Məhkəmə sistemi təkmilləşir
və inkişaf edir
Ölkəmizdə yeni təsisat – Məhkəmə-Hüquq
Şurasının yaradılmasının 5 ili tamam olur.
Bununla əlaqədar Məhkəmə-Hüquq
Şurasının və milli məhkəmə sisteminin fəaliyyəti
ilə bağlı şuranın sədri, ədliyyə naziri
Fikrət Məmmədov AzərTAc-ın müxbirinə
müsahibə vermişdir. Müsahibə oxuculara təqdim
olunur.
– Fikrət müəllim,
bu ay Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin
5 ili tamam olur. Bu baxımdan, ilk sualımız da Məhkəmə-Hüquq
Şurasının yaradılması zərurəti və cəmiyyətdə
rolu barədədir.
– Bilirsiniz ki, Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
ictimai həyatın bütün sahələrində əsaslı
islahatlar həyata keçirilmişdir. İslahatların ən
geniş vüsət aldığı sahələrdən biri
də məhz hüquq sistemi olmuşdur. Bu da təsadüfi
deyildir. Çünki demokratik inkişaf yolunu tutmuş ölkəmizdə
keçmiş sovetlər birliyindən miras qalmış
hüquq sistemi ilə insan haqlarının müdafiəsinə
yönələn mütərəqqi islahatlar həyata
keçirmək mümkün olmazdı.
Məhkəmə-hüquq
islahatlarının mütəşəkkil həyata
keçirilməsi məqsədi ilə ümummilli liderimiz tərəfindən
Hüquqi İslahatlar Komissiyası yaradılmış və
bu işə xüsusi əhəmiyyət verən dahi öndərimiz
həmin komissiyaya rəhbərliyi öz üzərinə
götürmüşdü. Tarix üçün çox qısa
müddətdə ölkəmizin məhkəmə və
hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə
yenidən qurulmuş, müasir məhkəmə sistemi
yaradılmış, Avropa standartlarına uyğun olan mütərəqqi
qanun və məcəllələr qəbul edilmişdir.
2000-ci ildə dövlət
orqanları sırasında ilk dəfə olaraq hakimlərin
seçilməsi prosesində test üsulu ilə imtahan tətbiq
edilmiş, müstəqil məhkəmə hakimiyyətinin
yaradılması istiqamətində mühüm addımlar
atılmış və yeni məhkəmə sistemi fəaliyyətə
başlamışdır. Təbii ki, demokratik inkişaf,
ölkəmizin analoqu olmayan sürətli iqtisadi tərəqqisi,
yeni ictimai münasibətlərin formalaşması məhkəmə
fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə
islahatları şərtləndirmişdir.
Bununla əlaqədar
insan haqlarının qorunmasında məhkəmə fəaliyyətinə
böyük əhəmiyyət verən Prezident İlham Əliyevin
məhkəmə sisteminin beynəlxalq norma və prinsiplərə
uyğun daha da təkmilləşdirilməsi ilə
bağlı tapşırıqlarına əsasən bu sahədə
ardıcıl tədbirlər həyata keçirilmişdir.
İlk növbədə, məhkəmə fəaliyyətini
tənzimləyən qanunvericilik bazasının Avropa
Şurası ekspertləri ilə birgə ətraflı tədqiq
edilməsi məqsədi ilə Azərbaycan-Avropa
Şurası birgə işçi qrupu yaradılmış, gərgin
və intensiv müzakirələr aparılmış, əhatəli
fəaliyyət planı hazırlanaraq həyata
keçirilmişdir. Bu zaman Avropa Şurası Nazirlər Komitəsinin
Hakimlərin müstəqilliyi, səmərəliliyi və
roluna dair 12 saylı (1994) Tövsiyəsi, Hakimlərin statusu
haqqında Avropa Xartiyası (1998), Avropa Hakimlərinin Məşvərətçi
Şurasının Məhkəmələrin müstəqilliyi
və dəyişməzliyinə dair standartlarla əlaqədar
1 saylı (2001) rəyi diqqət mərkəzində
saxlanılmışdır.
Görülmüş tədbirlər
nəticəsində ədalət mühakiməsinin səmərəliliyinin
artırılması, məhkəmə hakimiyyətinin
müstəqilliyinə əlavə təminatların müəyyən
olunmasını nəzərdə tutan yeni qanunvericilik layihələri
hazırlanmış və Avropa Şurasında ekspertizadan
keçirildikdən sonra qəbul olunmuşdur. 2004-cü ilin
sonunda məhkəmələr və hakimlər haqqında
qanunun əsaslı şəkildə yeniləşməsi, Məhkəmə-Hüquq
Şurası haqqında xüsusi qanunun qəbul edilməsi ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasında mühüm rol oynamışdır.
İlk dəfə
olaraq, hakimlərin müddətsiz təyinatı, onların fəaliyyətlərinin
qiymətləndirilməsi qaydası təsbit edilmişdir.
Korrupsiya hallarının qarşısının
alınması məqsədi ilə qanunvericiliyə əsasən
hakimlər tərəfindən vətəndaşların qəbulu
qadağan edilmiş, məhkəmə fəaliyyətinin
şəffaflığının təmin olunması məqsədi
ilə yuxarı məhkəmələrin bütün qərarlarının,
habelə onlarla birlikdə yerli məhkəmələrin ləğv
edilmiş və ya dəyişdirilmiş qərarlarının
dərci nəzərdə tutulmuşdur.
