Samux: sosial-iqtisadi inkişafın
yeni mərhələsi
Sərlövhəyə
çıxardığımız sözlərə gəlişigözəl
ifadə kimi yanaşmaq, yəqin ki, Samuxun bu gününü
görənlərin heç ağlına belə gəlməz.
Çünki 18 il qabaq elə bu fevral günlərində
yaradılan Samuxdan indi əsər-əlamət qalmayıb. Yöndəmsiz
tikililər, tozlu-torpaqlı küçələr,
işsiz-gücsüz adamlar... Samux haqqında ilkin təəssürat
məhz belə idi.
...Rayon icra hakimiyyətinin
başçısı Vilyam Hacıyevlə söhbətimizdə
də həmin məqamlara toxunuruq. Samuxun bu günü-güzəranı
bir rayon rəhbəri kimi onun özünü çox
sevindirir. Yaxşı bir işə uşaq kimi sevinən
adamdır. Deyir ki, rayonda kimsə iki kərpici üst-üstə
qoyub nəsə bir iş görəndə qürur hissi
keçirirəm. Samuxun adamları çox zəhmətsevərdirlər,
mehribandırlar, dedi-qodu ilə araları yoxdur. Qeyd edək ki,
elə V.Hacıyev də rayonda hörmət-izzət
qazanıb, samuxluların hər bir probleminə daim diqqətlə
yanaşıb, qayğı göstərib. Bax beləcə
qarşılıqlı münasibət, rayonun
hüquq-mühafizə, digər strukturların rəhbərləri
ilə birgə iş öz bəhrəsini verir. Rayondakı
sağlam mühit istənilən işin öhdəsindən
gəlməyə imkan verir.
— Gəlin etiraf edək
ki, respublika səviyyəsində bizə kömək olmasa,
Samuxun bu günkü inkişafından söhbət belə
gedə bilməzdi, — deyə V.Hacıyev ölkə Prezidenti
İlham Əliyevin rayonun uzun illərdən qalan problemlərinin
həllində onlara hərtərəfli qayğı və
diqqət göstərməsindən danışdı: —
Prezidentin rayona gəlməsi, bir sıra obyektlərin
açılışında iştirak etməsi, dəyərli
tövsiyələr verməsi bizi hədsiz ruhlandırıb. Gərək
öz işimizlə bu etimadı doğruldaq.
Rayon icra hakimiyyətinin
başçısı təvazökarlıq edib deməsə
də, diqqətə və qayğıya əməli işlə
cavab verilir. Bu baxımdan 2009-cu il də istisna təşkil etməmişdir.
Rəqəmlərin dili ilə
Respublikamızın
regionlarının sosial-iqtisadi tərəqqisində böyük
rol oynamış “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2004—2008-ci illər)”nın uğurla başa
çatması və bu proqramın davamı olan Azərbaycan
Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 saylı fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının 2009—2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində
həyata keçirilən tədbirlər rayonun tərəqqisinə,
əhalinin sosial-rifah halının yaxşılaşmasına
səbəb olmuşdur.
2009-cu ildə məhsul
buraxılışının həcmi 73,1 milyon manat
olmuşdur. Yəni 2008-ci ilə nisbətən 28,2 faiz,
2003-cü ilə nisbətən 4,2 dəfə
artmışdır. 2009-cu ildə sənaye məhsullarının
həcmi 4,6 milyon manat, yəni 2008-ci ilə nisbətən 3,7
faiz, 2003-cü ilə nisbətən 8,2 dəfə çox
olmuşdur. Kənd təsərrüfatı məhsullarının
həcmi 50,6 milyon manat olmuşdur ki, bu da 2008-ci ilə nisbətən
52,4 faiz, 2003-cü ilə nisbətən 4,1 dəfə
çoxdur. Pərakəndə əmtəə dövriyyəsi
ötən ilə nisbətən 33,7 faiz, əhaliyə
göstərilən pullu xidmətlərin həcmi 36,1 faiz, əhalinin
gəlirləri 59,2 faiz artmışdır. Respublikamızda
olduğu kimi, son altı ildə Samuxun iqtisadiyyatında da
böyük uğurlar əldə olunmuşdur.
