Yasamal rayonu üçün dinamik inkişaf ili
Rayon İcra Hakimiyyətində keçirilən
yığıncaqda ötən ilin sosial-iqtisadi
inkişafının yekunları və qarşıda duran vəzifələr
müzakirə olunmuşdur. Yığıncaqda geniş məruzə
ilə çıxış edən rayon icra hakimiyyətinin
başçısı İbrahim Mehdiyev 2009-cu ilin
respublikamız üçün kifayət qədər
uğurlu və nailiyyətlərlə zəngin olduğunu
diqqətə çatdırdı. Ümumi daxili məhsulu 9,3
faiz artan Azərbaycan ötən ili ən sürətlə
inkişaf edən ölkələr sırasında başa
vurmuşdur. Qazanılan bu böyük qələbə son illər
ərzində möhtərəm Prezidentimizin
düşünülmüş siyasəti və
iqtisadiyyatımızın inkişafı istiqamətində
atılan praktiki addımlar nəticəsində mümkün
olmuşdur.
İ. Mehdiyev qeyd etdi ki, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 14 mart 2009-cu il tarixli fərmanı
ilə təsdiq etdiyi “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın qarşıya
qoyduğu vəzifələrin icrası istiqamətində
ölkəmizin iqtisadiyyatında müşahidə olunan
davamlı inkişaf tempi Bakının mərkəzi
rayonlarından olan Yasamalda da qeydə alınmışdır.
Ötən ilin yekunları Yasamal rayonu üçün qənaətbəxş
hesab edilmişdir. Belə ki, hesabat dövründə rayonda
75749,3 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Əhaliyə
göstərilən pullu xidmət 447857,5 min manat və ya 121,9
faiz təşkil etmişdir. Rayon üzrə orta aylıq əmək
haqqı 366,6 manat və ya əvvəlki illə müqayisədə
118,5 faiz olmuşdur. Əsas kapitala yönəldilən
investisiyaların həcmi 438503,6 min manat, bundan
tikinti-quraşdırma işlərinə 329186,8 min manat,
öz gücləri ilə yerinə yetirilən podrat işlərin
həcmi 315323 min manat, nəqliyyat sektorunda xidmətlərin həcmi
1741180,4 min manat, rabitə xidmətlərinin həcmi isə
192692,5 min manat təşkil etmişdir.
Yeni iş yerlərinin
açılmasının daim diqqət mərkəzində
saxlanıldığını vurğulayan İ. Mehdiyev
bildirdi ki, hesabat dövründə 2199 yeni iş yeri
açılmışdır. Bunlardan 157-si mövcud müəssisələrdə,
194-ü yeni yaradılmış müəssisələrdə,
1848-i isə fiziki şəxs olmuşdur. Ümumilikdə son 6
ildə rayonda 18 min 701 yeni iş yeri
açılmışdır. Başçı qeyd etdi ki,
rayonda abadlıq və yaşıllaşdırma işləri
zəruri məsələ kimi daim diqqət mərkəzində
saxlanılır. Rayon sakinlərinin sosial-məişət
problemlərinin həlli, onların asudə vaxtlarının və
mənalı istirahətlərinin təşkili ilə əlaqədar
bir sıra əhəmiyyətli tədbirlər həyata
keçirilmişdir. Bu məqsədlə park və bağlar
yenidən qurulmuş, 18 yaşayış binasının həyətində
müasir standartlara cavab verən süni ot örtüklü
mini futbol meydançası tikilib sakinlərin istifadəsinə
verilmişdir.
Rayonun
görünüşünə mənfi təsir edən
qanunsuz tikililərin sökülməsi, onların yerində əhali
üçün vacib olan obyektlərin tikilməsi qərara
alınmışdır. Bu məqsədlə ötən
dövr ərzində 84 ədəd müxtəlif təyinatlı
qanunsuz tikili sökülmüş, 30-dan çox ünvanda və
rayon ərazisində yerləşən metro
stansiyalarının çıxışlarında qanunsuz
küçə ticarəti ləğv edilmişdir. Əvəzində
rayon əhalisinə bazar qiymətindən ucuz kənd təsərrüfatı
məhsullarının satışı təşkil
olunmuşdur.
