Aqrar sahə iqtisadiyyatının
innovasiya yönümlü inkişafını təmin edən
strategiya
İctimai həyatın bütün sahələrində
yüksək tərəqqi və intibaha imza atan, sürətlə
modernləşərək qarşıya qoyduğu strateji hədəflərə
yetişən Azərbaycan son illərdə həm də
özünəməxsus milli inkişaf modeli ilə müasir
dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi
nümayiş etdirir. Bir sıra qabaqcıl Qərb dövlətlərinin
onilliklər boyu keçdiyi inkişaf mərhələlərini
qısa zamanda adlamağa müvəffəq olmuş
respublikamızın dünyanı sarsıdan qlobal böhrandan
minimum itki ilə çıxması və ümumi daxili məhsul
istehsalında əvvəlki yüksək tempi qoruyub
saxlaması dünyanın nüfuzlu iqtisadi-maliyyə dairələrində
də heyrətlə qarşılanır. İqtisadi sahədə
keçid dövrünü geridə qoyan Azərbaycanın
bazar iqtisadiyyatı sisteminə sürətli
transformasiyanın spesifik cəhətləri,
“İnkişafın Azərbaycan modeli” ilə bağlı
müzakirələrə hazırda dünyanın nüfuzlu
elm mərkəzlərində də kifayət qədər
ciddiliklə yanaşılır.
Uğurla gerçəkləşdirilən
sosial-iqtisadi islahatların - davamlı və tarazlı
inkişafı stimullaşdıran dövlət
proqramlarının, sosial həyatın bütün sahələrini
əhatə edən fərman və sərəncamların nəticəsi
kimi respublikamız son illərdə dünyanın sürətli
inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrana qətiyyətlə
sinə gərən dövlətləri sırasına
yüksəlmişdir. Cənab İlham Əliyevin elmi təmələ
əsaslanan iqtisadi strategiyası respublikanın hərtərəfli
inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü
təmin etmiş, hər bir mərhələ
üçün qarşıda duran vəzifələrin həllinə
real imkanlar açmış, cəmiyyətin ümumi
potensialının milli məqsədlər naminə səfərbər
olunmasına etibarlı zəmin
formalaşdırmışdır.
İnsan
kapitalının formalaşdırılmasını prioritet məqsəd
kimi önə çəkən, dövlətin innovasiya
inkişafında müasir biliklərin, nanotexnologiyaların
roluna mühüm yer ayıran bu effektiv iqtisadi strategiyanın
elmi cəhətdən təhlili və əsaslandırılması
mövcud uğurların davamlılığının təmini
baxımından son dərəcə vacibdir. Məsələni
aktuallaşdıran həm də odur ki, Azərbaycan iqtisadi sahədə
keçid dövrü kimi xarakterizə edilən son dərəcə
ağır və üzücü prosesi başa vuraraq
sosial-iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsinə
qədəm qoymuşdur. Postkeçid dövrünün
paradiqmalarının elmi cəhətdən əsaslandırılması
və proqnozlaşdırılması üçün ilk
növbədə respublikanın son 15 ildə inamla gerçəkləşdirdiyi
iqtisadi islahatları elmi-fəlsəfi təhlil prizmasından
dəyərləndirmək, əldə olunan nəzəri-təcrübi
qənaətləri ümumiləşdirmək
lazımdır. Azərbaycanın milli inkişaf modelinin elmi
prinsiplər əsasında tədqiqi zərurəti
respublikanın iqtisadçı alimlərinin
qarşısında ciddi vəzifələr qoyur.
İqtisadi sahədə keçid dövrünün başa çatması elmlə iqtisadiyyatın qarşılıqlı təsir mexanizmləri əsasında qırılmaz vəhdətinin təmin edilməsini, innovativ biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılmasını, müxtəlif elm sahələrinin yeni dövrün tələblərinə uyğun müasirləşdirilməsini, habelə siyasi idarəetmə elmi proqnozlardan məqsədyönlü istifadəni obyektiv zərurətə çevirir. Elmin əyalət ab-havasından, ətalətdən qurtularaq zamanla ayaqlaşmasını, iqtisadi inkişaf prosesində əsas təkanverici amilə çevrilməsini ilk növbədə Azərbaycan dövlətçilik maraqları tələb edir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsində bu zərurət konseptual elmi təhlil prizmasından əsaslandırılmış, mövcud problemlər və onlardan çıxış yolları dəqiqliklə göstərilmişdir. Mövcud problemlərə yanaşmada akademik Ramiz Mehdiyev dəqiqliklə müşahidə etdiyi mənzərəni postkeçid dövrünün reallıqları kontekstində canlandırmış, vəziyyətdən çıxış yolu ilə bağlı dəyərli təkliflərini vermişdir. Məqalədə yalnız humanitar və ictimai elmlərin deyil, ümumən təbiət elmlərinin qarşısında duran vəzifələr yeni dövrün reallıqlarına nəzərən diqqətə çəkilmiş, eyni zamanda postkeçid mərhələsində cəmiyyət üçün aktuallaşan yeni paradiqmalar üzərində tədqiqatların vacibliyi vurğulanmışdır: “Azərbaycan Prezidenti cənab İlham Əliyev keçən il noyabr ayının 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyi mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan etdi. Hər bir Azərbaycan vətəndaşı və bütünlükdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu bəyanat elmi və intellektual elita qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli məsələlər qoyur. Yaranmış vəziyyətlə əlaqədar biz, müəyyən mənada, artıq başa çatmış bir prosesin yekunlarından nəticə çıxarmalı, cəmiyyətimiz üçün aktuallaşan yeni paradiqmalar haqqında düşünməliyik” .
