Masallı: nailiyyətlər ildən-ilə
artır
“Cənub gözəli” Masallıdan təbiət səxavətini
əsirgəməyib. Rayonun yaradan-quran adamları isə buna
qane olmayıb il uzunu şəhərin, kənd və qəsəbələrin
abadlığı qayğısına qalmaqla yurdun
hüsnünə sığal çəkir, sosial-iqtisadi
inkişafı sürətləndirirlər. Ötən
il də bu baxımdan istisna təşkil etməyib. İllik
hesabat yığıncağında bu tərəqqi meyli
xüsusi qeyd edilib, qazanılan uğurlar göstərilib və
qarşıda duran vəzifələr diqqətə
çatdırılıb.
“Azərbaycan Respublikası
Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” ilə əlaqədar
rayonda az iş görülməyib. İcra hakimiyyətinin
başçısı Qəzənfər Ağayevin hesabat məruzəsinin
əsas leytmotivini də elə bu barədə məlumatlar təşkil
edirdi.
İlk növbədə qeyd olunmalıdır ki, əhalinin işlə təmin edilməsində mühüm nailiyyətlər qazanılıb. Son altı ildə rayon üzrə 16105, o cümlədən ötən il 2034 yeni iş yeri açılıb. İl ərzində istehsal və xidmətlərin həcmi 8,9 faiz artıb. Ümumi məhsulun 15,1 faizi sənayenin, 6 faizi tikintinin, 5 faizi nəqliyyatın, 38,8 faizi kənd təsərrüfatının, 21,7 faizi ticarət və xidmətin, 0,8 faizi isə rabitənin payına düşür. Adambaşına düşən ümumi məhsulun həcmi 12 faiz artaraq 1400 manata, hər bir işçiyə hesablanan orta aylıq əməkhaqqı isə əvvəlki ilə nisbətən 191 manata çatıb. Rayonda tikinti işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyon 500 min manat investisiya yönəldilib. İlin əvvəlindən 17 min 138 kvadratmetr sahəsi olan yaşayış evləri istifadəyə verilib. Masallı şəhərinin daxili yollarına 2,9 kilometr asfalt döşənib, küçələr işıqlandırılıb, səkilər qurulub. Kommunal evlərin dam örtüklərində əsaslı təmir aparılıb. Şəhərin mərkəzində Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası və “Bank Respublika” filialının binası tikilərək istifadəyə verilib. Beynəlxalq bankın filialının və DSMF rayon şöbəsinin yeni inzibati binalarında tamamlama işləri görülür. Ələt-Astara və Masallı-Yardımlı avtomobil yolları cari təmir edilib. Boradigah-Tüklə-Məmmədoba yolunun üç kilometri təzələnib. Bir çox yollara asfalt-beton örtük döşənib, piyada yolları salınıb. Ərkivan qəsəbəsində “Şəhidlər” abidə-kompleksi yenidən qurulub, qəsəbə daxilində yola asfalt döşənib. Həsənli-Təkdam-Köçəkli yoluna 4,5 kilometr uzunluğunda qara örtük (bişməmiş asfalt) salınıb. Qarğalıq ərazisi ilə Şəhriyar kəndi arasında isə 3 kilometrlik torpaq yola qum və çınqıl yayılıb.
Rayon mərkəzində və əhalinin sıx yaşadığı ərazilərdə “Kapitalbank”a məxsus 7 bankomat quraşdırılıb və bununla da rayonda bankomatların sayı 13-ə çatdırılıb. Bu, əhalinin əməkhaqqı, pensiya və müavinətləri kart vasitəsi ilə rahat almasını təmin edib.
Əhalinin Sosial Müdafiəsi Mərkəzində 3776 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyinatı aparılmaqla hər ay 402 min 661 manat vəsait ödənilib. İl ərzində 5830 sosial müavinət və təqaüd alana 244 min 101 manat həcmində vəsait verilib.
Rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan işsizlərin sayı 6,5 faiz azalıb, mərkəzə müraciət edən 442 vətəndaşın 405-i işlə təmin olunub ki, onların da 137-i qadınlardır.
Məruzəçi sonra dedi ki, coğrafi mövqeyinə görə Masallıda turizmin inkişafı üçün münbit şərait var. Bundan səmərəli istifadə edən iş adamları İstisu zonası və digər mənzərəli yerlərdə müxtəlif turizm obyektləri açaraq qonaqlara xidmət göstərirlər. Gələcəkdə Xəzərsahili ərazidə turizmin inkişafı üçün müəyyən işlər aparılır. Əhalinin sosial problemlərindən biri olan nəqliyyat problemi demək olar ki, öz həllini tapmışdır. Ucqar məntəqələrə marşrutlar açılıb ki, bu da kənd əhalisinin rayon mərkəzinə gediş-gəlişini xeyli asanlaşdırıb.
