Sabirabad: əzmkarlıq,
işgüzarlıq uğurların təməlidir
Möhtərəm
Prezidentimiz İlham Əliyevin diqqət və
qayğısı sayəsində əvvəlki illərdə
olduğu kimi 2009-cu ildə də rayonumuzda böyük işlər
görülmüşdür. “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı (2009-2013-cü illər)” ilə rayon icra hakimiyyətinin
qarşısına qoyulan vəzifələr uğurla icra
olunmuşdur. — Sabirabad Rayon İcra Hakimiyyətinin
başçısı Heydər Abbasov 2009-cu ilin
yekunlarından bəhs edərkən belə dedi və əlavə
etdi: — Əlbəttə, bütün bunlar 2010-cu ildə
işlərimizin daha sağlam təməl üzərində
qurulacağından xəbər verir.
Doğrudan da, ötən
ilin statistik göstəriciləri rayonun uğurlu bir il
yaşadığını təsdiq edir. 2009-cu ildə Qaratəpə
kəndində aqrolizinq müəssisəsi fəaliyyətə
başlamışdır. Elə həmin kənddə 12 min
tonluq tutumu olan regional logistik gübrə anbarı tikilib
istifadəyə verilmişdir. Hər iki obyekt kənd təsərrüfatının
inkişafına əvəzsiz töhvələr verəcəkdir.
Şəhid ailələri
və Qarabağ müharibəsi əlilləri
üçün hər cür şəraiti olan 16 mənzilli
yaşayış binası tikilmişdir. Qeyd edək ki, son 2
ildə onların istifadəsinə 24 və 16 mənzilli
yaşayış binaları da verilmişdir.
Araz çayı üzərində asma körpü salınmış, bu da çayın sol sahilindəki 4 kəndin sakinlərinin mərkəzlə əlaqəsini asanlaşdırmışdır. Balahəşimxanlı kəndində 480 şagird yerlik yeni məktəb binası tikilib ən müasir avadanlıqlarla təchiz olunmuş, təhsil şöbəsi üçün inzibati binanın tikintisi də yüksək keyfiyyətlə aparılmışdır. Mikayıl Müşfiq adına 4 saylı, Rüstəmli, Qaragünə 2 saylı kənd orta, Qaratəpə kənd əsas, Güdəcühür kənd ibtidai məktəbləri, habelə 2 və 5 saylı şəhər uşaq bağçaları əsaslı təmir edilmişdir. MRX-in əsas binasında, Nizami kənd sahə xəstəxanasında əsaslı, Qaratəpə, Muğangəncəli, Yaxadəllək kənd sahə xəstəxanalarında, Həşimxanlı, Yolçubəyli, Şəhriyar kənd həkim ambulatoriyalarında bərpa və cari təmir işləri aparılmışdır. Tarix-diyarşünaslıq muzeyində, uşaq musiqi məktəbində, Əhmədabad kənd mədəniyyət evində və kitabxanasında əsaslı təmir işləri görülmüşdür.
Aqrar bölmədə yeni emal sexləri fəaliyyətə başlamış, 4 heyvandarlıq və quşçuluq müəssisəsi yaradılmışdır.
2009-cu ildə rayonda geniş qurucluq və abadlıq işləri də aparılmışdır. Şəhərin Heydər Əliyev prospektində “Muğan” istirahət parkı əsaslı şəkildə yenidən qurulmuşdur. Burada 1892 kvadratmetr sahəyə üzlük daş döşənmiş, 2 fəvvarə tikilmiş, yeni işıqlandırma sistemi quraşdırılmış, oturacaqlar qoyulmuş, 1014 kvadratmetr sahədə yaşıllıq salınmışdır.
Şəhərin küçə və meydanlarında da xeyli iş görülmüşdür. M.S.Ordubadi, R.Rza, Xaqani, Q.Namazəliyev, A.Abdullayev, N.Gəncəvi və digər küçələrdə, eləcə də çoxmərtəbəli yaşayış binalarının həyətinə ümumilikdə 43,1 min kvadratmetr asfalt örtüyü vurulmuşdur. Heydər Əliyev prospektinin, M.Mirağaoğlu və İ.İsgəndərov küçələrinin səkilərinə ümumilikdə 2175 kvadratmetr ağ lay və tamet daşı döşənmişdir. Heydər Əliyev prospektindəki yaşayış binalarının dam örtüyü əsaslı təmir olunmuş və bir sıra digər bərpa işləri görülmüşdür.