Aqrar elmin inkişaf perspektivləri və problemləri
Müstəqil Azərbaycan
sosial-iqtisadi inkişafının elə həlledici mərhələsindədir
ki, hazırda milli maraqlar baxımından bütün elm sahələri
eyni məsafədə dayanır: hər birinin müstəsnalığı,
əhəmiyyəti birmənalı qəbul olunur. Hesab edirik ki, respublikanın milli iqtisadi inkişaf
modelinin nəzəri-praktik əsaslandırılması
baxımından aqrar sektorda həyata keçirilmiş
islahatlara, mövcud problemlərə də nəzər salmaq,
aqrar elmin qarşısında duran vəzifələri müəyyənləşdirmək
zəruridir. Bu zərurəti şərtləndirən
həm də odur ki, Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə
əsaslanan inkişaf yolu seçməklə yanaşı,
tarixən aqrar-sənaye respublikası kimi tanınmış və
ixtisaslaşmışdır.
Respublikada bazar
təsərrüfatçılıq sisteminə transformasiya
prosesi də məhz aqrar sahədən
başlamışdır. Ulu öndər Heydər
Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin
iyununda hakimiyyətə gəlişindən sonra bir çox
sahələr kimi kənd təsərrüfatında da
90-cı illərin əvvəllərindən özünü
kəskin büruzə verən tənəzzül meyilləri
aradan qaldırılmış, səmərəli
islahatların əsası qoyulmuşdur. Hər bir vətəndaşın
mənafeyi əsas tutulmaqla gerçəkləşdirilən
aqrar islahatlar ölkə iqtisadiyyatında bazar münasibətlərinin
qurulmasına, torpaq və əmlakın səmərəli
istifadə edilməsinə, aqrar bölmənin sahə
strukturunun təkmilləşdirilməsinə,
sahibkarlığın formalaşması və inkişafı
bütünlükdə bazar mexanizminin qanunauyğunluqları
və prinsiplərinə tabe etdirilmiş, bu sahədə
çoxsaylı normativ-hüquqi aktlar qəbul edilmiş, məhsulun
satışı, gəlirlərin
bölüşdürülməsi və digər texnoloji
proseslərdə mülkiyyət mənsubiyyətindən
asılı olmayaraq, kənd təsərrüfatı əmtəə
istehsalçılarının təsərrüfat-iqtisadi
müstəqilliyi təmin edilmişdir.
Bu kursu keyfiyyətcə yeni
mərhələdə uğurla davam etdirən Azərbaycan
Prezidenti cənab İlham Əliyevin çevik və işlək
mexanizmlər əsasında gerçəkləşdirdiyi
islahatlar nəticəsində respublika aqrar-sənaye kompleksini
inkişaf etdirmək, ərzaq təminatını
yaxşılaşdırmaq üçün ilk növbədə
qanunvericilik bazası təkmilləşdirilmiş, fermerlərə
yanacağın, motor yağının, gübrənin
alınmasına çəkilən xərclərin 50 faizinin
dövlət tərəfindən ödənilməsi,
taxıl əkinlərinə görə subsidiyaların verilməsi
təmin edilmiş, texniki təminatın
yaxşılaşdırılması üçün
istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər
əsasında texnikanın və gübrələrin verilməsinə
başlanılmışdır. Bütün bunların nəticəsi
kimi, hazırda kənd təsərrüfatı məhsulları
istehsalında özəl bölmənin xüsusi çəkisi
99,7 faizə yüksəlmişdir.
Aqrar sahə
SSRİ dövründə olduğu kimi, bu gün də
respublika iqtisadiyyatının prioritet inkişaf istiqamətlərindən
biridir.
