Azərbaycan dünya təhlükəsizlik sisteminə öz töhfələrini verir

 

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransındakı çıxışı avropalı ekspertlər tərəfindən yüksək qiymətləndirilir

 

Hazırda qlobal təhlükəsizlikdə enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Tarixən neft hasil edən ölkə kimi Azərbaycan regionumuzda enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Zaman dəyişdikcə dünya xalqlarının leksikonundakı müxtəlif ifadələr də öz məna yükünü, mahiyyətini, məzmununu dəyişdirir. Belə məzmun dəyişikliyinə daha çox məruz qalan ifadələrdən biri də “təhlükəsizlik” sözüdür. Bir neçə əsr əvvəl kralın, çarın, imperatorun özünün və əyalının fiziki sağlamlığının təmin edilməsi üçün reallaşdırılan əməllərə “təhlükəsizlik tədbirləri” deyirdilər. Sonralar “dövlət təhlükəsizliyi”, “milli təhlükəsizlik”, “ərzaq təhlükəsizliyi”, “ekoloji təhlükəsizlik” və başqa ifadələr yarandı və onların hər birinin təmin edilməsi üçün mükəmməl icra mexanizmləri formalaşdırıldı. Ancaq zaman insanları və dövlətləri daha bir mühüm təhlükəsizlik tədbirinə möhtac etdi. Dünya qloballaşdıqca hər bir dövlətin özünün “enerji təhlükəsizliyi” məsələsi ortaya çıxdı və bu təhlükəsizliyin təmin edilməsi daha çox vaxt və məsrəf tələb etdi.

Enerji təhlükəsizliyi məsələsi hamını narahat etsə də bu məsələdən daha çox əndişələnən təbii enerji mənbələri olmayan ölkələrdir. Bu baxımdan Tanrı Azərbaycan xalqının üzünə gülmüşdür. Çünki Azərbaycan təkcə zəngin neft və qaz ehtiyatlarına deyil, həm də geniş miqyaslı bərpa olunan enerji mənbələrinə malik bir ölkədir. Bu imkanlar nəinki respublikamızın enerji problemi ilə üz-üzə qalmasının qarşısını alır, həm də Azərbaycanı Avropanın bir çox ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm ölkəyə çevirir. Prezident İlham Əliyevin fevralın ilk ongünlüyündə Almaniyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlər, apardığı danışıqlar və iştirak etdiyi müzakirələr bir daha sübut etdi ki, Avropa ölkələri sözün həqiqi mənasında Azərbaycanı etibarlı tərəfdaş, sədaqətli partnyor, ən başlıcası isə mühüm enerji mənbəyi kimi yüksək qiymətləndirirlər.

Dövlət başçımızın Almaniyaya işgüzar səfəri çərçivəsində iştirak etdiyi 46-cı Münxen Təhlükəsizlik Konfransı əvvəlcə ifadənin müstəqim mənasına aid olan təhlükəsizlik problemlərini müzakirə etmişdir. Yəni burada son yüz ildə dünya ölkələrinin həll edə bilmədiyi Əfqanıstan problemi, beynəlxalq aləmdə NATO-nun rolu, qlobal məsələlərin həlli yollarının axtarılması və başqa məsələlər müzakirə edilmişdir. Məhz həmin kontekstdən çıxış edən Azərbaycan Prezidenti xalqımızı və dövlətimizi narahat edən bəzi məsələləri də qaldırmışdır. Qeyd edilmişdir ki, Azərbaycan Avropa üçün təkcə enerji ehtiyatları ilə zəngin olan ölkə kimi maraq kəsb etməməlidir. Rəsmi Bakı Avropa dəyərlərinə daim üstünlük verir və bu məkana inteqrasiyanın genişləndirilməsi daimi diqqət mərkəzindədir. Azərbaycan cəmiyyət həyatının bütün sahələrində, xüsusən, iqtisadi, humanitar, mədəni sahələrdə Avropaya özünəməxsus töhfələr verir. Bütün bunlarla yanaşı rəsmi Bakı özünün əsas problemi olan Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün Avropadan qətiyyətli addımlar gözləyir. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransındakı çıxışı güclü arqumentlərə və təkzibolunmaz faktlara əsaslandığına görə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış, konfrans Azərbaycanın mövqeyini tamamilə qəbul etmişdir.

Azərbaycanın mövqeyi nədən ibarətdir? Ölkəmiz 20 ildən artıq erməni işğalı altında qalan torpaqlarını əsarətdən azad etmək, öz ərazi bütövlüyünün bərpasına nail olmaq istəyir. Beynəlxalq hüquqdan azca xəbərdar olan hər kəs bilir ki, bu istək tam təbii və beynəlxalq hüququn təməl prinsiplərinə uyğundur. Üstəlik, Birləşmiş Millətlər Təşkilatı bu problemin məhz ədalət prinsipləri əsasında həllini tələb edən dörd mühüm qətnamə qəbul etmişdir. Ermənistan tərəfin məhəl qoymadığı həmin qətnamələr beynəlxalq hüquq üçün icrası vacib olan mühüm sənədlərdir. Bütün bunlar tarixi faktlar, hamının bildiyi həqiqətlərdir. Azərbaycanın dünya təhlükəsizliyinə verdiyi töhfə isə ondan ibarətdir ki, rəsmi Bakı özünün taleyüklü məsələsi, yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsini məhz sülh və danışıqlar yolu ilə həll etməyə səy göstərir. Təkcə Ermənistanda və ya Minsk qrupuna həmsədrlik edən ölkələrdə deyil, eləcə də bütün dünyada yaxşı bilirlər ki, Azərbaycan artıq 1990-93-cü illərdəki Azərbaycan deyil. Bakı münaqişənin hərb yolu ilə həllinə üstünlük verərsə, bu qərardan regionda marağı olan bütün ölkələr, o cümlədən Almaniya da daxil olmaqla bütün Avropa ölkələri zərər çəkəcəklər. Çünki beynəlxalq aləmə açıq ölkə kimi elan edilmiş Azərbaycanda hər bir Avropa ölkəsinin 100-dən artıq şirkəti və ya müştərək müəssisəsi fəaliyyət göstərir ki, bu da yüz milyonlarla, milyardlarla dollar sərmayə deməkdir.

