Nəsimi rayonunda 2009-cu il mühüm uğurlarla yadda qaldı

 

Azərbaycan böyük inkişaf yolu ilə inamla irəliləyir. Bu cəhətdən yola saldığımız 2009-cu ildə də həyatımızın bütün sahələrində yüksək nailiyyətlər əldə edilmiş, ölkəmiz iqtisadi artım sürətinə görə liderlik mövqeyini qoruyub saxlamışdır. Bütün bu uğurlar, görülən irimiqyaslı işlər, qarşıda duran məsələlər barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr edilmiş iclasında ətraflı danışılmışdır.

Bakının Nəsimi rayonunda 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunuları və 2010-cu ildə qarşıda duran məsələlərlə bağlı rayon icra hakimiyyəti başçısı aparatının geniş Şura yığıncağı keçirilmişdir.

Toplantını Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq geniş məruzə ilə çıxış etmişdir. Məruzə ətrafında çıxışlar olmuşdur. Görülən işlər bir daha təhlil olunmuş və qarşıda duran vəzifələrdən söhbət açılmışdır. İclasın sonunda geniş Şura yığıncağının qərarı oxunmuşdur. Burada görülmüş işlərə yekun vurulmuş, əldə edilmiş uğurlar sadalanmış, nöqsanların aradan qaldırılması və problemlərin həlli məqsədilə sahələr üzrə konkret tapşırıqlar verilmiş və vəzifələr müəyyənləşdirilmişdir. Toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkilləri Məlahət İbrahimqızı, Ziyad Səmədzadə, Ülvi Quliyev və Asim Mollazadə iştirak etmişlər.

 

Keçən il ölkəmizin hər yerində olduğu kimi Nəsimi rayonunda da bütün sahələr üzrə nailiyyətlər qazanılmışdır.

2009-cu ildə royonda ümumi məhsul istehsalı əvvəlki illə müqayisədə 2,5 faiz çox olmuşdur. Bu zaman sənaye istehsalının həcmi 152007,2 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 216183,9 min manat olmuşdur. Ötən il rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi keçən ilə nisbətən 81,8 faiz artmışdır. Rayon üzrə pərakəndə əmtəə dövriyyəsi keçən illə müqayisədə 19,9 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 84,4 faiz artmışdır.

Ötən il rayonda 2176 yeni iş yeri açılmışdır.

Bu dövrdə istehlakçıları fasiləsiz və etibarlı enerji ilə təmin etmək məqsədilə 8 ədəd yeni transformator məntəqəsi inşa edilmiş, 7 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 20 ədəd transformator məntəqəsi əsaslı təmir edilərək şəbəkəyə qoşulmuşdur. 15 ədəd transformator məntəqəsində ifrat yüklənmiş transformatorlar böyük transformatorlarla əvəz edilmişdir. Rayon Qaz İstismar sahəsi tərəfindən keçən il istehlakçılara 8536,3 min manatlıq təbii qaz satılmışdır. 2008-ci illə müqayisədə ümumi yığım həcmi 2,3 faiz artmışdır.

Ötən il Nəsimi rayonu ərazisində 195 yaşayış binası, 20 ümumtəhsil məktəbi, 17 uşaq bağçası, 5 səhiyyə müəssisəsi və 28 digər təyinatlı obyektlər istilik enerjisi ilə təmin edilmişdir.

2009-cu ildə Su Kəməri və Qurğularının İstismarı üzrə Nəsimi rayon İstehsalat Zonası tərəfindən rayon ərazisində müxtəlif diametrli 5296 paqonometr su kəməri dəyişdirilmiş, məhəllədaxili su stansiyalarında müxtəlif markalı 25 ədəd nasos təmir edilmişdir. Ümumi tutumu 4500 kvadratmetr olan 6 ədəd məhəllədaxili su anbarı yuyulub zərərsizləşdirilmiş, müxtəlif diametrli 101 ədəd siyritmə və 19 ədəd yanğın hidrant təmir edilmişdir.

Nəsimi Rayon Kanalizasiya Şəbəkəsinin xidmət sahəsi tərəfindən il ərzində müxtəlif diametrli 1130 paqonometr yeni kanalizasiya xətləri çəkilmiş, bütövlükdə 14 ünvanda 312 paqonometr əsaslı təmir işləri aparılmışdır.

Ötən il Nəsimi rayonu ərazisində mərkəzi istilik mənbələri hesabına 195 yaşayış binası, 20 ümumtəhsil məktəbi, 17 uşaq bağçası, 5 səhiyyə müəssisəsi və 28 digər təyinətlı obyekt istilik enerjisi ilə təmin olunmuşdur.

2009-cu ildə rayonda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılmışdır. Ötən il keçmiş Caparidze parkında, Vaqif və Azadlıq prospektlərin küçəsinin kəsişməsindəki və Zorge parklarında abadlıq və əsaslı yenidənqurma işləri başa çatdırılımışdır. Həmin parklarda tamet plitə döşənmiş, bardürlər dəyişdirilmiş, yeni oturacaqlar qoyulmuş, müasir işıqlandırma sistemi ilə təchiz edilmiş, minlərlə ağac, gül və dekorativ kollar əkilmiş, həmin ərazilər tamamilə qazonlaşdırılmışdır. Zorge abidəsi mərmər və qranitlə bərpa olunmuşdur.