Respublikanın ümumi daxili məhsulunun təxminən 8,3 faizi kənd təsərrüfatının
payına düşür. İqtisadi fəal 3,8
milyon əhalinin 1,5 milyonundan çoxu, yaxud 39 faizi aqrar sahədə
çalışır. Əhalinin təxminən
yarısının gəlirləri məhz aqrar sahədə
formalaşdığından, qeyri-neft sektorunda bu sahə
xüsusi yer tutur. Azərbaycanın zəngin
və əlverişli torpaq-iqlim şəraiti, nisbətən
ucuz işçi qüvvəsi və ekoloji cəhətdən
təmiz məhsul istehsal etmək imkanları dünya
bazarında yüksək rəqabət qabiliyyətinə malik
olub keyfiyyətli ərzaq məhsulları istehsalı
üçün əlverişli şərait yaradır.
Kənd təsərrüfatının dinamik
inkişaf etdirilməsi yolu ilə əhalinin keyfiyyətli ərzaq
məhsulları ilə təminatının gerçəkləşdirilməsi
təkcə iqtisadi deyil, həm də milli təhlükəsizliklə
bağlı strateji məsələdir. Bütün
bunlar isə aqrar elmin müasir dövrün tələblərinə
uyğun müasirləşdirilməsini, aqrar-sənaye sahəsində
elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsini,
elmi-təcrübi yeniliklərin istehsalata tətbiqini, bir
sözlə, innovasiya yönümlü inkişafın təmin
edilməsi vacibliyini ön plana çıxarır.
Hazırda respublikada aqrar sahə
üzrə 24 elmi tədqiqat institutu, o cümlədən Kənd
Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin
strukturuna daxil olan 14 elmi tədqiqat institutu, “Araz” Elm
İstehsalat Birliyi (Naxçıvan Muxtar Respublikası), 10
regional aqrar elm mərkəzi və elmi tədqiqat
institutlarının 40-a yaxın təcrübə-istehsalat
bazası fəaliyyət göstərir. Aqrar
elmin əsas məqsədi tədqiqatların regionlar üzrə
təsərrüfat fəaliyyətinin prioritet istiqamətlərinə
uyğunluğunu təmin etmək, mövzu planlarını
sahibkarların tələbləri əsasında
formalaşdırmaq, tədqiqatın nəticələrinin tətbiqi
və yayılması sistemini təkmilləşdirmək,
elmin maddi-texniki bazasını və kadr potensialını
gücləndirməkdən ibarətdir. Hesab edirik ki,
bununla əlaqədar tədqiqatların
planlaşdırılması və maliyyələşdirilməsi
sistemi təkmilləşdirilməli, bazar iqtisadiyyatı tələblərinə
cavab verən elmi nəticələrə nail olmaq
üçün elmi-tədqiqat institutları
üçün yüksək iş şəraiti, müasir
laboratoriya, cihaz və avadanlıq, səmərəli kənd təsərrüfatı
texnikası və digər maddi-texniki vasitələrlə təmin
olunmalıdır.
Məlumat üçün
bildirək ki, ABŞ-da yalnız elmi-tədqiqat işlərinin
aparılması üçün 50-si özəl ali məktəb
olmaqla, 100 universitetin 1 il ərzində maliyyələşdirilməsinə
ayrılan vəsaitlər bir çox ölkələrin
ümumiyyətlə, təhsilə ayırdıqları
ümumi xərclərdən çoxdur: Con Hopkins Universitetinə
ildə orta hesabla 569 milyon, Vaşinqton Universitetinə 299 milyon,
Stənford Universitetinə 266 milyon dollar vəsait
ayrılır. Bütün bunlar isə elm sahəsində
praktiki olaraq uğurlu nəticələrə yol açan
elmi-tədqiqat işlərinin aparılmasına imkan verir.
Aqrar sahənin
spesifikliyi onunla şərtlənir ki, burada bəzən səmərəsi
özünü uzun illər göstərən təcrübi
tədqiqatları da maliyyələşdirmək zərurəti
yaranır. Yəni elmi tədqiqatlara ayrılan vəsaitlər bəzən
uzun müddət sonrakı iqtisadi inkişaf üçün
zəruri olan elmi-innovativ yenilikləri stimullaşdırır.
Azərbaycana gəlincə, aqrar sahədə
elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi
mexanizmlərinin dövrün tələblərinə cavab
verməməsi hazırda hökumət səviyyəsində
də etiraf olunur. Lakin hazırda bu sahədə
mövcud olan problemləri “maliyyə
çatışmazlığı” kimi ümumi sözlərlə
pərdələmək də doğru yanaşma deyildir.
Əslində, mövcud imkanlar daxilində də çox
iş görmək olar, sadəcə ətalətdən, əyalət
ab-havasından çıxıb yeni tədqiqatçılıq
metodlarını əxz etmək mümkündür.
