Prezident İlham ƏLİYEV:
Dünya miqyasında iqtisadi inkişaf templərinə görə
Azərbaycan birinci yerdədir
Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizə
rəhbərlik etdiyi ilk gündən regionların
inkişafına xüsusi diqqət və qayğı göstərmiş,
bir sıra mühüm sənədlər
imzalamışdır. Bunun nəticəsində ölkənin
davamlı iqtisadi inkişafı təmin edilmiş, bölgələr
arasında regional tarazlıq bərpa olunmuş, yerlərdə
sosial-mədəni infrastruktur obyektləri yenidən
qurulmuş, əmək tutumlu və rəqabət qabiliyyətli
yeni istehsal, habelə xidmət müəssisələri istifadəyə
verilmiş, yeni iş yerlərinin açılması və əhalinin
həyat səviyyəsinin yüksəldilməsi istiqamətində
mühüm uğurlar qazanılmışdır. Bunun dövlət
başçımız İlham Əliyevin Gəncə şəhərinə,
Ağdaş, Göyçay rayonlarına səfərlərində
də bir daha şahidi olduq.
Prezident İlham Əliyev
Gəncəyə səfəri çərçivəsində
“Ramada Plaza” mehmanxanasının açılış mərasimində
iştirak etmişdir. Burada dövlətimizin
başçısına məlumat verilmişdir ki, son illər
istifadəyə verilən müasir mehmanxana kompleksləri
böyük əhəmiyyət kəsb edir. Bu cür komplekslərin
sayının çoxalması Azərbaycanın iqtisadi
potensialını nümayiş etdirməklə yanaşı,
həm də ölkəyə gələn turistlərin
sayının artmasına zəmin yaradır. Gəncədə
inşa edilən “Ramada Plaza” mehmanxanası da bu qəbildən
olan mühüm layihələrdəndir.
Mehmanxananın qədim
İpək Yolunun əsas hissələrindən olan
Bakı-Tbilisi şosesinin üstündə yerləşməsi
onun əhəmiyyətini daha da artırır. Mehmanxana
kompleksi həm də şəhərin ümumi ansamblına əlavə
gözəllik verir.Təməli 2005-ci ilin mayında
qoyulmuş beşulduzlu mehmanxanada qonaqların rahat istirahəti
üçün hər cür şərait
yaradılmışdır. Burada 100 nəfərlik fitnes klub,
masaj otaqları, türk hamamı, sauna,
üzgüçülük hovuzu, tennis, bilyard otaqları,
futbol meydançası vardır...
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də
Gəncədə “Ramada Plaza” mehmanxanasının
açılışından sonra şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşü
zamanı demişdir:” Gəncədə inkişaf sürətlə
gedir. Bütün işlər yüksək səviyyədə
aparılır. Həm xidmət sahəsində, həm sənaye
potensialının inkişafında praktiki işlər
aparılır, şəhər gözəlləşir,
abadlaşır. Əminəm ki, 2010-cu ildə qarşıda
duran bütün vəzifələr icra olunacaq və Gəncənin
sürətli inkişafı gələcəkdə də təmin
ediləcəkdir. Əlbəttə ki, biz şəhərin sənaye
potensialının inkişafına böyük diqqət
göstəririk və göstərəcəyik. Şəhərdə
yeni böyük sənaye müəssisələri
yaradılmalıdır, ilk növbədə alüminium
zavodu, ondan sonra böyük metallurgiya kompleksi. Bir müddət
bundan əvvəl bu iki böyük sənaye müəssisəsinin
təməl daşı qoyulmuşdur. Ancaq müəyyən
maliyyə çətinliklərinə görə onların
tikintisi bir az yubanmışdır. Hesab edirəm ki, 2010-cu ildə
işlər daha sürətlə getməlidir.
Şəhərin
infrastrukturunun inkişafı üçün bütün
lazımi tədbirlər görülür. Bu il Bakı-Gəncə
magistral avtomobil yolu istifadəyə veriləcəkdir. Bu da
çox böyük bir hadisədir. Əlbəttə ki, Gəncədə
belə gözəl, müasir mehmanxanaların tikilməsi onu
göstərir ki, investorlar da şəhərin gələcəyinə
inamla yanaşırlar. Əgər belə olmasaydı,
investorlar heç vaxt böyük vəsait qoymazdılar.
Şəhərin gələcəyinə, Azərbaycanın gələcəyinə
investorlarda çox böyük inam vardır. Əlbəttə
ki, bu inamın da böyük əsası vardır.