Ermənistan məhz Azərbaycan iqtisadiyyatına gətirilmiş həmin sərmayələrin səmərəsizliyinə nail olmaq üçün münaqişənin həllini hərbi yol tərəfə sürükləməyə çalışır. Azərbaycanın bu məqamda tutduğu sivil davranış yolu — sadəcə rəsmi Bakının dünya təhlükəsizlik sisteminə verdiyi önəmli töhfədir. Üstəlik, Avropa ekspertlərinin fikrincə, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi yolu üstün tutarsa (bu variant heç zaman gündəlikdən çıxarılmayıb), onda hərbi toqquşmanın Bakı ilə İrəvan arasında başlayıb Azərbaycanla Ermənistan arasında qurtaracağına inanmaq gülünc və absurd bir məntiq olardı. Yəni bu münaqişənin regionda və Avrasiyada hansı əks-sədanı verəcəyini konfliktoloqlar dönə-dönə söyləyiblər. Bəs bütün bu məqamlar hamıya məlum ola-ola Avropanın bir çox siyasətçiləri nə üçün Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli şəkildə həllinə nail olmağa çalışmırlar? Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransındakı müzakirələrdə iştirakı məhz bu sualın Avropaya növbəti dəfə ünvanlanması baxımından zəruri idi və səmərəli oldu.

Dövlət başçımızın Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc” adlı müzakirələrdə iştirakı və söylədiyi fikirlər isə yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın Avropa üçün mühüm enerji mənbəyi olduğunu bir daha sübut etdi. Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı son onilliklər ərzində dünyanın ən əsas təhlükəsizlik siyasəti tədbirinə çevrilmişdir. Hər il dünyanın aparıcı siyasi xadimlərinin iştirak etdiyi bu konfransda intensiv olaraq indiki və gələcək təhlükəsizlik problemləri müzakirə edilir. Rusiya mətbuatı təmsilçisinin zarafatla dediyi kimi bu gün Avropa rəsmilərini gələcək təhlükəsizlik problemlərindən daha çox indiki təhlükəsizlik problemləri narahat edir. Azərbaycan məhz həmin problemlərin həllində Avropanın köməyinə çatır. Prezident İlham Əliyev konfransdakı çıxışında həmin məqamları yada salır: “Biz Azərbaycan neftini Qara və Aralıq dənizlərinə nəql edən üç boru kəməri çəkdik. Ümid edirik ki, hasilatın bugünkü həcmi gələcək onilliklər ərzində də davam edəcəkdir... Enerji şaxələndirilməsi sahəsində görülən işlər bu gün sonrakı inkişaf üçün yaxşı imkanlar yaradır. 2007-ci ildən əvvəl Azərbaycan təbii qaz idxal edirdi. Lakin bizim işlənilməsinə başladığımız böyük qaz yataqlarımız vardır. Hazırda isə Azərbaycan nəinki öz daxili tələbatını təmin edir, o cümlədən qazı müxtəlif istiqamətlərdə ixrac edir. Ölkəmizdə qaz hasilatının həcmi artır. Ümid edirik ki, bu il qaz hasilatının həcmi 30 milyard kubmetrə yaxın olacaqdır. Daxili tələbatın həcmi isə, hasil olunacaq həcmin təxminən üçdə birinə bərabərdir”.

Yeri gəlmişkən, Münxen Təhlükəsizlik Konfransının “Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc” mövzulu müzakirəsində də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları yenidən gündəliyə gəlmişdir. Jurnalistlərdən birinin Azərbaycan Prezidentinə ünvanladığı sual dövlət başçımızın yenidən bu mövzu ilə bağlı öz qəti fikirlərini söyləməsinə səbəb olmuşdur:

Sual: — ...Dağlıq Qarabağ məsələsinin birdəfəlik həlli üçün Sizin strategiyanızı bilmək istərdim...

Cavab: — Münaqişə ölkələrin ərazi bütövlüyü və xalqların özünü idarəetmə prinsipləri əsasında həll olunmalıdır. Bu prinsiplər bir-biri ilə ziddiyyət təşkil etmir. Xalqların özünü idarəetmə prinsipi ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həyata keçirilə bilər. Biz dünyada, xüsusən də Avropada mövcud olan muxtariyyətlərin yaxşı nümunələrini bilirik. Biz bu münaqişəni mümkün qədər tez həll etmək istəyirik... Biz bu münaqişənin dondurulmuş vəziyyətdə qalmasına, həll prosesinin yubadılmasına və yaxud sonu olmayan danışıqlarda iştirakımıza imkan verə bilmərik. Yuxarıda qeyd etdiyimiz kimi, dövlət başçımız yenə də münaqişənin istənilən yolla, eyni zamanda tezliklə həll edilməsinin vacibliyini vurğulayır. Bu isə məsələnin mahiyyətini bir işarədən başa düşən Avropa rəsmiləri üçün kifayət etməlidir. Kifayət etmədikdə isə biz sonu olmayan danışıqlarda daimi iştirak etmək istəməyəcəyik. Çünki bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmaq dünya təhlükəsizlik sisteminə töhfələr verməkdən daha vacibdir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 14 fevral.- S. 1.