Təcrübə
göstərir ki, əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatı sahəsində müasir tələblərə
cavab verən kadr potensialının olması həlledici əhəmiyyət
kəsb edir. Ali və orta ixtisaslı kənd təsərrüfatı
mütəxəssislərinin müasir tələblər
baxımından professional hazırlıq səviyyəsi isə
hələ aşağıdır. Bu
ixtisasların kənd yerlərində cəlbedici olması
üçün müvafiq tədbirlərin həyata
keçirilməsinə, mütəxəssislərin sosial-məişət
problemlərinin həllinə ehtiyac duyulur. Hazırda Azərbaycan
Respublikasının ali məktəblərində 30, orta
ixtisas məktəblərində 6, texniki peşə məktəblərində
23 ixtisas üzrə kənd təsərrüfatı və ərzaq
məhsullarının istehsalı, emalı, saxlanılması
və iqtisadiyyatı sahəsində mütəxəssis
hazırlanır.
Ölkədə kənd təsərrüfatı
üzrə baza ali təhsil müəssisəsi olan Azərbaycan
Dövlət Aqrar Universitetində kənd təsərrüfatı
və onun məhsullarının emalı, iqtisadiyyatı və
marketinqi sahəsində “bitkiçilik məhsullarının
saxlanılması və emalı texnologiyası”, “aqrar
istehsalatın iqtisadiyyatı və idarə edilməsi”,
“marketinq”, “menecment” ixtisasları üzrə mütəxəssis
hazırlığı aparılır. Lakin etiraf
etməliyik ki, bu sahələrdə yüksək ixtisaslı
mütəxəssislərin hazırlanması
üçün maddi-texniki baza lazımi tələblərə
cavab vermir. Kənd təsərrüfatı
sahəsində effektiv təcrübi tədqiqatlar aparmaq
üçün müasir laboratoriyaların və
avadanlıqların olmaması da müəyyən problemlər
doğurur. Yüksək ixtisaslı pedaqoji
kadrların çatışmazlığı da
özünü qabarıq göstərən problemlərdir.
Ümumiyyətlə,
hazırda aqrar elmin üzləşdiyi əsas problemləri
aşağıdakı kimi səciyyələndirmək olar:
-Maddi-texniki təminatın qənaətbəxş
səviyyədə olmaması nəticəsində elmi-tədqiqat
və təcrübə-konstruktor işlərinin
mövzuları azalmış, elmi-texniki
araşdırmaların həcmi və keyfiyyəti
aşağı düşmüşdür. Elmi təşkilatların
çoxunda müasir səviyyədə eksperimentlərin
aparılması praktik olaraq qeyri-mümkündür;
- aqrar sahə
üzrə elmi işçilərin “qocalması ”
müşahidə olunur, gənc nəslin kənd təsərrüfatı
sahəsində elmi-tədqiqatlara marağı arzuolunan səviyyədə
deyildir;
-aqrar elmin
istehsalata tətbiqi mexanizmləri dövrün tələblərinə
cavab vermir. Elmi-tədqiqat təşkilatları tədqiqat
planlarını müəyyənləşdirərkən
dövlətin imkanlarını, ictimai əhəmiyyətli
prioritetləri deyil, “öz imkanlarını” əsas
götürürlər.
-aqrar elmin dünyadakı
müasir inkişaf meyillərinin öyrənilməsi və tətbiqində
lənglik müşahidə olunur;
-ərzaq təhlükəsizliyi
probleminə dair sanballı elmi-tədqiqat işlərinə
rast gəlinmir. Kənd təsərrüfatının inkişaf
perspektivləri ilə bağlı proqnozların siyasi idarəetmə
üçün səmərəliliyi lazımi səviyyədə
deyildir;
- fövqəladə
halların, eləcə də ziyanvericilərin kənd təsərrüfatına
vura biləcəyi zərərin minimum səviyyəyə
endirilməsi məqsədilə preventiv xarakterli elmi-tədqiqat
işləri azlıq təşkil edir.
Akademik Ramiz Mehdiyevin
“İctimai və humanitar elmlər: zaman kontekstində
baxış” məqaləsində dissertasiyaların
mövzusunun zamanla uzlaşmaması, elmi səmərəsinin,
keyfiyyətinin aşağılığı, eləcə də
alimlik dərəcələrinin müxtəlif yollarla əldə
olunması ilə bağlı qətiyyətli
açıqlamaları ümumən bütün elm sahələrində
mövcud olan xoşagəlməz mənzərəni əks
etdirir. 1977-1993-cü illərdə Kənd Təsərrüfatı
Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunda
çalışmış elm adamı kimi deyə bilərəm
ki, aqrar sahə üzrə müdafiəsi keçirilən
dissertasiyaların əksəriyyəti praktik baxımdan formal
səciyyə daşıyır. Qərb
dövlətlərində elmi həllini çoxdan
tapmış mövzuların yenidən işlənilməsi,
şablon mövzulara yer verilməsi aqrar sahənin innovasiya
yönümlü inkişafı prosesinə elə bir töhfə
vermir. Hələ 1987-ci ildə – Sovet
İttifaqı dövründə kənd təsərrüfatı
üzrə dissertasiya müdafiə etmiş şəxs kimi
deyirəm ki, o zaman təsadüfi şəxslərin elmə
gəlməsi qətiyyən mümkün deyildi. Çünki ilk növbədə mövcud mexanizm
buna imkan vermirdi. Keyfiyyətcə yeni mərhələdə
də ayrı-ayrı elm sahələri üzrə dissertasiya
müdafiələrinə tələbkarlığın
artırılması alimlərimiz qarşısında ciddi vəzifə
kimi dayanır.