“Kənd təsərrüfatı
istehsalçılarına dövlət dəstəyi
haqqında” sərəncama uyğun olaraq aqrar sahədə
istifadə edilən yanacaq, motor yağı və mineral
gübrələrin orta hesabla 50 faizinin dövlət tərəfindən
ödənilməsi rayonda razılıqla qarşılanıb
və inkişafa müsbət təsir göstərib. Masallıda 14 min 528 nəfər
fermer və fiziki şəxsə 848 min manat yardım verilib.
2009-cu ildə 26 min 848 ton taxıl, 27 min 489 ton kartof, 72 min 270
ton tərəvəz, 7 min 921 ton bostan məhsulları istehsal
olunub. Mal-qaranın baş sayı və heyvandarlıq məhsulları
istehsalı da artıb. Iribuynuzlu mal-qaranın sayı 67 min 757
başa, xırdabuynuzluların sayı 74 min 617 başa
çatıb. Bu dövrdə diri çəkidə 4 min 549
ton ət, 14 min 184 ton süd, 42 milyon 890 min yumurta, 98 ton yun
istehsal edilib.
Rayonun sahibkarları
Bakıdakı yarmarkalarda 31 min 836 ton kənd təsərrüfatı
məhsulunu satışa çıxarıblar.
Poçt və rabitə xidmətinin
həcmində artım müşahidə olunub. Rayonda abonentlərin
77 faizi elektron ATS xidmətlərindən istifadə edir. Ötən
il Köhnə Alvadı, Mahmudavar ərazilərində elektron
ATS-lər istifadəyə verilib. Bu il Təzə Alvadı və
Gəyəçöl kəndlərində də belə
ATS-lər qurulacaq.
Əhalinin fasiləsiz
elektrik enerjisi ilə təmin edilməsindən ötrü
mövcüd elektrik təsərrüfatının təmiri və
yenidən qurulması həyata keçirilib. Masallı
Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən
rayona verilmiş elektrik enerjisinin dəyəri 71,1 faiz ödənilib.
Hesabat dövründə
rayonda təbii qazdan istifadə edənlərin sayı 14747-ə
çatıb. Amma 2166 abonent qazdan sayğacsız istifadə
edir. Yığıncaqda vurğulandı ki, Prezident İlham Əliyevin
məlum sərəncamı ilə rayon əhalisinin qazdan
istifadəsinə görə yaranmış 2 milyon 684 min
manatlıq debitor borcun silinməsi vətəndaşların
böyük razılığına səbəb olub.
Musaküçə, Çaxırlı, Səmidxan kəndlərinin
qaz xətlərində təmir-bərpa işləri başa
çatdırılıb. Bədəlan, Banbaşı,
Qızılavar kəndlərində isə bu işlər
yekunlaşmaq üzrədir. Bundan başqa, Mollaoba kəndində
360, Ərkivan qəsəbəsində isə daha 186 abonentin mənzilində
sayğac quraşdırılıb və əhali qazla təmin
olunub. Bu il Kolatan kəndi ərazisində qazpaylayıcı
stansiya tikiləcək.
Masallı Su-Kanal İdarəsi
bir çox işləri yerinə yetirib. H.Əliyev prospekti və
Qarabağ küçələrindəki çoxmərtəbəli
binaların kanalizasiya xətləri dəyişilərək təmir
edilib, 3,5 kilometr boru xətti çəkilib, 250
ötürücü quyu quraşdırılıb, iki yeni
çirkab su anbarı tikilib və bir çirkab su anbarı əsaslı
təmir olunub.
Rayonun Həsənli, Məmmədxanlı,
Qarğalıq kəndlərinə içməli su xəttinin
6 kilometrinin çəkilişi başa çatmaq üzrədir.
Həsənli kəndindəki 300 kubmetrlik su anbarı təmir
edilib.
Rayon ərazisində 15
hidrotexniki qurğu cari təmir olunub, 180 min kubmetr suvarma
kanalı, 135 min kubmetr çay məcrası lildən təmizlənib.
Sağ Viləş beton kanalının 2,5 kilometri və
qapalı suvarma şəbəkələri təmir edilib,
açıq suvarma kanalları lildən və torpaqdan təmizlənib.
Masallıya təbii fəlakətlər
ziyan vurub. İnişil rayonun Güllütəpə ərazisində
torpaq sürüşməsi zamanı 11 ev yarasız vəziyyətə
düşmüşdü. Prezidentin
tapşırığı ilə Fövqəladə Hallar
Nazirliyi tərəfindən qısa zamanda vətəndaşlar
üçün 11 fərdi ev tikilərək hesabat ilində
onların istifadəsinə verilib. Eyni zamanda ötən ilin
sentyabrında güclü yağışlar nəticəsində
rayonun ayrı-ayrı yaşayış məntəqələrində
vətəndaşların fərdi yaşayış evlərinə,
yardımçı tikililərinə və həyətyanı
təsərrüfatlarna ciddi ziyan dəymişdi. Dövlət
başçısının tapşırığı ilə
ziyanın məbləği dəqiqləşdirilərək
yeni ailələr üçün yeni yaşayış evlərinin
tikintisinə başlanılıb. Novruz bayramına kimi həmin
evlərin vətəndaşların istifadəsinə verilməsi
nəzərdə tutulub.
