Ekoloji mühit maddi nemətlər bolluğunun və sağlamlığın rəhnidir

 

“Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim çörək ağacımız olmaqla bərabər, həm də yaşayışımızın ibtidasını təşkil edir. Məhz buna görə də torpaq bizim üçün doğma, əziz və müqəddəsdir... Doğma ana övladı üçün fəryad etdiyi kimi, torpaq da fəryad edir. Övlad ana üçün, ana övlad üçün şirin olduğu kimi, torpaq da bütün insanlar üçün şirindir. Canlı təbiətə göz açan insanlar həmişə “ana torpaq, ana vətən” deyə ondan bir an belə ayrılmaq istəmirlər. Ana döşündən körpəsinə süd verib onu ərsəyə gətirdiyi kimi, ana torpaq da bütün insan nəslinə, onların xidmətində olan bütün canlılara “süd” verib böyüdür, yaşadır, tükənməz qidalarını onlardan əsirgəmir”.

 

Dünya şöhrətli torpaqşünas, coğrafiyaçı, ekoloq, akademik Həsən Əliyev bu sətirləri yazarkən xatırladırdı ki, insan yaşamaq üçün nə lazımdırsa – havanı, suyu, maddi nemətləri, sənaye üçün xammalı təbiətdən alır. Min illər boyu bu sərvətlərdən kortəbii istifadə olunması nəticəsində ətraf mühit dünya miqyasında qlobal dəyişikliyə məruz qalmışdır. Təbii ki, bu vəziyyət müasir elmi-texniki tərəqqi dövründə daha da kəskinləşmişdir. Yer sərvətlərindən istifadənin durmadan çoxalması, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat sahələrində yeni texnologiyanın tətbiqi və istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi – bu və ya digər amillər ətraf mühitlə bəşəriyyətin qarşılıqlı əlaqəsinin güclənməsinə və insanı əhatə edən mühitə antropogen yükün (təzyiqin) artmasına səbəb olmuşdur. Məhz elə bu kimi səbəblərdən müasir dövrümüzdə ekologiya elmi bütün sənət adamlarının, alim və mütəxəssislərin, müəssisə və dövlət rəhbərlərinin diqqət mərkəzində olmuşdur.

Məlumdur ki, aqroekologiya tətbiqi ekologiyanın mühüm sahələrindən biridir ki, onun da ən ümdə məqsədi mədəni və təbii bitkilərin məhsuldarlığını və keyfiyyətini artırmaqdır. Hələ təbiətşünas alim Həsən bəy Zərdabi yazırdı ki, meşələrin intensiv qırılması iqlimi dəyişdirir və torpaq güclü səth yuyulmalarına məruz qalır, bu zaman çaylarda bulanıqlıq çoxalır. Elə həmin dövrdə H.B.Zərdabi Abşeron yarımadasında şimal küləyinin təsirilə hərəkət edən qumların zərərinin qarşısını almaq üçün küləyə qarşı davamlı olan əncir və narın əkilməsini tövsiyə edirdi.

Heç şübhəsiz ki, ekoloji tarazlığı, onun mürəkkəb və bir-biri ilə sıx bağlı mexanizmlərini, təbiətin insanın təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək mümkün deyildir.

İnsan yarandığı və özünü dərk etdiyi gündən ötən milyon illər boyu torpaqdan istifadəyə ehtiyac duymuş və onun verdiyi nemətlərlə dolanmışdır.