Çünki ölkəmiz inkişaf edir. Hətta
bütün dünya üçün ən çətin olan
2009-cu ildə də Azərbaycan iqtisadiyyatı uğurla
inkişaf etmişdir. Dünya miqyasında iqtisadi inkişaf
templərinə görə Azərbaycan birinci yerdədir.
Çox sevindirici hal ondan ibarətdir ki, bu ilin birinci
ayının yekunlarına görə də Azərbaycan
iqtisadiyyatı 9 faizdən çox artıbdır. Bu, onu
göstərir ki, uğurlarımız əsaslıdır.
Bunun möhkəm əsası vardır və dünyada bir
neçə ölkəyə böyük problemlər gətirən
böhran Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib”.
Prezident İlham Əliyev
çıxışında vurğulamışdır ki, biz
özümüzü düşünülmüş siyasətlə,
iqtisadi islahatlarla böhrandan qoruya bildik. Ölkəmizin hərtərəfli
inkişafının nəticəsində bu gün Azərbaycan
iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır.
Regionların inkişafı davam edir. Yeni müəssisələrin
istifadəyə verilməsi ilə bağlı tədbirlər
keçiriləcəkdir.
Gəncə ictimaiyyəti
adından çıxış edən Telman Məlikov
dövlətimizin başçısına təşəkkür
edərək demişdir ki, ulu öndər Heydər Əliyev
Gəncə şəhərinə, gəncəlilərə hər
zaman böyük qayğı və diqqət göstərmişdir.
Cənab Prezident, bu gün bu siyasət Sizin tərəfinizdən
yüksək səviyyədə həyata keçirilir. Son
altı ildə Gəncə şəhərinə 10 səfəriniz
buna bariz nümunədir. Bu on səfər böyük bir
tarixdir. Sizin hər dəfə şəhərə gəlişiniz
bütün gəncəlilər üçün bir
bayramdır. Sizin səfərləriniz böyük dəyərlərə
malikdir. Sizin səfəriniz, Sizin gəlişiniz bizi çox
sevindirir və hədsiz qürur duyuruq. Sizin xüsusi diqqətiniz,
qayğınız nəticəsində şəhərimiz
öz tarixi simasını saxlamaqla gündən-günə
müasirləşir, gözəlləşir və sürətlə
inkişaf edir. Qeyd etmək istəyirəm ki, bu inkişaf geniş
spektrə malik olmaqla məhz dialektik inkişafdır.
Bütün bu işlərə görə, cənab Prezident,
Siz tarixə qurucu, yaradıcı, yaradan bir Prezident kimi daxil
olacaqsınız.
Azərbaycan Prezidenti
İlham Əliyev Ağdaşda regional elektrik
yarımstansiyasının təməlqoyma mərasimində də
iştirak etmişdir. “Azərenerji” ASC-nin prezidenti Etibar
Pirverdiyev məlumat vermişdir ki, Asiya İnkişaf
Bankının maliyyə dəstəyi ilə Mingəçevir-Abşeron
enerji təminatının yenidən qurulması layihəsi
çərçivəsində Ağdaş rayonunun Kükəl
kəndi ərazisində 220/110 kv-luq 2x125 MVA gücündə
regional elektrik yarımstansiyasının tikintisi nəzərdə
tutulmuşdur. Yarımstansiyanın tikintisi üçün 15
hektar torpaq sahəsi ayrılmışdır.
Tikinti-quraşdırma işlərinin 15 ay ərzində
başa çatması nəzərdə tutulmuşdur. Layihə
çərçivəsində 125 MVA-lıq iki transformator
yarımstansiyası qurulacaq, Mingəçevir-Abşeron xətti
üzrə 251 kilometr uzunluğunda elektrik xətti dəyişdiriləcəkdir.
Tikinti işlərinə yanvarın əvvəlində
başlanılmışdır. Ərazi
abadlaşdırılmış, ətrafı hasarlanmış,
3 minə yaxın ağac əkilmiş, işıqlandırma
xətti çəkilmiş, obyektə gedən yola asfalt
döşənmişdir.