“Bazar küçələri” adlanan V.Əhmədov və İ.İsgəndərov küçələrində nəqliyyatın və insanların hərəkətinə maneçilik törədən 10-dan çox ticarət obyektinin müəyyən hissəsinin sökülməsi nəticəsində V.Əhmədov küçəsi 4 metr enində genişləndirilmiş və küçə boyu yeni kanalizasiya xətti çəkilmişdir.Kənd yollarının təmirinə diqqət artırılmış, 17 kənddə yollara çınqıl döşənmişdir. Bu iş davam etdiriləcəkdir.
Prezident İlham Əliyev 2010-cu ili “Ekologiya ili” elan etmişdir. Ağac əkini kampaniyası əsl ümumxalq hərəkatına çevrilmişdir. Sabirabadda bu istiqamətdə əsaslı işlər görülmüşdür.
Ötən il rayon iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi uğurlu olmuşdur. Ümumi məhsul buraxılışı əvvəlki ilə nisbətən 5,6 faiz artaraq 203,3 milyon manat olmuşdur. Sənaye məhsulunun həcmi də artaraq 9,7 milyon manat təşkil etmişdir. İqtisadiyyatın inkişafına və sosial obyektlərin yaradılmasına investisiya qoyuluşu artmışdır. Əsas kapitala yönəldilən investisiyanın həcmi 9 milyon 284 min manat olmuşdur.
Kənd təsərrüfatında ümumi məhsul istehsalı 122 milyon manat olmuş, bu da əvvəlki illə müqayisədə 17 milyon manat və ya 15 faiz artım deməkdir.
Əhalinin sosial rifahını səciyyələndirən göstəricilərdə də artım dinamikası müşahidə edilmişdir. Adambaşına düşən pul gəlirləri 2009-cu ildə əvvəlki illə müqayisədə 7,7 faiz artaraq 1293,6 manat, orta aylıq əmək haqqı 10,4 faiz artaraq 182,2 manat olmuşdur.
Sahibkarlara hərtərəfli şəraitin yaradılmasının nəticəsidir ki, iqtisadi sahədə qeyri-dövlət sektoru həlledici rol oynamışdır. Ümumi məhsul buraxılışının 92 faizi, sənaye məhsulu həcminin 65 faizi, kənd təsərrüfatı məhsulunun hamısı qeyri-dövlət sektorunun payına düşmüşdür.
Ötən il rayonun kənd təsərrüfatı üçün xüsusilə uğurlu olmuşdur. Dövlət başçısının kənd təsərrüfatına qayğısını sabirabadlılar daha yaxından hiss etmişlər. 18748 şəxsə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına görə 2,1 milyon manat vəsait verilmişdir. Bütün vəsait plastik kartlar vasitəsilə ödənilmişdir. Məhsul istehsalçılarına güzəştli qaydada 446 min manat dəyərində 1122 ton mineral gübrələrin satılması təmin edilmişdir.
Elə bunların nəticəsidir ki, ötən il 63383 hektar sahədə yüksək məhsuldarlığa nail olunmuşdur. Taxılçılıqda uğurlar daha böyükdür. 23618 hektar buğda, 7485 hektar arpa sahəsindən ümumilikdə 113837 ton taxıl götürülmüşdür, bu da əvvəkli illə müqayisədə 21,4 min ton artıqdır.
Son illər qrant hesabına 22 nəfərə 53 müxtəlif markalı kənd təsərrüfatı texnikası verilmişdir. Aqroservislərdə isə 100-ə yaxın texnika cəmləşmişdir.
Meşələrin mühafizəsi və yeni meşələrin salınması Sabirabad üçün həyati vacib məsələlərdəndir. Kürqırağı ərazisində 3046 hektar meşəliyin qorunmasını rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi həyata keçirir. Keçən il 40 hektar meşə əkilmiş, meşələrin cins tərkibi də xeyli yaxşılaşdırılmışdır.
Əkinçiliyin
inkişafı düzgün suvarmadan aslıdır. Hər il
Sabirabadda 67 min hektar sahədə suvarma işləri
aparılır. Bu mühüm işlə
mexaniki suvarma və suvarma sistemləri idarələri məşğul
olur. Ötən il bu müəssisələr
2311 kilometr uzunluğunda suvarma kanal sistemi vasitəsilə xidmət
göstərmiş, 480-ə qarşı 767 kilometr su
kanalı lildən təmizlənmişdir. Suvarmanın
yaxşılaşdırılması üçün digər
vasitələrdən də istifadə edilmişdir. Qaratəpə kəndində Dünya Bankının
vəsaiti hesabına “Suvarma paylayıcı sistemi və onun
idarə olunmasının təkmilləşdirilməsi” layihəsi
həyata keçirilmişdir. Nizami, Qaragüney, Cavad və
digər kəndlərdə də həyata keçirilən
belə irihəcmli layihələrin səmərəsi
böyükdür.