Torpaqların mühafizəsi, onların vəziyyətinə daimi nəzarətin təşkili, bir sözlə torpaq monitorinqinin yaradılması probleminin ekoloji baxımdan mühüm şərt olduğunu böyük uzaqgörənliklə bildiklərindən elm adamları, xüsusən də torpaqşünas alimlər ona qayğı ilə yanaşmaq yollarını öyrənməyə çalışmışlar. Belə ki, hələ keçən əsrin ortalarında torpağa təbiət aləminin canlı, poetik hissəsi, nadir və əsrarəngiz gözəlliklərin “müəllifi”, bioaləmin əbədi yaşadıcısı kimi qiymət verən dünya şöhrətli torpaqşünas, coğrafiyaşünas və ekoloq, akademik H.Əliyev, M.Salayev, V.Volobuyev, C.Hüseynov və başqa bu kimi alimlər işıqlı ömürlərini ana torpağın sirlərini öyrənməyə həsr etmişlər. Həsən Əliyev 1949-1952-ci illərdə Botanika İnstitutuna rəhbərlik etdiyi dövrdə Azərbaycanda ilk dəfə olaraq rus dilində 8 cildlik “Azərbaycan florası” kitabını nəşr etdirdi. Bundan başqa, H.Əliyev Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işləyərkən 1952-1957-ci illərdə meşə torpaqları laboratoriyasını yaratdı və ona rəhbərlik etdi. 1950-60-cı illər ərzində Azərbaycanda 18 min hektar tarlaqoruyucu, 2 min hektar ərazidə eroziya əleyhinə qoruyucu meşə zolaqları salındı. Heç şübhəsiz ki, bütün bunlar aqrar ölkə kimi tanınan Azərbaycan üçün çox az görünsə də, Sovetlər İttifaqının buxovunda saxlanılan ölkəmizdə Həsən Əliyev kimi alimlərimizin qəhrəmanlığı idi.

Bu bir tarixi həqiqətdir ki, ulu öndərimiz Heydər Əliyev 1969-cu ildə ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən Azərbaycan Respublikası Sovetlər birliyində bütün sahələrdə olduğu kimi, ekoloji sahədə də nümunə götürülə biləcək bir məkana çevrilməyə başladı. Ulu öndərimizin kənd təsərrüfatına göstərdiyi qayğı və diqqətin nəticəsində taxıl, tərəvəz istehsalının ixtisaslaşdırılması və təmərküzləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər sayəsində ölkəmizdə analoqu olmayan nəticələr əldə edildi. 1970-ci ildə torpaqdan səmərəli istifadə edilməsi barədə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanında göstərilirdi ki, respublika kənd təsərrüfatı və meşə təsərrüfatı nazirlikləri və yerli təşkilatları tərəfindən işlər layiqincə yerinə yetirilmir. Kolxoz və sovxozların ərazisində olan 150 min hektar meşə tamam sıradan çıxmışdı. O vaxtlar Kür sahili Tuqay meşələri yoxlanılarkən məlum olmuşdur ki, meşə təsərrüfatının ərazisində 2700 hektardan çox meşə sıradan çıxmışdır.

Respublikamızın ərazisində olan meşələri “gübrə zavodu” adlandıran, torpaqların yuyulmasının qarşısını alan, çayların mənbəyini su ilə təmin edən, qar sularını torpağa hopduran, iqlimi tənzimləyən, havanı təmizləyən, zəhmət adamlarının qış aylarında yanacaq üçün odun kimi ehtiyaclarını ödəyən meşələrimizin tədricən sıradan çıxmasını görən akademik Həsən Əliyev “Həyəcan təbili” kitabını yazmaqla respublikamızda ekologiya aləminin qorunması üçün sözün əsl mənasında həyəcan təbili çaldı. Görkəmli alim ətraf mühitin mühafizəsində, insan sağlamlığında, kənd təsərrüfatı bitkilərinin yüksək səmərə verməsində meşə örtüyünün mühüm rol oynadığını bir daha elmi əsaslarla sübut etdi.

Həmin illərdə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtının əksər guşələrində, əsasən, Abşeron yarımadasında sənaye obyektlərinin ətrafında zərərli maddələrdən qorunmaq məqsədilə yaşıl mühafizə zolaqları salınmağa başlandı. Bakıda neftayırma müəssisələri ilə yaşayış massivləri arasında təxminən min hektara yaxın ərazidə müxtəlif növ ağaclar əkildi. Azərbaycanı ürəkdən sevən türk dünyasının böyük oğlu, ulu öndərimizin şəxsi təşəbbüsü, rəhbərliyi və iştirakı ilə Bakının Şıxov buxtasında saldırdığı “Dostluq” parkı yamyaşıl cənnəti xatırlatdı. Həmin parka ulu öndərimiz dünyanın hər bir yerindən ölkəmizə gələn mötəbər qonaqlara xatirə olaraq ağac əkdirdi. O illərdə Sovetlər İttifaqının başçısı L.İ.Brejnevə də həmin “Dostluq” parkında ağac əkdirməsi dünya ölkələrinin görkəmli liderləri tərəfindən təəccüblə qarşılandı. Ulu öndərimiz təbiətin “ağ ciyəri” olan hər bir ağaca bir müqəddəs “yaşıl heykəl” kimi qiymət verdiyindən eroziyaya məruz qalmış, kənd təsərrüfatına yararsız, suvarma işləri mümkün olmayan quru yamaclardan səmərəli istifadə olunmasına xüsusi fikir verməklə Azərbaycanda ekoloji mühitin tarazlığının pozulmamasına çalışırdı.