Kənd təsərrüfatında innovasiya siyasəti və
kadr hazırlığının prinsipləri
Hər bir
ölkənin innovasiya inkişafının səmərəliliyi
aqrar sektorda həyata keçirilən innovasiya siyasəti –
elmi-texniki istiqamətlərin düzgün seçilməsi, zəruri
iqtisadi şəraitin, o cümlədən kənd təsərrüfatına
maliyyə dəstəyinin mövcud olması ilə şərtlənir. Dünya
iqtisadiyyatının qloballaşması şəraitində Azərbaycanda
aqrar bölmənin sabitliyi və dünya kənd təsərrüfatı
bazarına inteqrasiyası, ərzaq təhlükəsizliyinin təmini,
əhalinin həyat səviyyəsinin yüksəldilməsi,
ilk növbədə, səmərəli elmi nailiyyətlərdən
istifadə yolu ilə gerçəkləşə bilər.
Hesab edirəm
ki, respublikada aqrar sahədə vahid innovasiya siyasəti
yürüdülməli, bu məqsədlə Milli Məclisdə
“İnnovasiya haqqında” Qanun qəbul edilməlidir. Qəbul ediləcək
qanun, proqram və qərarlar innovasiya
sahibkarlığının inkişafına təkan verməklə
yanaşı, eyni zamanda yeni iş yerlərinin
açılmasını (biznes inkubatorları,
texnoparkların, və s. yaradılması) da təmin edə
bilər.
Aqrar sektorda
innovasiya sistemi maddi-texniki resursların mövcudluğu və
elmi-texniki potensialla müəyyənləşir. İnnovasiya
siyasətinin məqsədi məhsulun rentabelli istehsalı,
makrosəviyyədə isə innovasiya fəallığının
artırılması üçün şəraitin
yaradılması, elmi mexanizmlərin
formalaşdırılmasından ibarətdir. Məhz həmin mexanizmlərin köməyi ilə
istehsalın təşkilati, iqtisadi, texniki və texnoloji yeniləşdirilməsi
prosesi həyata keçirilir. İnnovasiya siyasətinin
formalaşdırılmasında bir sıra mühüm amillərin
nəzərə alınması vacibdir:
-İnnovasiya bazarında,
iqtisadiyyatda, məhsulların və texnologiyaların
çeşidində strateji dəyişikliklərin qabaqcadan
proqnozlaşdırılması;
-innovasiya qərarlarına
müvafiq münasibət bildirilməsi və onların dəstəklənməsi
üçün zəruri tədbirlərin hazırlanması;
-innovasiya
dinamikasının ilkin şəraitinin aşkar edilməsi.
İnnovasiya fəaliyyətinin
səviyyəsi kadrların təhsilindən, texniki-texnoloji
hazırlıq səviyyəsindən, baza ixtisasının
mövcud olub-olmamasından asılıdır. Bu amil
innovasiyanın qavranılmasını və istehsalatda onun
istifadəsindən gözlənilən səmərənin əvvəlcədən
qiymətləndirilməsini təmin edir. Bazar
iqtisadiyyatı şəraitində çoxukladlı kənd təsərrüfatının
səmərəliliyi mütəxəssislərin
hazırlıq səviyyəsindən və işgüzar keyfiyyətlərindən
asılıdır. İstehsalın təkmilləşdirilməsi,
sahibkarlıq, menecment, marketinq və qiymətyaratma, vergitutma və
maliyyə-kredit təminatı, xarici iqtisadi fəaliyyətin əsasları,
habelə hüquq məsələlərinə dair biliklərin
mənimsənilməsi praktik mütəxəssis və rəhbər
işçi üçün zəruri keyfiyyətlərdir.
Kadr ehtiyatlarının zəruri keyfiyyət dəyişiklikləri
aqrar sahə mütəxəssislərinin
hazırlanmasını, əmək bazarında vəziyyətin
dəyişməsi ilə əlaqədar təkrar
hazırlıq və ixtisas səviyyəsinin
artırılması sisteminin təkmilləşdirilməsini
nəzərdə tutur. Bu sistem işçinin bazar
konyunkturunun dəyişməsi şəraitində peşəkarlıq
baxımından səriştəli və mobil, lazım gəldikdə
qısa müddətdə başqa peşə öyrənməyə
hazır, informasiya axınından baş çıxara bilən,
innovasiyaları qavramağı, daim öz ixtisas səviyyəsini
artırmağı bacaran vəziyyətdə olmasına imkan
verən biliklər həcmində fundamental baza təhsili almaq
konsepsiyasını əsas götürməlidir.
