Ötən ilin yekunları

 

Xaçmaz: inkişafın yeni mərhələsi

 

2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci ili artıq arxada qaldı. İl ərzində əldə edilən uğurlar bütövlükdə II Dövlət Proqramının da müvəffəqiyyətlə icrası üçün əla başlanğıc kimi dəyərləndirilə bilər. Bu fikir ötən ilin yekunlarına dair Xaçmaz rayonunda keçirilən hesabat yığıncağında da dönə-dönə səsləndi. Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin hesabat məruzəsində görülən işlərin və qarşıda duran vəzifələrin kifayət qədər əhatəli və işgüzar təhlili verildi.

 

Məruzədə qeyd olunduğu kimi, 2009-cu ildə Xaçmaz rayonunda 1414 yeni iş yeri açılmış, rayon üzrə ümumi məhsul istehsalı 2008-ci illə müqayisədə 7,2 faiz artaraq 273 milyon manata, kənd təsərrüfatı məhsulunun ümumi həcmi 4,6 faiz artaraq 145,2 milyon manata, əsas kapitala yönəldiləndən investisiyalar 23,8 milyon manata, adambaşına düşən pul gəlirləri isə 7 faiz artaraq 1716 manata çatdırılmışdır. Pərakəndə əmtəə dövriyyəsi 19,4 faiz artaraq 177,2 milyon manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 32,1 faiz artaraq 35,1 milyon manata çatdırılmışdır. Rayon üzrə büdcə gəlirləri 7,6 milyon manat, xərclər isə 23,4 milyon manat olmuşdur. İl ərzində 28,6 min kvadratmetr mənzil sahəsi tikilmişdir. 2009-cu il üçün rayon büdcəsi 25 milyon 306 min manat təşkil etmişdir ki, bu da 2005-ci illə müqayisədə 3,6 dəfə çoxdur.

Əhalinin dayanıqlı şəkildə elektrik enerjisi və təbii qazla təchizatı istiqamətində bir sıra işlər görülmüşdür. 4 kəndə təbii qazın verilişi bərpa olunmuş, bununla da qazlaşdırılan kəndlərin sayı 43-ə çatmışdır. Abunəçilərə təbii qazın fasiləsiz verilməsi, yeni xətlərin çəkilişi və mövcud xətlərdə təmir işlərinin aparılması istiqamətində də müəyyən işlər görülmüşdür.

Xaçmaz Poçtamtının 27 şöbəsi tərəfindən əhaliyə il ərzində 25 adda poçt xidməti göstərilmiş, 2 poçt şöbəsi üçün yeni bina tikilmiş, illik plana 135,1 faiz əməl olunmuşdur. Ötən il Xudat şəhərində 1536 nömrə tutumlu, Hacəlibəy kəndində 320, Niyazabadda 128 nömrəlik elektron ATS quraşdırılmışdır. Hesabat ilində 690 abunəçi üçün telefon çəkilmişdir.

Tikinti, abadlıq və quruculuq işlərinin miqyası daha da genişlənmişdir. “Aysberq” pivə istehsalı müəssisəsi və kərpic zavodu kimi iri istehsal müəssisələri işə düşmüşdür. Bundan başqa il ərzində rayon üzrə 80-dək ticarət, ictimai iaşə və digər xidmət obyektləri tikilib istifadəyə verilmişdir. Yığıncaq iştirakçıları həyata keçirilən bu işlərin Ulu Öndərimizin və onun siyasi varisi, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi və inkişafı naminə fədakar əməyinin, regionların inkişafına yönəlmiş uğurlu siyasi xəttin və Xaçmaza göstərilən xüsusi diqqət və qayğının nəticəsi kimi dəyərləndirmişlər.

İcra başçısı problemlərdən və qarşıda duran vəzifələrdən bəhs edərkən aşağıdakı məqamlar üzərində xüsusi olaraq dayandı: — Xaçmaz şəhərinin giriş hissəsində olan vəziyyət bizi çox narahat edir. Hazırda şəhərin giriş qapısının tikintisi başa çatmaq üzrədir. Giriş qapısından Koroğlu meydanına və Qudyalçay körpüsünədək ərazi müasir tələblər səviyyəsində yenidən qurulur. Lakin daş, qum və digər tikinti materiallarının satışı ilə məşğul olan ticarət obyektləri ətrafındakı vəziyyət görülən abadlıq işləri ilə heç cür uzlaşmır. Bu vəziyyətə son qoyulmalıdır. Qərara gəlinmişdir ki, şəhərin giriş hissəsindəki, həmçinin Quba-Xudat yolu kənarındakı tikinti materiallarının satışı ilə məşğul olan bütün obyektlər başqa yerə köçürülsün. Bu məqsədlə artıq xüsusi yer ayrılmış və yaxın vaxtlarda qeyd olunan ticarət obyektlərinin həmin əraziyə köçürülməsi təmin olunacaqdır.

Xaçmaz şəhərinin 12 mindən artıq əhali yaşayan Dəmir yolu massivində də görüləsi işlərimiz çoxdur. Doğrudur, son vaxtlar bu ərazidə qaz və işıq təchizatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər həyata keçirilib. Bir neçə küçəyə asfalt vurulub. Lakin əhalinin haqlı narazılığına səbəb olan bəzi problemlər hələ də qalmaqdadır.