Vətəndaşların
müraciətlərinə baxılması, onların qəbul
edilməsi, qarşılaşdıqları problemlərin
aradan qaldırılması prioritet məsələlərdən
biri olmuşdur. Möhtərəm Prezidentimizin bu sahədəki
tələblərini və tövsiyələrini əldə
rəhbər tutan rayon icra hakimiyyətində hər bir sakinin
müraciətinə diqqətlə yanaşılmış və
problemlərin aradan qaldırılması üçün
konkret tədbirlər görülmüşdür. Əhalinin
müraciətlərinə daha həssaslıqla yanaşmaq
üçün Prezident Administrasiyasının tövsiyəsinə
uyğun olaraq əvvəlcədən hazırlanmış
xüsusi qrafik əsasında rayonun ayrı-ayrı mənzil
istismar sahələri üzrə yaşayış məhəllələrində
vətəndaşların səyyar qəbulları
keçirilmişdir. 2009-cu il ərzində 35 səyyar qəbul
keçirilmişdir. Qəbullarda 4700 nəfər iştirak
etmiş və onları narahat edən 299-dan çox sosial məişət
problemləri qaldırılmışdır. Vətəndaşlar
tərəfindən edilən müraciətlərin əksəriyyəti
yaşayış binalarının ümumi giriş sahələrinin
və dam örtüklərinin təmiri, yolların, səkilərin,
həyətlərin asfaltlanması və
abadlaşdırılması, kommunal xidmət sahələri,
mənzil məsələləri, vətəndaşların hüquqlarının
müdafiəsi, ictimai asayişin qorunması, narkotik vasitələrin
yayılmasına və narkomanlığa qarşı
mübarizə tədbirlərinin görülməsi barədə
olmuşdur. Əhalini narahat edən bu problemlərin aradan
qaldırılması istiqamətində operativ tədbirlər
həyata keçirilmiş, rayonun daxili imkanları hesabına
həmin məsələlər müsbət həll
edilmişdir.
Sakinlərlə aparılan
söhbətlər, onların qarşılaşdıqları
problemlərin operativ həlli əhalinin rayonun ictimai-siyasi həyatında
fəallığını xeyli artırmışdır.
İ. Mehdiyev yığıncaq
iştirakçılarının diqqətinə
çatdırdı ki, ötən il keçirilən
ümumxalq səsverməsində (referendumda) və bələdiyyə
seçkilərində bu, özünü daha açıq
şəkildə büruzə verdi. Qeyd olundu ki, 2009-cu il mart
ayının 18-də “Azərbaycan Respublikasının
Konstitusyasına bəzi əlavələr və dəyişikliklər
edilməsi haqqında ümumxalq səsverməsi (referendum),
aprel ayının 13-dən 22-dək əhalinin siyahıya
alınması və 23 dekabrda bələdiyyələrə
seçkilərin keçirilməsi hesabat dövrünün ən
mühüm ictimai-siyasi hadisələrindən olmuşdur. Əhali
bu əlamətdar tədbirlərdə böyük fəallıq
göstərmiş və qarşıya qoyulan vəzifələrin
layiqincə həyata keçirilməsinə nail olunmuşdur.
Natiq dedi ki, 2010-cu ilin
“Ekologiya ili” elan edilməsi ilə əlaqədar olaraq Bakı
və Abşeronun ekoloji vəziyyətinin yaxşılaşdırılması
məqsədilə 3 milyon ağacın əkilməsi təşəbbüsünə
qoşulan yasamallılar 10 min ədəddən çox
ağacın əkilməsini qərara almışlar. Verilən
vədin layiqincə yerinə yetirilməsi üçün hər
həftənin şənbə günü ağac əkini ilə
bağlı iməciliklər keçirilir.
Rayon sakinlərinə
verilmiş təbii qazın və elektrik enerjisinin dəyərinin
toplanılmasında müsbət dinamikaya nail olunduğunu diqqətə
çatdıran İ. Mehdiyev bildirdi ki, dövlət
başçısının 29 dekabr 2009-cu il tarixli fərmanı
ilə əhalinin təbii qazdan istifadəsi üçün
1 oktyabr 2009-cu ilə qədər olan borclarının silinməsi
Yasamal rayonunda da böyük rəğbətlə
qarşılandı. Möhtərəm Prezidentimizin insanlara
göstərdiyi bu yüksək diqqət və qayğı
xalqın ona olan inamını daha da artırdı.
Rayon ərazisində Həsən
bəy Zərdabi və Müzəffər Həsənov
küçələrinin kəsişməsində ümumi ərazisi
1500 kvadrat metr olan sahədə “20 Yanvar” şəhidlərinin
xatirəsinə ucaldılmış abidə-kompleksin
açılışında möhtərəm Prezidentimiz cənab
İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın iştirak etmələri
rayon icra hakimiyyətinin gördüyü işə verilən
yüksək qiymətdir.
Çıxış edənlər
ötən ilin yekunlarının rayonun inkişafından xəbər
verdiyini dedilər.
Prezident Administrasiyasının
regional idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin baş məsləhətçisi
Tağı Tağıyev yığıncaqda iştirak
etmiş və rayon sakinlərinə gələcək işlərində
uğurlar arzulamışdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 14 fevral.- S. 5.