Azərbaycanın
aqrar elmi fəal innovasiya siyasətinin həyata keçirilməsini
təmin etmək üçün hazırda zəruri potensiala
malikdir. Respublikamızda sanballı elmi araşdırmalar
aparmağa, səmərəli innovasiya məhsulları
yaratmağa qadir, intellektual səviyyəli elmi kadr
potensialı mövcuddur. Azərbaycanın
təbiət elmləri-xüsusən biologiya və kənd təsərrüfatı
sahələri daim inkişafda olmaqla, dünya elminə
davamlı inteqrasiya edir. Bu sahə üzrə gənc
alimlərin son zamanlar xarici ölkələrdə
qazandığı böyük uğurlar buna əyani
nümunə ola bilər. Xüsusi
vurğulamaq istərdim ki, hörmətli akademik Cəlal Əliyevin
rəhbərliyi ilə AMEA-nın Botanika İnstitutunun və
Kənd Təsərrüfatı Nazirliyi Elmi -Tədqiqat Əkinçilik
İnstitutunun 23 nəfər əməkdaşı hazırda
dünyanın nüfuzlu elm mərkəzlərində,
universitetlərində çalışır. Həmin
alimlər bu gün dünyanın ən nüfuzlu universitet və
institutlarında müasir elmin aparıcı sahələri ilə
məşğul olurlar. ABŞ, Kanada, Birləşmiş
Krallıq, Fransa, Almaniya, İsveç, Yaponiya, Avstriya, Rusiya,
Cənubi Koreya, İspaniya, Türkiyə... azərbaycanlı
alimlərin işlədiyi və uğur qazandıqları
ölkələrin heç də tam olmayan
siyahısıdır. Akademik Cəlal Əliyevin və yetirmələrinin
elmi əsərlərinin dünyanın ən aparıcı
elmi jurnallarında (“Photosynthetika”, “Plant Physiology”, “Bioshemistry
and Molecular Biology”, “Fiziologiya Rasteniy”, “Bioximiya”, “Aqroximiya” və
s.) dərc olunması elmimizin uğuru kimi dəyərləndirilməlidir.
Respublika
Prezidenti cənab İlham Əliyevin təhsilə və elmə
olan qayğısı xalqımız tərəfindən daim
yüksək qiymətləndirilir. Bu günlərdə
dövlət başçısının sərəncamı
ilə respublikamızda gənc alimlərin Avropada doktorantura təhsili
alması üçün 500.000 manat vəsait ayırması
Azərbaycan elminin inkişafına və gənclərə
olan diqqət və qayğının bariz nümunəsidir.
Qeyd etmək lazımdır ki, respublika üzrə
doktoranturaya gedəcək gənclərin 2 nəfəri AMEA
Botanika İnstitutunun alimləridir.
Şübhəsiz,
alimlərimizin xarici ölkələrdə apardıqları
elmi araşdırmalar Azərbaycanda da elmin inkişafına
şərait yaradır. Xarici ölkələrdə işləmələri
get-gedə daha çox gənc mütəxəssisin
dünyanın nüfuzlu elmi müəssisələrində nəzəri
və praktiki təcrübə keçməsinə, tədqiqat
aparmasına imkan verir. Gənc alimlərin
çoxu yeni bilik və ideyalarla zənginləşmiş
halda Vətənə qayıdır, dünya elminin nailiyyətlərini
ölkəmizdə istehsalata, elmin müxtəlif sahələrində
nəzəri-fundamental araşdırmalara tətbiq edirlər.
Aqrar sahədə elmi proqnozlar ərzaq təhlükəsizliyinin
vacib amilidir
Etibarlı ərzaq
təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və
sosial dayanıqlılığının başlıca şərtidir. Son illərdə enerji
daşıyıcılarının qiymətinin artması,
aparıcı ölkələrin maliyyə bazarında baş
verən neqativ meyillər, habelə əhalinin sayının
çoxalması nəticəsində ərzaq məhsullarına
olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi,
su ehtiyatlarının məhdudluğu və digər səbəblər
üzündən əsas ərzaq məhsullarının
dünya bazarlarında qiymətləri artmağa
başlamış, bəzi ölkələrdə ərzaq
qıtlığı real təhlükəyə
çevrilmişdir.
Birləşmiş
Millətlər Təşkilatının Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) məlumatına
görə, əgər 1950-1985-ci illərdə ərzaq
istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə
12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu
göstərici cəmi 9 milyon ton səviyyəsində
olacaqdır.