Yeni təsisat – məhkəmə
hakimiyyətinin özünüidarə oranı olan 15 nəfər
üzvdən ibarət Məhkəmə-Hüquq Şurası
formalaşdırılmış, onun tərkibi əsasən
hakimlərdən (9 nəfər), eyni zamanda, Azərbaycan
Prezidentinin, Milli Məclisin, Prokurorluğun, Vəkillər
Kollegiyasının nümayəndələrindən ibarət
müəyyən olunmuşdur. Hakimlərin fəaliyyətinin
qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi,
vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə
cəlb edilməsi və onların fəaliyyəti ilə
bağlı digər məsələlər bu orqanın
müstəsna səlahiyyətinə aid edilmişdir.
Bu təsisat hələ
XIX əsrin sonlarından Fransa və İtaliyada əhəmiyyətli
presedentlərə malik olmuşdur. Bu gün isə məhkəmə
hakimiyyətinin özünüidarə orqanı olmaqla Avropada
ən mütərəqqi təcrübə kimi istifadə
edilir. Azərbaycan da məhz bu təcrübəyə istinad
etmişdir.
Yeniliyin əsas məqsədi
məhkəmələr və hökumət arasında yeni
qurum yaratmaqla məhkəmə sisteminin müstəqilliyini
gücləndirmək, məhkəmələrin və bu sahədə
hökumətin işini təkmilləşdirmək
olmuşdur. 2005-ci ilin fevral ayından formalaşmış Məhkəmə-Hüquq
Şurasının fəaliyyətinə mühüm əhəmiyyət
verilərək dövlətimizin
başçısının fərmanına əsasən,
şura yüksək statusuna uyğun olan yeni bina ilə təmin
edilmiş, ən müasir təşkilati-texniki avadanlıqla
və müasir informasiya və kommunikasiya texnologiyaları ilə
təchiz olunmuşdur.
Ötən dövr ərzində
Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə
fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin
fəaliyyətinin qiymətləndirilməsi və tədrisinin
müasir tələblər səviyyəsində qurulması,
icra və əmək intizamının möhkəmləndirilməsi,
qanun pozuntusu, süründürməçilik və digər
mənfi halların aradan qaldırılması üzrə məqsədyönlü
tədbirlər həyata keçirilmişdir.
Fəaliyyətində
şəffaflıq və aşkarlığın təmin
olunması məqsədi ilə şuranın iclaslarına
hakimlərin və digər hüquq təsisatı nümayəndələrinin,
hüquq müdafiə təşkilatları və media təmsilçilərinin
dəvət olunması mütəmadi xarakter almış,
habelə onun fəaliyyətinin ilk dövründən
geniş məlumatları əks etdirən və interaktiv
rejimdə işləyən internet səhifəsi istifadəyə
verilmişdir.
– Son illərə nəzər
salarkən məhkəmə sistemində əsaslı dəyişikliklərin
şahidi oluruq. Onları şərtləndirən səbəblər
və zərurət barədə fikirləriniz maraqlı
olardı.
– Həyata keçirilən
bütün islahatların əsasında, ilk növbədə
məhkəmə hakimiyyətinin müstəqilliyinin
artırılması və insan haqlarının daha
etibarlı müdafiəsi dayanır. Bununla əlaqədar Məhkəmə-Hüquq
Şurası tərəfindən əsaslı təhlillər
aparılmış, insanların məhkəmələrə
müraciət imkanlarının asanlaşdırılması,
məhkəmə sisteminin təkmilləşdirilməsi
üzrə tədbirlər müəyyən olunmuş,
mövcud nöqsan və problemləri doğuran səbəblər
və yeni məhkəmələrin yaradılması
ehtiyacı öyrənilmişdir.
Məlumdur ki, məhkəmə
araşdırmalarının keyfiyyətinə mənfi təsir
göstərən əsas amillərdən biri də hakimlərin
yüksək iş yüküdür. Təhlillər göstərmişdir
ki, ölkəmizdə məhkəmələr tərəfindən
baxılan işlərin sayı 2000-ci illə müqayisədə
dəfələrlə artmışdır. Həmçinin Azərbaycan
Avropa Şurası ölkələri arasında bu sahədə
ən aşağı göstəricilərlə xarakterizə
olunurdu – hər 100 min nəfərə 4 hakim. Bununla əlaqədar
normal iş yükünün müəyyən edilməsi
üçün ölkənin bütün hakimləri
arasında sorğu keçirilərək nəticələr
ümumiləşdirilmiş, beynəlxalq təcrübə, o
cümlədən ədalət mühakiməsinin səmərəliliyi
üzrə Avropa Komissiyasının məlumatları nəzərə
alınmaqla məhkəmələr üçün tələb
olunan əlavə hakim ştat vahidlərinin sayı müəyyən
edilmiş, bu məsələlər Məhkəmə-Hüquq
Şurasının iclaslarında geniş müzakirə
edilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə
sisteminin müasirləşdirilməsi ilə bağlı
2006-cı ildə imzalanmış fərmanları məhkəmə
fəaliyyətinin təkmilləşdirilməsində yeni mərhələ
olmuşdur. Vətəndaşların məhkəmələrə
müraciət etmək imkanlarının
asanlaşdırılması, habelə regionlarda hüquq
institutlarının inkişafı məqsədi ilə yeni məhkəmələr,
o cümlədən Bakı şəhərində yerləşən
respublika Apellyasiya və İqtisad məhkəmələri ləğv
edilərək ölkənin bütün bölgələrini
əhatə edən 5 yeni regional Apellyasiya Məhkəməsi,
habelə əlavə olaraq 3 yerli İqtisad Məhkəməsi
təşkil edilmişdir. Apellyasiya məhkəmələrinin
4 kollegiyadan ibarət vahid tərkibi müəyyən
edilmiş, o cümlədən hər birində iqtisadi
mübahisələrə dair işlər üzrə kollegiya
təsbit olunmuşdur.