Gələcəkdə bu
cür fəlakətlərin qarşısının
alınması məqsədilə rayon ərazisində 40
kilometrdən artıq suaparıcı kanal təmizlənib, 25
kilometrdən çox yeni kanal qazılıb, çay məcraları
dərinləşdirilərək keçidlər genişləndirilib.
Təhlükəli və hidrotexniki tələblərə
cavab verməyən 64 sututarı ləğv edilib. Sonralar
yağan yağışlar zamanı heç bir çətinlik
yaranmayıb.
İcra hakimiyyətinin
başçısı daha sonra bildirdi ki, keçən il
rayonun Yeyənkənd kəndində 520, Banbaşı kəndində
480, Sığdaş kəndində 480, Babaser kəndində
220, Hişkədərə kəndində 360 yerlik olmaqla 5 yeni
məktəb binası tikilib istifadəyə verilib və yeni
inventarla təmin olunub. Hazırda 640 yerlik Digah və 480 yerlik
Bədirli orta məktəbinin tikintisi davam etdirilir. Yaxın
günlərdə Yolağacı və Köhnə Zuvand kəndlərində
məktəb tikintisinə başlanılması nəzərdə
tutulub.
Hesabat ilində “Dəfinə”
məktəb-liseyi respublikada “İlin məktəbi” müsabiqəsinin
qalibi olub və 10 min manat pul mükafatı qazanıb. Məktəbin
direktoru Ədalət Nemətov “Tərəqqi” medalı ilə
təltif edilib, pedaqoq Əhməd Məmmədov isə “əməkdar
müəllim” adını qazanıb.
Rayon Mərkəzi Xəstəxanasında
tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə
tədbirlər həyata keçirilir. Yoluxucu xəstəliklər
şöbəsinin dam örtüyü dəyişdirilib,
doğum şöbəsində əsaslı təmir işlərinə
başlanılıb. Xəstəxananın tam əsaslı təmirinə,
Təzəkənddə feldşer-mama məntəqəsinin
tikintisinə, Həsənli kəndində isə həkim məntəqəsinin
əsaslı təmirinə başlanılması nəzərdə
tutulub.
Ötən il rayonun iş
adamlarının köməyi və daxili imkanlar hesabına 4
yeni kitabxana, 1 klub binası tikilib, 2 mədəniyyət evi təmir
olunub. “Halay” folklor ansamblının 50 illik yubileyinin qeyd
olunması məqsədilə tədbirlər planı
hazırlanıb. Bu sahədə başlıca problem N.Gəncəvi
adına Mədəniyyət Evinin əsaslı təmirə
ehtiyacı olmasıdır.
Masallı Olimpiya İdman
Kompleksi idmanın inkişafında mühüm rol oynayıb.
Bu kompleks zona və respublika əhəmiyyətli onlarca tədbirin
ünvanı olub. 2009-cu il Masallı idmançıları
üçün xüsusilə uğurlu il olmuşdur. Belə
ki, Hikmət Alışov keçirilən sambo üzrə
dünya çempionatında ikinci yeri tutaraq adını
rayonun idman tarixinə yazdırıb. Daha bir uğur isə
Türkanə Tahirlinin taekvando üzrə Cənubi Koreyada
keçirilmiş beynəlxalq turnirin
mükafatçısı və gənclər arasında
Avropa çempionu olmasıdır.
Daha sonra Qəzənfər
Ağayev dedi ki, ötən ilin sonunda bələdiyyələrə
keçirilmiş seçkilərdə ən layiqli namizədlər
qələbə qazanıblar və inanırıq ki, onlar
mövcud problemlərin həllində fəallıq göstərəcək,
icra hakimiyyəti orqanları ilə rayonun inkişafı naminə
səmərəli əməkdaşlıq edəcəklər.
Hesabat dövründə icra
hakimiyyətinə 1312 ərizə-şikayət daxil olub ki,
onlardan 667-si vətəndaşlardan, 645 ərizə isə
yuxarı təşkilatlardan gəlib. Rayon icra hakimiyyətində
644 şikayətçi qəbul edilib. Həmçinin yerlərdə
keçirilən 35 səyyar qəbulda 3181 nəfər
iştirak edib, onlardan 129-u ərazinin sosial-iqtisadi
inkişafı və problemləri ilə bağlı 127 təklif
verib. Səyyar qəbullar zamanı bir çox məsələ
yerində həll edildiyindən ərizələrin sayı əvvəlki
illə müqayisədə 197 ədəd azalıb.
Nikbin və işgüzar
ruhda keçən illik hesabat yığıncağında
çıxış edənlər qazanılan nailiyyətləri
təqdir etməklə bərabər, qarşıda duran vəzifələri
də nəzərə çatdırdılar. Belə bir əminlik
dönə-dönə ifadə olundu ki, cari ildə
Masallıda daha böyük uğurlar əldə ediləcək.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 16 fevral.- S. 6.