Ərzaq təhlükəsizliyi
probleminə beynəlxalq miqyasda ciddi diqqət yetirilməsinin
nəticəsidir ki, BMT-nin təşəbbüsü ilə
1996-cı ildə “Ümumdünya ərzaq təhlükəsizliyi
haqqında Roma Deklarasiyası” qəbul edilmişdir. Roma
Deklarasiyasının qəbul edilməsinin səbəbi
dünyada aclıq çəkən və doyunca
qidalanmayanların sayının sürətlə artması
olmuşdur. Dünya miqyasında
müşahidə olunan bu meyillər siyasi və iqtisadi gerilik
yaşayan Asiya və Afrika ölkələrində də
özünü göstərməkdədir. Roma Deklarasiyasında 2015-ci ilə qədər olan
dövrdə doyunca qidalanmayanların sayının 2 dəfəyə
qədər azaldılması və cəmiyyət üzvlərinin
ərzaq təminatının yaxşılaşdırılması
vəzifəsi qarşıya qoyulmuşdur.
Hazırda kənd
təsərrüfatına yararlı torpaqların müəyyən
hissəsi ilbəil başqa məqsədlər
üçün istifadəyə verilir (yeni yaşayış
yerləri-kəndlər, şəhərlər və yeni
yollar salınır, sənaye müəssisələri və
s. tikilir). Ekspertlərin hesablamalarına görə, bu
tendensiya hər hektar kənd təsərrüfatına
yararlı torpağın 1/112 hissəsinin bu məqsədlər
üçün istifadəsinə əsaslanır. Beləliklə, 2020-ci ilə kimi dünya üzrə
410 milyon hektar kənd təsərrüfatına yararlı sahə
qeyri-kənd təsərrüfatı təyinatı üzrə
istifadə olunacaqdır.
Azərbaycan
Prezidenti İlham Əliyevin bu reallıqları nəzərə
almaqla ilk gündən xüsusi diqqət mərkəzində
saxladığı mühüm məsələlərdən
biri də respublikanın ərzaq təhlükəsizliyinin təmin
edilməsidir.
Dövlət səviyyəsində həyata
keçirilən tədbirlər nəticəsində son illər
respublikamızda əhalinin ərzaq məhsulları ilə təminatında
yerli istehsalın rolu xeyli yüksəlmişdir. Artıq kartof, bostan, meyvə, tərəvəz məhsullarına
görə adambaşına istehlak norması tam daxili istehsal
hesabına ödənilir, Azərbaycan Respublikası bu sahədə
idxalçı ölkədən ixracçı ölkəyə
çevrilir. İxracın coğrafiyası, həcmi və
çeşidi də dinamik olaraq genişlənir: respublikadan
85 ölkəyə 25-30 adda bitkiçilik mənşəli ərzaq
və qida məhsulları ixrac edilir.
Araşdırma və təhlillər
göstərir ki, kənddə azad sahibkarlığı
inkişaf etdirmək, istehsal vasitələri və torpaq
üzərində sahibkarlıq hissini yaratmaq, sərbəst
mütərəqqi təsərrüfatçılıq
üsullarına keçmək, yeni mülkiyyət münasibətlərini
formalaşdırmaq, torpaqdan, texnikadan, sudan və sair maddi
ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə
məhsul istehsalını artırmaq mümkündür. Bütün bu məqsədlərin uğurla
gerçəkləşdirilməsində isə, ilk növbədə
aqrar elm öz sözünü deməlidir. Eyni zamanda, bu sahənin mütəxəssisləri Azərbaycan
vətəndaşlarının gələcəkdə ərzaq
məhsullarına tələbatının elmi
proqnozlarını irəli sürməli, istehsal prosesinin
effektivliyini artırmağa xidmət edən, təcrübədə
özünü doğruldan yeni metodlar üzərində
işləməlidirlər. Bir sözlə,
aqrar sahədə effektiv və əsaslandırılmış
elmi proqnozların irəli sürülməsi Azərbaycanın
ərzaq təhlükəsizliyinin etibarlı təminatı
baxımından son dərəcə vacib və aktual məsələdir.
Aqrar elmin praktik tətbiq mexanizmləri təkmilləşdirilməlidir
Təcrübə
göstərir ki, elm və informasiya arasında daim dərin və
sabit inteqrasiya əlaqələri mövcud olduqda qazanılan nəticələr
də effektivliyi ilə seçilir. Elmi nailiyyətlər
kifayət qədər əsaslandırılmadıqda
onların cəmiyyət üçün dəyəri və
praktiki fəaliyyətdə tətbiq imkanları da zəif
olur. Müasir cəmiyyətin
inkişafı informasiya resurslarının olmasını tələb
edir.
Bu baxımdan
Azərbaycanda elmi biliklərin nəticələrinin tədqiqatçılardan
istifadəçilərə verilməsi ən vacib və
aktual məsələlərdən biridir. Elmi-texniki məhsulları
yaradanlarla kənd təsərrüfatı müəssisələri
arasında əlaqələndirici vasitə rolunu oynayan elmi
biliklərin inkişafı vacib əhəmiyyət kəsb
edir. Yəni aqrar bölmədə həyata
keçirilən elmi tədqiqatların kənd təsərrüfatında
praktik tətbiq imkanlarının genişləndirilməsi bu
sahə üzrə ixtisaslaşmış elm adamlarının
qarşısında duran başlıca vəzifədir.