Aparılmış gərgin
işin nəticəsi olaraq, qısa müddətdə yeni
yaradılmış məhkəmələr üçün
inzibati binalar ayrılmış, onların maddi-texniki təchizatı
təmin edilmiş, məhkəmə aparatları
formalaşdırılmış və nəhayət, məhkəmələr
təcrübəli hakimlərlə komplektləşdirilərək
fəaliyyətə başlamışlar. Hakim
ştatlarının artırılması nəticəsində
Ali Məhkəmə hakimlərinin ştat sayı 23-dən
38-ə, apellyasiya məhkəmələri hakimlərinin
ştat sayı isə 2 dəfədən çox
artırılaraq 49-dan 106-a
çatdırılmışdır. Bakı şəhərinin
rayon məhkəmələrində 2007-ci ildə faktiki olaraq
45 hakim fəaliyyət göstərmişdirsə, bu rəqəm
indi iki dəfə çoxalaraq 87 təşkil etmiş, habelə
respublikanın digər rayon, şəhər məhkəmələri
hakimlərinin sayı xeyli artırılmışdır.
Ümumiyyətlə,
hakim ştatlarının sayı 50 faiz, məhkəmə
aparatı işçilərinin sayı isə 60 faizədək
artırılmış, habelə yüksək iş
yükü və beynəlxalq təcrübə nəzərə
alınmaqla, hər bir hakim üçün əlavə
köməkçi ştatları ayrılmışdır.
Bütün bunlar
insanların məhkəmələrə müraciət
imkanlarının genişlənməsi ilə yanaşı,
hakimlərin iş yükünün, süründürməçilik
və digər pozuntuların azalmasına, işlərə
daha keyfiyyətlə baxılmasına şərait
yaratmışdır.
– Burada, yəqin ki,
hakimlərin peşəkarlığından, şəxsi
keyfiyyətindən, məsuliyyət hissindən də
çox şey asılıdır. Bildiyimizə görə, Məhkəmə-Hüquq
Şurası tərəfindən hakimlərin fəaliyyətinin
qiymətləndirilməsi həyata keçirilmiş,
onların məsuliyyətinin artırılması üzrə
digər tədbirlər görülmüşdür.
– Bilirsiniz, məhkəmə
hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül
tapması bu hakimiyyəti həyata keçirən subyektlərdən
– hakimlərdən xeyli dərəcədə
asılıdır. Məhz hakimlərin davranışına əsasən
insanlarda hüquq, məhkəmə, dövlətin ədalətliliyi
ilə bağlı təsəvvürlər formalaşır.
Hakimlər hüququ reallığa çevirən,
insanların ədalət və hüquq haqqında fikirlərinə
birbaşa təsir edən şəxslərdir. Hakimlik
çox şərəfli, eyni zamanda, xüsusi məsuliyyət
tələb edən vəzifədir. Bu peşənin tələb
etdiyi zirvədə məqam tutmaq yüksək iradə və
fədakarlıq tələb edir. Ədalət mühakiməsini
həyata keçirərkən qanunların tələblərinə
əməl etmək, hakim fəaliyyətinin mənəvi və
tərbiyəvi təsirini təmin etmək, ədalət
mühakiməsinin adına xələl gətirən hərəkətlərdən
çəkinmək, ədalətli və qərəzsiz olmaq
hakim vəzifəsinin ana xəttini təşkil edir.
Hakim özünün
nümunəvi davranışı, qərəzsizliyi və ədalətliliyi
ilə daim obyektiv mövqeyini nümayiş etdirməli,
özünə və təmsil etdiyi hakimiyyətə olan
etibarı, inamı artırmağa çalışmalı,
müstəqil qərar çıxarmasına mənfi təsir
göstərən hallardan uzaq olmalıdır. Məhkəmə
sisteminin fəaliyyətinin təkmilləşdirilməsi
üzrə həyata keçirilən tədbirlər çərçivəsində
bu tələblərə xüsusi diqqət yetirilir, vətəndaşların
haqlı narazılığına səbəb olan qanun
pozuntuları və mənfi hallara yol verən hakimlərin məhkəmə
sistemindən kənarlaşdırılması üzrə
ardıcıl tədbirlər görülür.
Məhkəmə-Hüquq
Şurası tərəfindən bütün hakim korpusunun fəaliyyəti
2007-ci ildə prinsipial qiymətləndirilmiş, bu zaman hər
bir hakimə fərdi yanaşılmış, onun bilik və
peşəkarlığı ilə yanaşı, mənəvi
keyfiyyətləri, insanlara qayğıkeş münasibəti
də əsas götürülmüşdür. Qeyd etmək
istərdim ki, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi
ilə bağlı aparılmış təhlillər nəticəsində
işində olan nöqsan və çatışmazlıqlar
nəzərə alınaraq 38 hakimin səlahiyyətlərinə
xitam verilmişdir ki, bu da həmin dövrdə fəaliyyət
göstərmiş bütün hakim korpusunun təxminən 12
faizi deməkdir. Həmçinin Bakı şəhərinin 11
rayon məhkəməsi sədrlərinin 8-i sədr vəzifəsinə
yenidən təyin olunmamış, o cümlədən 2 məhkəmə
sədrinin hakimlik səlahiyyətlərinə xitam
verilmişdir. Ümumiyyətlə isə bütün məhkəmələrin
hakimlərinin tərkibi tam təzələnmişdir.