1970-ci ildə Bakıda adambaşına 6,5 kvadratmetr yaşıl sahə düşürdüsə,1975-ci ildə bu göstərici 17,5 kvadratmetrə çatdırılmışdır. Ulu öndərimizin Azərbaycanda ekoloji mühitin saflaşdırılması və zəhmət adamlarının sağlamlığı qayğısına qalması sayəsində bu rəqəm sonralar Bakıda 22 kvadratmetrə çatdı.

Təəssüf ki, ulu öndərimizin ölkə müstəqilliyinin ilk illərində Azərbaycanda olmaması təkcə Azərbaycan xalqının rifah halının pisləşməsi ilə nəticələnmədi. Eyni zamanda, Azərbaycan təbiətinə vurulan zərbələri - min illik ağacların ocaqlarda qalanmasını, təkcə meşələrimizin deyil, hətta yol kənarındakı “yaşıl heykəl”lərin qırılmasını, bütövlükdə bioaləmə vurulan ağır yaraları görən ulu öndərimizin ürəkağrısı ilə ”Bir ağacın budağı kəsiləndə elə bilirəm ki, qolumu kəsirlər” müdrik kəlamını deməsi indinin özündə belə yaddaşlardan silinməyib.

31 yanvar 1997-ci ili hər bir elm adamı tarixi gün kimi xatırlamamış deyil. Böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev elmin strategiyasının işlənməsi, müstəqil respublikamızın ekoloji problemlərinin həlli ilə bağlı alimlər qarşısında mühüm və təxirəsalınmaz məsələlər qaldırdı. Məhz ondan sonra Həsən Əliyev məktəbinin davamçıları respublikamızda ekologiya fondunun yaranması zərurətini dərk etdilər və tez bir zamanda – 14 fevral 1997-ci ildə akademik H.Əliyev adına İctimai Ekoloji Fond yaradıldı. Bu gün fondun qarşıya qoyduğu ən mühüm məqsədlərdən biri Azərbaycanda ekologiya elmini inkişaf etdirməkdən ibarətdir. İndi H.Əliyev adına İctimai Ekoloji Fond Azərbaycanda ekologiyanın müxtəlif problemləri ilə məşğul olan alimləri, ictimai-ekoloji təşkilatları öz ətrafına cəlb etməklə onların elmi potensialından mövcud problemlərin həlli yollarında istifadə edir.

2003-cü ildə zamanın ağır sınaqlarından çıxmış, işıqlı ideyaları ilə Azərbaycanın müstəqillik tarixinə adı əbədi olaraq qızıl hərflərlə yazılmış Heydər Əliyevin ideyalarını, arzularını, əməllərini, sosial-iqtisadi, siyasi kursunu layiqincə davam etdirmək missiyasını rəsmən üzərinə götürən möhtərəm Prezidentimiz cənab İlham Əliyev hakimiyyətə başladığı elə birinci ildə imzaladığı 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” tarixi fərmanla ölkəmizdə aqrar sahənin inkişafına böyük təkan vermiş oldu.

Bu prinsipial yanaşmanın və ardıcıl siyasətin nəticəsi uğurla başa çatdı. 28 sentyabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ”Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006- 2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın təsdiq edilməsi ilə əlaqədar sərəncam imzaladı. Bu sərəncamla ətraf mühitin qorunması, Azərbaycanın mövcud ekoloji problemlərinin aradan qaldırılması, təbiəti mühafizə şərtlərinin yaxşılaşdırılması və s. aktual məsələlərlə bağlı kompleks tədbirlər planının həyata keçirilməsinə başlandı. Bu mənada əhalini ət, süd və digər ərzaq məhsulları ilə təmin etmək, eləcə də ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə İlham Əliyevin 22 may 2004-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı”na müvafiq olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində təbii yem sahələrinin ekoloji-geobotaniki və torpaq tədqiqatları aparılır.

