmış və parkda yeni işıqlandırma
sistemi qurulmuş, musiqili fəvvarə tikilmişdir. A.Ağabəyli
küçəsində Dövlət Neft şirkəti hesabına
4 mərtəbəli 32 mənzilli və H.Z.Tağıyev
küçəsində qaz partlayışından
dağılmış 2 mərtəbəli 8 mənzilli
yaşayış binası FHN-nin vəsaiti hesabına tikilib əhalinin
istifadəsinə verilmiş, büdcə vəsaiti
hesabına 12 kommunal evin dam örtüyü və fasadı əsaslı
təmir edilmişdir.
X.R.Ulutürk küçəsində “Qala divarı” və Y.Qasımov küçəsində şəhərin qədim giriş qapısı əsaslı təmir edilərək bərpa edilmişdir.
Salyan şəhərində “Kür” mehmanxanası, “Muğan” şadlıq evi əsaslı təmir edilir. “Həyat” şadlıq evi, Yolüstü və Həsənli kəndlərində yeni poçt binaları tikilib istifadəyə verilmiş, şəhər poçtamtının inzibati binası, mərkəzi poçt şöbəsi, şəhər 5 və 6 saylı, Kürqaraqaşlı, Şorsulu, Qarabağlı poçt şöbələri cari təmir edilmişdir.
Ələt-Astara magistral avtomobil yolunun 22 kilometrində ikitərəfli yolun tikintisi başa çatmışdır.
2009-ildə şəhərin küçələrinə 5,5 kilometr asfalt basılmış, 3000 kvadratmetr tamet düzülmüşdür.
“Salyan Plastik Kütlə Emalı” ASC-yə yeni avadanlıqlar gətirilmiş və zavodun istehsal gücünün tam bərpası istiqamətində tədbirlər həyata keçirilir, təmir və abadlıq işləri aparılır. “Salyan-Taxıl” ASC-də təmir, yenidənqurma işləri aparılır və yeni müasir avadanlıqlar gətirilir.
Daxili imkanlar hesabına Salyan şəhər küçələrinin, icra hakimiyyətinin, şahmat məktəbinin, rayon maliyyə idarəsinin, statistika idarəsinin, təhsil şöbəsinin, 59 saylı dairə seçki komissiyasının, mərkəzi rayon xəstəxanasının, Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon şöbəsinin, internat məktəbinin, Salyan şəhər üzrə nümayəndəliyinin yerləşdiyi inzibati binalarda və “Qala divarı”nda gecə işıqlandırılması quraşdırılmışdır.
Ölkə başçısı tərəfindən sahibkarlığın inkişafına yaradılmış münbit şəraitin yüksək nəticə verdiyini xüsusi vurğulayan Ə.Hüseynov qeyd etdi ki, “NNEM Kəndli-Fermer Təsərrüfatı” MMC tərəfindən 10700 ton tutumu olan soyuducu anbar kompleksinin və tara sexinin tikintisi başa çatdırılmış, Kürsəngi ərazisində gücü 100 min dekalitr olan şərab zavodunun tikintisi davam edir. “Ələddin-fermer” MMC tərəfindən Çuxanlı ərazisində meyvə-tərəvəz məhsullarının saxlanması üçün 6000 tonluq, həmçinin quşçuluğun inkişaf etdirilməsi məqsədilə istehsal gücü 450 min ədəd yumurta tutan inkubatorun tikintisi və istehsal gücü saatda 30 kub.m olan oksigen emalı zavodunun tikintisi davam edir.
Yerli sahibkarlara və iş adamlarına 7 milyon 455 min manat kredit verilmişdir ki, bu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sahibkarlığın inkişafına yüksək diqqətin nəticəsidir.
2009-cu ildə Salyanda 1258 iş yeri açılmışdır.
2009-ci ildə rayonda 68 milyon 751,4 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 21 milyon 950,4 min manat və ya 46,9 faiz çoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında Bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya Fəaliyyət Proqramının icrası və 2010-cu ilin “Ekologiya ili” elan etməsi ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində olan biomüxtəliflikləri qoruyub saxlamaq üçün yaşayış yerlərinin ətrafında, park və xiyabanlarda yaşıllıqların salınmasına xüsusi diqqət yetirilmişdir. 2009-cu ildə 50 min ədəddən çox ağac və gül kolları əkilmiş, onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilməsinə, qorunub saxlanılmasına qayğı göstərilmişdir.