Əvvəllər hakimlərin
intizam məsuliyyətinə cəlb olunması Ali Məhkəmənin
intizam kollegiyası tərəfindən həyata
keçirilirdi. Bu səlahiyyətin bilavasitə yuxarı
instansiya məhkəməsi tərəfindən icrası isə
əlbəttə ki, korporativ münasibətlərin
yaranmasına şərait yaradır, intizam tədbirlərinin
səmərəsini azaldırdı. Bununla əlaqədar
hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi
proseduruna yenidən baxılmış və bu, Məhkəmə-Hüquq
Şurasının müstəsna səlahiyyətlərinə
aid edilmişdir. Hakimlər barədə intizam icraatının
başlanılması barədə müraciət etmək
hüququ olan subyektlərin sayı artırılaraq bu səlahiyyətlər
Ali Məhkəmənin sədri və ədliyyə naziri ilə
yanaşı, apellyasiya məhkəmələrinin sədrlərinə
də verilmiş, korrupsiya hüquqpozmalarının törədilməsi
barədə məlumatlara malik olan fiziki və hüquqi şəxslərin
şuraya müraciət hüququ təsbit olunmuşdur.
Bu prosedurlar müəyyən
edilərkən məhkəmə hakimiyyətinin müstəqilliyinin
təmin olunmasına xüsusi diqqət yetirilmişdir. Belə
ki, hakimlər barədə intizam icraatının
başlanılması üçün müraciətdə zəruri
əsaslar müəyyən edilərsə, Məhkəmə-Hüquq
Şurası intizam icraatına başlanılması
haqqında qərar çıxarır. İntizam icraatı
üzrə araşdırma isə yalnız Məhkəmə-Hüquq
Şurasının hakim üzvü tərəfindən
aparılır. Üç ayadək davam edən bu araşdırma
dövründə barəsində intizam icraatı
başlanılmış hakim bütün materiallarla
tanış edilir, onun izahatları dinlənilir və
şuranın iclasına ətraflı məruzə
hazırlanır.
Məhkəmə-Hüquq
Şurasının iclasında intizam məsuliyyəti məsələsinə
baxılan hakimə özünün seçdiyi vəkilin və
ya hakim yoldaşının köməyindən istifadə etməklə
müdafiə olunmaq, şura üzvlərinə etiraz etmək
hüququnun verilməsi, səsvermədə yalnız
şuranın hakim üzvlərinin iştirak etməsi, habelə
qəbul edilmiş qərardan Ali Məhkəmənin Plenumuna
şikayət hüququnun təsbit olunması intizam icraatı
prosedurunun obyektivliyinə əlavə şərait yaradır.
Ötən dövr ərzində
Məhkəmə-Hüquq Şurası tərəfindən
intizam icraatları üzrə 8 nəfərin səlahiyyətlərinə
intizam qaydasında vaxtından əvvəl xitam verilməsi, 10
hakimin aşağı və ya iş həcmi daha az olan vəzifəyə
keçirilməsi barədə dövlətimizin
başçısına təkliflər verilməsi barədə
qərarlar qəbul edilmiş, bir çoxları barədə
digər intizam cəzaları tətbiq olunmuşdur. Ötən
il isə şura tərəfindən 22 hakim barədə
intizam icraatı başlanılmış, yol verdikləri ciddi
qanun pozuntularına görə 2 məhkəmə sədri – Gəncə
şəhəri Kəpəz və Astara rayon məhkəmələrinin
sədrləri intizam qaydasında tutduqları vəzifələrdən
azad edilmişdir.
Eyni zamanda, hakimlər
barədə başlanılmış intizam icraatları heç
də həmişə intizam cəzası ilə nəticələnmir.
Hakimin fəaliyyətində məsuliyyətə səbəb
olan pozuntu müəyyən edilmədikdə icraata xitam
verilir. Belə ki, hakimlər barədə 18 intizam işi
üzrə icraatlara bu əsasla xitam verilmişdir.
– Bu ərəfədə
bəzi hakimlərin insanlar barədə həbs qətimkan tədbirinin
seçilməsində pozuntulara yol verdiklərinə görə
ciddi intizam məsuliyyətinə cəlb edilməsinin
şahidi olduq.
– Elədir. Qeyd
olunduğu kimi, ölkəmiz müstəqillik əldə
etdikdən sonra aparılan məhkəmə
islahatlarının mahiyyətində insan haqlarının
etibarlı təminatı dayanmışdır. Bu mənada Azərbaycan
keçmiş sovetlər birliyində həbs qətimkan tədbirinin
seçilməsi səlahiyyəti məhkəmələrə
verilmiş ilk dövlətlərdən olmuşdur. Bu mütərəqqi
islahatın fəlsəfəsi ondan ibarətdir ki, insanların
ən mühüm hüquqlarını,
azadlığını məhdudlaşdıran tədbir
ittiham edən orqan tərəfindən deyil, məhz müstəqil
məhkəmə tərəfindən seçilsin. Həmçinin
bu zaman real müdafiə hüququ təmin edilərək,
cinayət təqibi orqanlarının bu sahədə fəaliyyətinə
məhkəmə nəzarəti tətbiq olunsun.
Təbii ki, insan
haqları ilə bağlı mühüm beynəlxalq sənədlər,
o cümlədən insan hüquqları üzrə Avropa
Konvensiyası və Avropa Məhkəməsinin presedentləri,
habelə Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələri
də bu məsələyə həssaslıqla yanaşılmasını
tələb etməklə həbsin yalnız digər alternativ
tədbirlərin mümkün olmadığı halda tətbiqini
qeyd edir. Lakin həbs qətimkan tədbirinin seçilməsi
və müddətinin uzadılması vəziyyəti ilə
bağlı məsələ Ali Məhkəmənin Plenumunda
müzakirə edilərkən bu sahədə qanun
pozuntularına yol verilməsi aşkar edilmişdir.