Həmin tədqiqatların həyata keçirilməsi isə öz növbəsində biomüxtəlifliyin, o cümlədən fitomüxtəlifliyin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, 24 mart 2006-cı ildə cənab İlham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı.

Sərəncamda bu sahədə milli strategiya və fəaliyyət planının əsas istiqamətləri müəyyənləşdirilərək qarşıda duran vəzifələrin həlli və konkret işlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verildi. Beləliklə, təbii sərvətlərimizin mühüm tərkib hissəsi olan bioloji müxtəlifliyin, yəni bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemlərində və ekoloji komplekslərdə, o cümlədən biogesenozlarda mövcud olan canlı orqanizmlərin qorunması üçün tarixi bir addım atıldı.

Heç şübhəsiz ki, ölkədə ərzaq bolluğunun təməlində ekoloji mühitin rolu danılmaz faktdır. Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlətin prioritet sahələrindəndir. Bu məqsədlə ölkəmizdə ərzaq istehsalı sahəsində, xüsusilə aqrar bölmədə bir sıra köklü islahatlar aparılır.

Ölkə Prezidenti İlham Əliyev imzaladığı “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” özünün şəxsi nəzarəti altında uğurla həyata keçirildi. Həmin Dövlət Proqramının davamı olaraq möhtərəm Prezidentimiz 2 may 2008-ci il tarixdə imzaladığı “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı heç şübhəsiz ki, ulu öndərimizin 2001-ci il 2 mart tarixli 640 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nda nəzərdə tutulan işlərin davamıdır.

Ölkəmizdə ərzaq məhsullarının bolluğunu yaratmaq üçün ilk növbədə ölkəmizdə istifadəyə az yararlı və yararsız torpaqların əkin dövriyyəsinə daxil edilməsinin stimullaşdırılmasına, əkin sahələrinin genişləndirilməsinə və hər hektardan məhsuldarlığın yüksəldilməsi nəticəsində məhsul bolluğunun yaradılması üçün istifadə olunmayan əkinə yararlı torpaqların əkin dövriyyəsinə daxil edilməsi işinin təşkili sürətləndirilməlidir. Əkinə yararlı torpaqlarda tikintilərin aparılmasının qarşısının alınması, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə edilməsi, bu sahədə qanunvericiliyin pozulmasına görə məsuliyyətin artırılması lazımdır. Ulu öndərimiz də dəfələrlə demişdir ki, Azərbaycan torpaqla aztəminatlı ölkədir. Torpaq elə bir tarixi təbii cisimdir ki, onun bir santimetrinin əmələ gətirilməsi üçün optimal ekoloji mühitə malik bir neçə yüz il tarixi vaxt lazımdır. Ancaq onu dağıtmaq, torpağı məhv etməkdən ötrü vaxt tələb edilmir.

Bütün bu torpaq amilini nəzərə alan möhtərəm Prezidentimiz cənab İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında 2010-cu ili “Ekologiya ili” elan edərkən demişdir: “Biz torpaqla yaşayırıq, bu havanı uduruq, bu suyu içirik. Azərbaycanda ekoloji tədbirlərin gücləndirilməsi insanların sağlamlığı üçün başlıca şərtdir. Məhz bu məqsədlə indi çaylar boyu təmizləyici qurğular quraşdırılır.

Artıq 200 mindən artıq əhali Dünya Səhiyyə Təşkilatının standartları səviyyəsində içməli su ilə təmin edilir. Bu məqsədlə hər il həm büdcədə, həm də Prezidentin Ehtiyat Fondunda vəsait nəzərdə tutulur. Biz nəinki Kür-Araz, bütün başqa çaylarda bu qurğuları tikməliyik və orada yaşayan insanlar təmiz su içməlidir... Biz neftlə çirklənmiş əraziləri tezliklə təmizləməliyik. Bu proses başlayıb. Bibiheybətdə, deyə bilərəm ki, ən acınacaqlı vəziyyətdə olan sahələrdən biri artıq abadlaşıb, park salınıb. Neftlə çirklənmiş sahələrə baxanda adam dəhşətə gəlirdi, oralar fəlakət mənzərəsi idi”.