R.Behbudov və A.Bakıxanov küçələrinin kəsişməsindəki uzun illər baxımsız qalmış 3,5 hektar ərazidə yenidənqurma və abadlıq işləri aparılaraq yeni park inşa edilmişdir. Burada şəlalə və fəvvarələr kompleksi inşa edilmiş, xaricdən gətirilmiş müxtəlif ağac və dekorativ kollar əkilmiş, rahat oturacaqlar qoyulmuş, pilləkan və keçid meydançaları quraşdırılmışdır.

S.Vurğun və “Muğam” parklarında Bakı Şəhər İcra hakimiyyətinin təşəbbüsü ilə əvvəlki ildən başlanmış yenidənqurma işləri başa çatdırılaraq istifadəyə verilib. 2-ci mikrorayondakı “Heydər parkı”nda təmir-bərpa işləri aparılmış, S.Vurğun, Ü.Hacıbəyov, D.Əliyeva, R.Məmmədov, H.Seyidzadə və digər küçələrdə, Tbilisi, Azadlıq, Bülbül prospektində yeni yaşıllıq zolaqları salınmış, müxtəlif növ ağac və dekorativ kollar əkilmişdir.

Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanalarının həyətində qanunsuz quraşdırılmış yüzlərlə köşk və müxtəlif təyinatlı tikililər sökülmüş, Ədliyyə Nazirliyinin Reyestr Xidmətinin inzibati binasının istifadəyə verilməsi ilə əlaqədar Azadlıq prospekti 72 ünvanında və H.Sarabski küçəsində genişmiqyaslı abadlıq işləri aparılmışdır.

Azadlıq prospekti, S.Əsgərova, D.Əliyeva, 28 May və Puşkin küçələrində 20 min kvadratmetrdən artıq sahəyə plitə döşənmiş, 10 min kvadratmetrə yaxın binaların fasadları rənglənmiş, bəzi binalara üzlük daş və alkapon vurulmuşdur. Bundan əlavə S.Əsgərova küçəsində 3 min kvadratmetrə yaxın sahəyə asfalt vurulmuş, D.Əliyeva küçəsində isə 2 min kvadratmetrdən artıq sahəyə ot örtüyü salınmış, 1000 paqonometrə yaxın bardür daşları dəyişdirilmişdir.

Keçən il 3-cü və 4-cü mikrorayon dairələrində yenidənqurma işləri aparılmış Cavadxan küçəsi 4-cü mikrorayon dairəsindən başlayaraq 6-cı mikrorayon ərazisinədək 2 dəfəyədək genişləndirilmiş, küçə boyu istinad divarı tikilmiş, gülbax daşı ilə üzlənmişdir. Binaların fasadları təmir olunmuş, ağac və dekorativ kollar əkilmişdir.

Metronun 28 may stansiyasının 2-ci çıxışında tikinti işləri başa çatdırılmış, Tbilisi prospektindəki yeraltı keçid istifadəyə verilmişdir. Hər iki tədbirlə bağlı açılış mərasimlərində Prezident cənab İlham Əliyev iştirak etmişdir.

Ötən il yaşıllaşdırma işlərinə xüsusi fikir verilmiş, yaz və payız mövsümlərində şənbə və bazar günləri keçirilmiş, iməciliklər zamanı rayondakı müxtəlif yerlərdə 20 mindən çox ağac və dekorativ kollar əkilmişdir. Ölkə Prezidentinin sərəncamına əsasən 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar hazırda bu istiqamətdə işlər daha da vüsət alır, rayon ərazisində yeni yaşıllıq zolaqları salınır. Bu tədbirlərdə rayonun bütün idarə və təşkilatları, o cümlədən kommersiya strukturları fəal iştirak edirlər.

Bundan əlavə rayonda 13 ünvanda binaların 14270,5 kvadratmetr dam örtükləri əsaslı təmir edilmiş, 28 ünvanda 41380 kvadratmetr binaların fasadları təmir edilmiş, 3 ünvanda 10808 kvadratmetr səkilərə tamet döşənmiş, 7 ünvanda 48160 kvadratmetr asfalt örtüyü vurulmuş, bir sıra küçələrin bardürləri təzələnmiş və yaxud əsaslı təmir edilmişdir. Rayon icra hakimiyyətinin tövsiyəsi ilə bir çox müəssisə, idarə və təşkilatlar fəaliyyət göstərdikləri ərazilərin ətrafında abadlıq və yaşıllaşdırma işləri həyata keçirmişlər.

Nəsimi rayonu ərazisində 40 təhsil müəssisəsi fəaliyyət göstərir. 2009-cu ildə 26 orta məktəb və 3 liseydə təhsil alan 27448 şagirdin təlim-tərbiyəsi ilə 3080 müəllim məşğul olmuşdur. 2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərini 2055 şagird bitirmiş, bunlardan 1912-si nəfəri ali məktəblərə sənəd vermiş və 1047-si qəbul olunmuşdur. Qəbul imtahanlarında 20 abituriyent 600-dən yuxarı, 8-i isə 650-dən yuxarı bal toplamış, 2 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.