Məhkəmə-Hüquq
Şurası tərəfindən başlanılmış
intizam icraatları üzrə müəyyən edilmişdir
ki, bəzi hakimlər bu sahədə səmərəli məhkəmə
nəzarəti həyata keçirməmiş, qətimkan tədbirlərinin
ən ciddi növü olan həbsin qanunvericiliyin tələbləri
nəzərə alınmadan əsassız seçilməsi,
bu işə formal münasibət bəslənilməsi
hallarına yol vermişlər. Bəzi hakimlər isə insan
haqları ilə bağlı olan bu mühüm məsələyə
xüsusi həssaslıqla yanaşmaq əvəzinə, əksinə
bu sahədə qanunun elementar tələblərini də
pozmuşlar. Əlbəttə, bu hallara göz yumula bilməz.
Belə pozuntulara yol vermiş 3 hakimin səlahiyyətlərinə
Məhkəmə-Hüquq Şurası tərəfindən
vaxtından əvvəl xitam verilməsi, 2 hakimin iş yerinin
dəyişdirilməsi barədə Azərbaycan Prezidentinə
təkliflərin verilməsi qərara alınmış, 9
hakim barədə digər intizam tənbehi tədbirləri
görülmüşdür.
Lakin elə təsəvvür
yaranmasın ki, şurada yalnız hakimlərin yol verdikləri
pozuntulara qiymət verilir. Ötən dövr ərzində məhkəmə
sistemində səmərəli fəaliyyətinə görə
şuranın təqdimatları əsasında 21 nəfər
dövlət təltiflərinə layiq bilinmiş, 20 hakim isə
səmərəli fəaliyyətinə görə Şura tərəfindən
mükafatlandırılmışdır.
– Hakimlərin obyektiv və
qərəzsiz olmasının, işlərə daha keyfiyyətlə
baxılmasının, habelə müstəqilliyinin təmin
edilməsində ən mühüm amillərdən biri də
onların seçilməsi prosedurudur.
– Bu mənada yeni
qanunvericiliyə uyğun olaraq Azərbaycanda hakimliyə namizədlərin
Avropada ən mütərəqqi və şəffaf
üsullarla seçilməsi qaydasının təsbit olunması
diqqətəlayiqdir.
Hakimliyə namizədlərin
seçilməsinin yeni qaydalarının hazırlanması məqsədi
ilə gərgin müzakirələr aparılmış və
nəhayət bu gün tətbiq edilən seçim
qaydaları hazırlanaraq Avropa Şurasında ekspertizadan
keçirildikdən sonra Məhkəmə-Hüquq
Şurası tərəfindən qəbul olunmuş, müstəqil
qurum – Hakimlərin Seçki Komitəsinin fəaliyyəti təmin
edilmişdir. Bu seçim proseduru çoxsaylı imtahan və
müsahibələrdən, habelə namizədlərin hakim vəzifələrinə
hazırlanmaları üçün uzunmüddətli kurs və
təcrübədən ibarətdir.
Yeni qaydalara əsasən,
hakimliyə namizədlərin seçimində şəffaflığın
və obyektivliyin təmin olunması məqsədi ilə test
üsulu ilə və yazılı imtahanlar bütün namizədlər
üçün vahid zalda təşkil edilir. İmtahan
prosesinin bütün mərhələləri namizədlərin
qarşısında, onların iştirakı ilə
keçirilir. Eyni zamanda, qaydalara əsasən, beynəlxalq təcrübədə
olduğu kimi, namizədlərin bilik səviyyəsi ilə
yanaşı, onların öz fikirlərini səlis ifadə
etmək bacarığının, məntiqi nəticələr
çıxarmaq qabiliyyətinin, ümumi dünyagörüşünün
müəyyən olunması məqsədi ilə şifahi
imtahanlar keçirilir.
Hakimlərin seçilməsi
proseslərinin hər bir mərhələsində – istər
test üsulu ilə və yazılı, istərsə də
şifahi imtahanlarda iştirak etmiş 10-larla yerli və beynəlxalq
təşkilatların, səfirliklərin nümayəndələri
bu seçimin Avropa Şurasının üzv dövlətləri
arasında ən mütərəqqi qaydalara uyğun
olması, onun şəffaf və obyektivliyi ilə
bağlı müsbət rəylər vermiş, bizim
üçün ən əsası isə bu prosesin ədalətliliyinə
cəmiyyətdə inam formalaşmışdır.
İlk dəfə olaraq
çoxmərhələli imtahanlarda müvəffəqiyyət
qazanmış şəxslər uzunmuddətli tədris
kurslarına cəlb edilirlər. Müasir tədris
üsullarından istifadə edilməklə keçirilən
həmin kurslar zamanı namizədlərin hakim olmaq
üçün lazımi biliyə və peşə
hazırlığına yiyələnmələrinə
xüsusi diqqət yetirilir, insan haqları, korrupsiyaya
qarşı mübarizə, məhkəmə etikası,
hakimin davranışı, məhkəmədə işin səmərəli
təşkili və digər məsələlərə dair
mövzular nüfuzlu beynəlxalq ekspertlərin iştirakı
ilə geniş tədris olunur, namizədlər məhkəmələrdə
staj keçirlər.
