Qərbdə “erməni
soyqırımı” məsələsi yenidən gündəmə
gətirilir
Erməni lobbisi Avropada yenidən fəallaşıb.
İsveçdəki Azərbaycan diasporundan
aldığımız məlumatlara görə, qondarma “erməni
soyqırımı”nın İsveç parlamentində
müzakirəyə çıxarılması ehtimalı
artıb. Ermənilər isə qərar layihəsinin qəbul
edilməsi üçün hər cür vasitəyə əl
atmağa başlayıblar. Müntəzəm olaraq
isveçli deputatlarla görüşür, təbliğat
kampaniyasını genişləndirirlər. Maraqlıdır
ki, “soyqırımı”n parlamentdə müzakirəsi ilə
bağlı qərar Türkiyə Böyük Millət Məclisinin
(TBMM) nümayəndə heyəti Stokholmda səfərdə
olarkən qəbul edilib. Heyət üzvləri xəbəri
öz həmkarlarından deyil, jurnalistlərdən öyrəniblər.
Belə ki, mətbuat konfransında jurnalistlər TBMM-in xarici əlaqələr
komissiyasının rəhbəri Murad Mərcana məsələ
ilə bağlı sual ünvanlayıblar. Komissiya rəhbəri
isə belə bir şeyin olmadığını bildirib.
Lakin İsveç parlamentinin xarici əlaqələr
komissiyasının sədri deyib ki, “soyqırımı”
haqqında qətnamə uzağı bir aydan sonra parlamentdə
səsverməyə çıxarılacaq.
Vaxtın
azlığını nəzərə alan Azərbaycan və
türk diasporları isə erməniləri ifşa etmək
üçün fəaliyyətlərini genişləndirmək
barədə qərar qəbul ediblər. Ölkədəki
soydaşlarımızın fikrincə, 1915-ci ildə baş
verən tarixi həqiqətləri İsveç ictimaiyyətinin
və siyasi dairələrinin diqqətinə
çatdırmaqla yanaşı, Xocalı soyqırımı
barədə də təbliğatı gücləndirmək
vacibdir. Çünki bu faciə özlərini məzlum
xalqın nümayəndələri kimi dünyaya təqdim edən
ermənilərin həqiqi simasını açıb göstərmək
üçün ən yaxşı vasitədir.
Xocalı faciəsinin
ildönümü yaxınlaşdıqca məsələ daha
da aktuallaşır. Ona görə də Azərbaycan və
türk cəmiyyətləri yaranmış bu imkandan səmərəli
istifadə etməyi planlaşdırırlar. Əsas məqsədlərdən
biri isə Xocalı ilə bağlı kütləvi tədbirlərin
təşkil olunmasıdır. Tədbirlərə ölkənin
siyasi elitasının və ictimaiyyətin digər
aparıcı nümayəndələrinin dəvət
olunacağı gözlənilir. Bundan başqa, faciə barədə
kitabçalar hazırlanır və onların geniş
kütləyə çatdırılması nəzərdə
tutulur. Yerli mətbuatda Xocalı faciəsinə həsr
olunmuş məqalələrin dərc edilməsi və
videoroliklərin televiziyalarda nümayişləri təşkil
olunacaq.
Digər xoşagəlməz
xəbər isə İsveçrədən gəlib.
Bütün cəhdlərə baxmayaraq, bu ölkədə
“erməni soyqırımı”nı rədd edən 3 türk cəzalandırılıb.
Halbuki, İsveçrə Türkiyə–Ermənistan
danışıqlarında vasitəçi rolunu oynayır və
əslində, bu ölkə ən azı tərəfsiz
olduğunu nümayiş etdirmək üçün qondarma
“soyqırımı” məsələsini gündəmə gətirməməliydi.
Digər tərəfdən, həmin şəxslərin cəzalandırılması,
siyasi partiya və qeyri-hökumət təşkilatlarının
azad fəalliyətini təbliğ edən Avropanın
özündə fikir və söz azadlığının
kobud şəkildə pozulduğunu göstərir.
