Kürdəmir: inkişaf dinamikası güclənir, güzəran yaxşılaşır

 

Kürdəmir rayonunda 2009-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağının iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydular, xatirəsini ehtiramla yad etdilər. Sonra rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının sərgisinə baxış keçirildi. Mədəniyyət evində keçirilən hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov geniş məruzə etdi. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə 2009-cu ildə ölkəmizin böyük uğurlar qazandığını xüsusi vurğulayan natiq qeyd etdi ki, ötən il Kürdəmir rayonunun sosial-iqtisadi həyatı üçun də əlamətdar il olmuşdur.

 

Ötən il rayonda “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2009-2013-cü illər) nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir. Aqrar sahədə sahibkarlığın inkişafı üçün yaradılmış işgüzar şərait və bu sahəyə ardıcıl olaraq göstərilən dövlət dəstəyi nəticəsində kənd təsərrüfatı sahəsində yüksək göstəricilər əldə olunmuşdur. Ötən il dənli bitkilərin əkin sahəsi 7 min 197 hektar artırılaraq 35 min 881 hektara çatdırılmışdır.

Toxumluq taxıl istehsalına xüsusi diqqət yetirilmiş, bu sahə ilə məşğul olan 8 toxumçuluq təsərrüfatı yaradılmış, səpin aparılmış 1400 hektar toxumluq taxıl sahələrindən 4 min tondan çox 1-ci və 2-ci reproduksiyalı toxum istehsal olunmuşdur.

Kənd təsərrüfatı işlərinin vaxtında və optimal müddətdə görülməsi üçün “Aqrolizinq”ASC-nin Aqrotexservis mərkəzi yaradılmış və 6 ərazidə mexaniki dəstələr təşkil edilmiş, 40 traktor, 24 kombayn, otbiçən, taxılsəpən, ümumilikdə 100-dən çox kənd təsərrüfatı maşınları və avadanlıqları alınmışdır.

Bundan əlavə, 5 özəl aqrotexservis mərkəzi yaradılmış və burada 120-dən çox kənd təsərrüfatı texnikasından istifadə olunur.

Ötən il istehsalçılara 2800 tondan çox güzəştli qiymətlərlə mineral gübrələr satılmışdır.

Bütün bunların nəticəsidir ki, rayonda taxıl biçini optimal müddətdə başa çatdırılmış, digər kənd təsərrüfatı işlərinin vaxtında görülməsinə zəmin yaradılmışdır.

Ötən il şəhərin küçə və meydanlarında, park və xiyabanlarında abadlıq və yenidənqurma işləri aparılmışdır.

“Qələbə”parkında dekorativ hasarlar çəkilmiş, təmir və abadlıq işləri görülmüş, Babək küçəsində"Avrolüks" hasarlar quraşdırılaraq səkilər asfaltlaşdırılmış, “Heydər Əliyev”, “20 Yanvar” parklarında, “Şəhidlər” xiyabanında əsaslı təmir işləri görülmüş, şəhər stadionunda cari təmir aparılmışdır.

Rayonun simasına xüsusi zövq verən Maliyyə İdarəsinin 2 mərtəbəli yeni binası tikilib istifadəyə verilib, Poçtamt, Telekommunikasiya idarələrinin 3 mərtəbəli binaları müasir “alkopan” materialı ilə üzlənərək əsaslı təmir edilmişdir. Şəhər mərkəzində 8 ədəd binanın əsaslı təmir olunaraq “alkopan”la üzlənməsinə başlanılmışdır.

Sahibkarlar tərəfindən 450 yerlik “Dan ulduzu” şadlıq sarayı, 400 yerlik “Araz” restoranı, 1 ədəd yanacaqdoldurma məntəqəsi, 8 ədəd mağaza və digər xidmət obyektləri tikilib istifadəyə verilmişdir.

Hazırda Kürdəmir Süd Emalı zavodunun, Şahbəyli feldşer məntəqəsinin, Qaz istismarı idarəsi binasının, Yenikənd kəndində 450 yerlik şadlıq sarayının tikintisi davam etdirilir.

Yerli büdcənin vəsaiti hesabına şəhərin Sabir, Zərdabi, Qədirov, Nizami, Natəvan, Koroğlu, M.Hüseynzadə, H.Cavid, Vaqif küçələrində cəmi 16265 kvadratmetr ərazi asfaltlaşdırılmış, Mollakənd, Atakişili, Sığırlı, Şilyan, Carlı, Muradxan və Çöhranlı kəndlərində isə 26 kilometr kəndarası yollarda cari və əsaslı təmir işləri aparılmışdır.

2009-ci ildə rayonda 532 yeni iş yeri yaradılmışdır ki, onun da 327-si daimidir.

Son altı ildə rayonda 21 yeni məktəb və ya 5790 şagird yerlik 300 sinif otağı tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki 20-25 ildə tikilən məktəb və sinif otaqlarının sayından 5 dəfə çoxdur. 2009-cu ildə 220 yerlik Şüşün kənd orta məktəbinin müasir standartlara cavab verən yeni binası tikilmişdir. Digər tədris müəssisələri isə hami təşkilatların köməkliyi ilə vaxtında təmir olunmuş, 5 məktəbdə yeni istilik sistemi quraşdırılmışdır. Həmçinin 550 şagird yerlik yeni inventar alınmış, 482 müasir tipli kompyuter quraşdırılmışdır.