Qeyd etmək istərdim
ki, 2005-ci ildən keçirilən hakimliyə namizədlərlə
müsabiqələrdə 1800-dək şəxs namizədliyini
irəli sürmüşdü. Onların sırasından isə
cəmi 157 nəfər seçilib hakim vəzifəsinə təyin
edilmişdir. Əlbəttə ki, hakimlik arzusunda olan şəxslərə
bu cür tələbkarlıq təbiidir. Çünki bu
şəxslər təkcə qanunu tətbiq etmirlər, həm
də insanların talelərini müəyyən edirlər.
Hazırda bütün
birinci instansiya məhkəmələri hakimlərinin
yarıdan çoxu qeyd olunan prosedurlarla seçilib təyin
edilmiş yeni hakimlərdir. Eyni zamanda, hakim kadrlarına ehtiyac
nəzərə alınaraq, 2009-cu ildə hakimliyə namizədlərin
seçiminə növbəti dəfə
başlanılmış, 80 nəfər hüquqşünas
imtahanlardan keçərək, 2009-2010-cu tədris ili ərzində
davam edəcək kursa cəlb edilmişdir. Ədliyyə
Akademiyasında keçirilən həmin kursda yüksək məhkəmə
hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və
təcrübəyə malik olan şəxslərin, nüfuzlu
xarici mütəxəssislərin mühazirələri, habelə
əvvəlki illərdə olduğu kimi namizədlərin
xaricdə təcrübə keçmələri təşkil
edilir.
– Hakimlərin fəaliyyətində
onların mütəmadi olaraq ixtisasının
artırılması mühüm rol oynayır. Bu sahədə
Məhkəmə-Hüquq Şurasının da üzərinə
müəyyən vəzifələr düşür.
– Məhkəmə səhvlərinin
aradan qaldırılmasında və fəaliyyətin təkmilləşdirilməsində
hakimlərin tədrisinin əhəmiyyəti nəzərə
alınaraq Məhkəmə-Hüquq Şurası tərəfindən
beynəlxalq təcrübə öyrənilmiş və bu sahədə
iş Avropa Hakimləri Məşvərətçi
Şurasının tövsiyələri əsas
götürülməklə yenidən qurulmuşdur. Belə
ki, tədris kurslarının proqramları tərtib edilərkən
hakimlərlə sorğular keçirilir, onların tədrisinə
ehtiyac bildikləri sahələr və mövzular öyrənilir
və müxtəlif sahələr üzrə hazırlanan
proqramlar məhz bu ehtiyaclara uyğun tərtib edilir. Hakimlərin
müstəqilliyinin qorunmasının əlavə təminatı
olaraq onlar iştirak etmək istədikləri davamlı tədris
kursunun proqramını təqvim planına uyğun surətdə
özləri seçirlər.
Qeyd etmək istərdim
ki, Məhkəmə-Hüquq Şurasının tədris
sektoru tərəfindən 2009-cu ildə müxtəlif aktual
sahələr üzrə 17 tədris proqramları
hazırlanmış və bütün birinci instansiya məhkəmələrinin
hakimləri həmin proqramlara uyğun təcrübəli
xarici mütəxəssislərin iştirakı ilə tədrisə
cəlb edilmişlər. Tədris prosesində professional
müəllim heyətinin hazırlanmasına xüsusi diqqət
yetirilir, müəllim heyəti üçün mütəmadi
ixtisasartırma tədbirləri, təcrübə mübadiləsi
təşkil olunur.
Hakimlərin peşə
hazırlığının davamlı və mütəşəkkil
artırılmasının ədalət mühakiməsinin səmərəliliyinə
təsiri nəzərə alınaraq ötən il dövlətimizin
başçısı tərəfindən Ədliyyə
Akademiyasının Nizamnaməsində dəyişikliklər
edilərək hakimlərin və hakimliyə namizədlərin
tədrisi sahəsində akademiyanın üzərinə əlavə
mühüm vəzifələr qoyulmuşdur. Bununla əlaqədar
hakimlərin tədrisi sahəsində fəaliyyətin daha da
təkmilləşdirilməsi, o cümlədən Məhkəmə-Hüquq
Şurası ilə Ədliyyə Akademiyasının fəaliyyətlərinin
səmərəli əlaqələndirilməsi üzrə
işlər aparılır.
– Fikrət müəllim,
yeri gəlmişkən, bəzi hallarda Avropa Məhkəməsi
tərəfindən Azərbaycana qarşı çıxarılan
qərarlar hakimlərimizin İnsan hüquqları üzrə
Avropa Konvensiyası və Avropa Məhkəməsi presedentləri
haqqında biliklərinin lazımi səviyyədə
olmaması ilə əlaqələndirilir.
– Doğrudur. Məsələn,
ötən il Avropa Məhkəməsi tərəfindən Azərbaycana
qarşı 7 qərar çıxarılıb. Əlbəttə,
hər birimiz istərdik ki, belə qərarların sayı az
olsun və insanların hüquqları bilavasitə yerli məhkəmələr
tərəfindən təmin edilsin. Avropa Məhkəməsinin
yurisdiksiyası Azərbaycana 2002-ci ilin aprel ayından şamil
olunur. Bununla əlaqədar məhkəmə fəaliyyətinin
təkmilləşdirilməsində İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinin presedent hüququnun
öyrənilməsi və tətbiqinə müstəsna əhəmiyyət
verilir. Bu məqsədlə tanınmış mütəxəssislərin
iştirakı ilə silsilə təlimlər təşkil
olunur, məhkəmənin Azərbaycanla bağlı qəbul
etdiyi qərarlar və digər qərarlar hakimlər
arasında geniş yayılır. Həmçinin bu məsələ
Ali Məhkəmənin Plenumunda müzakirə edilərək
bütün məhkəmələrin diqqəti Avropa Məhkəməsinin
presedent hüququnun tətbiqinə cəlb edilmiş və
müvafiq tövsiyələr verilmişdir.