“Soyqırımı” rədd
etdiyinə görə cəzalandırılanlardan biri olan Həsən
Kemahlının mətbuata açıqlaması da bunu təsdiq
edir. Berndəki Atatatürkçü Düşüncə Dərnəyinə
rəhbərlik edən Həsən bəy deyib ki, mən
Sürixdəki Atatürkçü Düşüncə Dərnəyinin
başqanı Ethem Kayalı ilə birlikdə bir tədbir təşkil
etdik. Tədbirə dəvət olunan Türkiyənin
İşçi Partiyasının Avropadakı nümayəndəsi
Əli Mərcan çıxış edərək bildirdi ki,
1915-ci ildə baş verən hadisələr
araşdırılarsa, bütün dünyaya məlum olacaq
ki, həmin dövrdə ermənilər deyil, Anadoludakı
türklər qətliama məruz qalıblar. Bu qətliamları
törədənlər isə xaricdən dəstək alan erməni
silahlı dəstələri olub. Osmanlı imperiyası isə
dinc erməniləri qorumaq üçün onların daha təhlükəsiz
ərazilərə köçürülməsi barədə
qərar qəbul etmək məcburiyyətində qalıb. Əli
Mərcan bu fikirləri dedikdən sonra “erməni
soyqırımı”nı beynəlxalq aləmi
çaş-baş salan böyük yalan” adlandırıb.
İsveçrə məhkəməsi
Ə. Mərcanın həmin sözlərinin ölkədəki
“İrqçiliklə mübarizə” qanuna zidd olduğunu əsas
gətirərək, ona 180 gün həbs cəzası verib.
Ali Məhkəməyə müraciət olunsa da uzun çəkən
prosesdən sonra həmin instansiya həbs müddətini cəmi
30 gün azaldaraq, 150 günə endirib. Ancaq qərarı
qüvvədə saxlayıb. Atatürkçü
Düşüncə Dərnəyinin Berndəki və
Sürixdəki başqanları isə, guya, tədbirdə bu
məsələnin müzakirəsini təşkil etdikləri
üçün “təqsirli” bilinərək növbəti dəfə
cərimə olunublar. Həsən Kemahlının sözlərinə
görə, bu günlərdə Avropa İnsan Haqları Məhkəməsinə
müraciət edəcəklər. Bütün bunlar isə
göstərir ki, bəzən “Avropa dəyərlərindən”
dəm vuran və başqa ölkələrə demokratiya dərsi
keçməyə çalışan Qərbin
özünün buna böyük ehtiyacı var. Bu, həm də
onu göstərir ki, Türkiyə ilə Ermənistan
arasında normallaşma prosesi heç də bəzilərinin
düşündüyü kimi dünyada türklərə
qarşı təbliğatın qarşısını almaq
iqtidarında deyil. Bu məsələdə Qərbin və
İrəvanın səmimi olmadığı
açıq-aşkar özünü göstərir. Prezident
Serj Sarksiyana Türkiyə ilə imzalanan protokolların ləğv
edilməsi səlahiyyətinin verilməsi də bunu sübut
edir. Belə çıxır ki, gələcəkdə sənədlər
ölkə parlamentində ratifikasiya olunarsa belə erməni
lideri istədiyi vaxt onu “zibil yeşiyinə” ata biləcək.
Bu isə növbəti dəfə Ermənistan tərəfinin
riyakar siyasət yürütdüyünü göstərir.
Ancaq bütün bunları görən Qərb yenə də
İrəvanın “şıltaqlıqlarına” göz yumur,
yenidən Ankaraya təzyiq göstərir.
Bu günlərdə Qətərdə
səfərdə olan Türkiyənin Baş naziri Rəcəb
Tayyib Ərdoğanın ABŞ-ın dövlət katşbi
Hillari Klintonla görüşündə də bu məsələ
ətraflı müzakirə olunub. Ərdoğan Ermənistan
Konistitusiya Məhkəməsinin erməni-türk
protokollarına əlavələr etməsinin, üstəlik,
erməni prezidentinə sənədlərin ləğv
olunması səlahiyyətinin verilməsinin normallaşma
prosesinə mənfi təsir göstərdiyini
vurğulayıb.
Görüşdə
Dağlıq Qarabağ münaqişəsi ətrafında
aparılan danışıqlar prosesinə də toxunulub. Tərəflər
Cənubi Qafqazda sabitliyin təmin olunması üçün
ATƏT-in Minsk qrupunun səylərinin artırılması məsələsində
ortaq mövqedən çıxış ediblər.
“Soyqırımı”n ABŞ Konqresində müzakirəsi məsələsinə
gəlincə, Türkiyənin Baş naziri bildirib ki, tarixi həqiqətlər
siyasətçilər tərəfindən deyil, tarixçilər
tərəfindən ortaya çıxarılmalıdır və
bu məsələdən Ankaraya qarşı təzyiq vasitəsi
kimi istifadə edilməsi yolverilməzdir.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2010.- 17 fevral.- S. 6.