Fərəhləndirici haldır ki, 2008-2009-cu tədris ilinin nəticələrinə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 54 və 240 saylı orta məktəblər və Texniki Humanitar Lisey “Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş, 13 müəllim isə “Ən yaxşı müəllim” nominasiyası üzrə müsabiqənin qalibi olmuşlar. 5 oktyabr Müəllim Günü ərəfəsində Respublika Prezidentinin sərəncamı ilə 1 müəllim “Tərəqqi” medalı ilə təltif edilmiş, 1 müəllim isə “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

2009-cu ildə İ.Əbülhəsənov adına 42 saylı məktəb və İ.Əfəndiyev adına Elitar Gimnaziya əsaslı təmir edilmiş, həmin təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilmişdir. Elitar Gimnaziyanın açılış mərasimində möhtərəm Prezidentimiz İlham Əliyev iştirak etmişdir. Hazırda 42 saylı orta məktəbdə 160 yerlik əlavə korpus inşa edilir. Ötən il məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, onların kompyuterləşdirilməsi işləri davam etdirilmiş, vahid məktəbli formasının tətbiqi ilə bağlı işlər başa çatdırılmışdır.

Rayon ərazisində 11 xəstəxana, 2 elmi-tədqiqat institutu, 9 poliklinika, 2 qadın məsləhətxanası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası fəaliyyət göstərir. Hazırda Azərbaycan Tibb Universitetinin 14 mərtəbəli Tədris Terapiya Korpusunda tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının cərrahiyyə korpusunda tikinti işləri davam etdirilir. Keçən il Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu əsaslı təmir edilmişdir. H.Sarabski adına Mədəniyyət Evində, İ.Əbilov, A.Puşkin və M.Əzizbəyov adına uşaq kitabxanalarında cari təmir işləri görülmüşdür.

Hesabat dövründə rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən uşaq poliklinikalarında və körpələr evlərində profilaktik peyvənd işləri aparılmışdır. 2009-cu ildə rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası, kütləvi xəstələnmə və zəhərlənmə halları baş verməmişdir. Antisanitariya şəraitində heyvanların satışının qarşısını almaq məqsədilə mütəmadi tədbirlər görülmüşdür.

2009-cu ildə rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 2375 nəfər qeydə alınmışdır ki, bu da 2008-ci illə müqayisədə 33,9 faiz çoxdur. Ötən il Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3141 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 121 manat təşkil edir. 12 nəfər təqaüdçü sanitariya-kurort putyovkası ilə təmin edilmiş, 4 Qarabağ müharibəsi əlilinə pulsuz minik avtomobili verilmişdir.

Nəsimi rayonu ərazisində 10486 nəfər məcburi köçkün məskunlaşmışdır. Onların məişət problemləri ilə əlaqədar qaldırdıqları məsələlər rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuş və operativ həll edilmişdir.

Cinayətkarlıqla mübarizədə, qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində hüquq-mühafizə orqanlarının işinin keyfiyyəti yaxşılaşmışdır. Ağır və xüsusi ağır cinayətlərin xüsusi çəkisi 14 faizdən 9,9 faizə düşmüş, onların açılma göstəricisi 62,6 faiz təşkil etmişdir.

İl ərzində Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 27 iclası keçirilmiş, həmin iclaslarda sosial-iqtisadi vəziyyət müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Sakinlərin şikayət və təklifləri Şuranın qərarlarında və rayon icra hakimiyyəti başçısının sərəncamlarında nəzərə alınmışdır. 2008-ci illə müqayisədə rayon icra hakimiyyətinə 2009-cu ildə 192 ərizə az daxil olub. Qaldırılan məsələlərdən RİH səlahiyyətləri daxilində olanlar əsasən müsbət həll edilmiş, digərləri isə aidiyyətı üzrə idarə və təşkilatlara göndərilmişdir.

Bununla yanaşı vətəndaşların yazılı və şifahi müraciətləri, onların problemlərinin həlli rayon rəhbərliyinin diqqət mərkəzində olmuşdur. İl ərzində keçirilən qəbullarda 1560 vətəndaşın müraciəti dinlənilmiş və qanunvericiliyə müvafiq olan bütün müraciətlər həllini tapmışdır. 2009-cu il ərzində səyyar qəbullar keçirilmiş, vətəndaşların problemləri yerində öyrənilmiş və onların həlli üçün operativ tədbirlər görülmüşdür.

Rayon İcra Hakimiyyətində daimi fəaliyyətdə olan “Qaynar xətt” yaradılmış və bura daxil olan məlumatlarla bağlı tədbirlər görülməsi sistemi qurulmuşdur.

 

 

Ayaz HƏMİDOĞLU

 

Xalq qəzeti.- 2010.- 14 fevral.- S. 4.