Məhkəmə-Hüquq
Şurası tərəfindən Avropa İnsan
Hüquqları Məhkəməsinin hakimlərinin
iştirakı ilə konfrans və tədris tədbirləri,
konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə,
regionlarda geniş seminarlar, hakimlər və hakimliyə namizədlər
üçün Avropa Şurası ilə əməkdaşlıq
çərçivəsində ayrıca təlimlər
keçirilir.
Avropa Məhkəməsinin
hakimləri ilə bilavasitə görüşlərin səmərəsi
nəzərə alınaraq dəvətimizə əsasən
məhkəmənin 5 hakimi, o cümlədən məhkəmənin
sədri Jan-Pol Kosta hakimlərimiz qarşısında
mühazirələrlə çıxışlar etmiş, səmərəli
fikir mübadiləsi aparılmışdır. Bütün
bunlar Avropa Konvensiyasının və Avropa Məhkəməsi
presedentlərinin hakimlər tərəfindən daha geniş tətbiq
olunmasına şərait yaratmışdır.
Lakin təəssüf
ki, bəzi hallarda Avropa Məhkəməsinin ölkəyə
qarşı qərarları yanlış olaraq məhkəmə-hüquq
sisteminə qiymət vermək üçün istifadə
edilir. Hesab edirəm ki, Avropa Məhkəməsinin qərarları,
ilk növbədə hüquq sistemimizin daha da təkmilləşdirilməsi
və inkişafı, insan haqlarının etibarlı təminatı
naminə əsaslı mənbə kimi istifadə
olunmalıdır. Elə Avropa Məhkəməsinin presedent
hüququ da məhz buna xidmət edir.
Onu da qeyd edim ki, 2009-cu
ildə Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən
7 qərar çıxarılmışdırsa, əhalisinin
sayı ölkəmizə nisbətən daha az olan
Bolqarıstana qarşı 63, Moldovaya qarşı 30, Slovakiyaya
qarşı isə 39 qərar çıxarılıb.
Əhalisinin sayı Azərbaycanla
təxminən eyni olan Avstriyaya, habelə qonşu
Gürcüstana qarşı çıxarılan qərarların
sayı isə ölkəmizə nisbətdə təxminən
2 dəfə çoxdur. Ümumiyyətlə, Avropada hər
10 min nəfərə düşən belə qərarların
orta göstəricisi də Azərbaycanla müqayisədə
az qala iki dəfə artıqdır. Amma bu heç də
arxayınlıq yaratmamalı, Avropa Konvensiyasının və
məhkəmə presedentlərinin öyrənilməsi və
tətbiqi, habelə hüquq sistemimizin inkişafı naminə
istifadəsi işi daha əzmlə davam etdirilməlidir.
– Ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasında məhkəmələrin maddi-texniki təchizatından,
iş şəraitindən də çox şey
asılıdır...
– Qarşıda duran ən
mühüm məsələlərdən biri də məhz məhkəmə
infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsi,
məhkəmə fəaliyyətində yeni texnologiyaların
imkanlarından geniş istifadənin təmin
olunmasıdır.
Məhkəmə proseslərinin keyfiyyətli aparılması və hakimlərin iş şəraitinin yaxşılaşdırılması məqsədi ilə, ötən dövr ərzində 40-dək yeni məhkəmə binası inşa edilmiş və ya əsaslı təmir olunmuşdur. Həmçinin aparılan məhkəmə-hüquq islahatlarının mütərəqqi xarakterini görən nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən maliyyə qurumları bu sahəyə böyük maraq göstərmiş, Dünya Bankı ilə “Ədliyyə sektorunun müasirləşdirilməsi” adlı birgə layihənin icrasına başlanılmışdır.
İntensiv davam etdirilən layihə çərçivəsində bir sıra apellyasiya və birinci instansiya məhkəmələri üçün ən müasir binaların inşası, məhkəmə və ədliyyə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi, vahid elektron şəbəkə yaradılmaqla sənəd dövriyyəsi və informasiya mübadiləsinin asanlaşdırılması nəzərdə tutulmuşdur.
Ötən il məhkəmə sisteminin fəaliyyətində ən mühüm hadisələrdən biri Prezident İlham Əliyevin tərəfindən Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi olmuşdur.
Dövlət Proqramının icrası çərçivəsində Bakıda və regionlarda müxtəlif instansiya məhkəmələri üçün yeni binaların tikilməsi məqsədi ilə ən münasib ərazilər ayrılmış, müasir tələblərə cavab verən iş prosesinin təşkili və vətəndaşlar üçün əlverişli şəraitin yaradılması məqsədi ilə beynəlxalq təcrübəyə uyğun məhkəmə binalarının və komplekslərinin layihələri hazırlanmışdır.
Yəqin ki, artıq bu il biz bir sıra məhkəmə binalarının təməlqoyma mərasimlərini keçirəcəyik. Bu sahədə ən yaddaqalan hadisə isə heç şübhəsiz ki, dövlətimizin başçısının tapşırığı ilə inşa edilmiş və şəhərimizə əlavə gözəllik verən Ali Məhkəmənin yeni binasının ötən il istifadəyə verilməsi olmuşdur. Avropanın ən gözəl məhkəmə binalarından olan bu əsl ədalət sarayının inşası Azərbaycanda məhkəmə hakimiyyətinin inkişafına verilən böyük əhəmiyyətin əyani təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev bu əzəmətli binanın açılışında iştirak etmiş, yaradılmış yüksək iş şəraiti və yeni informasiya və kommunikasiya texnologiyalarının imkanları ilə tanış olmuşdur. Hakimlərin maddi təminatının yaxşılaşdırılması da diqqətdən kənarda qalmamış, 2000-ci illə müqayisədə hakimlərin əmək haqqı 25 dəfə artırılmışdır. Əlbəttə, biz hesab edirik ki, hakimlərin təminatı imkan daxilində daha da yüksək olmalıdır və bu məsələ dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.