Əvvəlki illərdə
olduğu kimi, 2009-cu ildə də rayonda genişmiqyaslı
tikinti-quruculuq və abadlıq işləri
aparılmışdır. Şəhərin giriş hissəsi
müasir üslubda yenidən qurulmuşdur. Həmin ərazidə
ümumi sahəsi bir hektar olan Azərbaycan
Respublikasının Dövlət bayrağı meydanı
inşa edilmişdir. Meydanın mərkəzində 35 metr
hündürlüyündə bayraq dirəyi quraşdırılmış,
gediş-gəliş yollarına üzlük daşları
düzülmüş, ərazidə yaşıllıq
zolaqları salınmış, işıqlanma sistemi
qurulmuş və oturacaqlar
quraşdırılmışdır.
Heydər Əliyev
prospekti boyu sağ və sol tərəflərdə yerləşən
hasarlara 4 min kvadratmetr üzlük çəkilmişdir. Kolayr
prospektində yenidənqurma işləri
aparılmışdır. Belə ki, prospektin hərəkət
hissəsi genişləndirilmiş, 2373 metr uzunluğunda
bardür daşları düzülmüşdür. 275 metr
uzunluğunda su keçid boruları
quraşdırılmış, monolit beton işləri
görülmüş, hasarlarda və yaşayış evlərinin
fasadlarında 2500 kvadratmetrdən çox suvaq işləri
aparılmış və rənglənmişdir. Hərəkət
hissəsinə və səkilərə yeni asfalt
örtüyü salınmışdır.
Hesabat dövründə Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən inşa edilən Ağır Atletika İdman Kompleksinin tikintisi başa çatdırılaraq rayon gənclərinin istifadəsinə verilmişdir. Həmçinin Samux rayon poçtamtının, 57 saylı Yol İstismar İdarəsinin, statistika idarəsinin, 1 saylı polis məntəqəsinin, Qarayeri, Sərkar poçt şöbələrinin inzibati binaları istifadəyə verilmişdir. Rayon maliyyə şöbəsinin inzibati binasının tikintisi başa çatmış və açılışa hazır vəziyyətdədir. Rayon Baytarlıq İdarəsinin tikintisində də son tamamlama işləri başa çatmaq üzrədir. Rayon Polis Şöbəsinin və məhkəmənin inzibati binalarının tikintisi üçün müvafiq yerlər ayrılmışdır.
Sahibkarlığa qayğı
Rayonda sahibkarlığın inkişafı üçün münbit şərait yaradılıb. İcra hakimiyyətinin və digər strukturların rəhbərləri sahibkarlara nəinki hərtərəfli şərait yaradır, həm də onlara konkret köməklik göstərir. Keçən il ümumi məhsul buraxılışının 89 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Maraqlıdır ki, bu göstərici respublika üzrə orta göstəricidən (85,5 faiz) yüksəkdir. 2009-cu ildə 3 yeni istehsal sahəsi yaradılmışdır. Rayon əhalisi tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının ilkin emalı üçün qeyri-dövlət sektorunun potensialından istifadə olunması istiqamətində işlər aparılır.
Rayon rəhbərliyi tərəfindən investorların rayona cəlb olunması üçün onlara əlverişli şəraitin yaradılması, yerli resurslar nəzərə alınmaqla, digər sahələrlə yanaşı, turizmin və sanatoriya-kurort sisteminin inkişaf etdirilməsi üçün mühüm işlər görülür. 2009-cu ildə bu məqsədlə Almaniya və Koreya respublikalarının iş adamları rayonda səfərdə olmuş, Samuxun potensial imkanları haqqında onlara geniş məlumatlar verilmişdir. Yaxın gələcəkdə rayonun Ağasıbəyli kəndi ərazisindəki müalicəvi “İsti su” sanatoriya kompleksinin genişləndirilməsi, Kür sahilində turizm kompleksinin yaradılması gözlənilir.
Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edir. Bu baxımdan rayon ərazisində sənaye müəssisələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahəsinin inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayonda ət, süd emalı müəssisəsi, biyan fabriki, pambıq emalı müəssisəsi, iki günəbaxan tumlarının qablaşdırılması müəssisəsi fəaliyyət göstərir. Lakin bu sahədə yeni istehsal sahələrinin yaradılmasına böyük ehtiyac vardır. Çünki rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artır.
2009-cu ildə rayonda 39,8 min ton taxıl istehsal olunmuşdur ki, bu da 2008-ci ildəkindən (28,3 min ton) 11,5 min ton və ya 40,6 faiz çoxdur. Bununla bərabər hesabat ilində 985 ton qarğıdalı, 11,0 min ton tərəvəz,2,5 min ton kartof, 1,3 min ton üzüm, 14,1 ton meyvə, 3,2 min ton ət, 13,1 min ton süd, 12,2 milyon ədəd yumurta istehsal olunmuşdur ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur.