2010-cu ili “Ekologiya ili” kimi elan edən ölkə Prezidenti cənab İlham Əliyev artıq bir daha səlahiyyətli şəxslərə tapşırıq verərək demişdir: “...Mən beynəlxalq maliyyə qurumları, xüsusilə Dünya Bankı ilə bu məsələ barədə dəfələrlə müzakirələr aparmışam. Hətta onlardan xahiş etmişəm ki, bir kompleks tədbirlər planı üzərində birlikdə çalışaq, insan sağlamlığı üçün lazım olan tədbirləri tam təfərrüatı ilə təhlil edək və ya xəritəsini yaradaq... Ekoloji tədbirlər, bir daha demək istəyirəm ki, davam etdirilməlidir. Hər yerdə ağaclar əkilməlidir”.

Ölkə Prezidentinin bu sözləri bizə bir daha deməyə əsas verir ki, 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı Dövlət Proqramında xalqımızın ərzaqla təminatını ödəmək üçün 2015-ci ildə dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmaq və proqramda göstərilən 2015-ci ildə 2,8 milyon ton dənli bitkilər istehsal etmək, ət istehsalı 340 min ton, süd və süd məhsulları istehsalı 2,4 milyon ton, sənaye üsulu ilə illik quş əti istehsalı 80 min ton, yumurta istehsalı 1,3 milyard ədəd, ölkədə ikinci çörək kimi qəbul edilən kartof 1,12 milyon ton, tərəvəz və bostan bitkiləri 1,72 milyon ton, meyvə 800 min ton olmalıdır. Yağlı bitkilərin əkin sahələrini 135 min hektara, şəkər çuğundurunun əkin sahələrini 20 min hektara, yem bitkilərinin əkin sahələrini 500 min hektara çatdırmaqla yüksək keyfiyyətli balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq əlaqədar nazirlik və komitələrin qarşısında mühüm bir vəzifə kimi qoyulmuşdur.

Heç şübhəsiz ki, bütün bu göstəriciləri əldə etmək üçün ölkədə ekoloji tarazlığı qorumaq əsas şərtlərdən biri olmalıdır. Məhz elə bu məqsədlə ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”nın icrası ilə bağlı bir sıra layihələr artıq uğurla həyata keçirilir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafında ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə texniki iqtisadi əsaslandırma hazırlanmış, əvvəllər Sədərək və Binə ticarət mərkəzlərinin fəaliyyət göstərdiyi ərazilərin yaşıllaşdırılması, təbii landşaftın bərpası və istirahət parkının salınması sahəsində əsaslı işlər aparılmışdır. Burada 5 hektar sahədə ağacəkmə işlərinin yerinə yetirilməsində, təxminən 5000 ağacın əkilməsində ölkə Prezidenti İlham Əliyevlə birgə Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın iştirakı bir daha onu sübut edirdi ki, ölkə Prezidenti tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan edilməsi çox ciddi və dövlət əhəmiyyətli bir tədbirdir. Prezident İlham Əliyev məhz həmin ağacəkmədə iştirakı zamanı qeyd etdi ki, Azərbaycanda “Ekologiya ili” elan edilibdir. Bu onu göstərir ki, biz ekoloji məsələlərin həllinə çox böyük əhəmiyyət veririk. Uzun illər bundan sonra Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər görüləcəkdir. Gələn il üçün konkret proqram hazırlanıb, maliyyə resursları təşkil edilib, bütün texniki məsələlər həll olunubdur. Biz artıq belə məsələləri geniş kütləvi şəkildə icra etməyə başlamışıq. Bu bizim üçün çox vacibdir. Çünki Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması üçün hələ çox böyük işlər görülməlidir. Həm neftlə çirklənmiş əraziləri təmizləmək, həm də insanları təmiz içməli su ilə təmin etmək lazımdır... Abşeronda birinci mərhələdə 3 milyon ağac əkiləcəkdir. Bundan başqa, ölkəmizin başçısı ağacəkmə işinin kampaniya xarakteri almamasını dəfələrlə qeyd edib bir daha vurğuladı ki, “biz gələcəkdə daha böyük sayda ağac əkməliyik”.