– Fikrət müəllim, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin nəticələrini necə qiymətləndirmək olar.
– Məhkəmələrə müraciət imkanlarının asanlaşmasının və insanların etimadının təzahürüdür ki, 2008-ci ildə mülki və iqtisadi işlər üzrə məhkəmələrə müraciətlərin sayı 23,5 faiz, 2009-cu ildə isə 17 faiz çoxalmışdır. 2000-ci illə müqayisədə bu göstərici 4 dəfə artmışdır. Eyni zamanda, məhkəmələrdə təmin olunan iddiaların sayı artaraq 92 faiz təşkil etmişdir.
Birinci instansiya məhkəmələrinin qətnamə və hökmlərindən verilən apellyasiya şikayətlərinin sayında isə, əksinə, azalmanın müşahidə olunması fikrimizcə, müsbət meylin göstəricisidir. Bununla yanaşı, 2009-cu ildə qətnamələrin 95 faizi, hökmlərin isə 94,3 faizi sabit qalmışdır. Apellyasiya məhkəmələrində baxılan mülki işlərin sayı 7 faiz artmış, barələrində cinayət işlərinə baxılan şəxslərin sayı isə 2,1 faiz azalmışdır. Eyni zamanda, həm mülki, həm də cinayət işləri üzrə verilmiş kassasiya şikayətləri də azalmış, o cümlədən sonuncular üzrə 24 faiz azalma müşahidə olunmuşdur. Həmçinin apellyasiya instansiyasında baxılmış bütün mülki işlər üzrə qərarların 88,6 faizi, cinayət işləri üzrə qərarların isə 94,5 faizi sabit qalmışdır.
Bütün bunlar, eyni zamanda, məhkəmələrin fəaliyyəti ilə bağlı yuxarı instansiya məhkəmələrinə daxil olan vətəndaş müraciətlərinin sayının azalması qanunvericiliyin əvvəlki illərə nisbətən daha düzgün tətbiqinin göstəricisidir. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində hakimlərin etik davranış məsələləri mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər üçün spesifik etik tələbləri, o cümlədən onların peşəkar etika məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayan və peşə fəaliyyətinə münasibətini müəyyən edən Etik Davranış Kodeksi qəbul olunmuşdur. Eyni zamanda, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydasının tətbiqinə başlanılması ədalət mühakiməsinin səmərəliliyinə müsbət təsir göstərmişdir.
– Demək olarmı ki, məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər artıq başa çatmışdır.
– Qətiyyən yox. Hesab edirəm ki, bu proses daha mükəmməl və səmərəli məhkəmə sistemi yaradılanadək davam edəcəkdir. Hətta ən inkişaf etmiş dövlətlər belə məhkəmə sistemlərinin fəaliyyəti ilə öyünməkdən çəkinir, onun daha da təkmilləşdirilməsi üzrə islahatlar aparırlar. Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tədbirlər bu gün də davam etdirilir. Məlumdur ki, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədi ilə ölkəmizdə inzibati icraat haqqında qanun, habelə 2009-cu ildə İnzibati-Prosessual Məcəllə qəbul edilmiş, artıq bu il inzibati məhkəmələrin fəaliyyətə başlaması nəzərdə tutulmuşdur.
Bununla əlaqədar Məhkəmə-Hüquq Şurası tərəfindən həmin məhkəmələrin yeri, yurisdiksiyası, hakimlərinin sayı, habelə digər təşkilati tədbirlər üzrə təkliflər hazırlanır. Artıq 2009-cu ildən inzibati icraatla bağlı hakimliyə namizədlər və aidiyyəti hakimlər üçün intensiv tədris kurslarına başlanılmışdır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilir. Türkiyə Ədliyyə Akademiyası ilə aparılmış danışıqlar nəticəsində 2009-cu ilin dekabr ayında bütün 80 nəfər hakimliyə namizəd üçün Türkiyədə inzibati icraat və inzibati məhkəmələrdə təcrübə ilə bağlı 2 həftəlik təlimlər təşkil olunmuşdur. Həmçinin böyük bir qrup hakimlərdən, o cümlədən yerli iqtisad və apellyasiya instansiyası məhkəmələri sədrlərindən ibarət nümayəndə heyəti Almaniyada tədris səfərində olaraq inzibati məhkəmələrin fəaliyyəti ilə tanış olmuşlar.
Eyni zamanda, ixtisaslaşmış məhkəmələrin fəaliyyəti, o cümlədən yurisdiksiyası və hakim sayı ilə bağlı digər tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur.
– Fikrət müəllim, bizə vaxt ayırdığınıza və dəyərli fikirlərinizi bölüşdüyünüzə görə dərin minnətdarlığımızı bildirir, sizə bilavasitə insanlara, onların hüquqlarının etibarlı təminatına yönəlmiş məhkəmə islahatlarının həyata keçirilməsində uğurlar arzulayırıq.
İlkin RÜSTƏMZADƏ,
AzərTAc-ın müxbiri
Xalq qəzeti.- 2010.- 17 fevral.- S. 3.