1196 məzundan 161-i ali , 75-i isə orta ixtisas məktəblərinə daxil olmuş, 1-i 600 baldan, 16-sı isə 500 baldan yuxarı nəticə göstərmiş, şəhər 2 və 6 saylı orta məktəblər respublika üzrə 50 ən yaxşı məktəb müsabiqəsində qalib gələrək dövlət başçısının sərəncamı ilə pul mükafatına layiq görülmüşdür.

Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov məruzəsində qeyd etdi ki, Dövlət Proqramına müvafiq olaraq əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəltmək məqsədi ilə Muradxan kəndində 10, Qarasaqqal kəndində isə 5 otaqlı, 2 mərtəbəli həkim məntəqələri tikilmiş və müasir avadanlıq və inventarla təhciz edilərək istifadəyə verilmişdir.

Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Şahbəyli kəndində yeni feldşer-mama məntəqəsinin tikintisinə başlanılmışdır.

Heydər Əliyev muzeyində il ərzində ulu öndərin Kürdəmirin inkişafında rolu, bu rayona göstərdiyi qayğı haqqında müxtəlif səpkili tədbirlər keçirilmişdir.

Müstəqil Azərbaycan haqqında, Heydər Əliyev ideyalarının layiqli davamçısı, Prezident İlham Əliyevin siyasi fəaliyyəti haqqında kitab, foto və video materiallardan ibarət məlumatlar çoxsaylı muzey tamaşaçılarına təqdim olunmuşdur.

Muzeydə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kürdəmirə tarixi səfərinə həsr edilmiş yeni bölmə yaradılmışdır.

Mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Uşaq incəsənət məktəbi, muzey və kitabxanalar üçün yeni inventar və avadanlıqlar alınmışdır. İl ərzində şöbənin nəzdində fəaliyyət göstərən mədəni-maarif müəssisələri rayon əhalisinin asudə vaxtını səmərəli təşkil etmək, onların bədii-estetik, mənəvi zövqünün formalaşması, vətənpərvərlik və dövlətçilik ruhunun yüksəldilməsi prinsiplərinə xüsusi diqqət yetirmişlər.

Ölkə Prezidentinin gənc nəslin sağlam yetişməsinə göstərdiyi böyük qayğının təzahürü olan Kürdəmir Olimpiya İdman Kompleksinin, 2000 yerlik səhər stadionunun tikilib istifadəyə verilməsindən sonra gənclərin uğurları artmışdır.

Ötən il 1 şəhid və 1 Qarabağ əlili ailəsinə 2 otaqlı fərdi yaşayış evi tikilmişdir.

40 nəfər Qarabağ əlili və 23 şəhid ailəsi himayəyə götürülmüşdür.

2009-cu ildə Qarabağ, Böyük Vətən müharibəsi, Çernobıl əlili və şəhid ailələrinə, ümumilikdə 127 ailəyə 4470 manat məbləğində maddi yardım və bu kateqoriyalardan olan 1220 ailəyə 11200 manat dəyərində ərzaq bağlamaları verilmişdir.

Rayonda 626 ailədə 2246 nəfər məcburi köçkün və qaçqın, 70 ailədə isə 303 nəfər Özbəkistandan deportasiya edilmiş Axıska türkləri məskunlaşmışdır. Onlar da diqqət və qayğı ilə əhatə olunmuşlar.

2009-cu ildə Xırdapay, Sığırlı, Atakişili, Şahsevən, Şıxımlı, Qarasaqqal kəndlərində ümumi uzunluğu 8200 poqonometrdən çox yeni qaz xətti çəkilmiş, səhər və kəndlərdə 6 ədəd təzə qaztənzimləyici quraşdırılmış, 14-ü isə təmir olunmuş, 5 ədəd siyirtmə quraşdırılmışdır.

II Külüllü-Kürdəmir su xəttinin istismara verilməsi də şəhər əhalisinin içməli suya olan tələbatının tam ödənilməsinə imkan verir.

Ölkə Prezidentinin tapşırığı ilə rayonun Şiximli, Pirili, Mollakənd və Muradxan kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sutəmizləyici qurğular tikilərək istifadəyə verilmişdir.

Ötən il payız mövsümündə 36 mindən çox ağac əkilmişdir. Dövlət başçısı tərəfindən 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar ağac əkini üçün müvafiq yerlərin müəyyən edilməsini, əkiləcək ağacların növünü, onlara aqrotexniki qulluğun göstərilməsini və mühafizəsini nəzərdə tutan tədbirlər planı hazırlanmışdır. Hər həftənin şənbə günləri iməciliklər keçirilir, artıq avtomagistral yolun kənarnda 5 min ədəddən çox, idarə, müəssisələrin həyətlərində, küçə və meydanlarda 6 min ədəd ağac əkilmiş, bələdiyyə ərazilərində 30 min tut tinglərinin əkilməsi üçün “Şəki İpək” ATSC-yə sifariş verilmişdir.

Hesabat məruzəsində rayonda görülmüş işlərdən əhatəli bəhs edən rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov müşavirənin sonunda dedi:

— Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət siyasətinin məntiqi davamı kimi qəbul olunmuş 2009-2013-cü illər üçün Dövlət Proqramı bölgələrin, o cümlədən hər bir kənd və qəsəbənin problemlərinin həllinə, vətəndaşların rifahının daha da yaxşılaşmasına şərait yaradacaqdır. Heç şübhəsiz, hər bir kürdəmirli rayonumuzun və ölkəmizin çiçəklənməsi, sosial-iqtisadi inkişafı üçün əlindən gələni əsirgəməyəcək, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara imza atacaqdır.

Prezident Administrasiyasının məsul işçisi Rəhim Məmmədov yığıncaqda iştirak edirdi.

 

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 18 fevral.- S. 5.