Dövlət başçısının imzaladığı “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar 13 min hektardan çox eroziyaya uğramış, şoranlaşmış və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaqlar müəyyən edilmiş, xəritələşdirilərək onlardan səmərəli istifadə olunması ilə bağlı təkliflər hazırlanaraq respublikanın direktiv strukturlarına göndərilmişdir. 2009-cu ildə Dövlət Neft Şirkətinin sifarişinə əsasən “Salyan OİL” Əməliyyat Şirkətinin İstismar zonasına daxil olan Qaraçala qəsəbəsi ərazisində çirklənmiş torpaqlarda rekultivasiya işləri aparılmışdır.
Rayonda üzümçülüyün və meyvəçiliyin inkişaf etdirilməsi istiqamətində də tədbirlər həyata keçirilmişdir. 2009-cu ildə təsərrüfatlarda 143 hektar sahədə üzüm və 109 hektar sahədə meyvə plantasiyaları salınmışdır. Hazırda 1186,5 hektar üzüm bağları vardır ki, onun da 893,9 hektarı bar verən bağlardır.
Natiq bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 saylı “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamının icrası aqrar sektorda sahibkarlığın inkişafına müsbət təsir göstərmişdir. 2009-ci ildə 11845 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına becərdikləri 35.349,17 hektar əkin sahələrinə görə 1.413.966,80 manat vəsaitin verilməsi təmin edilmişdir.
Aqrar sahənin kənd təsərrüfatı texnikalarına olan tələbatının ödənilməsi məqsədi ilə 16 iyun 2006-cı il tarixdə “Aqrolizinq” ASC-nin Salyan filialı yaradılmışdır. “Aqrolizinq” ASC-nin Salyan filialının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə rayonun Dayıkənd kəndində dəyəri 1 milyon manatdan çox olan inzibati bina, gübrə anbarları, kənd təsərrüfatı texnikaları saxlanılan talvar və təmir emalatxanası tikilib filialın istifadəsinə verilmişdir. 2009-ci ildə “Aqrolizinq” ASC-nin Salyan filialı tərəfindən rayon ərazisində 10.612 hektar sahədə şum aparılmış, 12.900 hektardan çox taxıl zəmiləri biçilmiş, ümumilikdə 375 min manatlıqdan çox kənd təsərrüfatı işləri görülmüşdür.
Salyan şəhərinin və kəndlərin qaz təchizatının bərpası və yaxşılaşdırılması məqsədilə “Astara-Qazıməmməd” magistral qaz kəmərindən Salyan şəhərinə 33803 metr uzunluğunda yeni polietilen borularla yeraltı daşıyıcı qaz kəməri çəkilərək 2009-cu ilin fevral ayında istismara verilmişdir.
2009-cu il ərzində 580 metr uzunluğunda qaz kəməri cari təmir olunaraq yararsız hissələri yenisi ilə əvəz olunmuşdur. Rayon üzrə 46 ədəd qaz tənzimləyici və 24 ədəd siyirtmə təmir olunaraq yararlı hala salınmış, 419 mənzilin qaz təchizatı bərpa olunmuş, təbii qazla təmin olunan 419 mənzilə qaz sayğacı quraşdırılaraq rayon üzrə ümumi say 11729 ədədə çatdırılmışdır. Şəhər mərkəzində 1512 metr uzunluğunda qaz kəməri çəkilmişdir. O cümlədən şəhərin Ə.Qasımzadə küçəsində 646 metr, T.Davudzadə küçəsində 441 metr, M.Ə.Rəsulzadə küçəsində 218 metr, H.Z.Tağıyev küçəsində isə 207 metr uzunluğunda 100 millimetr diametrli yeni orta təzyiqli qaz kəməri çəkilmişdir. “Qırxçıraq-Salyan” daşıyıcı qaz kəmərinin 289 metri 530 millimetrlik yeni kəmərlə dəyişdirilmişdir.
Əhalinin su təchizatının yaxşılaşdırılması üçün 31 ədəd nasos, 80 metr daxili su xətti təmir edilmiş, 18 ədəd su anbarı, drenaj xətti üzərində 80 quyu, Plastmas yaşayış massivində 10 ədəd kanalizasiya quyusu təmizlənmiş, 30 ədəd məhəllədaxili su siyirtməsi, kommunal binalarda 60 ədəd müxtəlif markalı elektrik mühərrikləri təmir edilmişdir.
Rayonun elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədilə gücü 220 meqavat olan “Salyan” yarımstansiyasının tikintisi başa çatdırılmışdır. Şəhərin “SİB” kabelə keçməsi ilə əlaqədar 343 ağac, 266 dəmir-beton dirək yenisi ilə əvəz edilmişdir. C.Cabbarlı küçəsində 10/0.4 kv-luq 630 kVA, N.Nərimanov küçəsində 10/0.4-kv-luq 160 kVA gücündə yeni yarımstansiyalar tikilmişdir. 41.1 kilometr hava xətti təmir edilmiş, 62 ədəd izolyator dəyişdirilmiş, 10 kv-luq elektrik veriliş xətlərində 8 kilometr uzunluğunda naqillər dartılmış, 85 ədəd əyilmiş dayaq dəyişdirilmişdir.