Məlumdur ki, respublikamızda kənd təsərrüfatı sahələrinin ümumi sahəsi 4 531 326 hektar təşkil edir ki, bunun da 565 511 hektarı müxtəlif dərəcədə şoranlaşmaya məruz qalmışdır. Şoranlaşmaya məruz qalmış torpaqların 152 892 hektarı zəif, 146 235 hektar sahə şorlaşmadan ibarətdir. Şoranlaşmaya məruz qalan sahələr ümumi kənd təsərrüfatı sahələrinin 12,5 faizini təşkil edir. Kənd təsərrüfatı sahələrinin 508 270 hektarı şorakətləşməyə məruz qalan torpaqlardır. Bundan 385 937 hektarı zəif, 102 110 hektarı orta, 21 123 hektarı isə şiddətli şorakətləşmiş sahələrdən ibarətdir. Göstərilən rəqəmlər meliorasiya tədbirlərinə ehtiyacı olan torpaqların kənd təsərrüfatı sahələrinin ümumi payında böyük yer tutduğunu göstərir. Ona görə də bu cür torpaqların müəyyən ediləcək sahələrinin dəqiqləşdirilməsi və eləcə də onların sağlamlaşdırılması məqsədilə irimiqyaslı işlər görülməlidir.

Dünyada ekoloji problemlərin artması lokal gərginliklərə, qlobal dəyişikliklərə səbəb ola bilər. İqlim dəyişikliklərinin təbii və süni səbəblərini araşdıran alimlər belə qənaətə gəlirlər ki, günəşin təsiri, qalıq yanacaqlar, istixana qazlarının yanması və atmosferə daxil olması ciddi narahatlıq doğurur. Atmosferin çirklənməsi tərəvəz bitkilərinin becərilməsinə mane olur. Eyni zamanda, yaxın illərdə Xəzər dənizinin səviyyəsinin də bir metr qalxacağı ehtimal edilir.

Məhz elə bu səbəbləri nəzərə alıb Azərbaycan insanlarının və gələcək nəsillərin sağlamlıqları naminə ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyev Azərbaycanın ekoloji durumunun sağlamlaşdırılmasına bir qayda olaraq xüsusi diqqət göstərir. Magistral avtomobil yollarının “mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” və “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamların icrasına ölkə Prezidentinin şəxsən özünün nəzarət etməsi nəticəsində təkcə Ələt–Hacıqabul magistralı ətrafında 172 min ağac və gül kolları əkilmişdir. Bundan əlavə, Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi haqqında təşəbbüs irəli sürülmüşdür.

Artıq ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda ətraf mühitin qorunmasına xüsusi diqqət yetirməsi sayəsində heç kim şübhə etmir ki, ölkəmiz yaxın gələcəkdə yaşıllıqlar diyarına çevrilməklə torpaqlarımızın, onun qədrini bilən insanlarımızın sağlamlığına xidmət edəcəkdir.

Torpaq ehtiyatlarının mühafizə edilməsi, ondan təyinatı üzrə istifadənin təşkili məqsədilə 28 noyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Torpaq ehtiyatlarından istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti” haqqında fərman imzalandı və bununla da ölkədə müfəttişlik institutu və torpaq ehtiyatlarından təyinatı üzrə istifadənin təmin edilməsinin təşkilinin dövlət mexanizmi yaradıldı.

Bunun nəticəsində bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən torpaq sahələrindən səmərəli istifadə edilməsində, onların mühafizəsinin və keyfiyyətinin yaxşılaşdırılmasında, dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və texniki uçotunun aparılmasında, habelə yerquruluşu, axtarış və tədqiqat işlərinin həyata keçirilməsində, torpaq sahəsi üzərində öhdəliklər və məhdudiyyətlərin yerinə yetirilməsində, torpaq qanunvericiliyinin tələblərinə riayət edilməsində ciddi dönüş yarandı.

