Qızıl Aypara
Cəmiyyətinin yaranmasının 90 illik
yubileyi Suraxanı rayonunda
qeyd edildi
Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
yaranmasının 90 illik yubileyi münasibəti ilə tədbir
keçirilmişdir. Tədbir iştirakçıları ilk
öncə ümummilli lider Heydər Əliyev parkında dahi
öndərin abidəsinin önünə tər güllər
qoymuş, sonra tədbir iştirakçıları Heydər Əliyev
Mərkəzi ilə tanış olmuşlar.
Qızıl Aypara Cəmiyyətinin
Suraxanı rayon bolməsinin sədri Turan Əsgərova tədbirdə
çıxış edərək rayon bölməsinin
gördüyü işlər haqqında geniş məlumat
vermişdir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov ötən illər
ərzində, xüsusilə ölkəmiz müstəqillik əldə
etdikdən sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
fəaliyyəti, gördüyü işlər haqqında
danışmışdır. Cəmiyyətin prezidenti
bildirmişdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
fəaliyyətinə, eyni zamanda kütləvi tədbirlərin
keçirilməsində yaxından iştirak edərək əməli
kömək göstərdiyinə görə Suraxanı Rayon
İcra Hakimiyyətinin başçısı İlqar Abbasov
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Rəyasət
Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif
olunmuşdur.
Tədbirdə
çıxış edən rayon icra hakimiyyətinin
başçısı İ.Abbasov Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin yaranmasının 90 illik yubileyi
münasibəti ilə tədbir
iştirakçılarını təbrik etmişdir. Cəmiyyətdə
çalışan bütün insanlara vacib fəaliyyətlərində
uğurlar arzulayan natiq göstərmişdir ki, müstəqil
Azərbaycan Respublikasının ictimai həyatında
qeyri-hökumət təşkilatlarının rolu
günü-gündən artır.Vətəndaş cəmiyyəti
quruculuğuna öz köməyini göstərən belə
vacib ictimai qurumlardan biri də Qızıl Aypara Cəmiyyətidir.
Cəmiyyət 1994-cü il noyabrın 26-da Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin diqqət
və qayğısı sayəsində, Milli Məclisinin qərarı
ilə, Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Hərəkatının tərkib hissəsi olaraq,
respublikada bu sahədə fəaliyyət göstərən
yeganə rəsmi humanitar təşkilat kimi təsdiq
edilmişdir.Ötən dövr ərzində cəmiyyətin
öz fəaliyyətini daha da təkmilləşdirməsi,
lazımlı bir qurum olduğunu sübut etməsi hər
birimizi sevindirir.
Natiq xüsusi
vurğulamışdı ki, Qızıl Aypara Cəmiyyəti
yarandığı gündən insani mövqedən
çıxış etmiş, insanları daim humanizmə,
xeyirxahlığa çağırmış, onlarda mərhəmət
hissləri oyatmağa çalışmışdır. Bu təşkilatın
fəaliyyətinin əsas qayəsini insanpərvərlik və
xeyirxahlıq kimi nəcib keyfiyyətlər təşkil edir.
Qızıl Aypara Cəmiyyəti Azərbaycan vətəndaşlarının
üzləşdiyi müxtəlif məsələlərin həll
edilməsində və aradan qaldırılmasında bir
sıra xidmətlər göstərmiş və göstərməkdədir.
Bu cəmiyyət
insanlara maddi və mənəvi dəstək verməklə,
müharibədən, təbii fəlakətdən zərər
çəkənlərə, əhalinin sosial cəhətdən
zəif müdafiə olunan təbəqələrinə
yardım edir. Qızıl Aypara Cəmiyyəti insanlara həyata
inam hissi aşılayır. Cəmiyyət həmçinin bir
sıra yoluxucu xəstəliklərin qarşısının
alınmasında xüsusi xidmətlər göstərir.
Cəmiyyətin
Suraxanı rayon bölməsinin sədri T.Əsgərova tədbiri
yekunlaşdıraraq bildirmişdir ki, Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin bölməsi rayonda məskunlaşmış
qaçqın və məcburi köçkünlərin,
sosial problemləri olan rayon sakinlərinin rifah halının
yaxşılaşdırılması sahəsində bundan
sonra da böyük həvəslə və əzmkarlıqla fəaliyyət
göstərəcəkdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 17 fevral.- S. 5.