Türk dünyasının böyük söz ustadı

 

Azərbaycanda sözün əsl mənasında kitab oxuyan hər bir kəs tam ciddiyyəti ilə B.Vahabzadəni şəxsən tanıdığını iddia etsə, bu təəccüb doğurmaz. Çünki onu oxuyan hər bir adama elə gəlir ki, o, hər gün B.Vahabzadə ilə görüşür, onunla danışıb dərdləşir. Hər bir oxucu onu öz yanında, öz ailəsində, öz evində görür və onu özünə doğma sanır. B.Vahabzadə gerçəkliyinə bu cür yanaşsaq deyə bilərəm ki, hər birimiz kimi mən də onu lap uşaq yaşlarımdan tanımışam. Üzbəüz görmədən, səsini eşitmədən necə onu tanıya bilmişdik və necə onu sevmişdik? O zamanlar bu sual məni heç vaxt düşündürməmişdi. Çox illər sonra B.Vahabzadə ilə şəxsən tanış olmaq mənə nəsib olanda bu sualın özü də, cavabı da bir an içərisində mənə aydın oldu. Mən onu tanıyan andan onun eynilə öz şerlərindəki kimi olduğunu gördüm. Şeirləri nə qədər səmimi, nə qədər kədərli və nə qədər mübariz idisə, özü də o qədər istiqanlı, o qədər hüznlü və o qədər cəsarətli idi. O, çox sadə bir insan idi. Lakin bu sadə vücudda adiliyə sığmayan bir söz dühası və əlçatmaz bir fikir dünyası yaşayırdı. Başa düşdüm ki, görənlər və görməyənlər hamı onu tanıyırmış. Çünki bütün əlçatmazlığına baxmayaraq o, sadəcə bu xalqın oğlu və bu millətin şairi idi.

 

Ta qədim dövrlərdən başlamış müdriklər insanları bir yerə yığaraq dünyanın yaranışını, onun mahiyyətini, bəşəriyətin təyinatını, şüur, əxlaq və ləyaqət anlayışlarını onlara sadə bir dildə, xalqın başa düşə biləcəyi qədər sadə bir dildə anlatmağa çalışmışdılar. Lakin buna çox az nail ola bilmişdilər.

Bu cəhdlər yüz illər və min illər boyunca edilmişdi, lakin dünyanın fəlsəfi fikir tarixində barmaqla sayıla biləcək qədər az mütəfəkkirlərin adı qaldı.

B.Vahabzadə isə ən adi bir məişət mövzusunu, ən sadə bir təbiət təsvirini dahiyanə bir şəkildə ən yüksək idrak səviyyəsində təhlil edərək, ona fəlsəfi, etik və hətta siyasi məna verə bildi. Eyni zamanda anlaşılması o qədər də asan olmayan ən mürəkkəb fəlsəfi məfhumları asanlıqla insanların beyninə və qəlbinə yaza bildi. Bunu fəlsəfə elminin ən böyük ustadı edə bilərdi. Bunu öz elmi və qeyri-adi zəkası ilə bütöv kainatı qavrayan, yaşadığı dünyanı sanki öz əlləri ilə qurubmuş kimi içindən hiss edən bir mütəfəkkir edə bilərdi. Ümumbəşəri dəyərləri nəinki ən sadə bir dildə, həm də insanlar üçün doğma olan poetik bir üslubda təqdim etməklə milyonların zehninə və dərrakəsinə çatdırmaq xoşbəxtliyi yalnız B.Vahabzadəyə nəsib oldu.

Bir çağırışla milyonlarla insanı azadlıq sədaları altında bir meydana yığmaq üçün hələ ondan 30 il öncə bu azadlığın həsrəti ilə yanmaq və öz sözünün qüdrəti ilə azadlığın nə olduğunu hələ də tam təsəvvür etməyən bir xalqa bu azadlığın dadını tanıtmağı məhz Bəxtiyar Vahabzadə bacara bilərdi. “Ana dili” söz birləşməsi yalnız Bəxtiyar Vahabzadənin deyimində və tələffüzündə insanlara öz dilini ana kimi sevməyi, vətən sevgisi ilə ana sevgisini eyniləşdirməyi təlqin edə bilərdi.

Bəxtiyar Vahabzadə şairlik etmək xatirinə şeir yazmadı.Yaradıcılığına sevərək bələd olan bir oxucu kimi deyə bilərəm ki, hər sətri dərin fəlsəfi yük daşıyan bu əsərlərdə şəxsi məna kəsb edən, yalnız B Vahbzadəyə aid olan heç nə tapmaq mümkün deyil. Onun əsərlərində bütün xalqın, bütün millətin dərd-səri, kədəri və sevinci var. B.Vahabzadə sadəcə ədəbiyyat yaratmadı. O, öz ədəbiyyatı ilə xalqımızın gerçək tarixini yaratdı. Bu tarixin kədərini ürək ağrisi ilə dilə gətirdi, şərəfini isə böyük qürur hissi ilə vəsf elədi. Tariximizin milli özünüdərk səhifəsini yenidən yazdı.

Bəxtiyar Vahabzadə dünyəvi, ümumbəşəri dəyərləri ortaya qoydu, öz millətinin bu dəyərlər əsasında yaşamağa haqqı olduğunu, lakin buna müəssər ola bilmədiyini açıq söylədi. Ömrünün sonuna qədər millətin dərdlərini öz çiyinlərində daşıdı, beynində çözdü, ürəyində yaşatdı. Adı Bəxtiyar olsa da, özü bəxtiyarlığı yalnız bircə dəfə Azərbaycan öz istiqlalına qovuşanda yaşadı. Amma bu B.Vahabzadə üçün kifayət deyildi. O, yenə də sayı 100 milyondan çox olan böyük türk millətinin ağrı-acılarını ürəyində yaşada-yaşada öz ürəyini üzdü və əbədiyyətə qovuşdu.

Bəxtiyar Vahabzadə türk millətinin tarixində ədəbi, ictimai, siyasi və mənəvi bir hadisədir. O, bir vətəndaşın deyil, bütöv bir xalqın missiyasını, öz üzərinə götürdü. O, bütöv bir xalqa onun gələcəyini, nəyin uğrunda və necə mübarizə aparmağın yollarını öyrətdi. Xeyiri şərdən, ağı qaradan, dostu düşməndən seçə bilməyi öyrətdi. O, böyük bir millətin müəllimi oldu. Müəllimlər isə ənənələrimizə görə hər birimiz üçün valideynlərimiz qədər müqəddəs sayılırlar.

Bu gün bu müqəddəs adın ətrafında bəxtiyarsevərlər yığışıb. İllər keçəcək nəsillər bir-birini əvəzləyəcək, bu müqəddəs adın işığında yüzlərlə bəxtiyarşünaslar yetişəcək və yüz illər boyunca B.Vahabzadə fenomeni araşdırılacaq və çox şeylər öyrənəcəklər.

B.Vahabzadə şəxsiyyəti Azərbaycanın bəxtiyarlığına gedən yolunda əbədi ulduz kimi daim parlayacaq və türk dünyası durduqca bu ulduz heç vaxt sönməyəcək.

 

 

Cavanşir FEYZİYEV,

fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2010.- 14 fevral.- S. 6.