Ötən ilin
yekunları
Nizami rayonunda
2009-cu ilin sosial-iqtisadi
uğurları təhlil olunmuşdur
Dünən Bakı şəhəri Nizami Rayon
İcra Hakimiyyətində 2009-cu ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş hesabat yığıncağı
keçirildi. Tədbir iştirakçıları öncə
müasir Azərbaycan dövlətinin qurucusu,
xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon
icra hakimiyyəti binasının foyesindəki büstü
önünə gül dəstələri düzdülər.
Rayonun sənaye, təhsil,
səhiyyə, mədəniyyət, xidmət sahələrinin,
hüquq-mühafizə orqanlarının, eləcə də
ictimaiyyət nümayəndələrinin iştirak etdikləri
yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov açdı. Sonra 2009-cu ildə
Nizami rayonunun sosial-iqtisadi inkişafını, burada
aparılan abadlıq-quruculuq işlərini əks etdirən sənədli
film nümayiş olundu.
Tahir Budaqov 2009-cu il ərzində
rayonun sosial-iqtisadi inkişafının yekunlarına və
2010-cu ildə qarşıda duran vəzifələrə həsr
olunmuş geniş hesabat məruzəsi ilə
çıxış etdi. Natiq ulu öndər Heydər Əliyev
tərəfindən əsası qoyulmuş sosial-iqtisadi
islahatların Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində ötən il
ölkəmizdə ümumi inkişafın davam etdiyini diqqətə
çatdırdı. Azərbaycanda sosial-iqtisadi sahələrdə
həyata keçirilən bütün islahatların əsas məqsədinin
vətəndaşların rifahının
yaxşılaşdırılmasına yönəldiyini
vurğulayan məruzəçi ümumi inkişafı
xarakterizə edən makroiqtisadi göstəricilərin getdikcə
yaxşılaşdığını və bunun Azərbaycanı
regionun lider dövlətinə çevrilməsinə imkan
yaratdığını bildirdi.
2009-cu ilin Azərbaycan
Respublikası üçün kifayət qədər
uğurlu və yüksək nailiyyətlərlə zəngin
bir dövr olduğunu qeyd edən natiq dedi ki, yanvar
ayının 18-də Prezident Sarayında dövlət
başçısı cənab İlham Əliyevin sədrliyi
ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ilin
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasında son illər ərzində ölkə
iqtisadiyyatında müşahidə olunan iqtisadi artımın
hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirlimişdir.
Belə ki, Prezident İlham Əliyev statistik göstəricilər
əsasında Azərbaycanda sosial vəziyyətin, sənaye
istehsalının, özəl bölmənin, neft-qaz sektorunun,
qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının
və digər bütün sahələr üzrə
istehsalın yüksəlməsini və inkişafını təhlil
edərək dünyada davam edən maliyyə böhranına
baxmayaraq, ötən il ölkədə ümumi daxili məhsulun
9,3 faiz artdığını, sənayedə 8,6 faiz, kənd
təsərrüfatında isə 3,5 faizlik inkişafın
baş verdiyini bildirmişdir.
Dövlət başçısı ölkədə sosial proqramların uğurla icra olunduğunu vurğulayaraq 2009-cu ildə ölkə üzrə inflyasiyanın 1,5 faiz təşkil etdiyini, orta aylıq əmək haqqının 6,8 faiz artaraq 298 manata çatdığını, Azərbaycanda 2003-cü ildən bəri 840 min yeni iş yerinin açıldığını bəyan etmişdir.
Son illər ölkəmizin sosial-iqtisadi həyatında baş verən tərəqqi paytaxtın Nizami rayonunda da aydın hiss olunur. Bu barədə məlumat verən rayon icra hakimiyyətinin başçısı bildirdi ki, ölkə iqtisadiyyatında baş vermiş sürətli inkişaf Nizami rayonunun sosial-iqtisadi həyatını daha da canlandırmış, rayon sakinlərinin qarşılaşdığı sosial problemlərin həlli istiqamətində konkret addımlar atılmış, xidmət sahələrinin fəaliyyəti yüksəlmiş, çoxsaylı yeni iş yerləri açılmışdır.
Natiq bildirdi ki, 2009-cu ildə Nizami rayonunda sənaye sahəsi üzrə istehsalın həcmi 1 milyard 213,5 milyon manat təşkil etmişdir ki, bunun da 34,1 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Məhsul istehsalında artım, əsasən, ət və ət məhsulları, saflaşdırılmış günəbaxan yağı, şərabçılıq, əczaçılıq məhsullarının və sementin istehsalı, elektrik enerjisi, qaz, buxar istehsalı və bölüşdürülməsi sahələrində qeydə alınmışdır. Həmin dövrdə istehsal olunmuş məhsulun 100 faizi istehlakçılara göndərilmişdir.
Məruzəçi qeyd etdi ki, rayon üzrə ümumi inkişafın əldə olunmasında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, “European Tobacco Baku” ASC-nin, “Neftqaztikinti” trestinin, “NJT-2000” firmasının, “Azərsun Holdinq” şirkətinin, “Bakı Şərab-1” və “Zəhmət – Ruzi” açıq səhmdar cəmiyyətlərinin böyük xidmətləri olmuşdur.