Xudat şəhərində, digər qəsəbə və kəndlərimizdə də görüləcək işlərimiz çoxdur. Bu da onu göstərir ki, biz qarşıdakı dövrdə daha çox və daha yaxşı işləməliyik. Mövcud problemləri həll etmək, planlaşdırılan işləri həyata keçirmək üçün bütün vəzifəli şəxslər, şəhər və kənd icra nümayəndələri, bələdiyyələr, xidmət təşkilatlarının rəhbərləri öz işlərini daha səmərəli qurmalı, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlardan maksimum istifadə etməlidirlər.

Xaçmaz respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Xatırladaq ki, 2009-cu il Xaçmaz fermerləri üçün uğurlu və yaddaqalan il olmuşdur. Rayon üzrə hər hektardan 21,8 sentner olmaqla 65.467 ton taxıl yığılmışdır. Bu da 2008-ci ilin göstəricisinə nisbətən 18.200 ton çoxdur. Rayonun kənd əməkçiləri il ərzində 124.628 ton tərəvəz, 15.217 ton kartof, 1264 ton bostan bitkiləri, 74.333 ton meyvə, 5850 ton üzüm məhsulu istehsal etmişlər. Son 5 ildə 5789 hektar yeni meyvə bağı salınmış, beləliklə də meyvə bağlarının ümumi sahəsi 11.248 hektara çatdırılmışdır.

İl ərzində 7112 ton ət, 36.511 ton süd, 16,6 milyon ədəd yumurta, 210 ton yun istehsal olunmuşdur. İribuynuzlu mal- qaranın sayı 58.305 başa, davarların sayı 107.475 başa çatdırılmışdır. 2010-cu ilin məhsulu üçün 28.873 hektar sahədə payızlıq dənli bitkiləri əkilmişdir.

Uzun illər bir məktəb binası tikilməyən Xaçmazda son 5 ildə 30 yeni məktəb binası tikilmiş, bir neçə məktəb binası əsaslı təmir edilmişdir. Xaçmaz şəhərində daxili imkanlar hesabına inşa edilmiş Şahmat məktəbinin binası artıq istifadəyə tam hazırdır. Nərəcan kəndində 480 şagird yerlik məktəb binası tikilərək istifadəyə verilmişdir. Prezident İlham Əliyevin tapşırığı ilə Xaçmaz şəhər 4 saylı orta məktəb üçün 640 şagird yerlik yeni binanın tikintisi də artıq başa çatmaq üzrədir. Daxili imkanlar hesabına şəhər 1 saylı orta məktəbin fasadına alkapon materialı ilə üzlük çəkilmiş, məktəbin həyəti abadlaşdırılmışdır.

Ötən dövrdə rayonun səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi davam etdirilmiş, bir sıra təmir-tikinti və abadlıq işləri aparılmışdır. Mərkəzi rayon xəstəxanasının 5 mərtəbəli korpusunun həyəti abadlaşdırılmış 3 mərtəbəli korpus əsaslı şəkildə təmir olunaraq Səhiyyə Nazirliyi tərəfindən ən müasir inventar və avadanlıqlarla tam təchiz edilmişdir. İndi də xəstəxananın əsas korpusunun təmiri barədə düşünürük.

Hesabat dövründə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilmişdir. Bu məqsədlə Xaçmaz və Xudat şəhər kitabxanaları, habelə Xudat şəhər mədəniyyət evi əsaslı surətdə təmir edilmişdir. Heydər Əliyev parkında yenidənqurma işləri həyata keçirilmiş, parkın ərazisində musiqili fəvvarə tikilmiş, ərazisi genişləndirilmişdir. Hazırda Heydər Əliyev muzeyində rekonstruksiya işləri davam etdirilir, muzeyin dam örtüyü şəbəkəli gümbəz formasında yenidən qurulur. Bunlardan əlavə Xaçmaz şəhərində N. Nərimanovun büstü yenidən qurulmuş və ətrafı abadlaşdırılmışdır. Xudat şəhərinin girişində xalq qəhrəmanı Babəkin at üstündə abidəsi ucaldılmışdır.

2009-cu ildə rayonda cinayətkarlığa və hüquq qaydalarının pozulmasına qarşı mübarizə və qanunçuluğun möhkəmləndirilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Bu zaman başlıca vəzifə rayonda ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, insan və vətəndaş haqlarının toxunulmazlığının təmin edilməsi olmuşdur.

Ötən il Xaçmaz ilə Ukraynanın Yalta şəhəri arasında qardaşlaşma və qarşılıqlı əməkdaşlıq müqaviləsinin imzalanması ili kimi də yadda qalacaqdır. Yalta şəhərinin başcısı Sergey Braykonun rəhbərliyi ilə nümayəndə heyyəti noyabr ayında Xaçmazda olmuş, yaxın vaxtlarda isə xaçmazlılar Yaltaya səfər edəcəklər. Xatırladaq ki, 15 ildir ki, Xaçmaz və Dərbənd şəhərləri arasında da çox isti qardaşlıq münasibətləri mövcuddur. Vaxtaşırı olaraq nümayəndə heyətləri səfərlər edir, görüşlər keçirilir, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilir. Əminik ki, Yalta ilə münasibətlər də yüksək səviyyədə olacaq və ardıcıl inkişaf edərək genişlənəcəkdir.

2010-cu il Xaçmazın inzibati rayon kimi təşkil olunmasının 80 illik yubileyi ilidir. Xaçmazlılar bu yubileyi yüksək səviyyədə qeyd etmək üçün bütün sahələrdə əzmlə çalışırlar. Biz də əmin olmaq istərdik ki, 2010-cu il də Xaçmazın və xaçmazlıların taleyində həqiqətən əlamətdar və yaddaqalan il olsun.

 

 

Q. CƏFƏROĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 16 fevral.- S. 5.