Salyan şəhərində mövcud qazanxanaların modernləşdirilməsi, yenilərinin quraşdırılması, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası sahəsində müəyyən işlər görülmüşdür. 2009-cu ildə 2 ədəd modul tipli müasir tələblərə cavab verən istilik qazanxanası quraşdırılmış, 1, 2, 14 və 15 saylı istilik qazanxanalarında qış mövsümünə hazırlıq işləri aparılmışdır.
Rayon üzrə təhsilin inkişafı istiqamətində müəyyən işlərin görüldüyünü bildirən natiq qeyd etdi ki, 2009-cu ildə 200 şagird yerlik Yeni Uluxanlı kənd orta məktəbi tikilib istifadəyə verilmiş, 68 birinci sinif otağı təmir edilmiş, Qarabağlı -1 kənd orta və Xurşud kənd əsas məktəblərinin tikintisi üçün layihə smeta sənədləri hazırlanmışdır. Şəhər 4 saylı orta və 5 saylı əsas məktəbdə 70 min manatlıq təmir işləri aparılmışdır. Yeni Uluxanlı kənd orta məktəbinin açılışında təhsil naziri Misir Mərdanov iştirak etmişdir.
“Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşməsi Proqramı (2007-2010-cu illər)”na uyğun olaraq “Salyan OİL” LTD şirkətinin maliyyə dəstəyilə Qaraçala qəsəbəsində 35 yerlik uşaq bağçası tikilmiş, şəhər 9 saylı uşaq bağçası təmir edilmişdir. Hazırda Heydər Əliyev Fondunun dəstəyilə Uşaqların Texniki Yaradıcılıq Mərkəzi üçün 2 mərtəbəli yeni bina inşa edilir.
Yeni tikilmiş məktəb və bağçalar inventar və avadanlıqla təchiz olunmuş, 8 məktəb internet şəbəkəsinə qoşulmuşdur.
Məzunlardan 320 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşdur. Onlardan 6 nəfəri 600-dən, 37 nəfəri 500-dən yuxarı bal toplamışdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə Salyan kənd rayonları arasında birinci yerdədir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə iki müəllim “Əməkdar müəllim” adına, iki müəllim isə “Tərəqqi” medalına layiq görülmüşdür. 2 məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi”, bir müəllim “İlin ən yaxşı müəllimi” respublika müsabiqəsinin qalibi olmuş, bir müəllim isə “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif edilmişdir.
2009-cu ildə Gigiyena və Epidemiologiya Mərkəzində bakterioloji laboratoriya əsaslı təmir olunmuş və avadanlıqla təchiz edilmişdir. Mərkəzi Rayon Xəstəxanası tibbi avadanlıq, kənd səhiyyə müəssisələri inventarla təmin edilmişdir. Mərkəzi Rayon Xəstəxanasında, doğum evində 89182 manatlıq əsaslı, 4994 manatlıq cari təmir işləri aparılmışdır.
Respublika Səhiyyə Nazirliyi tərəfindən Mərkəzi Rayon Xəstəxanasına 1 ədəd rəqəmsal USM aparatı, 1200 qutu qlyukometr stripi verilmişdir.
Mərkəzi Rayon Kitabxanasında elektron kitabxana sistemi qurulmuş, gənclər kitabxanası yeni bina ilə təmin edilmişdir. Hazırda Heydər Əliyev Fondu tərəfindən uşaq kitabxanası üçün yeni bina inşa olunur, rayon mədəniyyət evi təmir edilir. Heydər Əliyev muzeyinin ekspozisiyalarının bədii tərtibatının yenidən qurulmasına başlanılmışdır.
Ötən il həmçinin 200 yerlik Gənclər evi istifadəyə verilmiş, Salyan Olimpiya Kompleksində süni örtüklü yeni meydança salınmışdır. Salyanın “Muğan” futbol komandası Azərbaycan premyer liqasında çıxış edir. 2009-cu ilin aprel ayında rayon üzrə bələdiyyələrin sayınin 45-dən 20-yə endirilməsi barədə qərar qəbul edilmiş, dekabrın 23-də 2 seçki dairəsi üzrə 20 bələdiyyədə seçkilər tam demokratik şəraitdə keçirilmişdir.
Əliağa Hüseynov hesabat məruzəsini belə tamamladı: – İcazə verin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi əmin edim ki, ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun uğurla həyata keçirilməsi və sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi sahəsində qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsində rayonumuzun ictimaiyyəti fəal iştirak edəcəkdir.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 14 fevral.- S. 6.