2009-cu ildə rayonda 1472 yeni iş yeri yaradılmışdır ki, onlardan da 281-i daimi, 391-i müvəqqəti, 800-ü isə mövsümi iş yerləridir. Ümumilikdə, son altı ildə rayonda 12407 yeni iş yeri açılmışdır ki, onlardan da 3027-si daimi iş yerləri olmuşdur. 2010-cu ildə də yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdirilir.
2009-2013-cü illər üçün hazırlanmış tədbirlərin sırasında yeni istehsal sahələrinin, xüsusilə kənd təsərrüfatı məhsullarının ilkin emalı müəssisələrinin yaradılması üstünlük təşkil edir.
Sosial sahəyə diqqət
2009-cu ildə təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı istiqamətində müəyyən işlər görülmüşdür. Dövlət Proqramı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivələrində son altı ildə inşa edilən məktəblər, onların maddi-texniki bazasının və informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması rayonun təhsil sisteminə müsbət təsir göstərmişdir. Son altı ildə rayonda Heydər Əliyev Fondu hesabına 200 şagird yerlik 3, Dövlət Proqramı çərçivəsində 340 şagird yerlik 1, Təhsil Nazirliyi xətti ilə müvafiq olaraq 150, 240 şagird yerlik 2, ümumilikdə 8 yeni məktəb inşa edilmiş, 13 məktəbdə, 1 uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Qeyd etməliyik ki, son 20-25 ildə Samux rayonunun ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üçün yeni bina tikilməmiş, mövcud binalarda əsaslı təmir işləri aparılmamışdı.
2009-cu ildə ümumtəhsil məktəblərini bitirən 101 nəfər şagird ali məktəblərə qəbul olunmuşdur ki, onlardan da 13 nəfəri 500-dən çox, 1 nəfəri isə 600-dən çox bal toplamışdır. Yüksək bal toplayan gənclərlə görüş keçirilmiş, onlara qiymətli hədiyyələr verilmişdir.
Səhiyyə ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşmasına səbəb olmuşdur. Son altı ildə rayon mərkəzi xəstəxanası üçün ikimərtəbəli poliklinika binası inşa edilmiş, tibb korpuslarında təmir, xəstəxananın həyətində abadlıq işləri aparılmışdır. Qarayeri qəsəbə xəstəxanasında, Lək həkim məntəqəsində, Kolayr feldşer-mama məntəqəsində əsaslı təmir işləri aparılmışdır. Mərkəzi rayon xəstəxanasına 8 yeni təcili yardım maşını alınmışdır. Görülmüş işlərlə yanaşı, qeyd etmək lazımdır ki, bu gün rayon əhalisinə günün tələbləri səviyyəsində səhiyyə xidmətinin göstərilməsi üçün rayonda diaqnostika mərkəzinin yaradılmasına, mərkəzi rayon xəstəxanasının, qəsəbə və kəndlərdə yerləşən tibb ocaqlarının əsaslı təmirinə və ehtiyac olan yerlərdə yeni binaların tikilməsinə, onların ixtisaslı həkimlərlə təmin edilməsinə böyük ehtiyac vardır.
Rayon əhalisinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı rayonda komissiya fəaliyyət göstərir. 2009-cu ildə komissiya tərəfindən 731 nəfər ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilmişdir ki, bu da 3464 nəfəri əhatə etmişdir. İl ərzində 82 şəhid ailəsinə, 82 Qarabağ müharibəsi veteranına Azərbaycan Respublikası Prezidentinin müvafiq təqaüdləri, 204 Qarabağ müharibəsi veteranına və onlara bərabər tutulan şəxslərə müavinət təyin olunmuşdur. Təyin edilmiş bütün ödənişlər plastik kartlarla həyata keçirilir. Ümumiyyətlə, rayonda aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsi məqsədilə verilən pensiya və təqaüdlərin əhaliyə vaxtında çatdırılması təmin edilmişdir.
Rayon əhalisinə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidmətlərinin keyfiyyəti və şəbəkəsi əsaslı şəkildə dəyişmişdir. Rayon ərazisində küçə alveri tamamilə aradan qaldırılmışdır. Bu gün əhaliyə son altı ildə inşa edilmiş yüzdən çox ticarət obyekti gigiyena normalarına cavab verən xidmət göstərir.
Hazırda rayonun bütün yaşayış məntəqələrini Samuxun mərkəzi və Gəncə şəhəri ilə birləşdirən nəqliyyat şəbəkəsi fəaliyyət göstərir. Əhalinin təklifi əsasında marşrut şəbəkəsi ildən-ilə genişləndirilir.