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda ölkənin iqlim, torpaq şəraiti və üzvi əkinçiliyə əsaslanan yeni meşələrin salınması üzrə perspektiv sahələrin müəyyənləşdirilməsi, meşə quruluşu layihələndirmə işlərinin başa çatdırılması, bir sıra zavodların fəaliyyəti nəticəsində ətraf mühitə dəymiş zərərin təsirinin aradan qaldırılması, torpaq qatının mühafizəsi və bərpası, şoranlaşmaya qarşı tədbirlərin müəyyən edilməsi kimi məsələlər öz əksini tapdı. Belə vəziyyətdə torpaq üzərində baş verən hüquqi, sosial-iqtisadi və ekoloji proseslərin hazırkı mərhələdə kəsb etdiyi aktuallıq bu sahədə olan dəyişikliklərin və onların inkişaf tendensiyalarının elmi əsaslarının formalaşdırılmasını şərtləndirirdi.

Bu zərurətin dərk edilməsindən irəli gələn və əvəzsiz milli sərvəti olan torpaq ehtiyatlarının mövcud sosial-iqtisadi və ekoloji durumunun, hazırkı mərhələdə torpaq istifadəçiliyinin vəziyyətinə dair toplanmış məlumatların elmi cəhətdən təhlil edilməsi çox vacib şərtlərdən biridir.

Ulu öndər Heydər Əliyevin sərəncamı ilə ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarananda Azərbaycanın 4,5 faiz ərazisi mühafizə olunurdu. Bu gün isə həmin faiz Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində 10,1 faizə çatıb. Ölkədə qısa zaman ərzində 8 milli park yaradılıb, 11 dövlət qoruğu, 24 yasaqlıq fəaliyyət göstərir və Qafqazda Şimali Qafqaz qoruğundan sonra ərazisi təxminən 140 min hektar olan Şahdağ Milli Parkı yaradılmaqdadır. Təbii ki, görülən bu işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bundan sonra da uğurla davam etdiriləcəkdir.

Azərbaycanda ekoloji mühitin elmi əsaslarla qorunması məqsədilə bu günlərdə Azərbaycan Respublikasının “Ekoloji Atlas”ı vahid xəritəçilik əsəri kimi AMEA-nın, DTXK-nın, BDU-nun və ATU-nun mütəxəssisləri tərəfindən hazırlanmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində ilk dəfə çap olunmuşdur.

Atlas “Ekoloji sistemlərin kosmosla qarşılıqlı təsiri, Yer-Kosmos-Vahid Ekosistem” başlığı ilə başlayır. Başlanğıcda Yerin kosmosla qarşılıqlı əlaqəsi, Yerdə həyatın təkcə planetar deyil, həm də kosmik bir hadisə olduğu şərh edilir. Atlas respublikada ekoloji vəziyyətin tədqiqatı, dövlətin ekologiya sahəsində səmərəli siyasəti, ekoloji təhsil, geniş kütlənin maariflənməsi, ekoloji mədəniyyətin yüksəlməsi haqqında məlumatları özündə əks etdirir. Ölkəmizdə və bütövlükdə dünyada ekoloji vəziyyətin qiymətləndirilməsində “Ekoloji Atlas”ın rolu əhəmiyyətli dərəcədə böyükdür.

Atlasın çox qiymətli məlumatlarından biri də Azərbaycanın “Qırmızı kitab”ına düşən heyvanlar, ağac və kol bitkiləri haqqında olan illüstrasiyalı məlumatlardır.

Atlasın sonunda tibbi-ekoloji vəziyyətin atlası, Azərbaycan ekologiyasının hüquqi əsasları verilmişdir. Bu sənədlərlə tanışlıq bir daha Azərbaycan dövlətinin ekoloji problemlərin həllinin dövlət qanunları ilə yüksək səviyyədə mühafizəsini sübut edir. Nəticədə ekoloji vəziyyətə ümumi qiymət verilərək, onun istər ekoloji, istərsə də sosial və iqtisadi baxımdan gedişatı və optimallığı üzrə tədqiqatı təyin edilir.

İnanırıq ki, ölkə rəhbəri İlham Əliyevin respublikamızın sosial-iqtisadi həyatında son illər əldə edilmiş uğurlardan biri kimi, maddi nemətlər bolluğuna və sağlamlığa xidmət edən ekoloji məsələlərə göstərilən xüsusi diqqəti Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasına, insanların və gələcək nəsillərin xoşbəxt həyat tərzinə çevriləcəkdir.

 

 

Qərib MƏMMƏDOV,

Dövlət Torpaq və Xəritəçəkmə

Komitəsinin sədri, akademik

 

Xalq qəzeti.- 2010.- 14 fevral.- S. 3.