Qax: yeni uğurların təməli
qoyulmuşdur
Artıq 2009-cu ili çoxdan yola salmışıq. Yeni
— 2010-cu ilin isə ay yarıma yaxın hissəsi arxada
qalmışdır. Bu günlər hər bir kollektiv, rayon rəhbərliyi
yola saldığı ildə gördüyü işlərə
nəzər salır, növbəti ildə əldə edilən
uğurları davam etdirmək, buraxılmış
nöqsanları aradan qaldırmaq üçün həyata
keçirilməsi vacib tədbirləri planlaşdırır.
2009-cu il
bütövlükdə respublikamızda tikinti-quruculuq
dövrü kimi yaddaşlara həkk olunmuşdur. Ulu Öndərimiz
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən genişmiqyaslı tədbirlər nəticəsində
dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanın
bütün bölgələrində dünyanın
aparıcı dövlətlərinin belə əziyyət
çəkdyi iqtisadi böhranın tüğyan etdiyi 2009-cu
ildə böyük quruculuq işləri davam etdirilmişdir. Əldə
edilmiş göstəricilər dövlətimizin gündən
- günə artan qüdrətindən xəbər verir.
Respublikamızın digər
bölgələrində olduğu kimi Qaxda da tikinti-quruculuq,
abadlıq işləri genişlənməkdədir. Hazırda
Qax tikinti-quruculuq işlərinin səviyyəsinə, səliqə-səhmanına,
həyata keçirilən sosialyönümlü tədbirlərin
miqyasına görə özünün inkişaf mərhələsini
yaşayır. Bütün bunlar və rayonun sosial-iqtisadi
inkişafının perspektivləri ilə bağlı digər
məsələlərlə əlaqədar fevralın 12-də
rayon ictimaiyyəti nümayəndələrinin iştirakı
ilə keçirilən hesabat yığıncağında ətraflı
danışıldı.
Rayon icra hakimiyyətinin
başçısı Telman Quliyev 2009-cu ildə Qaxın
sosial-iqtisadi və təsərrüfat sahələrində
görülən işlərə dair hesabat məruzəsində
ötən il görülən işlərdən daha
çox buraxılmış nöqsanların aradan
qaldırılması və əldə edilmiş
uğurların möhkəmləndirilməsi
üçün həyata keçirilən tədbirlərdən
söz açdı. Qeyd etdi ki, 2009-cu ildə rayonda
tikinti-quruculuq işlərinə ayrılmış vəsaitin
kəsirlə xərcləndiyini nəzərə alaraq RİH
2010-cu ildə tikinti-quruculuq işlərininin genişləndirilməsi
üçün müvafiq hazırlıq işləri
görmüş, möhkəm zəmin
yaradılmışdır. Cari ildə tikintisi
yarımçıq qalmış obyektlərdə inşaat
işlərinin sürəti artırılmaqla bərabər
yeni sosial və inzibati xarakterli obyektlərin təməli
qoyulmaqdadır. Belə ki 2010-cu ilin ilk günlərində
Rayon Mərkəzi Xəstəxanasında təmir, yenidənqurma
işləri yekunlaşdırılaraq istifadəyə
verilmiş, şəhərdə qəza vəziyyətində
olan 5 mənzil kommunal yaşayış binası, Əlibəyli
küçəsində sel sularından ziyan çəkmiş
iki yaşayış evi sökülərək onların
yerində yeni binaların təməli qoyulmuşdur. Həmçinin
cari ilin ilk günlərində YAP QAX Rayon Təşkilatının
və Uşaq Yaradıcılıq Mərkəzinin də yeni
binalarının təməli qoyulmuşdur. Cari ildə şəhərin
20 Yanvar və Heydər Əliyev küçələrində
daxili imkanlar hesabına tikinti-təmir, abadlıq işləri
yekunlaşdırılmışdır. Qaxbaş kəndində
9 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində
quraşdırma işləri aparılır,
İlisu-Sarıbaş yolunda Hamamçay üzərindəki
körpünün, Qax şəhərində idman kompleksinin
tikintisində də inşaat işləri sürətlənmişdir.
Şəhərin girəcəyindəki yeni
salınmış park artq istifadəyə verilmişdir.
2010-cu ildə Alatəmir kəndindəki “Qax suları” mineral
su zavodu, Güllük kəndində 400 nəfəlik
şadlıq evi, Qax şəhərində yeni avtovağzal da
istifadəyə veriləcəkdir.
Rayon icra hakimiyyətinin planlarında ötən il rayonda sənaye məhsulları istehsalındakı geriliyi aradan qaldırmaq üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur. Bu baxımdan rayonda süd məhsulları emalı müəssisəsinin inşasına tezliklə başlanacaqdır.