2009-cu ildə suvarma suyu, elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatın yaxşılaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən rayonda əsas diqqət yetirilən sahələrdən biri əkin sahələrinin suvarma suyu ilə təminatıdır. Bu sahəyə 460 ədəd subartezian quyusu, 22 ədəd nasos stansiyası, Şəmkir—Maşın kanalı və 8 əsas kanal xidmət edir. İl ərzində 359 ədəd nasos, 60 ədəd elektrik avadanlığı və 38 ədəd quyuda isə güc transformatorları təmir edilmişdir.
Torpaqların suvarılmasını yaxşılaşdırmaq məqsədi ilə kanallarda lildən təmizləmə, sahilbərkitmə, tənzimləmə işləri görülmüş, hidrotexniki qurğu və hidrotexniki postlar təmir edilmişdir. Əlavə olaraq, 30 ədəd hidrotexniki postların tikintisinə başlanmış və bundan 21 ədədi tam hazır vəziyyətdədir. Yenikəd nasos stansiyasında nasos yenisi ilə əvəz edilmişdir.
Rayon əhalisinin elektrik enerjisinə tələbatının ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 2009-cu il ərzində 26 ədəd müxtəlif güclü transformator əsaslı, 44 ədədi isə cari təmir edilərək istismara verilmiş, 10/34 kilovoltluq elektrik verici xətlərdə naqillər texniki istifadə qaydalarına uyğun qaydada salınmış, istismar müddətini keçmiş naqillərin bir hissəsi yeni naqillə əvəz edilmişdir. 2 ədəd 250 kilovoltluq yeni transformator quraşdırılmışdır. Yararsız dayaqlar yenisi ilə əvəz edilmişdir. Təbii fəlakətlə bağlı yaranmış problemlər yerində aradan qaldırılmış, 35/10 kilovoltluq Poylu yarımstansiyasında zədələnmiş güc transformatoru təmir edilmişdirr.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayonun 25 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə olunur. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən dövlət büdcəsindən ayrılmış vəsait hesabına rayonun Sarıqamış, Seyidlər və Qədilli kəndlərinə qaz xətlərinin çəkilişi başa çatdırılmış və həmin kəndlərə təbii qaz verilmişdir. İl ərzində 800-dən çox yeni abonent qazla təmin edilmişdir.
Rayon əhalisinə göstərilən rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. 2009-cu il ərzində əsas telefon abunəçilərinin sayı artırılaraq 426 ədəd təşkil etmişdir ki, bununla da abunəçilərin sayı 7860-a çatdırılmışdır. Nəticədə rayonda hər 100 ailəyə düşən telefonların sayı 67,8 ədəd təşkil etmişdir. Rayonun Çobanabdalı kəndindəki 600 nömrətutumlu ATS 864 nömrətutumlu elektron ATS-lə əvəz olunmuşdur ki, bununla da qovşağın ümumi montaj tutumu 8096 nömrəyə çatdırılmışdır. Beləliklə, rayonda fəaliyyət göstərən ATS-lər tam elektronlaşmışdır. Samux rayonunda yeni informasiya texnologiyasının inkişaf etdirilməsi məqsədlilə 16 porttutumlu ADSL avadanlığı istifadəyə verilmişdir. Bununla da şəhər sakinlərinin yüksək sürətə malik olan geniş zolaqlı ADSL internet xidmətindən faydalanmaq imkanı yaranmışdır.
Bu il də uğurlu olacaq
2010-cu ildə rayonda böyük abadlıq-quruculuq işləri aparılacaq. Bu il Olimpiya İdman Kompleksinin, 10 məktəb binasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binasının, 5 inzibati binanın inşa edilməsi, icra hakimiyyətinin inzibati binasının, hazırda tikintisi davam etdirilən digər inzibati binaların tikintisinin başa çatdırılması, bir neçə məktəbin əsaslı təmir edilməsi, səhiyyə, mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri, yeni istehsal və emal müəssisələrinin tikintisi qarşıda duran ən vacib məsələlərdəndir. Bir sözlə, əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də Samux rayonunun ərazisi böyük tikinti meydançasına çevriləcək və yeni layihələr həyata keçiriləcəkdir.
Samuxda adamların əhval-ruhiyyəsi çox yaxşıdır. Onlar daim diqqət, qayğı hiss edirlər. İstər respublika, istər rayon miqyasında bu münasibət hər gün, hər saat yaxşılaşır, inkişaf edir. Uğur olsun, samuxlular!
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 14 fevral.- S. 5.