Kənd təsərrüfatı
istehsalının uğurla inkişaf etdiyi ölkələrin
əksəriyyətində elmi tədqiqatlar və elmi-texniki
araşdırmalar üçün sifarişlərin
formalaşması ilə məşğul olan kənd təsərrüfatı
məsləhət xidmətinin bölmələri, fermerlərin,
kənd təsərrüfatı şirkətlərinin və
digər qurumların məsləhətçiləri konkret
elmi məhsullarının yaradılmasına tələbatı
ümumiləşdirərək elmi sifarişlər verirlər. Fikrimizcə,
elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin
planlaşdırılması sahəsində Qərbin bu təcrübəsindən
istifadə edilməsi aqrar sektorun elmi təminat sistemində
müsbət dəyişikliklərin baş verməsini təmin
edə bilər. Elmi-tədqiqat işlərinin
planlarının “aşağıdan” formalaşması
innovasiyaların mənimsənilməsi problemini həll etməyə
əhəmiyyətli dərəcədə kömək edən
əsas amillərdəndir. Elmi
araşdırmalara tələbin müəyyən edilməsinə,
bu işlərin planlaşdırılmasına və istehsala tətbiqinə
rayon və regional səviyyəli kənd təsərrüfatı
məsləhət xidmətləri, baş və regional sahəvi
mərkəzlər cəlb edilə bilər.
Bu təcrübəni
respublikada tətbiq etmək üçün Azərbaycan Milli
Elmlər Akademiyasının aqrar sahə üzrə elmi-tədqiqat
institutları, Azərbaycan Aqrar Elm Mərkəzinin elmi-tədqiqat
müəssisələri, habelə müvafiq ali
məktəblər Kənd Təsərrüfatı Nazirliyinin
Aqrar Elm Mərkəzinin Rəyasət Heyəti tərəfindən
qiymətləndirilməli və seçilərək regional
idarəetmə orqanlarına göndərilməlidir.
Hesab edirik ki,
Azərbaycan Dövlət Aqrar Universitetində informasiya-məsləhət
təminatı üzrə mütəxəssislərin
hazırlanması mühüm məsələlərdən
biridir. Bu məqsədlə müvafiq kafedralar
yaradılmalı, aqrar sektorun informasiya-məsləhət xidməti
üzrə yeni fənlər tədris edilməlidir.
Bundan başqa, kadr təminatının yüksəldilməsi
məqsədilə respublikada fəaliyyət göstərən
kənd təsərrüfatı yönümlü ali məktəblərin nəzdində kənd
təsərrüfatına dair məsləhətlər verən
tədris-metodik mərkəzləri yaradılmalıdır. Bu
mərkəzlər azı rübdə bir dəfə regional və
rayon informasiya-məsləhət və tədris-məsləhət
mərkəzlərinin mütəxəssisləri, ali məktəblərin, kolleclərin, peşə
təhsili müəssisələrinin müəllimləri
üçün ixtisasartırma seminarları keçməlidirlər.
Ümumiyyətlə,
müasir dövrdə intellektual potensial əhəmiyyətinə
və gətirdiyi dividendlərə görə hətta zəngin
təbii sərvətləri belə üstələyir. Hesablamalara
görə, hazırda 1 kq elmtutumlu məhsulun qiyməti 70 ton
neftin qiymətinə bərabərdir. Yeni
dünya nizamında elmi-informativ biliklər inkişafın
mühüm katalizatoruna, innovasiyayönümlü yeniliklərin
başlıca təminatına çevrilmişdir. Elmtutumlu informasiyanın yaradılması, əldə
edilməsi, tətbiqi sosial-iqtisadi inkişafın, qlobal rəqabətin
mühüm amilləridir. Bu baxımdan son
illərdə milli gəlir artdıqca, respublikamızda aqrar
elmə, bu sahədə innovasiya siyasətinin həyata
keçirilməsinə ayrılan vəsaitlər də
artır. İnanırıq ki, insan
kapitalının formalaşdırılmasına xidmət edən
bu effektiv siyasət nəticəsində aqrar elm də üzləşdiyi
mövcud problemləri əzmlə dəf edəcək,
inkişafının keyfiyyətcə yeni mərhələsinə
yüksələrək ölkənin etibarlı ərzaq təhlükəsizliyinin
qarantına çevriləcəkdir.
Gülhüseyn ƏHMƏDOV,
Milli Məclisin deputatı,
biologiya elmləri namizədi
Xalq qəzeti.- 2010.- 16 fevral.- S. 4.