2010- cu ildə yuxarıda göstərilənlərlə bərabər onlarla digər sosial, inzibati və sənaye müəssisələrinin tikintisi də nəzərdə tutulmuşdur. Rayon icra hakimiyyətinin başçısının hesabat məruzəsindən aydın oldu ki, rayonda həyata keçirilən hazırlıq işləri onu göstərir ki, 2010-cu il burada tikinti-quruculuq, abadlıq işləri üçün daha uğurlu il olacaqdır.
2010-cu ildə rayonda kənd təsərrüfatı məhsullarının istehsalının, heyvandarlıq məhsullarının artırılması üçün də möhkəm baza yaradılmışdır.
Qax rayonunun təhsil işçiləri öz zəngin ənənələrinə sadiq qalaraq rayonda təhsilin səviyyəsinin artırılması üçün əzmlə çalışır, öz metodik və elmi hazırlıqlarının artırılmasının qayğısına qalırlar. Ötən il 3 yeni orta məktəb binası tikilərək istifadəyə verilmiş, bir sıra məktəblər əsaslı və cari təmir olunmuşdur. Ali məktəblərə ötən il qəbul mövsümündə rayonun ümumtəhsil məktəblərinin məzunları topladıqları bala görə rayonlar arasıda 1-ci yeri tutmuşdur.
Səhiyyənin maddi-texniki bazası da xeyli möhkəmləndirilmişdir. Belə ki, bu yaxınlarda Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunduqdan sonra istifadəyə verilmişdir. Xəstəxanada Avropa standartlarına uyğun yenidənqurma işləri aparılmış, bütün kabinet və laboratoriyalar müasir müayinə və müalicə cihazları ilə təmin olunmuşdur.
Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında Respublika Prezidenti İlham Əliyevin 2010-cu ili “Ekologiya ili” elan etməsindən sonra rayonda şənbə və bazar günləri keçirilən ümumrayon iməciliklərində küçə və meydanlara, yol kənarlarına, meşə kənarlarındakı boş ərazilərə on minlərlə ağac əkilmişdir. Həmçinin şəhər və kəndlərdə abadlıq işləri aparılmış, antisanitariya vəziyyətində olan bataqlıqlar yeni kanallar çəkilərək qurudulmuşdur. Meşələrin qanunsuz qırılmasının qarşısı tamamilə alınmışdır.
Qax Rayon İcra Hakimiyyətinin hesabat yığıncağında həmçinin qeyd edildi ki, adamlara qayğı, onların probemlərinin həlli istiqamətindəki tədbirlər Rayon İcra Hakimiyyətinin fəaliyyətinin əsasını təşkil edir. Bu məqsədlə rayon icra hakimiyyətinin başçısı Telman Quliyevin yaşayış yerlərində sakinlərlə keçirdiyi görüşlər artıq ənənə şəklini almışdır. Bu görüşlərdə qaldırılan problemlərə, şikayətlərə, təşəbbüslərə diqqət və qayğı ilə yanaşılır, sosial ədalət prinsipləri gözlənilir. Bir qayda olaraq bu görüşlərin gedişində qaldırılan məsələlər orada iştirak edən idarə-müəssisə rəhbərlərinin iştirakı ilə araşdırılır. Həlli üçün möhkəm tapşırıq verilir. Məhz bu görüşlərdə qaldırılan məsələlərlə bağlı rayonun Dəymədağlı, Qorağan, Cəlayer, Baydarlı kəndlərində sıradan çıxmış suvarma kanalları bərpa edilmiş, Turaclı, Ləkit, Marsan, Güllük, Əmircan kəndlərində qəza vəziyyətində olan elektrik xəttləri təmir olunmuş, Turaclı kəndində idman meydançası təşkil edilmiş, Əlibəyli kənd mədəniyyət evi təmir olunmuş, Alatəmir kəndində yeni məhəlləyə içməli su xətti çəkilmiş, aqrar islahatlar zamanı yol verilmiş bir sıra nöqsanlar aradan qaldırılmışdır.
Hesabat yığıncağında ötən dövr ərzində buraxılmış bir sıra nöqsanlar təhlil olunaraq onların aradan qaldırılması üçün konkret təkliflər verildi.
Yığıncaqda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Məhərrəm Quliyev və Milli Məclisin deputatı Azər Kərimli çıxış etdilər. Tədbir iştirakçıları 2010-cu ildə yığıncaqda deyilmiş tənqidi qeydlərin aradan qaldırılması üçün qətnamə qəbul etdilər. Yığıncağın iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
İ. MUSAOĞLU,
“Xalq qəzeti”nin bölgə
müxbiri
Xalq qəzeti.- 2010.- 16 fevral.- S. 6.