Prezident İlham Əliyev Göyçay rayonuna səfəri zamanı yeni istifadəyə verilən Heydər Əliyev mərkəzi ilə tranış olmuşdur. Yeri gəlmişkən, xatırladaq ki, son illər respublikamızda aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində Göyçay rayonunun da siması tamamilə dəyişmişdir. Respublikamızın inkişafında mühüm rol oynayan Göyçay Azərbaycanın sosial-iqtisadi tərəqqisinə layiqli töhfələr verir. Təsadüfi deyildir ki, 2009-cu ildə burada 138,7 milyon manatlıq ümumi məhsul istehsal edilmişdir. Bu, əvvəlki illə müqayisədə 11,8 faiz çoxdur. Ötən il rayonda mövcud olan güclü sənaye potensialından daha səmərəli istifadə edilmiş, əhalinin güzəranı yaxşılaşdırılmışdır. Son beş ildə Göyçayda 6 min 745 yeni iş yeri açılmışdır. Rayonda aparılan genişmiqyaslı yenidənqurma və abadlıq işlərində Heydər Əliyev Fondu yaxından iştirak etmişdir.
Göyçayda
aqrar sektorun inkişafına da xüsusi diqqət yetirilir. Keçən il
49 min 877 ton meyvə tədarük edilmişdir. Rayonun
enerji təminatının etibarlılığını
artırmaq məqsədi ilə xüsusi tədbirlər
görülmüşdür. Şəhər
əhalisinin təbii qazla təminatının
yaxşılaşdırılması üçün yeni qaz
xətti çəkilmişdir.
Cari ildə “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda
Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin
icrası davam etdiriləcəkdir. “Ekologiya ili” çərçivəsində
hər yerdə yaşıllaşdırma kampaniyası həyata
keçirilir. Göyçayda cari ildə
50 min ağacın əkilməsi nəzərdə
tutulmuşdur.
Prezident İlham Əliyevin
Göyçay şəhərinə səfəri zamanı
açılış mərasimində iştirak etdiyi Heydər
Əliyev mərkəzi ilə tanış olmuş və
burada dövlət başçısına bildirilmişdir ki,
klassik memarlıq üslubunda tikilən və ümumi sahəsi
şəlalə kompleksi ilə birlikdə 1,5 hektar olan bu mərkəzin
inşasına 2009-cu ildə başlanılmışdır. Birinci mərtəbədə ümummilli liderin həyat
və fəaliyyətini, ulu öndərin 1978-ci ildə
Göyçaya səfəri zamanı rayon ictimaiyyəti ilə
keçirdiyi görüşləri əks etdirən
fotoguşə yaradılmışdır. Burada
quraşdırılmış monitorlar vasitəsilə
ümummilli liderin siyasi fəaliyyətindən bəhs edən
videogörüntülər nümayiş olunur. Mərkəzdə xalqımızın xilaskar
oğlunun dünyanın bir sıra ölkələrində
ucaldılan abidələrini əks etdirən fotoguşə də
yaradılmışdır. Burada 3 virtual
sinif, 24 nəfərlik konfrans zalı, kompyuterlərlə təchiz
olunan xarici dil dərnəyi, elektron idarəetmə mərkəzi
və ən müasir xidməti otaqlar fəaliyyət göstərir.
Binanın
ikinci mərtəbəsində şagirdlərin Azərbaycanın
ədəbiyyatını və zəngin tarixini dərindən
mənimsəmələrinə kömək məqsədi ilə
xüsusi dərnəklər təşkil edilmişdir. Burada elektron
idarəetmə otağı, kitabxana, multimedia otağı,
elektron kitabxana vardır. Mərkəzdə
rəsm və şahmat dərnəkləri də fəaliyyət
göstərəcəkdir. 310 yerlik
böyük iclas zalı respublika və rayon əhəmiyyətli
mötəbər tədbirlərin keçirilməsi
üçün nəzərdə tutulmuşdur. Zalda quraşdırılmış ən müasir
avadanlıq vasitəsilə sinxron tərcümə və
izahlı beynəlxalq konfransların keçirilməsi
mümkündür.
Prezident
İlham Əliyev Göyçayda olarkən rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşmüş,
Azərbaycanın dünəni, bu günü və gələcəyi
barədə fikirlərini sakinlərlə
bölüşmüşdür. Dövlət başçısı
Sovet İttifaqının dağılması ərəfəsində
ölkəyə rəhbərlik etmiş insanların öz vəzifə
borclarını yerinə yetirə bilməmələrini
vurğulamışdır: “Azərbaycan çox ağır vəziyyətlə
üzləşmişdi. Demək olar ki,
bütün iqtisadiyyat dağılmışdı, sənaye
potensialı məhv edilmişdi, ölkədə hərc-mərclik,
xaos, anarxiya, vətəndaş müharibəsi. Bütün o hadisələri biz yaxşı
xatırlayırıq. Yenə də Azərbaycan
xalqı öz rəhbərinə üz tutdu, Heydər Əliyevi
hakimiyyətə dəvət etdi və 1993-cü ildən
2003-cü ilə qədər Azərbaycan bütün çətin
sınaqlardan uğurla çıxa bilmişdir. Həm vətəndaş müharibəsi dayandı,
həm iqtisadi tənəzzülün qarşısı
alındı, həm də inkişaf yoluna qədəm qoyduq.