Ötən il
təhsil sahəsində görülən işlər sürətlənmiş,
inkişafyönümlü proqramlar ardıcıl həyata
keçirilmişdir. Ölkə Prezidentinin sərəncamı
ilə 2009-cu ilin “Uşaq ili” elan olunması ilə əlaqədar
rayonun təlim-tərbiyə müəssisələrində
çoxsaylı tədbirlər həyata keçirilmiş, məktəblilər
arasında müxtəlif müsabiqələr, yarışlar
təşkil olunmuşdur.
Təhsil müəssisələrinin
əsas göstəricilərindən biri məzunlarının
ali məktəblərə qəbuludur.
2009-cu ildə respublikanın ali məktəblərinə
152 nəfər, orta ixtisas məktəblərinə isə 36
nəfər sabirabadlı məzun qəbul olunmuşdur. Onlardan
10 nəfəri 500-dən yuxarı bal
toplamışdır.
Sosial sahədə
aparılan islahatlar rayonda səhiyyənin inkişafına da
öz müsbət təsirini göstərmişdir. Əhalinin
sağlamlığı keşiyində dayanan 134 həkim və
470 orta tibb işçisi əhaliyə 20 ixtisasda 150 mindən
çox yerli, 9 minə yaxın qaçqın və məcburi
köçkünlərə ambulator və stasionar tibbi xidmət
göstərmişdir. Mərkəzi xəstəxanaya
müasir tipli ultrasəs müayinəsi və “SİEMENS”
markalı rentgen aparatları verilmişdir.
Rayonda mədəni
xidmətin səviyyəsi də yüksəlmişdir. Muzey və
kitabxana xidməti
yaxşılaşdırılmışdır. Ən müasir tələblərə cavab verən
Heydər Əliyev muzeyi yaradılmış, tarix
diyarşünaslıq muzeyinin eksponatları 8770-ə
çatdırılmışdır. Mərkəzi
kitabxana sistemində 513 min nüsxədən çox kitab
fondu yaradılmış, M.Ə.Sabir adına Mərkəzi
kitabxanada avtomatlaşdırılmış informasiya sistemi
qurulmuş, kənd yaşayış məntəqələrində
asudə vaxtın təşkili üçün mədəni-kütləvi
tədbirlərin keçirilməsinə diqqət
artırılmışdır.
Heydər Əliyev muzeyinin
işinin təkmilləşdərilməsi istiqəmətində
xeyli iş görülmüşdür. İctimaiyyətin
nümayəndələrindən
formalaşdırılmış qrup Heydər Əliyev irsinin
təbliği və öyrənilməsi ilə yanaşı
ulu öndərlə bağlı xeyli sayda videolentə
alınmış xatirələr, fotoşəkillər əldə
etmişdir. Muzeyə ziyarətin kütləviliyi
təmin olunmuş, burada gənc nəslin vətənpərvərlik
və dövlətçilik ruhunda formalaşması istiqamətində
müxtəlif tədbirlər keçirilmişdir.
Ötən il
milli azlıqlarla da iş canlandırılmışdır. Rus icmasının üzvlərini narahat edən hər
bir məsələyə həssaslıqla
yanaşılmışdır. Provoslavların
Pasxa bayramı münasibətilə icma üzvləri rayon
icra hakimiyyətində qəbul edilmiş və onlara maddi
yardım göstərilmişdir.
Rayonda məskunlaşan
6164 məcburi köçkünün, 2432
qaçqının yaşayış şəraitinin
yaxşılaşdırlması və məşğulluğunun
artırılması üçün əsaslı işlər
görülmüşdür. 365 hektar əkinə
yararlı torpaq sahəsi onların istifadəsinə
verilmiş, heyvandarlıqla məşğul olan məcburi
köçkün ailələrinə isə 309 hektar
örüş sahəsi ayrılmışdır. Axıska türk ailələri üçün
Qaratəpə kəndində 12, Əhmədabad kəndində
4, Xəlfəli kəndində isə 2 yaşayış evi
tikilmişdir.
221 şəhid
ailəsi, 133 Qarabağ müharibəsi və 29
Çernobıl əlili, 44 Böyük Vətən
müharibəsi veteranı daim diqqət mərkəzində
olmuşlar. Son illər bu kateqoriyadan olan insanlar üçün
56 mənzilli 3 yaşayış binası tikilib istifadəyə
verilmişdir. Bunlarla yanaşı, kəndlərdə
yaşayan bu qrupdan olan insanların mənzil-məişət
şəraitini yaxşılaşdırmaq üçün də
bir sıra tədbirlər görülmüşdür.