2009-cu ildə rayonun nəqliyyat və rabitə müəssisələrinin uğurlu fəaliyyətinə toxunan natiq həmçinin iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 98,2 milyon manat həcmində investisiya yönəldildiyini, bunun da 84,1 milyon manatının dövlət, 14,1 milyon manatının isə qeyri-dövlət müəssisələrinin payına düşdüyünü diqqətə çatdırdı. Qeyd olundu ki, hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyanın 89,1 milyon manatı, yəni 90,7 faizi istehsal təyinatlıdır. Ötən il rayon üzrə pərakəndə əmtəə dövriyyəsi və pullu xidmətlərin həcmi 7,4 faiz artaraq 690,5 milyon manat olmuş, özəl müəssisələr tərəfindən əhaliyə 667,4 milyon manatlıq istehlak malları satılaraq pullu xidmətlər göstərilmişdir. İl ərzində pərakəndə ticarət şəbəkələrində əhaliyə 487 milyon manatlıq istehlak malları satılmışdır ki, bu da 2008-ci illə müqayisədə 6,1 faiz çoxdur.
Həmçinin bildirildi ki, ötən ilin yekununa görə, rayon üzrə işçilərin orta aylıq nominal əmək haqları 2,7 faiz artaraq 274,8 manat olmuşdur. Orta aylıq əmək haqqı sənayedə 9,2 faiz, nəqliyyat sahəsində 12,9 faiz, rabitədə isə 13,2 faiz artmışdır.
Natiq qeyd etdi ki, ötən il tikinti sahəsində fəaliyyət göstərən müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 96,1 milyon manat təşkil etmişdir ki, bunun da 68,1 milyon manatlığı yeni tikinti, yenidənqurma və genişləndirmə işləridir. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının inzibati binası, 7 istehsal sahəsi, 3 ticarət mərkəzi, 2 özəl səhiyyə müəssisəsi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu tərəfindən inşa edilmiş 83 mənzilli yaşayış binası 2009-cu ilin əsas buraxılış obyektləri kimi rayonun sosial-iqtisadi mənzərəsinə yeni çalarlar əlavə etmişdir. Məruzəçi rayonun nəqliyyat sektorunda və rabitə sahəsində də il ərzində uğurlu nəticələr əldə olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, hesabat ilində nəqliyyat sektorunda xidmətlərin həcmi 25,8 milyon manat təşkil etmişdir ki, bu da 2008-ci ilə nisbətən 47,4 faiz artım deməkdir. Rayonun rabitə müəssisələrində isə xidmətin həcmi 10 milyon manat olmuşdur.
T.Budaqov 2009-cu ildə ölkə Prezidenti İlham Əliyev və onun xanımı YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Nizami rayonunda bir sıra obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirak etmələrini rayon sakinlərinə olan qayğı və diqqətin nəticəsi kimi dəyərləndirdi.
2009-cu ildə Nizami rayonunda 1446 yeni iş yerinin açıldığını diqqətə çatdıran məruzəçi bildirdi ki, iş yerlərinin 221-i yeni yaradılmış müəssisələrin, 69-u mövcud müəssisələrin, 1116-sı isə fiziki şəxslərin payına düşmüşdür. Bütövlükdə isə 2003-cü ilin oktyabr ayından 2010-cu ilin yanvar ayının 1-dək rayonda 15115-i daimi olmaqla 15212 yeni iş yeri yaradılmışdır. Ötən il rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülmüş işlər barədə məlumat verən natiq onu da dedi ki, ölkə başçısı tərəfindən imzalanmış fərman və sərəncamların məhz əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilməsinin nəticəsidir ki, əvvəlki dövrlərlə müqayisədə vətəndaşların maddi rifah halı getdikcə yaxşılaşır.
Məruzəçi həmçinin 2009-cu ildə sakinlərin işıq, qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması ilə bağlı görülən işləri sadaladı. Bundan əlavə, rayonun səhiyyə və təhsil müəssisələrinin işinin əsaslı şəkildə yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər diqqətə çatdırıldı.
Məruzə ətrafında çıxış edən digər natiqlər rəhbərlik etdikləri sahələrin 2009-cu il ərzindəki fəaliyyəti ilə bağlı hesabat verdilər, ölkənin sosial-iqştisadi inkişafı yolunda bundan sonra da səylə çalışacaqlarını bildirdilər.
Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin 2010-cu ildə rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi. Bütün bu məsələlərin iclasın qərar layihəsində öz əksini tapacağı vurğulandı.
Hesabat yığıncağında iştirak edən Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev və Milli Məclisin deputatı, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev çıxış edərək 2009-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm işlərdən, sosial və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan söhbət açdılar, rayon sakinlərinə Azərbaycanın gələcək inkişafındakı fəaliyyətlərində uğurlar arzuladılar.
Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti adından müraciət qəbul olundu.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2010.- 17 fevral.- S. 5.