On il ərzində demək olar ki, ölkəmiz
öz siyasi və iqtisadi potensialının gücləndirilməsi
nəticəsində dünya miqyasında çox
böyük hörmətə malik olan bir ölkəyə
çevrildi.
2003-cü ildən bu günə
qədər Heydər Əliyev siyasəti davam etdirilir. Bu,
bizim uğurlarımızın əsas şərtidir, əsas
amilidir. Son 6 il ərzində Azərbaycan böyük və
uğurlu yol keçmişdir. Ancaq bu yol, əlbəttə ki,
bu vaxta qədər qoyulmuş möhkəm təməl əsasında
öz yerini tapmışdır. Bu gün Azərbaycan dünya
miqyasında sürətlə inkişaf edən ölkədir,
öz problemlərini özü həll etməyə qadir olan
ölkədir. Biz heç bir xarici yardıma möhtac deyilik.”
Dövlət
başçısı çıxışında həmçinin
bildirmişdir ki, 2009-cu ildə iqtisadiyyatımız ən
yüksək templərlə artıbdır. 2010-cu ilin birinci
ayının yekunları çox ümidvericidir. Yenə də
Azərbaycan dünya miqyasında birinci sıradadır. Bizim
iqtisadiyyatımız bu ilin birinci ayında 9 faizdən
çox artıbdır. Bu iqtisadi rəqəmlər əlbəttə
ki, bizi çox sevindirir. Bu, hər bir ölkənin
inkişafını təmin edən və göstərən
vacib rəqəmlərdir. Amma məni daha çox sevindirən
odur ki, bu inkişafı biz gündəlik həyatda
görürük. Yoxsulluğun azaldılması sahəsində
böyük yol keçmişik. Artıq Azərbaycanda
yoxsulluq şəraitində yaşayanların sayı, haradasa
11 faizdir. Bu, dünyanın inkişaf etmiş ölkələri
üçün də məqbul bir rəqəmdir. Biz
çalışmalıyıq ki, yoxsulluğu maksimum dərəcədə
aşağı salaq, işsizliyi aradan qaldıraq,
bütün vətəndaşlar işlə təmin
olunsunlar. Hər bir insanın normal yaşaması
üçün şərait yaradılmalıdır. Bu məqsədlə
bütün layihələr plan üzrə gedir.
Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının ikinci mərhələsi
uğurla icra edilir. 2013-cü ilə qədər bu
proqramın uğurlu icrasına nail olacağıq.
Bütün bölgələrdə abadlıq, quruculuq işləri
aparılır, gözəl binalar tikilir. Biz Azərbaycanın
son illərdəki uğurlarını Göyçay rayonunun
timsalında da bariz şəkildə görə bilərik.
Göyçayın iqtisadi potensialı 2003-2008-ci illərdə
3 dəfədən çox artıbdır. Yəni bu da
özlüyündə gözəl göstəricidir. Bu, onu
göstərir ki, rayonda işlər yaxşı gedir,
yaxşı nəticələr göz qabağındadır.
Azərbaycan Prezidenti
Göyçayda olarkən yeni Olimpiya Kompleksinin
açılışı mərasimində də iştirak
etmiş, şəhərin su təchizatı və kanalizasiya
sisteminin yenidən qurulması layihəsi ilə tanış
olmuş, “Göyçay – 1” SES-in təməlqoyma mərasimində
burada çalışan inşaatçılarla
görüşmüşdür.
Azərbaycan Prezidenti
İlham Əliyevin bölgələrə növbəti səfəri
bir daha göstərdi ki, regionlarımız dinamik inkişaf
edir, insanların həyat səviyyəsi getdikcə
yaxşılaşır, yoxsulluq şəraitində
yaşayanların sayı azalır. Şübhəsiz ki, bu vəziyyət
düzgün sosial-iqtisadi siyasətin, islahatların uğurla
həyata keçirilməsinin məntiqi nəticəsidir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 17 fevral.- S. 1.