Suqovuşan kəndində Qarabağ müharibəsi əlili
Məhərrəm Əhmədova ikiotaqlı ev tikilmiş, 26
şəhid ailəsinin, 2 Çernobıl əlilinin mənzilində
təmir bərpa işləri aparılmış, ailə vəziyyəti
ağır olan 10 Qarabağ müharibəsi əlili himayəyə
götürülmüşdür. 3 nəfər
Böyük Vətən müharibəsi əlilinə “OKA”
markalı avtomobil ayrılmış, 18 əlilə isə pansionatlara
pulsuz yollayış vərəqələri verilmişdir.
Aztəminatlı
ailələrə, əlil və kimsəsizlərə rayon
icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən
150 min manat yardım göstərilmişdir.
2009-cu ildə Sabirabad
rayonunda 35 yeni müəssisə yaradılmış, 588
iş yeri açılmışdır, bunun da 433-ü daimi, 155-i isə müvəqqəti olmuşdur.
Ötən il
həmçinin Qasımbəyli, Moranlı kəndlərində
koordinat tipli ATS-lər daha müasir elektron tipli ATS-lərlə
əvəz edilmiş, Həşimxanlı, Yolçubəyli,
Şəhriyar, Şıxsalahlı kəndlərində kabelləşmə
işləri aparılmış, xətlər yenilənmişdir.
Əhaliyə 99,1 min manat poçt xidməti
göstərilmişdir.
Əhalinin
elektrik enerjisi ilə təminatında bir sıra işlər
görülmüşdür. 8589 abonentə “Smart”
tipli yeni sayğac quraşdırılmış, 51 transformator
təmir edilmiş və yenisi ilə əvəz olunmuşdur.
Əhalinin təbii
qazla təchizatında da inkişaf vardır. 7 çoxmərtəbəli
yaşayış binasına təbii qaz verilmiş, şəhərin
9 küçəsinə yeni xətlər çəkilmiş
və yaxud köhnə qaz borularında təmir-bərpa
işləri aparılmışdır.
Kənd əhalisinin içməli
suya olan tələbatını ödəmək məqsədilə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti
ilə Sarxanbəyli, Muğan Gəncəli, Həşimxanlı,
Quruzma, Cavad, Türkədi və Narlıq kəndlərində
modul tipli sudurulducu qurğular istifadəyə verilmişdir. Son illər 15 kənddə də bu cür sudurulducu
qurğular quraşdırılmışdır. Yaxın gələcəkdə 22 kənddə də
belə qurğuların tikintisi nəzərdə
tutulmuşdur.
Su Kanal İdarəsi
tərəfindən mərkəzi nasos stansiyasında əsaslı
təmir işləri görülmüş, şəhərin
3 küçəsinə yeni su xətləri çəkilmiş,
digər xətlərdə təmir-bərpa işləri
aparılmışdır.
2009-cu il
dekabrın 23-də keçirilən bələdiyyə
seçkiləri ötən ilin əlamətdar hadisələrindən
olmuşdur. Sabirabad rayonunda da bu seçkilər “Azərbaycan
Respublikasının Seçki Məcəlləsi”nin tələblərinə tam uyğun təşkil
edilmişdir.
Sözsüz
ki, 2009-cu ildə Sabirabad rayonunda görülmüş işlərin
miqyası qəzet səhifəsinə sığmayacaq dərəcədə
çoxdur. Hamısından ətraflı danışmaq
mümkün olmasa da, bir məsələ dəqiqdir ki,
sabirabadlılar dövlətçilik ənənələrinə
sadiqlik nümayiş etdirməklə hər bir çətinliyin
öhdəsindən gəlməyin mümkünlüyünə
inanırlar. Elə bu inamın təzahürü olaraq
yazını rayon rəhbəri Heydər Abbasovun fikirləri
ilə tamamlamaq istəyirik:
— Qarşıda bizi daha
böyük və daha məsuliyyətli işlər gözləyir.
İqtisadiyyatın bütün sahələrində
əldə olunan yüksək nəticələr və
davamlı sürətli inkişafa hesablanan “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda
qarşıya qoyulan vəzifələr deməyə əsas
verir ki, iqtisadi potensialımız növbəti ildə daha da
gücləncəkdir. Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyevi
əmin edirik ki, sabirabadlılar 2010-cu ildə də əzmlə
çalışacaq və rayonun yüksəlişini təmin
edəcəklər.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2010.- 17 fevral.- S. 4.